PORTRET

Vasif Adıgözəlov (1935-2006)

  • 04.08.2022

 

Qarabağın görkəmli simaları

 

 

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, professor, dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli bəstəkar Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirmiş, 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirmişdir.
Sevimli müəllimi Q.Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə, pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaratmışdır.
Bəstəkar iki operanın - "Ölülər" və "Natəvan"(Azərbaycan xalqının böyük şairəsi Xurşidbanu Natəvanın 170 illiyinə həsr edilmişdir), 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", "Hacı Qara"(həmmüəllif R.Mustafayev), "Boşanaq, evlənərik", "Aldın payını, çağır dayını" və s., həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərlərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Bəstəkar dörd simfoniya; dörd simfonik poema: "Qəhrəmani" (1957), "Afrika mübarizə edir" (1970), "Mərhələlər" (1970), "Bayram uvertürası" (1978); piano ilə simfonik orkestr üçün dörd konsert; violino ilə simfonik orkestr üçün konsert (1962) və violonçel ilə simfonik orkestr üçün konsertin (1984) müəllifidir. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq piano üçün prelüdlərdən tutmuş irihəcmli konsert janrınadək müxtəlif əsərlər yazmışdır. Bu gün bəstəkarın həm "24 prelüd" piano silsiləsi, həm də konsertləri respublika pianoçularının repertuarında özünə möhkəm yer tutur və musiqi tədrisi sistemində geniş istifadə edilir.
Vasif Adıgözəlov həm milli musiqimizi sevən, doğma torpağımızın gözəlliklərini vəsf edən sənətkar, həm də Vətənin müdafiəsi uğrunda səfərbər olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığını xalqımızın azadlıq salnaməsi hesab etmək olar. Belə ki, "Odlar yurdu" (1987), "Qarabağ şikəstəsi" (1989), "Çanaqqala-1915" (1998) və "Qəm karvanı" (1999) oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən, yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar hadisə kimi yüksək qiymətləndirilmişdir.
İrihəcmli monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə qəlbləri fəth etmişdir. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası" və s. mahnıları insanın ülvi hisslərini riqqətə gətirən təkrarolunmaz sənət inciləridir. Bəstəkarın "Şərikli çörək", "Xidmət lifti", "Kişi sözü" və s. kinofilmlərə yazılmış musiqiləri xalqımızın dərin rəğbətini qazanmışdır.
Bəstəkarın əsərləri, nəinki ölkəmizin, habelə dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş sovet məkanının musiqi ictimaiyyətinə yaxşı tanışdır. Vasif Adıgözəlov görkəmli ictimai və musiqi xadimi kimi respublikanın mədəni həyatında fəal iştirak etmiş, milli musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində baş redaktor (1957-1959), Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru (1960-1961), Azərbaycan Bəstəkarlar İttifaqında məsul katib (1962-1968), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında bədii rəhbər (1968-1978), A.Zeynallı adına Bakı Musiqi Texnikumunda direktor (1972-1983), Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasının professoru və müdiri (1995-2006), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi (1990-2006) kimi geniş ictimai-pedaqoji fəaliyyətini dövlətimiz yüksək qiymətləndirmişdir.
O, 2006-cı il sentyabrın 15-də Bakıda vəfat etmişdir.