Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, mən sizi səmimiyyətlə salamlayıram. Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı sizinlə danışmaq istərdim. Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.

İqtisadi sahədə apardığımız islahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir.

İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.

Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı.

Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur.

Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir. Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik.

O ki qaldı, mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə başladı.

Dini abidələr əsaslı şəkildə təmir edildi. Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim milli irsimizdir.

Digər sahələrdə. Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu.

Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi.

İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.

Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırmalıyam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra mədəniyyət və incəsənət xadimləri çıxış etdilər.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar RZAYEV dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Əziz dostlar.

Cənab Prezident, mən, ilk növbədə, Sizə təşəkkür etmək istəyirəm ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt ayırmısınız və bizimlə görüşürsünüz. Başqa yaradıcılıq təşkilatları kimi, Yazıçılar Birliyi də Sizin daim qayğınızı və diqqətinizi hiss edir. Yazıçılara – 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi, Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin və müasir yazıçılarımızın yubileyləri bu qəbildən olan işlərdir. Siz bu ili Nəsiminin yubileyi ilə bağlı olaraq “Nəsimi ili” elan etmisiniz. Bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında Sizin sərəncamlarınız var. Yeri gəlmişkən, istərdim ki, Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarı da səliqəyə salınsın və Bakıda heykəli ucalsın. Çünki Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar.

Dekabr ayında Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək.

Daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Mən bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq.

Bir təklifimi də vermək istərdim. Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər.

Mənim bir neçə təklifim də var. İstəyirəm onları da bu gün fürsət var ikən Sizə çatdırım. Ədəbiyyatımızın xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür. Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik.

Nəhayət, son təklifim odur ki, cənab Prezident, mən çox istərdim heç olmasa ildə bir dəfə Sizinlə bu formatda görüşək. Bir də əgər mümkündürsə, Mehriban xanımın yanında ziyalıların məşvərət şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək. Mən bu təkliflərimi yazılı şəkildə Sizə təqdim edirəm, bir hissəsi həyata keçsə, çox şad olaram, hamısı keçsə isə daha da şad olaram. Çox sağ olun.

X X X

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz ƏLİZADƏ dedi:

-Möhtərəm cənab Prezident.

Əziz və hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Hörmətli həmkarlar.

Mən də bəstəkarlar və musiqişünaslar adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, vaxt tapıb bizimlə görüşdünüz. Amma zənn edirəm ki, hər halda bizim qədər Sizə minnətdar olan insanlar yoxdur. Ona görə ki, ilk növbədə, Siz bizə binamızı qaytardınız. Unudulmaz açılış oldu. Biz onu heç vaxt unutmayacağıq. Çox gözəl bir mərasim idi. Sizin və ailənizin çox böyük diqqəti, dəstəyi ilə bu mərasimi həyata keçirdik. Doğrudan da uzun illər yurdsuz-yuvasız qalan Bəstəkarlar İttifaqı, nəhayət, öz evinə qayıtdı.

Bundan başqa, Anar müəllimin dediyi kimi, artıq 10 ildir ki, bəstəkarlarımız və musiqişünaslarımız təqaüd alırlar. Bu da 85 illik tariximizdə ilk dəfə olan bir hadisədir, az məbləğ də deyil. Bizim bəstəkarlarımız və musiqişünaslarımız onlarla kitab və yeni əsərlər yazıblar və bu təqaüd onlara maddi tərəfdən çox böyük dəstəkdir. Çox təşəkkür edirik, bu, çox gözəl bir haldır. Bundan əlavə, təbii ki, fəxri adlara, evlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Amma yenə də ehtiyaclar var, möhtərəm cənab Prezident. Burada bir adı çəkmək istəyirəm, bağışlayın, bəlkə yeri deyil, amma bizim 90 yaşında bir bəstəkarımız var, Yaşar İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun. Mümkündürsə, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq.

Təbii ki, gənc bəstəkarların da evə ehtiyacları var. Bu sahədə çox böyük işlər görülür. Amma bilirsiniz, gənc bəstəkarlar ailə qururlar və kirayədə qalmaq onlar üçün bir az çətin olur. Yeni tikilən o evlərdə bizə də imkan daxilində 5-6 mənzil versəniz, çox xoşbəxt olarıq.

Biz çox fəxr edirik ki, son illər islahatlar aparılır. Bu, musiqiyə də aiddir. Mən burada Heydər Əliyev Fondunun işini xüsusi vurğulamaq istəyirəm. Biz həmişə bu Fondun sadiq köməkçiləri olmuşuq və çox gözəl, böyük, mən deyərdim ki, vacib layihələrdə yaxından iştirak etmişik, məsələn, Azərbaycan və rus dillərində Muğam Ensiklopediyasının yaradılmasında. Rus dilində ensiklopediya bu dildə oxuyan 150 milyon insana, o cümlədən musiqisevərlərə, muğamsevərlərə təqdim olunan böyük elmi işdir. Bundan başqa, “Üzeyir dünyası” bizi çox sevindirən böyük bir layihədir. “Üzeyir dünyası”, “Fikrət zirvəsi”. Burada mən bir məsələyə də toxunmaq istəyirəm, möhtərəm cənab Prezident. Televiziya kanallarında balans bir az pozulub. Mən istəyərdim ki, bu proses bir az tənzimlənsin. Mən 2007-ci ildə bütün kanallara bəstəkarlar və musiqişünaslar adından məktublar göndərdim ki, televiziya kanallarında bədii şuralar bərpa olunsun. Ona görə ki, vaxtilə bu şuralar olub, qadağa qoymaq məqsədilə yox, tənzimləmək, yəni, bu balansı saxlamaq üçün. Amma bu bədii şuraların tərkibi də çox vacib bir məsələdir. Yəni, o tərkibdə kimlər olmalıdır, onların zövqü, savadı, səviyyəsi doğrudan da bu prosesi aparmağa yetərlidirmi? Bax, bunlar çox böyük məsələdir.

Biz yenə də vurğulamaq istəyərdik ki, Azərbaycan musiqisi təkcə mahnılardan ibarət deyil. Biz çox böyük fəxr hissi ilə deməliyik və vurğulamalıyıq ki, bütün Şərqdə, bütün İslam dünyasında nadir bəstəkarlıq məktəbi Azərbaycanda yaradılıb. Bu, haradan gəlir? İlk növbədə, dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və onların ənənələrini bu gün də davam etdirən bəstəkarlar. Bu, nadir bir məktəbdir və onu həmişə dəstəkləmək, ona kömək etmək lazımdır. Ona görə ki, Avropada musiqi tarixi XIII əsrdən başlayıb, amma bizdə XX əsrdə. Bu 7 əsrlik boşluğu doldurmaq bizə o qədər də asan olmur. Belə dahi insanlar və ulu öndərimiz Heydər Əliyevin dəstəyi, çox böyük diqqəti, bizim bəstəkarlarla şəxsi dostluğu - bunlar hamısı bizim üçün çox böyük dayaq idi. Biz fəxr edirik ki, bizim müəllimlərimiz həmişə Heydər Əliyevin yanında olub, həmişə birlikdə gözəl layihələr işlənib.

