MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: QARABAĞ QƏLƏBƏSİ İLƏ YAZILAN MÖHTƏŞƏM TARİX

  • 01.07.2021

Bölgədə yaranan yeni reallıq, Şuşa Bəyannaməsinin imzalanması, azad olunmuş ərazilərin bərpası

Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olan uğurlardır


Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunan torpaqlarının azad edilməsi ilə nəticələnən İkinci Qarabağ savaşı regionda tamamilə yeni reallıqlar yaradaraq,  respublikamızın həm Cənubi Qafqazda, həm də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə  möhkəmləndirdi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında qazanılan Qələbə son onilliklərdə sürətli yüksəliş dövrünü yaşayan Azərbaycanı beynəlxalq aləmdə həm də qalib dövlət kimi tanıtdı. Bu Qələbə son iki əsrlik tariximizin zirvə nöqtəsi oldu. Müharibə bitsə də, münaqişə başa çatsada, Azərbaycan  Qarabağ meydanındauğurlarını davametdirir.


 

 

Tarixi gündə edilən tarixi səfər
Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ərəfəsində dövlətçilik salnaməsinin növbəti şərəfli səhifəsi yazılmaqdadır. Xalqımız tariximizə qızıl hərflərlə həkk olunan növbəti hadisəyə iyun ayının 15-də - Milli Qurtuluş Günündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfəri və Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə şahidlik etdi.
Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə isə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur oldu. İkinci Qarabağ savaşındakı qalibiyyətdə olduğu kimi, bu Bəyannamənin də müəllifləri Azərbaycan və Türkiyədir. Qardaş dövlətlərin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu Bəyannamə ilə mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltdilər.
İlk növbədə onu qeyd edim ki, Azərbaycan-Türkiyə münasibətləri illər öncədən özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Bu gün Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. İki dövlətin dostluğu və qardaşlığı onların ən böyük sərvətidir. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatla çıxışında bu xüsusda danışaraq deyib ki, iki qardaş dövlət dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir: «Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk».
Miqyasına və məzmununa görə dünyada analoqu olmayan Azərbaycan-Türkiyə münasibətləri ötən ilin Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini və sarsılmazlığını gördü. Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyən Türkiyə dövləti özünün qardaşlıq və mənəvi missiyasını yerinə yetirdi. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Şuşanın işğaldan azad edilməsi isə təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın yanında qardaş ölkənin timsalında belə bir böyük gücün dayandığının və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu.
2021-ci ilin iyun ayında Azərbaycana növbəti səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Şuşaya getməsi, iki dövlət başçısının məhz burada görüşməsi Azərbaycan-Türkiyə münasibətlərinin məzmunu baxımında son dövrlərin ən mühüm siyasi hadisəsi oldu. Bu səfər Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya bəyan etdi, türk dünyasının böyük siyasi uğuru oldu, dostlarımızı sevindirdi, düşmənin bağrına xəncər tək sancıldı. «Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir», - deyə İlham Əliyev bildirib.
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada görüşü, dövlət başçılarının Heydər Əliyev Fondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyada iştirak etmələri, “Xan qızı” bulağına getmələri, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin heykəllərini ziyarət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın görüşü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümləri oldu. Şuşada keçirilən hər bir tədbir isə həm də düşmənə verilən açıq mesajlar kimi tarixə düşdü. Azərbaycan və Türkiyə Qarabağ müharibəsində olduğu kimi, bundan sonra da bir-birilərinə ən yüksək səviyyədə dəstək verəcəklər.
Bütövlükdə, Türkiyə Prezidentinin Şuşaya səfəri iki dövlət və onların başçıları arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının ən bariz göstəricilərindən biridir. Ona görə bu səfər həm ölkələrimiz üçün, həm də bütün türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisədir.
Bu səfərlə bağlı başqa bir maraqlı məqam tarixin seçilməsi ilə bağlıdır. Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər etdiyini nəzərə alsaq, o zaman səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını deyə bilərik.
Adətən, bir xalqın, bir ölkənin taleyində xüsusi əhəmiyyət kəsb edən əlamətdar günləri tarixi gün adlandırırlar. Necə ki, iyun ayının 15-i Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Artıq 25 ildir ki, Azərbaycan xalqı bu günü ümumxalq bayramı olaraq böyük təntənə ilə qeyd edir. Lakin bundan sonra gələcək nəsillər iyunun 15-ni yalnız bir tarixi gün kimi deyil, həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi də qeyd edəcəklər. 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix yazdılar.
Səfərin məhz 15 iyun tarixində baş tutmasını isə bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir.

