Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gözəllik, ismət, ləyaqət, sədaqət rəmzi - kəlağayı 

 

Yüz illərdir bizimlə yol gəlir. Nə yaşını bilirik, nə də rənglərinin sehrindən, cazibəsindən xəbərimiz var. Xoş günümüzdə də boynumuzda gəzdirmişik, kədərli anlarda da başımızda olub. Amma heç vaxt onun harada yarandığını və nədən bizə bu qədər xoş, məhrəm gəldiyini düşünməmişik...
Sevə-sevə gəzdirib nənələrimiz kəlağayını. Nəfəsləri hopub bu gözəl, zərif baş örtüyünə. Bu zərifliyin, gözəlliyin özündə, mahiyyətində, fəlsəfəsində çox sirlər gizlənib. Beləcə, kəlağayı Azərbaycanın milli qadın geyimlərinin təkrarsız elementlərindən birinə çevrilib.
Kəlağayı Azərbaycan qadınına məxsus, ipək sapdan toxunmuş, dördkünc formalı baş örtüyüdür. O, bu gün də özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı yalnız Azərbaycanda hazırlandığı üçün unikaldır. Artıq üç əsrdən çoxdur ki, o, Azərbaycanın ənənəvi qadın geyimlərində istifadə olunur.
Bakı Dövlət Universitetinin kafedra müdiri, “İnkişaf” Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova deyir: “Adidən-adi baxdığımız kəlağayı rəngi, hazırlanma texnologiyası, daşıdığı məna və məzmununa görə düşündüyümüz qədər də adi bir sənət nümunəsi deyilmiş. Kəlağayı əsrlər boyu Azərbaycanda geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi olan baş örtüyünün adıdır ki, bu da ən müxtəlif şəraitlərdə - xeyirdə, şərdə, təntənəli və adi günlərdə istifadə edilib”. Onun sözlərinə görə, kəlağayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu, insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir.
Azərbaycanda kəlağayı yalnız qadın gözəlliyini tərənnüm etmirdi. Bunu həm də qurulacaq ailənin təməl daşı hesab etmək olardı. Belə ki, kəlağayısını oğlana bağışlayan qız öz eşqinə sadiq qalacağına and içərmiş. Yaxud elçilik mərasimində oğlan tərəfdən bir qadın qırmızı kəlağayıya bükülmüş nişan üzüyünü təqdim edərdi. Xınayaxdı mərasimində gəlin gedən qızın başına qırmızı kəlağayı atıb, əl-ayağına xına yaxardılar. Hətta bəyin sağında və solunda dayanan dostlarının boynuna, gəlin maşınının güzgüsünə də kəlağayılar bağlanardı. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub saxlanmaqdadır.
Eyni zamanda, kəlağayı sosial fərqləri aradan qaldırırdı, belə ki, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından heç nə ilə seçilməzdi.
Kəlağayı həm də sülhsevər missiyanı özündə yaşadır. Belə ki, müxtəlif səbəblərdən yaranmış münaqişə zamanı qadın başındakı kəlağayını yerə atarsa, dava edən şəxslər dərhal savaşı dayandırarlar.
Kəlağayının tarixindən:
Arxeoloji və etnoqrafik tədqiqatlara görə, Azərbaycanda ipəyin 2000 ildən çox tarixi var və Böyük İpək Yolunun yaranması ilə sıx bağlıdır. Əsrlər boyunca Odlar Yurdu Azərbaycan dünyanın ipəkçilik mərkəzlərindən biri hesab olunurdu. Burada milli geyimlərin hazırlanmasında ipək parçalardan geniş istifadə edilirdi. Mütəxəssislərin fikrincə, hələ V-VI əsrlərdə Mingəçevirdə qızılı işləmələrlə ipək baş örtükləri – kəlağayının sələfi olan ipək yaylıqlar dəbdə olub.
Azərbaycanda ipək parça emalı, parçanın rənglənməsi texnologiyalarının ən azı 300 yaşı var. Amma hələ bundan çox-çox əvvəl, XIII əsrdə italiyalı səyyah Marko Polo Şamaxı və Bərdədə toxunan ipək yaylıqların gözəlliyini təsvir edirdi. XVII əsrdə Azərbaycana gəlmiş holland səyyahı Y.Streys yazırdı ki, Şamaxı bazarında “xəz, gümüş və qızıl işləməli ipək yaylıqlar satılır…”.
Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazırdı: “1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa öz yaxın qohumları ilə yaxınlıqda yerləşən Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal şəhərciyində baramaaçan və ipəyirən fabrik açırlar”.
Müxtəlif illərdə Azərbaycanda səfərdə olmuş A.Oleari, Şiptberger, Kontarini, Afanasi Nikitin, E.Çələbi, A.Düma, F.Kotov, R.Conson, T.Olkok, C.Renni və R.Çini kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayı haqqında maraqlı məlumatlar vermişlər.
XVII əsrdə I Pyotr Xəzər boyu əyalətlərə yürüşə hazırlaşarkən, əsasən, ipəkçilik rayonlarını ələ keçirməyi nəzərdə tutmuşdu. O, bu torpaqları ələ keçirdikdən sonra topladığı xam ipəyi Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə, Hollandiyaya, Fransaya, Polşaya ixrac etmək niyyətində idi. O dövrün arxiv sənədlərində 1724-cü ildə rus tacirlərinin Təbrizdən və Şamaxıdan Həştərxana mal aparmaları haqqında məlumatlara rast gəlmək olur.
İpək parça üzərində gözəl rəsmlərin çəkilməsinə dahi Nizaminin “İsgəndərnamə” poemasında da rast gəlirik. Dünyanı fəth etmək arzusunda olan Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabə ilə görüşür. Nüşabə ona saray rəssamları tərəfindən İsgəndərin ipək parça üzərində çox məharətlə çəkilmiş portretini təqdim edir. Makedoniyalı İsgəndər nəinki Nüşabənin ağlına, həm də saraydakı qadın rəssamların məharətinə heyran qalır və müharibə fikrindən daşınır.
“Kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”
Kəlağayı zərifliyinə, rəngarəngliyinə və gözəlliyinə görə tarixən sənət nümunəsi hesab olunub. Ona el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də ağır və çətin zəhmətlə hasil edilməsidir. Ustadların dediklərinə görə, “kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. Belə ki, kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə çoxlu vaxt tələb edir.
Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması kişilər tərəfindən həyata keçirilir. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər. Bu işdə aparıcı qüvvə boyaqçıdır. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtuoz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən, ağ, qara, soğanı və yaşıl rənglərdə kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.
Hər bölgənin kəlağayısı digərindən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.
Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. Mərhum Şövkətziya Şamilovun törəmələri indi bu sənəti uğurla davam etdirirlər.
Müxtəlif illərdə Basqal və Şəkidən çıxmış sənətkarlar yalnız Azərbaycanın digər bölgələrində deyil, eləcə də Gürcüstanda, Türkmənistanda, İranda, Rusiyada və Özbəkistanda da kəlağayı istehsalının təməlini qoymuşlar.
Hazırda Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Həmçinin, Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, məhsulun hazırlanmasında da iştirak edirlər.
İpək tellərin birləşdirdiyi ünvanlar
Kəlağayının daha çox Şəkidə və Bas­qalda toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz, Şəki ipəyidir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olub. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərib. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazların tərkibinə əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. Maraqlı bir fakt da ondan ibarətdir ki, rus çarı İvan Qroznıya ipək saplardan toxunmuş və mirvari ilə bəzədilmiş əlcək hədiyyə etmişdilər. Azərbaycanda istehsal edilən bu ipək saplar və parçalar Rusiyada da yayılmışdı. Adına “şemaxeyka” deyilən bu parça çox bahalı olub, hər kəsin arzu etdiyi hədiyyə hesab edilirdi. İpək parçalar Avropada da yüksək qiymətləndirilirdi.
Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
Kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi daha çox Şəkidə hazırlayıb, kəlağayını Basqalda yaradırdılar. Beləliklə, hər iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz “ipək telləri” bağlayırdı.
Təsadüfi deyil ki, 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi nümayiş etdirilib, basqallı toxucu Nəsir Abduləziz oğlu təqdim etdiyi nəfis kəlağayıya görə gümüş medal və diplomla mükafatlandırılmışdı.
XIX əsrdə Basqala gəlmiş jurnalist M.N.Lebedev-Kostromsev kəlağayı toxunan karxanaları gəzib, toxucuların ağır vəziyyətdə çalışmalarına baxmayaraq, öz sənətlərinə sadiqliyini qeyd edirdi (“Kavkaz” qəzeti, 1882-ci il, N310).
Onu da qeyd edək ki, Azərbaycanda ilk kəlağayı sərgisi 2005-ci ildə açılıb. Növbəti illərdə Azərbaycan kəlağayıları Türkiyədə, Gürcüstanda, Macarıstanda, Avstriyada, İtaliyada, ABŞ-da, Belçikada, Malayziyada və digər ölkələrdə keçirilən sərgilərdə təqdim olunub.
Qədim yaylığın yeni həyatı
Kəlağayı xarici ölkələrdən gələn qonaqları daim özünə cəlb edib. Rusiyalı məşhur teleaparıcı Yana Çurikova etiraf edir ki, Azərbaycanın milli yaylığı – kəlağayı çox xoşuna gəlir. O, kəlağayını Moskvada da həvəslə örtür, belə ki, kəlağayı müxtəlif geyimlərlə gözəl görünür və obraza etnik ton verir.
Hazırda «Azerbaijan Kelagayi» milli brendi bu gözəl baş örtüyünü bütün dünyada tanıdır və artıq bir sıra xarici dizaynerlərlə əməkdaşlıq etməyə başlayıb. Brendin təsisçisi Əminə Məlikovanın sözlərinə görə, “kəlağayı Azərbaycan mədəniyyətinin bir hissəsidir, atalarımızın yaratdığı və bizə bəxş etdiyi gözəl bir sənətdir”.
Bu gün kəlağayıya yeni nəfəs verilir. Kəlağayı müasir və dəblə geyinən qadınların qarderobuna elə uyğunlaşıb ki, bütün modelyerlərimiz kolleksiyalarında ondan istifadə edirlər.
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Kəlağayı sənəti, onun mahiyyəti, dünya miqyasında tanıdılması üçün dövlətimiz tərəfindən atılan addımlara yalnız sevinmək olar. Nə xoş ki, unudulmaqda olan bu milli-mənəvi sərvətimizi qoruyub saxlamağa çalışan insanlar var. Əminik ki, Azərbaycan yaşadıqca, kəlağayımız da yaşayacaq. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz bu hərarətdən xoş olacaq...


Yeganə MƏMMƏDOVA