Mən istərdim ki, bir problemi də Sizin diqqətinizə çatdırım. Son illər nədənsə bizim bəstəkarlarımızın əsərləri alınmır. Burada çox böyük maliyyə problemi yaranır. Ona görə ki, bizim Bəstəkarlar İttifaqında 11 bölmə fəaliyyət göstərir və bu bölmələrdə bütün janrlara aid olan əsərlər dinlənilir, seçilir. Biz istərdik ki, bu əsərlər alınsın. Ona görə ki, bu, həm bəstəkarlara və musiqişünaslara ruh verər, həm də ki, bu, yenə də Sizin dəstəyinizin bir təzahürü olar.

Bundan başqa, istərdik ki, sifarişlər də olsun. Sizin sərəncamlarınız bizim bəstəkarları və musiqişünasları çox gözəl istiqamətləndirir. Yəni, hansı mövzulara daha böyük diqqət yetirmək lazımdır. Bu baxımdan, bizim Mədəniyyət Nazirliyi yeni əsərlər sifariş etsəydi, daha uyğun olardı və bu əsərlər daha müntəzəm meydana gələrdi.

Bundan başqa, yada salmaq istəyirəm ki, Bəstəkarlar İttifaqı bütün beynəlxalq musiqi festivallarının təşkilində yaxından iştirak edir. Biz fəxr edirik ki, “Muğam aləmi” festivalı artıq beş dəfə keçirilib. Biz bu festivalda çox fəal iştirak edirik. Çox yüksək səviyyədə simpoziumlar keçirilir. Amma Bəstəkarlar İttifaqının da özünün gözəl Şəki festivalı, “İpək Yolu” festivalı var. Təəssüflər olsun ki, son illər biz bu festivalı keçirmək üçün heç bir maliyyə dəstəyi ala bilmirik. Bu il artıq 10-cu yubiley festivalı keçiriləcək və çox istərdik ki, burada bir az bizə dəstək versinlər. Son festivalda mədəniyyət naziri də iştirak etdi. Gördü ki, orada çox yüksək səviyyədə, UNESCO səviyyəsində simpozium keçirildi. Çox gözəl keçdi və UNESCO-nun saytında da bu barədə çox qiymətli sözlər söylənildi. Biz istərdik ki, bu proses davam etsin və bizim Sizin dəstəyinizə də ehtiyacımız var.

Nəhayət, “Nəsimi ili” bizi çox sevindirdi. Ona görə ki, necə deyərlər, bizim bəstəkarlarımızın qələmləri həmişə əllərindədir, həmişə yazıb-yaradıblar. Bizim xalqımızın bütün sevincləri, problemləri bəstəkarların əsərlərində əks olunur. Mən inanıram ki, bəstəkarlar və musiqişünaslar həmişə yüksək səviyyədə, yəni, Sizin dəstəyinizə layiq olan əsərlər yaradacaqlar. Diqqətinizə görə təşəkkür edirəm. İstərdim ki, bizim bəstəkarlarımızın və musiqişünaslarımızın dərin minnətdarlığını bir daha Sizə çatdırım. Sağ olun.

X X X

Xalq artisti, professor Arif BABAYEV dedi:

-Hörmətli Prezident.

Hörmətli Mehriban xanım.

Əziz həmkarlar, hamınızı salamlayıram.

Mən öz fikrimi qısa şəkildə deyəcəyəm. Mən müsabiqələr haqqında danışmaq istəyirəm. Bizim növbəti muğam müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən o müsabiqədə iştirak etmək istəyirəm. Doğrudan da çox böyük bir layihədir. Sağ olsun bu layihəni quran Mehriban xanım. Çünki muğam müsabiqələrinin keçirilməsi bizim sənət adamlarının inkişafına çox böyük təkandır. Yəni, cavanların araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması böyük işdir. Məsələn, bu yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Yəni, bununla demək istəyirəm ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz milli mədəniyyətimizin inkişafına doğrudan da böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı. İndi şükür Allaha ki, ayaq üstəyəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Onu demək istəyirəm ki, cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə “Çox sağ olun!” deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da bu, böyük işdir.

Mən demək istəyirəm ki, uşaqlar musiqi məktəblərində formalaşırlar. Xalq və bəstəkar mahnılarını onlara balaca vaxtlarından öyrətmək lazımdır. Onların not bilmələri daha yaxşıdır. Bir xanəndə kimi biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl müəllim yoldaşlarımız var, birgə çalışırıq və yaxşı xanəndələri ortaya çıxarırıq.

Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun, var olun. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb XANLAROVA dedi:

-Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: “Görünən dağa nə bələdçi”.

Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.

Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.

Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq.

Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır.

Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm, indiyədək fonoqramla oxumamışam, səslərini verirlər. Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən, bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm. Yəni, bunu da demək istəyirəm. Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Sağ olun.

X X X

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İSMAYILOV dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən bizim dünya şöhrətli müğənnimizlə tamamilə şərikəm ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır. Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır.

Əlbəttə ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır. Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə, xüsusilə də teatr sənətinə qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev teatrı və aktyor sənətini həmişə yüksək qiymətləndirib, ona böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada işləyənlər fədakardırlar, fədaidirlər. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir. Ümummilli Liderimizin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri, o gözəllikləri görəndə deyirəm, İlahi, nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq. Əlbəttə, vətəndaş olmaq üçün gərək Vətəni sevəsən, dövlətinə qulluq edəsən, millətinə xidmət edəsən. Bu gün buraya yığışan insanların, Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin sözsüz ki, bu işdə böyük fəaliyyəti, böyük zəhməti olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm. Burada məndən yaşlı, məndən titullu insanlar var. Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik. Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin təntənəsi uğrunda nələrisə deyirik, nələrisə istəyirik. Əlbəttə, sənət adamlarına verilən fəxri adlar, Prezidentin fərdi təqaüdü, mükafatlar, onların mənzillə təmin olunması - inanın, cənab Prezident, Siz nə qədər böyük işlər görmüsünüz ki, hamımızın qəlbində Sizə böyük ehtiram, böyük məhəbbət var. Biz Sizi çox istəyirik. Həmişə Sizin yanınızda olmuşuq. İnanın son prezident seçkilərində mədəniyyət işçiləri Sizi çox böyük coşqu ilə dəstəklədilər. Həmin gecə Sizin parka gəlişiniz, oradakı görüşlər, o şadlıq, o bayram mənim heç yadımdan çıxmır. Azərbaycan xalqı bütövlükdə sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə, teatr sənətinə olan münasibətiniz bizi çox sevindirir.