Şuşa Bəyannaməsinin imzalanması iki qardaş dövlətin Qarabağ müharibəsində qazandıqları tarixi Zəfərin yeni müstəvidə davamıdır
Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki qardaş dövlətin Qarabağ müharibəsində qazandıqları tarixi Zəfərin yeni müstəvidə davamı idi. Prezident İlham Əliyev bu səfərin tarixi əhəmiyyətinin olduğunu qeyd edərək, müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamənin əlaqələrimizi ən yüksək zirvəyə qaldırdığını bəyan etdi: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və strateji əməkdaşlıq nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar
Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, burada söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktyorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

Zəngəzur dəhlizinin BəyannAmədə qeyd olunması göstərir ki, Azərbaycan və Türkiyə ən qısa müddətdə möhtəşəm regional əməkdaşlıq körpüsünü reallaşdıracaqlar
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə, həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq. Belə ki, sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Bu baxımdan sənəddə toxunulan əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirən bir körpü olacaq. Bu məsələnin Şuşa bəyannməsində qeyd olunması göstərir ki, Azərbaycan və Türkiyə bölgənin yeni reallığına uyğun olaraq ən qısa müddətdə Zəngəzur dəhlizini reallaşdıracaqlar.
Tarixi gerçəklik olan Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı antitürk təbliğatına mühüm zərbədir. Burada xüsusi qeyd edilməlidir ki, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki, Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər olan “əhəmiyyəti” xeyli azalacaq.
Unutmayaq ki, bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də bundan sonra iki dövlət arasında sərhədin formal xarakter daşıdığının göstəricisidir.

İLHAM ƏLİYEV: «Əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk»
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamət siyahısında hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Belə ki, tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir. Sənəddə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək. Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.
Ümumilikdə, Bəyannamədə yer alan bütün məsələlərin hər biri Azərbaycan və Türkiyə üçün olduqca vacibdir. Bu baxımdan Şuşa Bəyannəməsi Azərbaycanın və Türkiyənin milli maraqlarını tam ehtiva edir. Ümumiyyətlə isə Azərbaycan-Türkiyə münasibətləri həmişə strateji məzmun daşıyıb. İndiyədək iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyi daha da möhkəmləndirdi və ona yeni siyasi məzmun verdi. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Prezident İlham Əliyev müttəfiqlik Bəyannaməsinin imzalanmasını əcdadlarımıza sadiqliyimizin nümayişi və gələcək nəsillərə yol göstərilməsi kimi dəyərləndirib: «İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk».
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Bəyannamə Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonrakı yeni strateji məzumunu müəyyən edir, əlaqələrin ən yüksək səviyyəyə qaldırmaqla, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına yol açır. Əminliklə demək olar ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək, xalqlarımıza və dövlətlərimizə yeni böyük uğurlar gətirəcəkdir. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Şuşa Bəyannaməsi Qars müqaviləsindən sonra ən böyük tarixi razılaşmadır
Birgə müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşmadır. Bu baxımdan Bəyannamənin Azərbaycan xalqının Qurtuluş günü ilə yanaşı Qarabağ və Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Bu baxımdan Şuşa Bəyannaməsi ilə tarixi Qars müqaviləsi artıq yeni bir mərhələyə və regionun sabitliyinin beynəlxalq hüquqi təminatına çevrildi.
Qədim Azərbaycan torpağı Naxçıvan davamlı şəkildə ermənilərin hədəfi olub. Yalnız Türkiyə ilə sovet Rusiyası arasında imzalanan Qars müqaviləsi hələ 100 il əvvəldən ermənilərin bütün iddialarının qarşısını alıb. Bu müqavilə Rusiyanın hələ dünya birliyi qarşısında super gücə çevrilməsi müəmmalı göründüyü bir tarixi şəraitdə bağlanmışdı və tarixin diktəsi idi. Müqavilənin bağlanması nəticəsində Naxçıvan Türkiyənin dəstəyi ilə Azərbaycanın tərkibində Muxtar Respublika statusu qazana bildi. Bu muxtariyyətın qorunmasında Qars müqaviləsinin təminat rolu oynaması artıq tarixdə öz təsdiqini tapmış gerçəklikdir.
Xatırladım ki, ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirib. Ümummilli lider “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”, - deyib.
Ermənilər hər zaman Qars müqaviləsinə qarşı çıxıblar. Hətta İkinci Dünya müharibəsi başa çatdıqdan sonra SSRİ ilə Türkiyə arasında bu məsələ ilə bağlı yaranmış siyasi gərginlik zamanı da canfəşanlıq edən ermənilər idi. Lakin o zaman Türkiyə öz milli maraqlarını layiqincə təmin etdi və SSRİ Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli oldu. 100 il sonra Ali Baş Komandan Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad etməklə Azərbaycanın Qafqazın lider dövləti, regionda sülhün və sabitliyin əsas qarantının isə məhz Türkiyənin olduğunu dünyaya bəyan etdi.
Şuşa Bəyannaməsi artıq Cənubi Qafqaz regionun gələcək taleyini müəyyən edən mükəmməl beynəlxalq hüquqi sənədə çevrilməyə başlayıb. Hazırda bu sənəd Cənubi Qafqaz dövlətləri və regionda maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən ciddi şəkildə araşdırılır, təhlil olunur, nəticələr çıxarılır. Yəqin ki, hələ uzun müddət Şuşa Bəyannaməsi regional gündəmin əsas mövzusu olaraq qalacaq.

