Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Tarazlı iqtisadi siyasət regionları əbədi yüksəliş yoluna çıxarıb
 
 
Azərbaycanın dilbər guşələrindən olan qədim Qəbələ bu gün ölkəmizin ən çox qonaqlı-qaralı məkanlarından birinə çevrilib. Qəbələnin tarixi minilliklərin dərin qatlarına gedib çıxır. Eramızdan əvvəlki dövrlərdə Qəbələ mühüm iqtisadi, siyasi və ticarət mərkəzi kimi Babil, Troya, Pompey, Karfigen kimi dünyanın məşhur şəhərləri ilə müqayisə olunub. Qəbələ həm hərbi-strateji mövqeyinə, həm də təbii-coğrafi şəraitinə görə tarix boyu yadellilərin diqqətini çəkmiş, dəfələrlə dağıdılıb, yenə öz varlığını qoruyub saxlaya bilmişdir. Əsl intibah və yüksəliş mərhələsinə isə Azərbaycan müstəqillik qazandıqdan sonra qovuşmuş, onun tarixi adı özünə qaytarılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələnin bu günü haqqında danışarkən demişdir: "Qəbələnin gözəl təbiəti burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada müvafiq infrastrukturun yaradılmasına, dünya standartlarına uyğun mehmanxanaların tikilməsinə, abad yolların çəkilməsinə xüsusi diqqətlə yanaşılmalıdır". Dövlət başçısının bu çağırışı başdan-başa yenilənən, müasirləşən Qəbələnin bugünkü simasında öz real təcəssümünü tapmışdır.
Vaxtilə Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən 13750 eksponat mühafizə olunur. Rayonda dövlət qeydiyyatına götürülmüş 93 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Bütün bunlar Qəbələnin turizm imkanlarını şərtləndirən amillərdir. Həmçinin, yuxarıda deyildiyi kimi, təbii şəraiti, havası, suyu, çayları, dağları, meşələri tarixi abidələrlə bir vəhdətdə birləşərək, Qəbələni turizm üçün əvəzsiz diyara çevirmişdir.
Hazırda Qəbələdə 19 istirahət obyekti fəaliyyət göstərir. Rayonda 7 beşulduzlu, 2 dördulduzlu, 2 ikiulduzlu otel gələn qonaqları və turistləri yüksək səviyyədə qəbul edə bilir. Burada fəaliyyət göstərən mehmanxana tipli obyektlər bir gündə 3000-ə qədər turist qəbul etmək gücünə malikdirlər. Yaradılan yüksək şəraitin nəticəsidir ki, təkcə 2018-ci ildə rayona gələn turistlərin sayı əvvəlki illərə nisbətən dəfələrlə artmışdır.
Dağ-xizək xidmətinin inkişaf etdirilməsi məqsədilə yaradılan "Tufandağ" qış-yay turizm istirahət kompleksi daim yerli və xarici turistlərlə doludur. Qafqaz regionunda ən gözəl əyləncə mərkəzlərindən biri kimi tanınan Qəbələ Əyləncə Mərkəzi unikal istirahət məkandır. Qəbələyə ayaq basan hər kəs Qaraçay çayının hər iki sahilində  yerləşən park-bulvar kompleksini gəzməkdən böyük zövq alır.
Turistlərə yüksək xidmətin təşkili üçün rayonda kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu məqsədlə Qəbələdə 2009-cu ildən Turizm və Otelçilik üzrə Peşə-Tədris Mərkəzi fəaliyyət göstərir.
Son illər Qəbələnin iqtisadiyyatı güclənib. Rayonda dünya bazarlarına çıxarılan və özünə layiqli yer tutan müxtəlif növ və çeşiddə məhsul istehsal edən onlarla müasir tipli müəssisə fəaliyyət göstərir. Burada bir saatda 5 ton qabıqlı fındıq və ya 1300 kiloqram təmizlənmiş fındıq ləpəsi emal etmək gücünə malik olan fındıq zavodu fəaliyyət göstərir. Zavod gündə 250 ton fındıq qəbul etmək gücünə malikdir. Burada qurutma sexi də yaradılıb. 2009-cu ildən başlayaraq Qəbələdə "Beltman" markalı pianolar istehsal olunur. "Aqro-Azərinvest" Məsul Məsuliyyətli Cəmiyyətində artıq son dörd ildir ki, şərablar, konyaklar və tünd içkilər istehsal olunur. Hazırda bu müəssisədə bir sıra Azərbaycan şərabları ilə yanaşı, yeni əmtəə nişanları olan "Qəbələ", "İrəvan qalası", "Basarkeçər", "Vedibasar", "Nazlı", "Starıy dvorik", "Domaşneye vino", "Şah", "Şamaxinskaya çariça", "Şamaxinskaya Loza", "Padşah" şərabları da istehsal edilir. İstehsal olunan məhsulun 50 faizindən çoxu Rusiya, Ukrayna, Belarus və Qazaxıstana ixrac olunur. "Aspi-Aqro" MMC-nin Qəbələnin Savalan kəndindəki "Savalan" üzüm emalı və istehsalı zavodunun buraxdığı məhsulların şöhrəti sərhədləri aşıb. Zavod Azərbaycanın şərabçılıq ənənələrini əsas tutmaqla və müasir texnoloji yenilikləri tətbiq etməklə yüksək keyfiyyətli şərab istehsalına nail olmuşdur. "Savalan" üzüm emalı və istehsalı zavodu, həmçinin ting istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtalyanın "VİVA", "Cooperativi Rausedo", "VCR" və Fransanın "GONTARD", "FREREI" şirkətləri ilə sıx əlaqə qura bilmişdir. Sözügedən şirkətlərin məsləhət və tövsiyələri əsasında Qəbələnin nadir iqlim qovşağına malik olan ərazilərində yeni bağlar salınmışdır. Bu gün "Savalan"da 18 çeşiddə istehsal olunan şərab məhsulları Çin, Ukrayna, Rusiya, Hollandiya, Almaniya, Fransa, Türkiyə, Belarus kimi dövlətlərə ixrac olunur.