Onu da deyim ki, 50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var.

Bu gün bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir.

Akademik Milli Dram Teatrının böyük bir arzusu var. Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səslənir. Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək.

Əlbəttə, bu gün Azərbaycan teatr xadimlərinin gördüyü çox işlər var. Yəni, bir çatışmayan, daha doğrusu, arzuolunan odur ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara çox böyük ehtiyac var. Biz də, bizim direktorumuz Azərpaşa müəllim də bu barədə fikirləşdi. Keçən il bizim ittifaqda 5 yaradıcılıq laboratoriyası açılıb. Gənc rejissorların, aktyorların, eksperimental rejissorların, tənqidçilərin və bir də gənc dramaturqların laboratoriyası artıq fəaliyyət göstərir. Burada 43 nəfər təhsil alır və mən inanıram ki, onların Azərbaycan mədəniyyətinə böyük töhfələri olacaq. Çünki bunlar hamısı gəncliyə aiddir və gənclər mütləq bu sənətə gəlməlidirlər. Bizlərin çoxu yaşlaşır.

Mən bir cəhəti də qeyd edim ki, Azərbaycanda tamaşaçı problemi var. Ancaq bu, bizim teatra aid deyil. Maşallah, bizim teatrda həmişə tamaşaçılar olur, yəqin ki, bizim teatrı çox istəyirlər. Amma bizim teatrda uşaq tamaşaları var. Mən mətbuatda oxumuşam, tənqid edirlər ki, Akademik Milli Dram Teatrına uşaq tamaşaları hazırlamaq yaraşmaz. Axı, bugünkü uşaq sabah böyüyəcək, sabah teatrın əsas tamaşaçısına çevriləcək. Biz onlardan necə əl çəkə bilərik? Burada əyləşən mədəniyyət xadimlərinin hər birindən soruşsanız ki, sən mədəniyyətə, teatra, başqa sənətə hansı yaşından başlamısan, hamı deyəcək ki, məktəb illərindən. Məktəblilərlə teatrların münasibəti, ünsiyyəti qurulmalıdır. Özü də bu, ya yazılı, ya şifahi şəkildə olmalıdır ki, məktəblilər mütləq teatra gəlsinlər. Çünki onlar bizim gələcək tamaşaçılarımızdır.

Bir–iki kəlmə də onu demək istəyirəm ki, çox ağrılı da deyil, paradoksal bir şeydir ki, dövlət tərəfindən maliyyələşən ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir. Amma dövlət tərəfindən maliyyələşməyən Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir. Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək olsaydı, bizim daha çox imkanlarımız olardı. Çünki Teatr Xadimləri İttifaqının üzvlərdən yığdığı pulların hamısı o üzvlərin xəstəliyinə, yaşlı olmağına, xeyrinə-şərinə istifadə olunur. Yəni, teatr xadimləri özü-özünü dolandırır. Mən Mədəniyyət Nazirliyinə ürəkdən təşəkkür edirəm. Üç ildir ki, onlar bizə maddi yardım edirlər. Çox sağ olsun Əbülfəs müəllim o barədə. Ürəkdən təşəkkür edirik.

Yəni, deyiləsi sözlər çoxdur. Mən bir şeyi də qeyd edim ki, Azərbaycan Teatr Xadimləri İttifaqı dünyada tanınmış təşkilatın - UNESCO-nun beynəlxalq teatr institutunun üzvdür. Eyni zamanda, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının üzvüdür. Buraya MDB, Baltikyanı ölkələr, bir də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və iki tamaşa oynanılıb. Hazırda isə Mədəniyyət Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskvadakı Şukin adına teatr məktəbində bizim 10 gənc teatr təhsili alır, həm aktyor kimi, həm rejissor kimi. Mən inanıram ki, onlar qayıdandan sonra bizim mədəniyyətimizə öz töhfələrini verəcəklər və eyni zamanda, özlərinin yeni teatr düşüncələrini gətirəcəklər.

İcazənizlə, çıxışımı müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin tarixi sözləri ilə bitirim. O deyirdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcək, həmişə yaşayacaqdır. Mədəniyyət bəşəriyyətin topladığı gözəl nümunələrlə xalqları zənginləşdirir. Azərbaycan mədəniyyəti o zənginliyə öz payını verib və əminəm ki, bundan sonra da verəcək. Diqqətinizə görə çox sağ olun.

X X X

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad BƏDƏLBƏYLİ dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları Sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.

2021-ci ildə bizim Bakı Musiqi Akademiyasının 100 illiyi tamam olacaq. Onun məzunları buradadırlar, dünya şöhrətli ifaçılar Xuraman, Fidan, Firəngiz xanım, maestro Rauf. Yəni, bizim nəticələrimiz çox böyükdür. Bəstəkarlar məktəbi, vokal məktəbi. İndi bizim məzunlarımız Bolşoy Teatrda, La-Skalada ən möhtəşəm səhnələrdə konsertlərlə çıxış edirlər. Mən çox şadam ki, Üzeyir bəyin ənənələri davam etdirilir. Bu ənənələrin çox böyük bünövrəsi var, cənab Prezident, bu, musiqi məktəbləridir. Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Bunu mütləq və mütləq saxlamaq lazımdır. Nəbadə musiqi məktəblərini ixtisara salmaq, xüsusilə rayonlarda azaltmaq olmaz. Biz rayonları nəyə görə diqqət mərkəzində saxlayırıq. Şəkidə Firəngiz xanım öz festivalını keçirir. Qəbələ festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən möhtəşəm orkestrlər, solistlər gəliblər. Camaat indi özləri ailə üzvləri ilə konsertlərə gəlir. Yəni, mühit dəyişir. Rayonlarımızda musiqi məktəbləri çox vacibdir. Ona görə çox xahiş edirəm, biz nəbadə onlara toxunaq.