Azərbaycandan dünyaya verilən mesajlar
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında Cənubi Qafqazın gələcək inkişaf perspektivləri ilə bağlı olduqca önəmli mesajlar yer alır. Hər iki prezident bölgənin sülh və əmin-amanlıq içərisində inkişaf mərhələsi keçirməsi üçün istənilən fədakarlığa, qətiyyətli addımlar atmağa hazır olduqlarını qətiyyən gizlətmirlər.
Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi ilk növbədə verilən aşkar mesajdır ki, Ermənistanın viran qoyduğu Qarabağ işğaldan azad edilməklə, mədəni tədbirlərə ev sahibliyi etməklə yanaşı, eləcə də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir.
Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana gəlməzdən əvvəl NATO-nun zirvə görüşündə iştirak etmiş, ABŞ Prezidenti C.Bayden, Fransa Prezidenti E.Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniyanın Kansleri Angela Merkel ilə görüşmüşdü. Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda gec də olsa, ədalətin bərqərar edildiyini deyən Türkiyə prezidenti bu məsələdə NATO tərəfindən də güclü dəstək verilməsini zəruri hesab etdi: “Qarabağda 30 illik bir gecikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yeridən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini daimi bir sülhün ala biləcəyi dövrün qapıları aralandı. Ölkəmizin sərhədləri kənarında dəstəklədiyimiz bu əməliyyatlara ittifaq tərəfindən də güclü dəstək verilməsini zəruri hesab edirik".
Bu mühüm toplantının və görüşlərin ardından Ərdoğanın Azərbaycana səfəri və Şuşa bəyannaməsinin imzalanması ilə Türkiyə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın haqq işini hər zaman müdafiə edəcək.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçiriləcək. Şuşa Bəyannaməsində də bu məsələlər öz əksini tapıb. Yeni reallıq regionun bütün dövlətlərinin inkişafına və rifahına xidmət edir. 44 günlük Vətən müharibəsində işğal siyasətin son qoyulan Ermənistanın da bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Çünki Ermənistan üçün bu yolun alternativi səfalət və zülmətdir. Şuşadan dünyaya mesajlar verən Azərbaycan və Türkiyə prezidentləri də hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdilər.
Eyni zamanda, Şuşadan verilən mesajlar bütün bölgə dövlətlərinə ünvanlanmışdı. Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülhün əbədi olması üçün altı dövlətin əməkdaşlığını xüsusilə vurğuladı: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək.”
Türkiyə Prezidenti Milli Məclisdəki çıxışını əsasən Cənubi Qafqaz ölkələrinin inkişafına əlavə imkanların açılması yollarının izahı üzərində qurmuşdu. Türkiyə lideri yeni beynəlxalq əməkdaşlıq platforması təklif edir. Onun fikrincə, altı ölkəni - Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və mövcud düşmənçiliklər aradan qalxacaq. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcək.
Türkiyə lideri region ölkələrinə inkişafın önündəki əngəllərin aşılması üçün məhz Azərbaycanın dövlət siyasətini örnək göstərir. Heç şübhəsiz ki, Türkiyə prezidenti tamamilə haqlıdır. Çünki Azərbaycanın dövlət siyasəti regionda qarşılıqlı etimad və geopolitik ortaq maraqların təmin olunması üzərində qurulub. Türkiyə liderinin təklif etdiyi əməkdaşlıq platforması da məhz bu baxımdan böyük maraq doğurur. Çünki Cənubi Qafqazı sülhə və inkişafa götürə biləcək həmin platformanın reallığa çevrilməsi üçün Azərbaycanın regional dövlət siyasətinin örnək alınması vacib şərtlərdən biri kimi görünür.
Amma bir məsələ var ki, Ermənistan hələ ki Azərbaycana və Türkiyəyə qarşı qatı düşmənçilik siyasəti yürüdür. Regionda sülhə və inkişaf perspektivlərinə ciddi əngəl törədir. Və yalnız öz şərtlərini ön plana çıxartmağa çalışan rəsmi İrəvan hələlik bu siyasətindən imtina etməyə də həvəsli görünmür. Ona görə də ilk növbədə rəsmi Yerevanın öz regional düşmənçilik prinsiplərindən imtina etməsi, qonşu ölkələrlə nəqliyyat və kommunikasiya xətlərinin açılmasına imkan verən geopolitik şərtləri qəbul etməsi vacibdir. Əks halda, qonşuları ilə düşmənçilik edən, ərazi iddiaları irəli sürən bir dövlətlə regional əməkdaşlığın baş tuta biləcəyi qətiyyən real deyil. 44 günlük Vətən müharibəsində işğal siyasətin son qoyulan Ermənistanın da bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Çünki Ermənistan üçün bu yolun alternativi səfalət və zülmətdir.
Digər tərəfdən, Rusiya və Gürcüstan arasında da kifayət qədər ciddi problemlər mövcuddur. Rəsmi Tiflis Rusiyanın təmsil olunduğu hər hansı geopolitik platformada iştiraka ehtiyatlı yanaşır, hələlik yalnız ikitərəfli münasibətlərə üstünlük verir. Səbəb kimi isə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmadığını göstərir. Ancaq Türkiyə prezidentinin təklif eydiyi regional əməkdaşlıq platforması olduqca cəlbedici inkişaf perspektivləri vəd edir. Bütün iştirakçı dövlətlərə nəqliyyat-kommunikasiya, eləcə də iqtisadi-ticari sahədə dayanıqlı maliyyə gəlirləri ilə bağlı geniş perspektivlər açır. Ona görə də bu cəlbedici maliyyə-iqtisadi perspektivlər platformada iştirakı nəzərdə tutulan dövlətləri yaxın gələcəkdə qarşılıqlı güzəştlərə də sövq edə bilər.
Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri əslində, Cənubi Qafqaz dövlətləri və regionətrafı ölkələri normal münasibətlərə cəlb edə biləcək yeni “yol xəritəsi” üzrə inkişaf ssenarisi təklif edirlər. Platformaya daxil ola biləcək dövlətlərin tezliklə bu avanqard “yol xəritəsi”nə müsbət reaksiya verəcəkləri də qətiyyən istisna deyil. Çünki tərəddüd edən və ya regional inkişaf perspektivlərini vaxtında dəyərləndirə bilməyən ölkələr bu prosesdən kənarda qala bilər.
Bu baxımdan, regionda maraqları olan dövlətlərin Azərbaycan və Türkiyə prezidentlərinin mesajlarındakı tezisləri gələcək tərəfdaşlıq imkanları üçün istifadə etməyə çalışacaqları istisna deyil. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların, dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.
Türkiyənin və Azərbaycanın mövqeləri aydındır. Bu iki qardaş dövlət bölgədə sabitliyin və təhlükəsizliyin tərəfdarı kimi çıxış edirlər. Rusiyanın da mövqeyi aydındır. Ötən il imzalanmış üçtərəfli bəyanat da göstərir ki, Rusiya regionda əlaqələrin bərpasında maraqlıdır. Gürcüstan dövlətinin də mövqeyi aydındır. Xüsusilə qeyd edilməlidir ki, rəsmi Tbilisi mina xəritələrinin Ermənistandan alınıb Azərbaycana verilməsində etdiyi vasitəçiliklə xoş niyyətini ortaya qoydu. İran dövləti də rəsmi səviyyədə Cənubi Qafqazda baş verən proseslərə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə ehtiramla yanaşıb. Ümidvarıq ki, İranın yeni seçilmiş prezidenti də bu siyasəti davam etdirəcək.
Bir məsələni də xüsusi vurğulamalıyıq ki, Azərbaycan xalqı tarixən Qarabağ probleminin yaranmasında Rusiyanın da rolunun olduğunu düşünür. Belə bir düşüncəyə haqq qazandırmamaq mümkün deyil. Çünki məhz çar Rusiyası dövründən baş verənlər, ermənilərin məqsədyönlü şəkildə bölgəyə köçürülməsi, yerli azərbaycanlı əhaliyə qarşı ayrı-seçkilik, sonrakı dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması zaman-zaman burada erməni iddialarının baş qaldırmasına gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqı haqlıdır. Bu gün isə Azərbaycan yürütdüyü siyasətlə Rusiyanın da iştirakı ilə bölgənin sabitliyini təmin edir. Bu baxımdan Şuşa müqaviləsi həm də yaxın qonşumuz olan Rusiya ilə əməkdaşlıq çərçivəsində bütün regionun inkişafına xidmət edəcək. Ən mühüm məsələlərdən biri də odur ki, artıq Rusiyanın siyasi dairələri də əmindirlər ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşı olan dövlətdir.
Rusiya həm də Azərbaycanı Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. Bu liderlik isə təbii ki, sərhədlərlə kifayətlənmir. Bu liderlik Azərbaycanın bütövlükdə regionda həyata keçirdiyi layiəhələrlə, Qarabağ zəfəri ilə bölgəyə gətirdiyi yeni reallıqlarla müəyyən olunur.
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinin ardından Milli Məclisdə etdiyi çıxış isə şahidi olduğumuz böyük siyasi-tarixi prosesin məntiqi davamı oldu. Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə və nümayəndə heyətləri ilə birgə Şuşada olduqlarını deyən Türkiyə Prezidenti Ərdoğan bu qədim Azərbaycan şəhərində, azad Qarabağ torpağında Azərbaycan bayrağının qürurla dalğalandığını görməkdən bəxtiyarlıq duyğuları yaşadıqlarını diqqətə çatdırdı. Zaman keçdikcə Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacağına əminlik ifadə edən Prezident Ərdoğan bu qələbənin quruculuğun, ədalətin, sülhün Zəfəri olduğunu vurğuladı.
Türkiyə prezidentinin Milli Məclisdə çıxışı da bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycanın dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Türkiyə dövlətinin başçısı öz çıxışında bir sıra mesajlar verdi. Ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə bu gün də bütün imkanları ilə Azərbaycanın yanındadır və bütün dünya bilsin ki, sabah da onun yanında olacaqdır.

Türk dünyasının siyasi və iqtisadi gücü artır
İkinci Qarabağ müharibəsinin nəticəsi, bölgədə yaranan yeni reallıqlar, Şuşa Bəyannaməsinin imzalanması bütün məziyyətləri ilə yanaşı, türk dünyasını regional proseslərin önünə çıxarır, qlobal miqyasda çəkisini artırır. Türkiyə dövlətinin bölgədə yürütdüyü siyasətin uğurlu nəticələri göz önündədir. Xüsusilə vurğulamalıyıq ki, son onilliklərdə rəsmi Ankaranın regiondakı siyasi və hərbi çəkimi əhəmiyyətli dərəcədə yüksəlib. Daxildə terrorçuluqla və separatçılıqla mübarizədə böyük nailiyyətlər əldə edən, xaricdən idarə olunan dini-siyasi qrupların fəaliyyətinin qarşısını alan Türkiyə hakimiyyəti son illərdə dövlət sərhədlərinin kənarlarında yaranmış təhdidləri də qətiyyətlə aradan qaldırıb.
Başqa bir mühüm məsələ isə Türkiyənin istənilən məsələdə tamamilə müstəqil siyasət yürütməsidir. Aydındır ki, əvvəlki dövrlərdə Türkiyənin xarici siyasəti üçün başqa bir mühit mövcud idi. Amma indi Türkiyə tamamilə müstəqil siyasət yürüdərək, regionda özünün siyasi-hərbi maraqlarını qətiyyətlə təmin edir.
Təbii ki, Türkiyənin bu uğurları Qərbin bəlli siyasi dairələrini dərin narahat edir. Bunun nəticəsidir ki, Liviya və Suriya məsələlərində, Aralıq dənizində aparılan kəşfiyyat işlərində Ankaraya qarşı ABŞ, Fransa və digər siyasi mərkəzlər tərəfindən ciddi təsirlərin şahidi olduq. Amma sonunda gördülər ki, Türkiyəni öz yolundan döndərmək mümkün deyil.
O cümlədən, Qarabağ məsələsində qardaş dövlət təzyiqlərə məruz qaldı. Lakin Prezident Ərdoğan və Türkiyəinin hərbi-siyasi şəxsləri Azərbaycanı sonacan dəstəkləyəcəklərini bəyan etdilər və öz sözlərini əməlləri ilə sübuta yetirdilər. Və bu Qələbə Azərbaycan və Türkiyənin timsalında bütün türk dünyasını beynəlxalq proseslərdə önə çıxardı.
Eyni zamanda, ötən il imzalanan üçtərəfli bəyanat və Şuşa Bəyannaməsi Qarabağdakı qələbənin timsalında türk dünyasının böyük zəfəridir. Bütün dünya regionda yeni reallıqlara şahidlik edir ki, bu da türk dünyasının adına yazılan uğurlardır. Bu uğurlardan biri olan yeni nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcək. Bunu Prezident İlham Əliyev hələ 12 il əvvəl Azərbaycanın milli marağı kimi müəyyən etmişdi. 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev bununla bağlı demişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı.Yəni, türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk”. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev bir daha bu mövzuda danışaraq dedi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı, ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk.
Azərbaycanın timsalında Türk dünyasını önə çıxaran başqa bir məqam Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu siyasi müstəvidə həyata keçirilən diplomatik fəaliyyət Qarabağla bağlı məsələlərin qlobal miqyasda düzgün dəyərləndirilməsinə səbəb olub ki, bununla da yüz ildər çoxdur dünya erməniliyinin həyata keçirdiyi antiazərbaycanlı və antitürk təbliğatına böyük zərbə vurulub.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada tarixi-mədəniirsin bərpası və qorunub saxlanması idarəetmənin təkmilləşdirilməsini ön plana çəkir
Azərbaycan artıq aylardır ki, işğaldan azad olunmuş ərazilərində sürətli quruculuq işlərinə başlayıb. Artıq bəzi infrastruktur layihələrinin icrası başa çatıb, Ağdam şəhərinin təməli qoyulub, Zəngilanda «ağıllı kənd» konsepsiyalarının həyata keçirilməsinə başlanılıb. Qısa müddətdə olduqca əhəmiyyətli işlərin görülməsi həm də Qarabağın əzəli Azərbaycan torpaqları olması barədə dünyaya verilən mesajdır. Bəli, bir çox dövlətlər açıq deməsələr də, hələ işğal dövründə Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edirdilər. Bu gün Qarabağda həyata keçirilən yenidənqurma işlərinin dünyada təqdir olunması isə bir daha təsdiq edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın qələbəsini qəbul edir. Təsadüfi deyil ki, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da bəyan etdi ki, dünya Qarabağı Azərbaycan torpaqları kimi tanıyır.
O cümlədən, Şuşada həyata keçirilən kompleks quruculuq və abadlıq işləri dünyaya verilən mesajdır. Bir qədər əvvəl qeyd etdiyim kimi, Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi ilk növbədə verilən aşkar mesajdır ki, Ermənistanın viran qoyduğu Qarabağ işğaldan azad edilməklə, mədəni tədbirlərə ev sahibliyi etməklə yanaşı, eləcə də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir.
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.
Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Şəhərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə irihəcmli bərpa və quruculuq işləri görülür, tarixi, mədəni və dini obyektlər bərpa olunur, müasir tələblərə cavab verən yeni şəhərsalma layihələri həyata keçirilir. Dövlət başçısının müntəzəm səfərləri çərçivəsində həyata keçirilən tədbirlər yerində yoxlanılır və icrası barədə ətraflı məlumat verilir.
Məlumdur ki, ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək, onu “Şuşi” kimi təqdim etməyə cəhd göstərirdilər.
Prezident İlham Əliyevin böyük siyasi hədəfi Şuşanın həqiqətən qədim Azərbaycan torpağı, mədəniyyət mərkəzi olmasının dünya ictimaiyyətinə yenidən çatdırılmasıdır. Sözsüz ki, şəhərin yaxın gələcəkdə başa çatacaq bərpa və quruculuq işlərindən sonra yeniləşən Şuşa qədim Azərbaycan yurdu kimi tarixi şöhrətini bərpa edəcək, dünyanın böyük mədəniyyət, sülh və dostluq şəhərinə çevriləcək. Turizm potensialının gücləndirilməsi ilə şəhərin qonağı olan çoxsaylı xarici turistlər tarixin Azərbaycan və Qarabağ həqiqətlərini əyani görmək imkanına malik olacaqlar.
Aparılan bərpa, quruculuq və abadlıq işlərinin təşkilində operativliyi və səmərəliliyi təmin etmək üçün Şuşa rayonunda dövlət idarəetməsinə xüsusi diqqət yetirilmişdir. Mövcud şəraitə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. «Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır», - deyə Prezident İlham Əliyev bildirmişdir.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. Müasir dünyada mədəniyyət paytaxtı nəzərdə tutulan şəhərlərdə ölkə və region səviyyəsində mühüm tarixi keçmişin olması, bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələri, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olması və digər zəruri amillər vacibdir. Qeyd etdiyim kimi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə şəhərin tarixi-mədəni memarlıq abidələri yüksək keyfiyyətlə bərpa edilir, bərpa işlərinə Heydər Əliyev Fondu və onun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfələri də qeyd edilməlidir.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi isə bu şəhərin nəinki ölkəmizin və regionun, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəfin əldə edilməsi yolunda ilk addım oldu. Uzunillik fasilədən sonra təşkil edilmiş “Xarı bülbül” musiqi festivalı, “Vaqif poeziya günləri” və digər tədbirlər Şuşanı həm də dünyanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən birinə çevirəcək.
Böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” kəlamını “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır. Bu gün artıq Şuşa azaddır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, müzəffər Ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu. “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” sözləri ilə ümummilli lider Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin “dəmir yumruğ”u düşməni əbədi susdurdu.

