Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Məqsəd kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır

 

Kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır
“İqtisadi şəraitdən asılı olaraq kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır. Məhz bu səbəbdən kiçik sahibkar sinfində vergi sadələşdirilib”.
Bunu 2018-ci il mayın 5-də Bakıda ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal biznes trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Onun sözlərinə görə, kiçik sahibkarların əksəriyyətinin vergi dövriyyəsi 100 min manatdan aşağıdır.
“Kiçik sahibkarlara nəzarət tədbirlərinin çoxaldılması marağımızda deyil. Məqsədimiz kiçik sahibkar sinfindən orta sahibkar sinfinə keçidin stimullaşdırılmasından ibarətdir. 2018-ci il sahibkarlar üçün keçid ili olacaq. Bu dövr şərait yaradır ki, sahibkarlar əməliyyatlarının hamısını bəyan etsinlər. Bəyan etsinlər ki, şəffaflığı təmin edək. Bu keçid dövründən səmərəli istifadə etmək lazımdır. İlin birinci yarısından hər kəs öz strategiyasını müəyyən etməlidir”,- deyə N.İmanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən 2019-cu il üçün dəyişikliklər paketi artıq hazırlanıb”.
Ölkədə sahibkarlığın və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması, habelə yenidən təşkili məqsədilə vergi siyasətinin fasiləsiz təkmilləşdirilməsi tələb olunur. Ümumiyyətlə, həyata keçirilən vergi siyasətinin əsas məqsədi iqtisadiyyatın inkişafını stimullaşdırmaq, mövcud vergi dərəcələri və onların sayını optimallaşdırmaq, hesablaşmaların isə daha sadə xarakter daşımasına nail olmaqdan ibarət olduğundan, təkmilləşdirməyə həmişə ehtiyac var.
Gəlir vergisi üzrə böyük güzəştlər gözlənilir, vergiyə cəlb edilməyən məbləğ artırılır
Növbəti ildə ölkədə bir sıra vergi dərəcələrinə dəyişikliklər məqsədilə böyük islahata gediləcəyi haqda artıq bir neçə dəfə anons verilib. Bu barədə 2019-cu ilə dair dövlət büdcəsi layihəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov, həmçinin vergilər naziri Mikayıl Cabbarov bildiriblər. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, “Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik”.
Vergilər naziri M.Cabbarov isə bildirib ki, iqtisadiyyatın bir sıra sahələrinə tətbiq olunacaq vergi güzəştlərində dərəcələrdə və yığımda inzibatçılığı təkmilləşdirmək əsas məqsəd daşıyır. Bunun üçün isə ən mühüm meyarlar vergidən yayınmanı azaltmaq, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergi tutma rejimi kimi məsələləri təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirməkdir.
Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirə olundu.
Həmin iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında qanundan irəli gələn tələblər, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial, iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər büdcə parametrlərinin formalaşmasında istinad nöqtələri kimi qəbul edilib.
Nazir diqqətə çatdırıb ki, 2017-2018-ci illərdə hökumətin həyata keçirdiyi islahat gündəliyi təlatümlü keçən əvvəlki iki ildən sonra ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasını və iqtisadiyyatın artım trayektoriyasına qayıtmasını təmin edib. Bu əsasda növbəti illərdə də makroiqtisadi sabitliyi təmin edərək, iqtisadi artımın davam etdirilməsi aparılacaq iqtisadi siyasətin əsas məqsədlərindən olacaq. Bununla əlaqədar, bir tərəfdən artmaqda davam edən neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlılığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, xüsusilə özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu baxımdan xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Samir Şərifov qeyd etmişdir ki, iqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəştin, bununla yanaşı, güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Bu islahatın əsas qayəsini iqtisadi fəaliyyətin stimullaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi arasında bölgüsünün daha da optimallaşdırılması, uçotda olmayan iş yerlərinin və orada çalışan işçilərin əməkhaqlarının leqallaşdırılması hesabına işləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaradılmasıdır. Növbəti ildə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur.
Azərbaycan hökuməti 2019-cu ildən etibarən özəl sektorda (qeyri-neft-qaz) çalışan muzdlu əməkdaşlardan gəlir vergisinin yığılması (gəlir vergisi üzrə) sistemini əhəmiyyətli dərəcədə dəyişməyi planlaşdırır.
Beləliklə, 2019-cu il dövlət büdcə zərfinə əsasən, "1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub".
Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Büdcə zərfində, həmçinin göstərilir ki, “2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi təşkil edir.
Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir isə - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır. Hazırda fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:
* 2500 manatadək 14%,
* 2500 manatdan çox olduqda 350 manat və
* + 2500 manatdan çox olan məbləğin 25%-i.
Gələn ilə olan büdcə materiallarına əsasən, bu islahatlar çərçivəsində 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əməkhaqlarından gəlir vergisinin yığılması üzrə 100%-lik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əməkhaqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14% təşkil edir).
Əgər əməkdaşın aldığı əməkhaqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44% təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14% gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25% təşkil edir).
Məcburi sosial sığorta ayırmaları da dəyişir
Məcburi sosial sığorta ayırmaları sistemində islahatlar diferensiallaşdırılmış dərəcənin tətbiqini nəzərdə tutur. Belə ki, əgər muzdlu işçinin aldığı əməkhaqqı 200 manatadək təşkil edirsə, o zaman işçi bilavasitə əməkhaqqının 3%-i miqdarında, işəgötürən isə 22%-i miqdarında məcburi sosial sığorta haqqı ödəyəcəkdir.
Əgər işçinin aldığı əməkhaqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək. Qeyd edək ki, 2019-cu il üçün dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmalar 880 mln. manat məbləğində nəzərdə tutulur. 2018-ci ildə bu növ üzrə daxilolmalar 1 mlrd. 196 mln. manat həcmində nəzərdə tutulur.
Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə “Fiziki şəxslərin gəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər. Lakin gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, “kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.

 

Yeganə MƏMMƏDOVA