Mən ikinci məsələyə toxunmaq istərdim. Məncə, artıq ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtı gəlib çatıb. Cənab Prezident, bu, bütün dünyada böyük bir bazardır. Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti dörd milyon dollardır. Yəni, bunu biz investisiya şəklində ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa, burada bizim ən istedadlı cavan skripkaçılar oturublar. Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə filarmoniyada çıxış edəcək. Onun qvarneri skripkası var, ona kirayə veriblər. Mən çox istərdim ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya alıblar, violonçel. Yenə də deyirəm, bu, investisiyadır. Bu, o demək deyil ki, biz aldıq və qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər mümkünsə, bu kolleksiya məsələsinə baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də mən çox danışmaq istərdim. Amma bu iki məsələyə toxundum.

Cənab Prezident, doğrudan da biz Sizi dəstəklədik və sözün düzü, biz Sizi çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin qızınız Leylanı hamı çox istəyir. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyasında iştirak etmişəm. Bir qarabağlı kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin təşəkkürümü bildirirəm. Qarabağ icmasının üzvü kimi burada Elçin və bizim ağsaqqalımız əyləşib. Biz bir arzu ilə yaşayırıq - bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik. Çox sağ olun.

X X X

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay QASIMZADƏ dedi:

-Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Bu gün buraya Azərbaycanın ən görkəmli sənət adamlarını topladığınız üçün hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm. Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq abidələrinin bərpası. Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir. Bizim ölkəmizin Mədəniyyət Nazirliyinin abidələrə olan diqqəti, Sizin Sərəncamınızla nazirliyin tərkibində yaranmış Dövlət Xidməti, bunlar hamısı, əlbəttə ki, tarixi irsimizin qorunub saxlanılması üçün çox böyük zəmindir. Bunu təkcə biz yox, bizim beynəlxalq peşəkar qurumlar da görürlər. Ötən ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini qəbul edərkən bu yüksək qiymətləri onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər və inanın ki, biz o görüşdən ayrılandan sonra Sizin memarlıq, memarlıq sənəti haqqında yüksək peşəkarlıq səviyyəsində verdiyiniz məlumat onlara çox böyük təəssürat bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan memarlığı bu gün dünyada tanınır. Beynəlxalq Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər Şuranın üzvü var və onlardan biri də Azərbaycan təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir. Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində gəlib çıxmışıq.

Bu il iyun ayının 7-dən 11-nə qədər Bakıda tarixi şəhərlər və turizm mövzusunda beynəlxalq forum keçiriləcək. Bu forum Sizin dəstəyinizlə keçirilir. Əlbəttə, biz xoşbəxt olarıq ki, o forumun açılışında hər ikiniz iştirak edəsiniz, imkanınız, vaxtınız olsa. Bu forumdan sonra ayın 11-də Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası keçiriləcək. Bu assambleyanın təşkil olunması üçün adətən müsabiqə keçirilir. Bu dəfə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi qərara gəlib ki, bunu Bakıda müsabiqəsiz keçirsin. Bizim Şuranın növbəti iclasında bəzi üzvlər məsələ qaldırdılar ki, niyə müsabiqəsiz olur, niyə Azərbaycanda olmalıdır? Yəni, gəlin müsabiqə elan edək, kim qalib gələrsə, bunu götürər. Sizin artıq tanıdığınız Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier dedi ki, mən sizə bir sual verəcəyəm, əgər mənə cavab verə bilsəniz, mən bu mövzunu davam etdirərəm. Soruşdu ki, neçə illərdir hamınız Beynəlxalq Memarlar İttifaqının rəhbərliyindəsiniz və üzvüsünüz. Mənə deyin görüm, Azərbaycandan başqa hansı ölkədə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini cənab Prezident qəbul edib. O dəqiqə mübahisə aradan qaldırıldı.

Biz bu gün tədbirə çox ciddi şəkildə hazırlaşırıq. Tədbiri biz Bakı Media Mərkəzi ilə birgə hazırlayırıq. Bilirsiniz ki, bu tədbirdən sonra iyul ayında Bakıda UNESCO-nun Tarixi İrs Komitəsinin sessiyası keçiriləcək. Əlbəttə ki, bunların hamısı Sizin bu ixtisasa, bu sənətə göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Mən də heç bir xahişlə müraciət etməyəcəyəm. Mənim, sadəcə bir-iki təklifim var. Bu gün Bakının mərkəz hissəsində çox böyük abadlıq işləri aparılır, tarixi mərkəzində binalar bərpa olunur, təmir edilir. Siz də çıxışınızda çox gözəl vurğuladınız ki, son vaxtlar şəhərsalma problemlərinə çox böyük diqqət yetirilir. Çünki Siz çox gözəl bilirsiniz ki, şəhərsalma dövlətin sosial proqramının əsasını təşkil edən bir amildir. Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik.

İkinci məsələ. Burada yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə bu məsələ onlara da çox yaxındır. Bu gün yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” Qanunu ilə tənzimlənir. Məncə bu, üzr istəyirəm, bir qədər ədalətsizdir. Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini dəstəkləyərək yaradıcılıqla, quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə məşğuldurlar. Mən bilirəm ki, dörd il bundan öncə Milli Məclisdə “Yaradıcılıq birlikləri haqqında” Qanunun hazırlanması başlamışdı. Mən müəyyən qədər orada iştirak etmişəm, məsləhətlərimi vermişəm. Sonra o qanunun hazırlanması dayandı. Düşünürəm ki, bu gün elə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə bunu bərpa etmək lazımdır.

Sonuncu, bəlkə də xahişdir, demişdim ki, etməyəcəyəm. Amma bu, elə bir xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə olacaq. Bakının müasir dövrdə, yəni, XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz Ömər müəllimlə bir yerdə bu layihə üzərində bir müddət işləmişik, onu təqdim edək. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun. Çox sağ olun. Sizə uğurlar, cansağlığı arzu edirəm.

X X X

Xalq artisti Afaq BƏŞİRQIZI dedi:

-Canım Prezidentim, mənim Sizə danışmamağım qeyri-mümkündür. Canım Prezidentim, çünki Sizi mən seçmişəm. Mən Sizə səs vermişəm. Mən Sizi dəstəkləyirəm.

Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə Sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə Sizə minnətdaram, ömrüm boyu minnətdar olacağam.

Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim Sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də Sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, - şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var.

Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Uğurlu, xeyirli olsun. Gün o gün olsun ki, Allah qoysa, Qarabağda görüşək, sevinək və dərindən bir sevinc ahı çəkib deyək ki, çox şükürlər olsun Sənə, İlahi, alnımız qeyrətlə açıldı. Çox sağ olun.

X X X

Xalq artisti Mehriban ZƏKİ dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Hər zaman mədəniyyətimizə, incəsənətimizə qayğınız olub və bugünkü görüşümüz bunun bariz nümunəsidir.

Mədəniyyət, bədii yaradıcılıq nümunələri hər zaman arxetiplərimizdən qaynaqlanmalı, tariximizə, köklərimizə söykənməli və bu günümüzlə aktuallaşmalıdır. Mənim uşaq vaxtı gördüyüm ilk filmlərdən biri “Nəsimi” filmi idi. Bəlkə də həmin film, - altı-yeddi yaşım olardı, - məni sənətə bağladı, Nəsimi poeziyasına sevgimi artırdı. O vaxtdan mən - altı-yeddi yaşlı uşaq Nəsiminin qəzəllərini əzbərləməyə başlamışdım. Həmin o sevgim illər boyu daha da artdı, artıq yarım əsr keçib. Keçən ilin sentyabr aynda Heydər Əliyev Fondunun və şəxsən Leyla xanımın təşəbbüsü ilə Nəsimi festivalı keçirildi. Bakıda, Moskvada bu tədbirdə fəal şəkildə iştirak etdim. Cənab Prezident, bu il Sizin Sərəncamınızla elan edilən “Nəsimi ili” ilə bağlı təşkil olunan bütün tədbirlərdə fəal şəkildə iştirak edəcəyəm. Həm Bakıda, həm bölgələrdə öz təşəbbüsümlə tədbirlər təşkil edəcəyəm, xaricdə də tədbirlərdə iştirak edəcəyəm. Mən niyə Nəsimidən danışdım? Çünki mədəniyyətdə və dövlətçilikdə kino çox böyük bir rol oynayır, çox böyük bir maarifləndirmə vasitəsidir. Mən bu gün teatr-kino aktrisasıyam. İki universitetdə müəllim işləyirəm və tələbələrim var ki, çox istedadlıdırlar. Çox istedadlı gənc nəslimiz yetişir.

Teatr barədə danışdılar. Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi. Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb. Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim. Sizə təşəkkür edirəm.

X X X

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə MƏMMƏDOVA dedi:

-Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Vaxtınızı almaq istəmirəm. Mən bəlkə də protokoldan kənar danışacağam, ona görə çox qısa sözüm olacaq. Çox həyəcan keçirirəm, çünki, ilk növbədə, dərin təşəkkürümü bildirirəm ki, bu görüşümüzü təşkil etmisiniz, bizə diqqət yetirmisiniz. Hər şeyə görə minnətdaram. Amma mən xahiş edirəm, burada bir neçə ittifaqların sədri çıxış etdi, çox gözəl təkliflər, çox gözəl xahişlər oldu. Amma mən istərdim ki, bu Kinematoqrafçılar İttifaqının aqibətini bu gün Sizə çatdırım. Artıq 6 ildir ki, təsis olunmuş Respublika Kinematoqrafçılar İttifaqı binasızdır. Azacıq da olsa bizə dəstək verilən o büdcədən il boyu biz kirayə pulu veririk. Fəaliyyətimizə uyğun olmayan yerdə yerləşirik. Düzdür, ağlamırıq. Məktublar yazmışam, lakin bəlkə çatmayıb. Bunu mən dəqiq deyirəm. Görürsünüz, burada nə qədər kinematoqrafçılar əyləşiblər, mən buna görə çox sevinirəm. Bu ittifaq 6 ildir fəaliyyət göstərməsinə baxmayaraq, çox böyük işlər görüb, onun artıq 400-ə yaxın üzvü var. Ümumiyyətlə, ittifaqın aqibəti elə olub, həmişə binasız olub. Bilirsiniz, Rəssamlar, Bəstəkarlar, Teatr Xadimləri, Yazıçılar ittifaqları Xəqani küçəsində düzülüb. Amma kinematoqrafçıların ordusu çox böyükdür. Onların içində operatorlar, istehsalın bütün növünə aid istər rəssamlar, istər sexlərin işçiləri, istər operatorlar, rejissorlar, ssenaristlər var. Kinematoqrafiya elə böyük sahədir ki, mən say naminə çox xahişlər edə bilərdim. Çünki İttifaq, doğrudan da cavan olmasına baxmayaraq, çox işlər görüb. Amma çox istərdim, bilirsiniz artıq bu, mümkünsüzdür, il boyu mənim büdcədən verilən vəsaitimin çox hissəsi kirayəyə gedir. Ona görə mən Sizdən xahiş edirəm, bizə elə bir məkan verilsin ki, artıq bu, Kinematoqrafçılar İttifaqına layiq olsun. Doğrudan da Kinematoqrafçılar İttifaqının istər İdarə Heyəti, istər çoxsaylı üzvləri Sizə çox əmindirlər. Təşəkkür edirəm.

X X X

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr ŞAROVSKİ dedi:

-On-on bir əvvəlin gözəl may günü mənim və Rus Dram Teatrının bütün kollektivinin yaddaşında həmişəlik qalıb. O vaxt Siz və Mehriban xanım gəldiniz və bütün aparatlarla, əsl teatra xas olan hər şeylə təchiz olunmuş yeni binanın açılışını etdiniz. Sizə deməliyəm ki, həmin vaxtdan teatrın yeni həyatı başladı. Dövlət sifarişi ilə biz bu günədək hər mövsümdə 7-8 tamaşa hazırlayırdıq və indi də hazırlayırıq. Biz çoxlu qastrollara gedirik, kollektivləri qəbul edirik, Moskva teatrları bizdə qastrolda olublar. Biz də xarici ölkələrə və şəhərlərə qastrollara gedirik. Sizin şəxsən gördüyünüz xeyirxah işlərin sayı-hesabı yoxdur. Bunlar həm mükafatlar, həm məvaciblərin daim artırılması, həm sosial layihələr və qanunlar, həm də nəhayətsiz və çox gözəl, daim davam edən tikinti işləridir. Bütün qonaqlarımız şəhərimizin gözəlliyinə valeh olurlar və heç bir yerdə bunun şahidi olmadıqlarını deyirlər.