Şuşada xüsusi qanunla hüquqi tənzimləmə tətbiq olundu
Bu istiqamətdə həyata keçirilən fəaliyyətin institusional əsaslarını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Prezidenti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi Milli Məclisə təqdim edildi. Üç oxunuşda müzakirələrdən sonra parlamentin 2021-ci il yaz sessiyasında qanunvericilik tariximizdə çox mühüm bir sənəd - “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun qəbul edildi.
Dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı və geniş müzakirələrdən sonra qəbul olunan bu qanun dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəddir. Qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyir. Qanunda iqtisadi müddəaların də yer alması şəhərin iqtisadi həyatının canlanmasına, Şuşanın investorlar üçün cəlbedici olmasına, eyni zamanda, Şuşa şəhərinin gələcəkdə innovativ həllər mərkəzi kimi Azərbaycan şəhərlərinə nümunə olmasına imkan yaradacaq. Bu qanunun ideya müəllifi Prezident İlham Əliyevdir və Şuşa şəhərinin qorunması məqsədilə Azərbaycan prezidentinin gələcəyə baxışıdır. Yəqin ki, qanunda göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin də qəbuluna ehtiyac olacaq. Bu cür qanunların qəbul edilərək icra olunması sayəsində Şuşa gələcəkdə yalnız bölgənin deyil, ümumiyyətlə, Avropanın ən aparıcı şəhərlərindən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.
Şuşanın statusunun xüsusi qanunla müəyyən edilməsi dövlət quruculuğu sahəsində çox mühüm siyasi hadisədir. On beş maddədən ibarət Qanuna əsasən, Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb.
Bundan sonra qarşıda duran əsas vəzifə düşmənin erməniləşdirə bilmədiyi, lakin bərbad vəziyyətə saldığı Şuşanın bərpasıdır. Şuşanı xalqımıza qaytaran İlham Əliyevin diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq, milli mədəniyyətimizin ünvanı kimi əvvəlki şöhrətini bərpa edəcək. İşğal dövründə düşmənə boyun əyməyən Şuşa regionun və dünyanın ən möhtəşəm mədəni mərkəzlərindən birinə çevriləcək.

 

Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı