Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadi yüksəliş yeni çağırışlara adekvat tədbirlərin görülməsini zərurətə çevirib

 

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2004-2018-ci illər ərzində iqtisadiyyatda sıçrayışlı inkişaf tendensiyası baş vermiş, sosial infrastruktur köklü şəkildə dəyişmiş, özəl bölmənin, o cümlədən qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunmuşdur. Son 14 il ərzində regionların sosial iqtisadi inkişafına dair üç mərhələ Dövlət Proqramları qəbul edilmiş, onların icrası nəticəsində 1,9 milyon yeni iş yerləri açılmışdır ki, bunun da çox hissəsi regionların payına düşür. Həyata keçirilən uğurlu siyasətin və səmərəli fəaliyyətin nəticəsidir ki, 14 il ərzində milli iqtisadiyyat 3 dəfədən çox genişlənmiş, strateji valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyon dolları ötüb keçmişdir. 2004-2018-ci illər ərzində respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 2 milyard manatdan artıq güzəştli kredit verilmişdir. Bu illər ərzində ölkənin bank-maliyyə sistemi yüksək standartlar səviyyəsində qurulmuş, Azərbaycan regional və qlobal müstəvidə nüfuzlu ölkəyə çevrilmişdir. Müasir standartlara cavab verən infrastruktur obyektlərinin yaradılması, yolların, körpülərin, su qovşaqlarının tikilməsi, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin görülməsi, içməli su, elektrik enerjisi, təbii qaz, kanalizasiya sisteminin yenidən qurulması, texniki-innovativ yeniliklərin istehsalata tətbiqi, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən qeyri-neft sektorunu yüksəliş və tərəqqi yoluna çıxarmışdır.
Bu illər ərzində respublikamızın qərbində yerləşən Tovuz rayonunun da sosial həyatında, iqtisadi inkişafında ciddi irəliləyişlər baş vermişdir. Tovuz, əsasən, aqrar rayon sayılsa da, burada iqtisadiyyatın və sənayenin digər sahələri, o cümlədən turizmin inkişafı sahəsində böyük imkanlar vardır.
Tovuz rayonuna növbəti səfər edərkən bir anlığa düşüncəmdən bu fikirlər keçdi. Dünyada irili-xırdalı 204 dövlət vardır. Bunların içərisində Azərbaycan kiçik ölkələr sırasında yer alıb. Lakin bu kiçik diyara ulu tanrı nələri bəxş etməyib ki?
Yerinin altı da, üstü də, necə deyərlər, qızıldır. Min bir ləziz nemət yetişir torpağımızda. Bizdə yer üzünün sanki flora və faunasının 90 faizi cəm olunub. Bizdə bir qarış da olsa, yaramayan, faydasız torpaq yoxdur. Elə ölkələr vardır ki, min kilometrlərlə yol qət edirsən, qarşına yeknəsək mənzərədən başqa bir şey çıxmır. Tovuz rayonu isə elə dilbər guşələrdən biridir ki, burada dağlıq, dağətəyi və düzənlik relyef mövcuddur və bu, rayonun iqtisadi strukturunun çoxşaxəli qurulmasında mühüm əhəmiyyət kəsb edir. Təkcə son 14 il ərzində Tovuz rayonu, onun kənd və qəsəbələri elə dəyişib, elə abadlaşıb ki, bütün bunlar insanda heyranlıq hissləri doğurur.
İqtisadi sistemdə yaradılan möhkəm təməl azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına geniş yol açmış, qeyri-neft sektorunun dirçəlişinə rəvac vermiş, bütün bunlar sonucda əhalinin həyat səviyyəsində parlaq təcəssümünü tapmışdır.
Kənd təsərrüfatının inkişafından danışarkən, öncə qeyd etmək lazımdır ki, Tovuzda bu sahənin inkişafını təmin edən iki amil vardır. Bunlardan birincisi torpağın münbitliyi, günəş şüalarının bolluğudursa, ikinci amil zəruri suvarma infrastrukturunun yaradılmasıdır. Görülən tədbirlər nəticəsində, demək olar ki, rayon ərazisində əkin dövriyyəsinə daxil edilməyən torpaq sahəsi qalmayıb. Təkcə bununla da iş bitmir. Rayonda məhsuldarlıq və keyfiyyət meyarları da diqqət mərkəzində saxlanılır. Bu isə, hər şeydən öncə, aqrotexniki tədbirlərin optimal və düzgün aparılması ilə bağlıdır. Başqa vacib məsələ suvarma və meliorativ tədbirlərin vaxtında və keyfiyyətlə aparılması ilə bağlıdır.
Uzun illər ərzində tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının cənab Prezident İlham Əliyevin tapşırığı ilə tikintisinin davam etdirilməsi və 2017-ci ildə onun iştirakı ilə istifadəyə verilməsi Tovuz rayonunun iqtisadi həyatında əlamətdar hadisəyə çevrildi. Bununla rayonun kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu. Təsərrüfatları fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarında nasos stansiyası yaradıldı. Nasos stansiyası istifadəyə verildikdən sonra yaşayış məntəqələrinə su verilişi üçün ikipilləli nasos stansiyası tikilib istifadəyə verildi. Belə iri layihələrin gerçəkləşməsi bölgə üçün həyati əhəmiyyət kəsb etməklə kənd təsərrüfatının inkişafına güclü təkan vermiş oldu. Respublikamızın hər bir bölgəsində olduğu kimi, Tovuz rayonunda da aqropark kompleksinin tikintisi başa çatmaq üzrədir. Ceyrançöl massivində 550 hektar sahədə yem bitkiləri əkilib. Elə həmin ərazidə 1000 başlıq nəhəng heyvandarlıq kompleksi tikilir. Rayonda soyuducu anbarların sayı artır. Ötən il təsərrüfatlara lizinq yolu ilə 19 ədəd yeni traktorlar ayrılıb və bununla əkin traktorlarının sayı 122-ə çatdırılıb. Cari ildə də texnika alınması davam etdirilibdir. Keçən ildən başlayaraq kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafında ciddi dönüş baş verib. Belə ki, 6870 kq barama tədarük edilib ki, bu da əvvəlki illə müqayisədə 4,4 dəfə çoxdur. Cari ildə bu rəqəm 1000 kq-dan artıq olub.
Barama istehsalını bir neçə dəfə artırmaq məqsədilə yem bazasını möhkəmləndirmək üçün yerli və xarici tinglər hesabına tut plantasiyalarının salınması davam etdirilir.
Cari ildə əvvəlki illə müqayisədə günəbaxan istehsalında 56 faiz, kartof istehsalında 5,4 faiz, tərəvəz istehsalında 1,7 faiz, tütün istehsalında 13 dəfə, şəkər çuğunduru istehsalında 2,8 dəfə artım özünü göstərib. 2019-cu ilin məhsulu üçün 20 min hektara qədər sahədə payızlıq taxıl əkilib.
Tovuzda üzümçülüyün tarixi qədimdir. Sovet hakimiyyəti çökdükdən sonra üzüm bağları məhv edildi. Son illər bu sahəyə yenidən diqqət yetirilməyə başlayıb. Hazırda rayonda təxminən 1000 hektar üzüm bağları vardır. Bu sahədə işlər davam etdirilir. Keçən il xarici bazarlara 15,6 milyon manat dəyərində 31,7 min ton məhsul göndərilib. İxracın strukturu belədir: 3,8 min ton pomidor-xiyar, 6 min ton yerkökü, 20 min ton kartof, 1,8 min ton soğan, 320 ton meyvə. İxracda bostan və tərəvəz bitkiləri üstünlük təşkil edir ki, bunlar da əsasən istixanalarda yetişdirilir. Hazırda rayonda 45 hektardan artıq istixana təsərrüfatı fəaliyyət göstərir və hədəf bunu 100 hektara çatdırmaqdır. Keçən il 3 yeni istixana təsərrüfatı, 2018-ci ildə isə 2 istixana kompleksi tikilib istifadəyə verilib.
Tovuz rayonunda kənd təsərrüfatı ilə yanaşı, turizm sahəsində də uğurlar var. Rayonda rəngarəng ağaclar və bitki örtüyü ilə zəngin olan 34 min hektar meşəlik ərazisi mövcuddur. Burada, həmçinin mənbəyini dağlardan götürən 4 çay axır: Zəyəmçay, Əsrikçay, Axıncaçay və Tovuzçay. Ən böyük çay olan Kür Tovuzun aran ərazisini iki hissəyə bölür. Dağlıq ərazilərdə 300 saf sulu bulaq vardır. Bulaqlar, meşəliklər, çaylar bu yerə xüsusi gözəllik və ecazkar görkəm verir. Hazırda Tovuzda mövsümi turizm mərkəzləri – "Turist", "Maralbulağı", "Yurd yeri", "Səfa suyu", "Əsgər bulağı", "Loğman", "Fındıqlıq" və s. ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Tovuzda ekoturizmin, dağ turizminin, aqroturizmin, kənd gəzinti turizminin inkişaf etdirilməsi üçün əvəzsiz şərait və imkanlar vardır. Rayonun nə az, nə çox 80 yaşayış məntəqəsində turizmin adıçəkilən növlərinin geniş yayılması üçün həm təbii-coğrafi şərait, həm də ekoloji cəhətdən təmiz, orqanik qida məhsulları mövcuddur.
Bir sözlə, Tovuz rayonunun həm kənd təsərrüfatı, həm sənaye, həm də turizm üzrə potensialı indiki real durumdan dəfələrlə genişdir. Lakin sahibkarlıq subyektlərinin işinə mane olan bəzi subyektiv amillər vardır. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı üçün ən böyük bazar Rusiya Federasiyasındadır. Azərbaycandan ixrac olunan bostan, tərəvəz və meyvələrdən Rusiya tərəfindən alınan gömrük rüsumları çox yüksəkdir. 20 ton pomidoru, xurmanı, narı, faraş kartofu və s. Rusiya bazarlarına çıxarmaq üçün daşınma xərcləri ilə birlikdə 20-30 min ABŞ dolları civarında vəsait tələb olunur. Belə baha başa gələn məhsulun satışından qazanc əldə etmək çətindir. Apardığımız monitorinqlər göstərir ki, keçən il və bu il Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən bir çox sahibkarlar ziyan çəkmişlər. Bir kiloqram xurma meyvəsi bazarlara təxminən 50-55 rubla çatdırılır. Xurmanın topdansatış qiyməti də təxminən bu qədərdir. Belə olan halda hansı gəlirdən, mənfəətdən danışmaq olar?
Odur ki, bu sahədə təxirəsalınmaz tədbirlər görülməsinə, Rusiya Federasiyasının müvafiq qurumları ilə danışıqlar aparılmasına, daşınma xərclərini azaltmaq və tənzimləmək üçün xüsusi servislərin və logistik mərkəzlərin açılmasına ciddi zərurət duyulur.


Zülfü İLYASOV