Yeganə olaraq, burada böyük müğənnimiz də söylədi ki, xahişlə müraciət etmək olmaz. Lakin icazə verin, hər halda kiçik bir xahişlə Sizə müraciət edim. Məsələ bundadır ki, teatr 100 illik yubileyi ərəfəsindədir və o vaxt bizim teatrın açılışı zamanı Siz də dediniz ki, Azərbaycanda rus teatrı həmişəlikdir. Siz keçmiş ittifaq respublikalarında rus teatrlarının əksəriyyətinin necə acınacaqlı vəziyyətdə olduğunu və bizim bu fonda özümüzü necə yaxşı hiss etdiyimizi bilməlisiniz. Lakin məsələ bundadır ki, həmin respublikalarda rus dram teatrları akademikdir, bizdə isə yox. Çox istərdik ki, biz də bu qürurverici adı daşıyaq və Sizinlə birlikdə sevinək. Çox sağ olun.

X X X

Əməkdar artist Tahir İMANOV dedi:

-Cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

İlk növbədə, təşəkkürümüzü bildiririk ki, bizi, KVN-çiləri bu gözəl tədbirə dəvət etmisiniz. Bir daha fürsətdən istifadə edib hamımızın adından təşəkkür bildiririk ki, KVN-nin ən çətin illərində bizə dəstək olmusunuz. Məhz Sizin sayənizdə “Parni iz Baku” KVN komandası ən yüksək zirvələrə qalxıb, əsrin çempionu adını qazanıb. Biz bu gün də KVN-i yaşadırıq, təbii ki, teatrımızın çərçivəsində. Mən heç vaxt özüm üçün xahiş etməmişəm. Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi ilə biz Rusiyada çox böyük filmi təqdim etdik. Nəinki Rusiyada, MDB-nin 9 ölkəsində bu film yayım hüququ aldı. Hazırda ikinci film üzərində işləyirik. İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik. Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq. Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik. O cümlədən Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm.

Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq. Bir daha fürsətdən istifadə edib cənab Prezident, Sizə, hörmətli Mehriban xanım, Sizə təşəkkürümüzü bildiririk.

X X X

Əməkdar artist Bəhram BAĞIRZADƏ dedi:

-Cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən üzr istəyirəm, bu gün səmimi çıxışıma görə. Heç vaxt Sizin qarşınızda çıxış etməmişəm.

Prezident İlham Əliyev: Biz çoxdan görüşməmişik KVN-çilərlə, ona görə siz nə qədər istəyirsiniz danışın.

Bəhram Bağırzadə: Ürəyimi boşaltmaq istəyirəm. Bu fürsət olmayacaq.

Prezident İlham Əliyev: Olacaq. Bundan sonra da olacaq.

Bəhram Bağırzadə: İnşallah. İlk növbədə, mən ağsaqqallarımızdan və ağbirçəklərimizdən üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi ki, həmişə ağsaqqallar, ağbirçəklər olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda danışarsan. Ona görə hamınızdan dəfələrlə üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir. Hansılar ki, mənə vaxtilə dərs deyiblər. Hamınıza minnətdaram. Sizə də, cənab Prezident, öz minnətdarlığımı bildirirəm. Siz də, Mehriban xanım da mənə efir vasitəsilə hər zaman dərs demisiniz. Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən Sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm.

Bir tərəfdən də, bilirsiniz, mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onlara çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab Prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm Sizə.

X X X

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir SALAHOV dedi:

-Möhtərəm Prezident.

Çox hörmətli Birinci vitse-prezident.

Əziz İlham Heydər oğlu.

Əziz Mehriban xanım.

Bu gün Azərbaycanın yüksək mədəniyyət ulduzları arasında olduğuma görə çox həyəcanlıyam. Sizin bu gün bizi toplamağınız mənim üçün tarixi gündür. Odur ki, çox xoşbəxtəm. Şadam ki, noyabrın 29-da Moskvada məni telefon zəngi yuxudan oyatdı və mən İlham Heydər oğlunun səsini eşitdim. İlham Heydər oğlu məni yubiley münasibətilə təbrik etdi. Mən dedim: “Bəs nə üçün belə erkən, məgər işdəsiniz?”. O isə mənə cavab verdi: “Tahir, mən birinci olmaq istədim”. Mən bu təbrikə görə Sizə çox minnətdaram. Bu, bizə - yaradıcı mədəniyyət xadimlərinə böyük stimul verir. Odur ki, Sizin mükafat barədə xəbəriniz, - Siz ilk dəfə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltifetmə barədə Sərəncam verdiniz, - böyük xoşbəxtlikdir və mənim yaradıcı əməyimə böyük hörmətdir. Mehriban xanım, təbrikinizə və aldığım hədiyyələrə görə çox sağ olun, çox minnətdaram.

Mən demək istəyirəm ki, Sizin Ekspo Mərkəzində sərgimə gəlməyiniz də məni xoşbəxt etdi. Mən bəlkə də ilk dəfə hansısa qanunları pozdum. Hər halda Ekspo Mərkəzində öz işlərimi göstərmək istəyirdim.

Tamaşaçılar ilə ünsiyyətin yeni formalarını tapmaq lazımdır, öz yaradıcılığını nümayiş etdirmək üçün hansısa yeni cəhətlər tapmaq lazımdır.

Siz ailəvi gəldiniz. Leyla xanım da valideynləri ilə birlikdə gəldi. O da yaradıcılıqla məşğul olur və Azərbaycan mədəniyyətinin, təsviri sənətinin inkişafında müəyyən yer tutur. Bu da böyük xoşbəxtlikdir. Düşünürəm ki, bu gün və qarşıdan gələn görüşdə biz mədəniyyətimizin, bütün növlərin və janrların məqsəd və vəzifələrini uzun illər irəlicədən müəyyən etməli, planlaşdırmalıyıq.

Çünki əsərin ərsəyə gəlməsi vaxt tələb edir. Siz də bilirsiniz ki, vaxt sürətlə ötüb keçir. Odur ki, əgər prezident seçkiləri gedirsə, mədəniyyətimizin inkişafını da dərhal Prezidentlə birlikdə uzun illər üçün planlaşdırmalıyıq. Gələcəkdə mədəniyyətimizin simasını müəyyən edəcək möhtəşəm əsərləri bu illər ərzində, 5-6 ildə yaratmaq üçün bizi hansı tarixlər, hansı hadisələr, hansı işlər narahat edir.

Mən demək istəyirəm ki, Heydər Əlirza oğlu mədəni həyatımızda fəal iştirak edirdi, özü də təkcə bizim deyil, bütün Sovet İttifaqının mədəni həyatında da. O, bununla çox məqsədyönlü şəkildə məşğul olurdu. O dövrdə o, Sovet İttifaqında 19 istiqaməti idarə edirdi və bütün Sovet İttifaqının mədəniyyətinin simasını müəyyənləşdirirdi. Yaradıcılıq ittifaqlarına və yaradıcılıq növlərinə dair bir çox qərarlar verilmişdi. Tretyakov Qalereyasının və keçmiş Sovet İttifaqının bir çox müəssisələrinin təmirinə külli miqdarda vəsait xərclənmişdi. O, burada, Azərbaycanda da bunu edirdi və bu işlər yüksək səviyyədə görülürdü.

Bizim İncəsənət Universitetimiz, Rəssamlıq Akademiyamız var. Bu illər ərzində həmin təhsil ocaqlarını çoxlu sayda gənc rəssam bitirib. İncəsənət Universiteti ildə 60 məzun, Rəssamlıq Akademiyası isə 150 məzun buraxır.

Onlar istedadlı, bacarıqlı gənclərdir, çox böyük təşəbbüsləri var. Mən nə arzu edə bilərəm? Qoy, onların əməyindən bütün Azərbaycan faydalansın. Baş memar vəzifələri ilə bərabər, baş rəssam vəzifələrini də təsis etmək lazımdır. Təkcə mərkəzdə - Bakıda və böyük şəhərlərdə deyil, regionlarda da. Bu, çox gözəl olardı. Heydər Əlirza oğlu həmişə arxitektura ilə təsviri sənətin sintezindən danışırdı. Məncə, təkcə eksteryerdə deyil, interyerdə də arxitektura ilə təsviri sənətin vəhdəti çox gözəl olardı və rəssamın əməyini qiymətləndirməyə imkan verərdi. Bu, çox gözəl olardı. Mən təklif və xahiş edirəm ki, hər il, yaxud iki ildən bir respublika sərgiləri keçirilsin. Təkcə Bakıda deyil, həm də Azərbaycanın bütün regionlarında təsviri sənət və memarlıq festivalları və baxışları, fərdi sərgilər, bir çox digər sərgilər təşkil olunsun. Mən beynəlxalq səviyyəli rəssamların və münsiflər heyətinin iştirakı ilə beynəlxalq biennale keçirilməsini də təklif edirəm. Bilirsiniz, bu, musiqi mədəniyyətində olduğu kimi – Qəbələdə keçirilən festivallar kimi, təsviri sənətimizin, mədəniyyətimizin nüfuzunu yüksəldərdi. Bu, çox gözəl olardı.

Mən dəvətə görə təşəkkür edirəm. Mən bu gün dostlar arasındayam. Burada oturan hər bir şəxs mənim üçün respublikanın mədəniyyəti ilə ürəkdən məşğul olan və tarixi töhfə vermək istəyən insanlardır. Sizin vaxtınız – bizik. Çox sağ olun.

X X X

Xalq artisti Xuraman QASIMOVA dedi:

- Cənab Prezident, çox üzr istəyirəm, mən özüm çıxış etmək istədim. Çünki mən bilirəm, möhtərəm Prezidentimiz, sevimli Mehriban xanım, burada əyləşən insanların ürəyi o qədər doludur, hər kəs Sizin olduğunuz məclisdə iki kəlmə də olsa çıxış etmək istəyir. Çünki Siz bizim hər birimiz üçün o qədər gözəl işlər görmüsünüz, daşıdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar.

Amma mənim çoxdankı arzum var. Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla - “İstiqlal” ordeni ilə təltif etdiniz. Cənab Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Biz çox fəxr edirik, çünki Sizin ailəniz, başda Ulu Öndərimiz olmaqla bizim ailəmizin həyatında böyük rol oynamısınız. Biz bunu heç zaman unutmuruq.

Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var. Dinlədiyinizə görə çox sağ olun.

X X X

Qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı görüşün yekununda çıxış etdi.

Prezident İlham Əliyevinyekun çıxışı

-Əziz dostlar, bilirəm ki, söz almaq istəyənlər kifayət qədər çoxdur. Mən təklif edərdim belə görüşlər müntəzəm olaraq keçirilsin ki, biz bütün məsələləri əhatə edə bilək.

Bugünkü görüş bir daha onu göstərir ki, bunun çox böyük faydası var. Çünki burada qaldırılan məsələlər doğrudan da vacibdir və hesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir proqram halına salınsın və biz bu məsələləri ardıcıl olaraq həll edə bilək.

Bəzi məsələlərlə bağlı mən elə bu gün öz fikrimi xronoloji ardıcıllıqla bildirmək istərdim. Yazıçılar üçün Yaradıcılıq Evinin bərpası prosesinə start verildi. Anar müəllim bu barədə öz fikrini söylədi və bildirdi ki, biz görüş əsnasında bu məsələni həll etdik. Orada məskunlaşan köçkünlərə yeni evlər, yeni mənzillər verilir. Həmin bina əsaslı şəkildə təmir olunacaq və yazıçıların ixtiyarına veriləcəkdir. Eyni zamanda, Şabran rayonunda da Müasir Yaradıcılıq Mərkəzi yaradılır.

Digər təkliflərə, abidələrlə bağlı olan təkliflərə də mütləq baxılacaq. Cəlil Məmmədquluzadənin abidəsi ilə bağlı təklifləri mən qəbul edirəm, dəstəkləyirəm. Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək.

Mən Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri də qəbul edirəm. Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı. Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub. Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir. Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu görüşün məqsədlərindən biri də məhz ondan ibarətdir ki, mən sizdən təkliflər eşidim və bu təkliflər nəticəsində biz düzgün qərar qəbul edək.

Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın. Ancaq Firəngiz xanım tamamilə haqlıdır deyəndə ki, baxır o bədii şuralarda kim təmsil olunacaq. Ona görə yəqin ki, burada yaradıcı insanların təklifləri nəzərə alınmalıdır. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, ittifaqlar təkliflər versinlər. Çünki televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir. Bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar. Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır.

Festivallara gəldikdə deməliyəm ki, Şəki festivalının dövlət tərəfindən dəstəklənməsi ilə bağlı hesab edirəm heç bir problem ola bilməz. Yenə də bu, elə məsələdir ki, çox asanlıqla öz həllini tapa bilər. İndi mədəniyyət naziri bunu qeyd edir və biz bunu da həll edə bilərik.

Muğam mərkəzlərinin yaradılması, - Arif müəllim qeyd etdi, - geniş vüsət alıb. Sonuncu mərkəz Ağdam şəhərində yaradılıb. Biz onun açılışını birlikdə qeyd etmişik. Ondan əvvəl digər şəhərlərdə açılıbdır. Muğam müsabiqələrinin çox böyük əhəmiyyəti var. Muğam bizim milli sərvətimizdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bizim musiqi mədəniyyətimizin xüsusi çəkisi var. Təsadüfi deyil ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır. Yəni, biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır. Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması tarixi nailiyyətdir. Biz, eyni zamanda, beynəlxalq muğam müsabiqələri, festivalları keçirmişik. Bu sənət bir neçə ölkədə yaşayır, ancaq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilməsi əlbəttə ki, böyük nailiyyətdir.

Onu da bildirməliyəm ki, UNESCO-nun müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsi salınıbdır.

Zeynəb xanımın həmişə olduğu kimi parlaq çıxışını mən alqışlayıram. Zeynəb xanım xalqımızın sevimli insanıdır, böyük şəxsiyyətdir, böyük sənətkardır, böyük ictimai xadimdir. Azərbaycanda elə adam tapılmaz ki, Zeynəb xanımı sevməsin. Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır. Xatırlayıram ki, atamın ən ağır günlərində, - o vaxt ki, o, vəzifədən çıxmışdı, pensiyada idi, səhhətində problemlər var idi, müəyyən mənada təcrid vəziyyətində idi, - Zeynəb xanım bizim evimizə baş çəkdi, onda mən də orada idim, ona mənəvi dayaq oldu. O vaxt atam üçün bu, xüsusi əhəmiyyət daşıyırdı. Əlbəttə, Zeynəb xanım da başa düşürdü ki, o vaxt Heydər Əliyev sovet məkanında arzuolunmaz şəxs kimi qəbul olunurdu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi də ədalətsizliyə yol vermişdi. Zeynəb xanımın bu cəsarətli və vicdanlı addımları həmişə bizim ürəyimizdədir, bizim xatirəmizdədir.

Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq - Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz. Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram.

Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır.

Musiqi alətləri ilə bağlı səslənən fikirləri də mən dəstəkləyirəm. Biz son illər ərzində musiqi alətlərinin alınması ilə bağlı bəzi işləri görmüşük, o cümlədən Fərhad müəllimin təklifləri əsasında. Ancaq, eyni zamanda, biz böyük dəyər kəsb edən, o cümlədən tanınmış ustaların əsəri olan musiqi alətlərinin alınmasına mütləq baxmalıyıq. Bu sahəyə qoyulan investisiyalar həm sərmayə kimi qalacaq, həm də bizim musiqi sənətimizin inkişafında mühüm rol oynayacaq.

Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir.

Əlbəttə ki, biz Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq. Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır. Son illərdə şəhərimizin əsas tarixi binaları əsaslı şəkildə bərpa olunub və onların tarixi siması qorunub.

Görkəmli memarların şərəfinə abidələrin ucaldılması məsələsinə də Mədəniyyət Nazirliyi ilə birlikdə baxın və təklif verin. Aktyorların maaşları və teatrların kateqoriyalara bölünməsi məsələsini Afaq xanım səsləndirdi, mən də öz fikrimi bildirdim.

Kinofilmlərin çəkilişi ilə bağlı təkliflər səsləndi. Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməmişdir. Biz gərək bu boşluğu dolduraq. Yəni, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Düzdür, bu ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Mən bilirəm ki, Əbülfəs Qarayev çox çalışırdı ki, bu, nəzərə alınsın, ancaq hansısa səbəblər üzündən nəzərdə tutulmayıb. Ona görə bunun yolu odur ki, bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin. Gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.

Kinematoqrafçılar İttifaqının binası ilə bağlı. Əbülfəs Qarayev mənə dedi ki, sizin binanız var.

Əbülfəs Qarayev: Kirayədir.

Prezident İlham Əliyev: Onda təklif olunur ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə, Mədəniyyət Nazirliyinə göstəriş verilir. Şəfiqə xanım, siz özünüz də bu məsələ ilə bağlı təkliflər verin. Əlbəttə ki, biz bunu etməliyik. Çünki Kinematoqrafçılar İttifaqının müstəqil binası olmalıdır və şərait yaxşı olmalıdır.

Rus Dram Teatrının akademik teatra çevrilməsi məsələsində mən heç bir problem görmürəm. Bu gün tapşırıq verirəm ki, bu məsələ həll olunsun və digər teatrların da səviyyəsini qaldırmaq üçün mütləq addımlar atılmalıdır. Prinsipcə, həm maaşlar, həm də status artacaq. Mən dedim ki, teatr işçilərinin maaşlarının qaldırılması məsələsi tezliklə öz həllini tapmalıdır. Siz qeyd etdiniz ki, 11 il keçməsinə baxmayaraq, sanki bu, lap yaxınlarda olub. Yəqin ki, təmirə ehtiyac var. Əgər zərurət yaranarsa, deyərsiniz. Prinsipcə, bizim teatrlarımızda təmir işləri artıq on il bundan əvvəl görülmüşdü. Əgər təmirə ehtiyac varsa, mənə məlumat verin, biz bu məsələni həll edə bilək.

Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək.

Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.

Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.

Tahir İmanov: Təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.

Tahir İmanov: Çox sağ olun.

Prezident İlham Əliyev: Qaldı Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı məsələyə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir.

Tahir İmanov: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram.

Mən Tahir müəllimin həm baş rəssam vəzifəsinin təsis edilməsi, həm də Bakıda bienallenin keçirilməsi təkliflərini də dəstəkləyirəm. Mənə məlumat verildi ki, bu il bienalle keçiriləcək. Bu da çox gözəl bir təklifdir.

Xuraman xanımın da dəvətini məmnuniyyətlə qəbul edirəm. Demək olar ki, burada qaldırılan əsas məsələlərə mən öz münasibətimi bildirdim.

Əziz dostlar, bir daha demək istəyirəm ki, belə səmimi və açıq söhbət bir çox məsələlərin həlli üçün gözəl imkanlar yaradır. Mən təklif edirəm, belə görüşlər bu və ya digər formatda müntəzəm olaraq keçirilsin ki, bizim bu sahədə görəcəyimiz işlər daha düzgün aparılsın, daha sistemli xarakter alsın, bu gün bizim yaradıcı ictimaiyyətimizi narahat edən problemlərin hamısı həll olunsun. Sizə təşəkkür edirəm, yeni uğurlar arzulayıram və Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

Xalq yazıçısı Anar: Cənab Prezident, bağışlayın. Mən birinci danışdığım üçün bu cəsarəti üzərimə götürüb son sözü də demək istəyirəm, hamının adından Sizə təşəkkür edirəm. Bizi çox diqqətlə dinlədiniz, təklifləri qəbul edirsiniz və operativ cavab verirsiniz. Çox sağ olun. Sizə də, Mehriban xanıma da təşəkkür edirəm.