Gilan Qida Şəhərciyində istehsal olunan meyvə şirələri və sərinləşdirici içkilər artıq ABŞ, Çin, Yaponiya, Yeni Zelandiya, Malayziya, İsrail, Avstraliya, Türkmənistan, Tacikistan və s. ölkələrin bazarlarına göndərilir.
Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələr və bu fonda reallaşdırılan aqrar islahatlar Qəbələni əsl yüksəliş və tərəqqi yoluna çıxarıb. 2003-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək rayonda 15.990 daimi olmaqla 17.789 yeni iş yerləri açılmışdır ki, bunun da 1.083 nəfəri 2018-ci ilin payına düşür. Rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Burada istifadəyə verilən Beynəlxalq Hava Limanı, müasir standartlar səviyyəsində tikilən avtomobil yolları, körpülər, su qovşaqları, mühafizə sədləri rayonun iqtisadi imkanlarını birə-beş qat artırmışdır. Bu gün Qəbələyə dəmir yolu xətti çəkilir ki, bu da nəqliyyat kommunikasiya sistemini mükəmməl formaya gətirib çıxaracaq.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayonun Çarxana, Aydınqışlaq, Xırxatala, Yenikənd, Tövlə, Uludaş,  Tikanlı kəndlərinin və Bum qəsəbəsinin hər birində bir ədəd olmaqla, cəmi 8 subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.
Rayonda sosial problemlərin həlli də diqqət mərkəzində saxlanılır. Yola saldığımız 2018-ci il ərzində Qəbələ şəhərində 120 yerlik uşaq bağçası və körpələr evinin tikintisi, ikimərtəbəli ictimai yaşayış binalarında, akademik Zərifə Əliyeva adına parkda əsaslı təmir işləri başa çatdırılmış, bir sıra yaşayış binalarının dam örtükləri əsaslı şəkildə dəyişdirilmiş, kənd və qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, tibb məntəqələrinin əsaslı təmiri həyata keçirmişdir. 160 çarpayılıq rayon mərkəzi xəstəxana kompleksində təmir-bərpa işləri davam etdirilir.
Bu gün Qəbələ rayonunda aqrar sahənin şaxələndirilmə prinsipləri əsasında inkişaf etdirilməsi üstün mövqeyə çıxarılıb. Bu məqsədlə aqrar bölməyə dövlət dəstəyi artırılır, sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir və digər yardımlar göstərilir. Hazırda rayonda 7800 hektar meyvə bağları və 621 hektar nümunəvi üzüm bağları mövcuddur. Bu bağlar həm əhalinin tələbatının ödənilməsində, həm də yerlərdə fəaliyyət göstərən emal müəssisələrinin xammal təminatında müstəsna əhəmiyyət kəsb edir.
Məhz bu səbəbdən rayonda meyvə və üzüm bağlarının genişləndirilməsi, məhsuldar sortların əkilməsi, tingçilik təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilir.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, indi kənd təsərrüfatının hər bir sahəsinin inkişaf etdirilməsi ölkə üçün vacibdir. Bununla yanaşı, ixracyönlü məhsul istehsalının genişləndirilməsi həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan fındıqçılığın inkişafı üçün rayonda əlavə olaraq 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuş və bu iş uğurla öz həllini tapmışdır. Rayonda son illər barama və tütün istehsalında da artım dinamikası özünü göstərmişdir. Belə ki, 2018-ci ildə 101 nəfər kümçü tərəfindən 9110 kiloqram barama istehsal edilmiş, 75 hektar sahədə tütün əkilmişdir. Lakin bunlar son hədd deyil. Hər iki sahənin geniş arealda inkişafı qarşıdakı illərin prioritetləri sırasındadır.
Qəbələnin bugünkü simasını görəndə adamın ürəyi açılır. Doğrudanmı bu, 10-15 il öncə olan kiçik əyalət şəhəri Qəbələdir? Bu gün dünyada Qəbələni tanımayan az adam tapılar. Qəbələ dünyanın onlarla şəhəri ilə işgüzar dostluq, qardaşlıq əlaqələri qurub. Buraya təşrif buyuran qonaqların, turistlərin ardı-arası kəsilmir. Özü də ilin bütün fəsillərində. Burada ənənəvi musiqi festivalları, müsabiqələr keçirilir. Qəbələni tez-tez dövlət adamları, tanınmış musiqi xadimləri, diplomatlar, elm və sənət adamları ziyarət edirlər. Qəbələ bu gün nəinki regional, həm də qlobal müstəvidə tanınan, adı hörmətlə çəkilən  unikal bir məkana çevrilib, məmləkətimizə baş ucalığı gətirib!
 
Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri