MƏQALƏLƏR

Azərbaycan sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi bütün elmi işlərin istinad mənbəyi olacaq beşcildlik haqqında

  • 18.06.2022

Qəzetimizin ötən saylarında may ayının 25-də Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı 5 cilddən ibarət kitabının təqdimat mərasimindən ətraflı məlumat vermişdik. Həmin tədbirdə çıxış edən dosent Qalib Hüseynovun ürək sözlərini oxuculara təqdim edirik.
- Ziyad müəllim, Siz Azərbaycan iqtisadi fikrinin parlaq simasısınız. Sizi Azərbaycan iqtisadi fikrinin əsas ideyavericisi, iqtisadi baxışları ilə təfəkkürümüzdə kök salan, ensiklopedik biliyə və mütərəqqi dünya görüşünə malik şəxsiyyət, cəfakeş alim kimi epitetlərlə xarakterizə etmək olar.
Mən sizin çoxşaxəli fəaliyyətinizi həmişə izləyirəm.
Sizin qatıldığınız və əvəzsiz töhfə verdiyiniz bir çox tədbirlərdə iştirak etmişəm. Bununla bağlı bir haşiyə çıxmaq istəyirəm. İki il bundan əvvəl 44 günlük zəfərimizlə bağlı tədbirdə sizin fikirləriniz məni də münasibət bildirməyə sövq etdi. Mən doğulub boya-başa çatdığım Qarabağın işğaldan azad olunmuş rayonlarından olan Füzuli haqqında fikirlərimi qısaca qeyd etdim. Yeri gəlmişkən, mən həmin bölgə ilə bağlı irihəcmli tarixi, etnoqrafik əsər ərsəyə gətirmişəm. Həmin tədbirdə Qozluçay dərəsinin təbii sərvətlərinin erməni vandalları tərəfindən tarmar edilməsi, o cümlədən vaxtilə Azərbaycanı taxıl məhsulu ilə təmin etmək iqtidarında olan bir rayonun bu imkanlardan məhrum edilməsi kimi nüanslara toxunmuşdum. Siz isə bunu məmnunluqla qarşılamışdınız.
Bir az əvvələ gedib demək istəyirəm ki, dövlət müstəqilliyimizin ilk illərində iqtisadçılar arasında bazar iqtisadiyyatının və sosialist mülkiyyətinin üstünlüyü haqqında müzakirələr gedirdi. Məsələn, mənim elmi rəhbərim olmuş mərhum Tofiq Quliyev sosialist iqtisadiyyatının vurğunu olduğuna görə bazar iqtisadiyyatını qəbul etmək istəmirdi. Yadımdadır ki, dövrü mətbuatda “bazar ekstremizmi” adlı məqalə nəşr etdirmişdi. “Pablik and private” arasında seçim etmək fürsəti yaranmışdı. Ziyad müəllim, Siz o zaman bazar, liberal iqtisadiyyatın üstünlüklərini istisna etmirdiniz, eyni zamanda dövlət tənzimlənməsini də vacib hesab edirdiniz. Keçid dövründə islahatların aparılması zəruriliyi, Azərbaycan manatının dövriyyəyə buraxılması haqqında fikirləriniz qiymətli idi. Xatırlayırsınızsa, Azər Əmiraslanovun (hazırda prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi) rəhbərliyi ilə mənim də üzv olduğum Gənc İqtisad­çılar Birliyinin dəvəti ilə bir neçə dəfə məruzə ilə çıxış etmişdiniz. O vaxt doğrudan, da, bizə sizin kimi istiqamətverici iqtisadi fikir sahiblərinin məsləhətləri çox vacib idi.
Sonrakı dövrdə siz iqtisadi fikrin təbliği sayəsində böyük xidmətlər göstərdiniz.
Dövrün ən aktual problemlərini rəhbərliyinizlə təsis olunan “İqtisadiyyat” qəzetindən oxuyurduq. Sizi özünə dost hesab edən, bu günlərdə dünyasını dəyişmiş Albert Tağıyevin mütəmadi olaraq “İqtisadiyyat” qəzetində çıxışlar etməsi sayəsində o, bizim stolüstü qəzetimizə çevrilmişdi. Elə indi bir çox müəllimlərimiz qəzetlə əməkdaşlığı davam etdirirlər.
BVF-nin fəaliyyəti ilə bağlı çox ehtiyatlı danışırdınız və bir çox hallarda onun fəaliyyətini tənqid edirdiniz. Elə bu səbəbdən idi ki, Azərbaycan onun baha resurslarından imtina etdi.
Siz uzun illər ərzində bir neçə istiqamət üzrə ixtisaslaşmış elmi şuralarda sədr olmaqla yanaşı, müzakirə olunan dissertasiya işlərinin həm elmi rəhbəri, həm də opponenti kimi Azərbaycan iqtisad elminə dəyərli tədqiqatçılar yetişdirmisiniz və bununla da özünüzdən sonra zəngin irs qoymusunuz.
Sizin fikrinizcə, Azərbaycanın dünya birliyinin fəal üzvü kimi qabaqcıl dövlətlərin iqtisadi inkişaf təcrübəsindən faydalanması tamamilə qanunauyğun və təbiidir. Ancaq mövqeyiniz bundan ibarətdir ki, qloballaşma proseslərinin milli mənafe və suverenliyə təsirlərinin maksimum dərəcədə azaldılması üçün düzgün strategiya seçilməlidir.
Həyatınızda keçən digər bir müsbət məqam Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində - Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, 1991-ci il oktyabrın 18-də sizin sədrliyiniz ilə keçirilən sessiyada müstəqillik haqqında Konstitusiya aktının qəbul edilməsindən ibarətdir. Sizin ideya müəllifliyiniz və baş redaktorluğunuz ilə respublikada ilk dəfə yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın oxucuların istifadəsinə verilməsi də məzmun etibarilə böyük ictimai əhəmiyyət daşıyan hadisələrdən olmuşdur. Birmənalı olaraq qeyd edə bilərik ki, genişmiqyaslı, strukturu və əhatə dairəsinə görə əksər ölkələrlə müqayisədə analoqu olmayan külliyyat işıq üzü görmüşdür.
Vaxt darlığı səbəbindən təbii ki, sizin çox böyük əziyyətlə başa gətirdiyiniz “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildlik haqqında fikirlərimi tam çatdıra bilməyəcəyəm. Çıxışıma hazırlaşarkən onun hər səhifəsini gözdən keçirməyə çalışdım. Kitabın bəzi hissələri Azərbaycan iqtisadiyyatı, xüsusilə onun Sovet dövründəki göstəricləri haqqında biliklərimi təzələdi. Təkcə onu deyim ki, beşcildliyə daxil olan yalnız fəsillərin adını qeyd edəsi olsam, buna uzun bir vaxt gedəcək.
Etiraf olunmalıdır ki, indiyə kimi heç kim bu qədər fundamental və faktoloji baxımdan zəngin iş ortaya qoymayıb. Siz bununla Ulu öndər Heydər Əliyevin tövsiyə və nəsihətini yerinə yetirmiş oldunuz. Ulu öndər Heydər Əliyev 1997-ci il yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri və müxbir üzvləri ilə görüşündə bu barədə demişdi: “Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təklifim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam. Mən bir-iki dəfə demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır”.
Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmaları özündə əks etdirən nəşrdə Siz respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer vermişiniz. İndi isə beşcildliyi oxuyarkən hafizəmdə iz buraxımış bəzi məqamları sizinlə bölüşmək istəyirəm.
I cildin “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dövlətçilik məfkurəsi, onu əbədi istiqlala qovuşduran qan yaddaşıdır” adlanan I fəslində aparılan islahatlar və parlementin qəbul etdiyi qərarlarla giriş edirsiniz. Burada cənab Prezident İlham Əliyevin fikirlərini sanki bir xeyir-dua kimi verirsiniz: “Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq, Azərbaycan Demokratik Respublikası bir çox işləri görə bildi. Dövlət atributları təsis edildi və bu gün dövlət bayrağımız, dövlət himnimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş dövlət atributlarıdır...”
I cildin 170-ci səhifəsində, §1.16-da “Böyük Vətən müharibəsi dövründə elm, təhsil, səhiyyə, mətbuat – əsl fədakarlıq nümunələri” başlığında yazırsınız. “Gənc istedadlı alim Məmmədəliyevin başçılıq etdiyi alim və mühəndislər qrupu 28 sutka laboratoriya binasından çıxmayaraq, gərgin axtarışlar hesabına oktan rəqəmi 100 olan yüksək keyfiyyətli aviasiya yanacağının texnologiyasını işləyib hazırladılar. Bu, yanacaq və yağların buraxılmasını 30 faiz artırmağa imkan verdi.
§2.2-də “Milli gəlirin istehsal və istehlak arasındakı nisbət və onu müəyyən edən səbəblər barədə” başlıqda belə qənaətə gəlirsiniz ki, Heydər Əliyevin tələbkarlığı, sosial-iqtisadi inkişaf planlarının yerinə yetirilməsi üzərində nəzarəti gücləndirməsi, ittifaq hökuməti qarşısında qaldırdığı bir sıra məsələlərin həllinə nail olması respublikada yaradılmış milli gəlirdən istifadə dərəcəsinə xeyli təsir etmişdir.
“Azərbaycan SSR-in xalq təsərrüfatında əmək məhsuldarlığının hesablanması, onun göstəricilər sistemi haqqında” adlı §3-də siz belə bir nəticəyə gəlmisiniz ki, texniki tərəqqinin inkişaf etdiyi, xalq təsərrüfatının sahə, ərazi quruluşunun, idarəetmə və planlaşdırma sisteminin təkmilləşdirildiyi bir şəraitdə əmək məhsuldarlığının xalis məhsula görə müəyyən edilmiş səviyyəsi istehsalın və əməyin iqtisadi faydalılığını səciyyələndirən gsötəricilər içərisində mühüm yer tutur və ona görə də istehsalın bütün həlqələrində həmin göstəricilərin əməli tətbiqinə xüsusi fikir verilməlidir.
§5.1-də “XX əsin 1950-1960-cı illərində əmək ehtiyatlarının istifadəsində yaranmış ciddi problemlər”, §5.3-də “Respublikada əmək ehtiyatlarından səmərəli istifadə edilməsinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi”, §6.2-də “Respublikanın xalq təsərrüfatının inkişafının yeni keyfiyyət mərhələsinə keçidinin nəticələri: əsas meyillər və qiymətləndirmələr”, Fəsil 6, §1-də Xalq təsərrüfatının energetika bazasının möhkəmləndirilməsi iqtisadi inkişaf üçün güclü əsaslar yaratdı”, §2-də “Sənayenin idarə edilməsi və istehsalın təşkilinin təkmilləşdirilməsi”, §4-də “XX əsrin ikinci yarısında Azərbaycanda neft-qaz sənayesinin inkişaf dinamikası, hasilatın sabitliyinin təmin edilməsi, gələcək üçün fundamental əsasların yaradılması”, §5.2-də “Neft maşınqayırması sənayesi və onun sovet neft sənayesinin inkişafında rolu barədə”, §7-də ”Kimya və neft kimyası sənayesinin inkişafı barədə”, §9-da “Yüngül sənayenin inkişaf dinamikası, onun quruluşunun təkmilləşdirilməsi”, §10-da “Yeyinti sənayesinin inkişafında əsas meyllər”, Sizin xüsusilə əhəmiyyət verdiyiniz §12-də “Sənayedə əmək məhsuldarlığı və əməkhaqqı. Onlar arasında qarşılıqlı əlaqələr barədə” haqqında araşdırmalarınız çox əhəmiyyətlidir. §13-də “Əsas istehsal fondlarından səmərəli istifadə ümdə vəzifə kimi müəyyənləşdirildi” hissədə respublika rəhbərinin xüsusilə “mütərəqqi sənaye sahələrinin yeni müəssisələrinin sürətlə tikilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, fond veriminin artırılması, texniki tərəqqinin sürətləndirilməsi məsələsini ön sıraya keçirməklə bərabər, yüksəlişin keyfiyyət amillərinə daha çox diqqət yetirmək lazımdır” fikirlərinə yer verirsiniz. §17-də “Xalq təsərrüfatının inkişafı ilə bağlı məqsədli proqramların hazırlanması zəruriliyi” haqqında Fəsil VI-da “Xalq təsərrüfatının inkişafında nəqliyyatın rolu”, §5-də “Rabitənin inkişafı” məsələlərinə çox geniş yer ayırmısınız.
II cildin girişində bu fikrinizin altından qırmızı xətt çəkirəm: “Heydər Əliyev qüdrətli Sovet dövlətinin yeganə lideri idi ki, onun kədərli nəticəsini – Sovet İttifaqının dağılmasını əvvəlcədən görürdü. Ona görə də xalqını, respublika iqtisadiyyatını qabaqcadan bu tarixi dönüşə, suverenlik və dövlət müstəqilliyi şəraitində yaşamağa və işləməyə hazırlayırdı”. Yenə orada “çoxcildlik bir növ müəllifin özünə imtahandır” etirafını edirsiniz.
Qloballaşma haqqında fikirlərinizə bir daha qayıdıram: “Bu gün hər bir dövlət, o cümlədən Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Qloballaşma obyektiv, qaçılmaz bir prosesdir. Təcrübə göstərir ki, qloballaşam prosesini fetişləşdirməməliyik. Çünki bu cür münasibət milli suverenliklərin məhdudlaşmasına apara bilər. Bu mənada qloballaşma ilə milli iqtisadiyyatlar – bu iki qütb arasında gedən mənafelər mübarizəsinin xarakteri, intensivliyi nəinki qloballaşmanı idarə edən qüvvələrdən, həm də milli iqtisadiyyatı idarə edənlərdən asılıdır”.
Fəsil I: “XX əsrin ikini yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər və qiymətləndirmələr” adlanır. Burada §4.3.-də “Pambıqçılığın intensiv inkişaf etdirilməsi imkanlarının reallaşdırlması”, §5-də “Heyvandarlığın ağır vəziyyətdən çıxarılması, onun inkişafı üçün möhkəm təməlin yaradılması”, §6-da “Azərbaycanda üzümçülüyün bir sahə kimi formalaşdırlmasına kömək edəcək şəraitin yaradılması zəruriliyi”, §9-da “Çayçılığın yeni bir sahə kimi formalaşması”, §10-da “Baramaçılığın inkişafı”, §12.2-də “Aqrar sənaye kompleksi, struktur və səmərəlilik məsələləri”, §13.1-də “İstehsalın intensivləşdirilməsi, onun mahiyyəti, səmərəlilik göstəriciləri barədə”, §17-də “XX əsrin ikinci yarısında kənd təsərüffatının dinamik inkişafının əsas iqtisadi-sosial nəticələri barədə” analitik təhlilləriniz əvəzsizdir. Burada qeyd edirsiniz ki, “Hər bir Respublikada olduğu kimi, Azərbaycanda da bununla əlaqədar müvafiq işlər görüldü. Azərbaycanın digər respublikalardan prinsipial fərqi onda idi ki, respublikamız 70-ci illərdə aqrar sektorun inkişafı sahəsində tarixi inkişafın heç bir dövründə görünməyən nailiyyətlər əldə etmişdir və bunlar ərzaq proqramının hazırlanması üçün möhkəm təməl yaratmışdır”
“Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əsaslı tikintinin inkişafı” adlı II fəslin §1-də “XX əsrin ikinci yarısında xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu və dinamikasında başlıca meyillər”, §5-də “Əsaslı vəsait tikintinin inkişafı xalq təsərrüfatında struktur dəyişikliklərini təmin edən güclü amil kimi” məsələlərə geniş yer ayırmısınız.
III fəslin (“Xalq təsərrüfatının inkişafında nəqliyyatın rolu”) §1-də “Dəmir yol nəqliyyatı ilə daşımaların dinamikası və strukturu”, §4-də “Dəniz və hava nəqliyyatının imkanlarının genişləndirilməsi”ndən bəhs edirsiniz.
Fəsil IV: “İqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi”ndə §2.2-də “XX əsrin ikinci yarısında (1950-1990-cı illər) Azərbaycanın demoqrafik inkişafında əsas meyillər və qiymətləndirmələr”, §4.4-də “Ali təhsilli mütəxəssislərin hazırlanması məsələləri”, §5-də “Azərbaycanın iqtisadi-sosial tərəqqisində elmin rolunun artırılması”, §5.1-də “Azərbaycan Elmlər Akademiyasının yaradılması, onun formalaşması və mühüm bir elm mərkəzinə çevrilməsi”nə yer vermisiniz.
Fəsil V: “Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizə aparmağı bacaran xalqdır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz” adlanır. §1-də “20 Yanvar faciəsi XX əsrin böyük müsibətlərindən biridir” adlı paraqrafda Siz qeyd edirsiniz ki “Azərbaycan SSR-in 80-ci illərin sonunda iqtisadi vəziyyətinin real qiymətləndirilməsi bir daha sübut edirdi ki, respublikamızın iqtisadi müstəqillik şəraitində yaşamasının daha məqbul modelinin işlənib hazırlanması obyektiv zərurətdir”. §2-də “İqtisadi müstəqillik konsepsiyasının strukturu və başlıca hədəfləri”nə diqqət yetirirsiniz.
III cildin Fəsil I-i “Azərbaycan iqtisadiyyatı: müstəqilliyin ilk mərhələsində dərin iqtisadi-siyasi böhranın ağır nəticələri” adlanır. §1-də “Ölkə iqtisadiyyatında böhran hallarının güclənməsi”, §2-də “Qiymətlərin liberallaşdırılması və onun ağır fəsadları barədə” fikir və təhlilləriniz yer alır.
§5.1-də «Бакинский рабочи» qəzetinin 8 sentyabr 1992-ci il tarixli sayında “Azərbaycan yaxşı yaşaya bilər və yaşamalıdır”, §5.2-də “Xalq qəzeti”nin 10 oktyabr 1992-ci il tarixli sayında “Dövlət özünü itirməməlidir”, §5.3-də Azərbaycan qəzetinin 28 sentyabr 1993-cü il tarixli sayında “İqtisadiyyatı belə idarə etməzlər”, §5.4-də «Бакинский рабочи» qəzetinin 30 sentyabr 1993-cü il tarixli sayında “Gələcək haqqında xatirələr” başlıqlı müsahibələrinizdə dəyərli fikirləriniz yer alır. Burada §5.5-də “Heydər Əliyevin dövlət müstəqilliyinin qorunması üçün müəyyən etdiyi strategiyanın əsas istiqamətləri barədə” də kifayət qədər arqumentləşdirilmiş qiymətləndirmələr aparırsınız.
Fəsil II-də “Azərbaycan dövlətinin neft strategiyası: mahiyyəti, reallaşması, nəticələri və perspektivləri”, Fəsil IV-də “Dövlətin pul-kredit siyasəti, onun reallaşması prosesində əsas meyillər və qiymətləndirmələr”, Fəsil VI-da “Azərbaycanın nəqliyyat kompleksi və onun inkişafı” kimi mühüm iqtisadi hadisələrə yer ayırmısınız.
Burada da Sizin bir çox informasiya agentliklərinə, qəzetlərə verdiyiniz müsahibələrdə, eləcə də beynəlxalq konfranslarda etdiyiniz çıxışlarda Azərbaycanın nəqliyyat layihələri haqqında danışarkən onların Azərbaycan xalqının milli maraqlarının təminatına yönəldilmiş iqtisadi strategiyamıza uyğun həyata keçirildiyini qeyd etmisiniz. Həmçinin Qədim İpək yolunun bərpasının Azərbaycan üçün daimi kapital, daimi siyasi mövqe və daimi inkişaf olması haqqında fikirləriniz çox əhəmiyyətlidir.
Fəsil VII-də “Müstəqilliyin birinci mərhələsində sənaye istehsalında tənəzzülün dayandırılması, davamlı inkişafın əsaslarının yaradılması” haqqında ətraflı məlumat verirsiniz.
IV cildin “Əsaslı tikintinin inkişafı, ölkə iqtisadiyyatına investisiya axını, əsas meyillər və nəticələr” adlı Fəsil I-də §1-də “Yeni iqtisadi sistemə keçidin birinci mərhələsində inşaat kompleksində vəziyyət, əsas inkişaf meyilləri”ndə qeyd edirsiniz ki, “Müstəqilliyin ilk illərində investisiyalara ciddi ehtiyac hiss edən ölkə indi dünyanın bir sıra ölkələrinə kapital yönəldir”.
Fəsil II-də “Aqrar islahatlar: onun mahiyyəti və əsas istiqamətləri” torpaq islahatı, iri fermer təsərrüfatlarının fəaliyyətinə, kənd təsərrüfatına dövlət dəstəyi və onun səmərəliliyinin artırılmasına geniş yer ayırırsınız.
Fəsil III-də “Regionların inkişaf strategiyası və onun prioritet istiqamətləri”ndə regionlarda sənaye mərkəzlərinin yaradılmasını inkişaf strategiyasının prioritet istiqaməti kimi qoyursunuz.
Fəsil IV-də “Azərbaycanda sahibkarlığın bir fəaliyyət növü kimi formalaşması və inkişaf istiqamətləri”ndə dövlət-özəl sektor münasibətlərinin formalaşması məsələlərinə geniş yer verməklə cənab Prezident İlham Əliyevin bu istiqamətdə fərman və sərəncamlarına, iqtisadi görüşlərinə geniş toxunursunuz. Sözügedən məsələ ilə bağlı cənab Prezident belə deyir: “Bir məsələni də qeyd etmək istərdim, iqtisadi inkişaf səviyyəsinə görə regionlar arasında, xüsusilə də dağlıq rayonların inkişafını yüksəltmək üçün bu ərazilərdə lazımi istehsal və sosial infrastruktur yaratmaq, sahibkarlığa dəstək, sərmayədarları bu yerlərə cəlb etmək məqsədilə fərqli iqtisadi mexanizmlər olmalıdır. Belə bir təcrübə uzun müddət dünyanın inkişaf etmiş ölkələrində olmuş və indi də var. Biz də bu təcrübədən respublikamızın xüsusiyyətlərini nəzərə almaqla bəhrələnməliyik. Bu obyektiv zərurətdir”.
Burada kiçik və orta biznesin təşkilinin yeni idarəetmə mexanizminin yaradılması zəruriliyini önə çəkirsiniz. İxracın stimullaşdırıcı mexanizmi və onun tətbiqinin nəticələri barədə fikirləriniz dəyərlidir.
Fəsil V-də “Azərbaycan əhalisinin həyat səviyyəsi, əsas inkişaf meyilləri və perspektivlər”də Azərbaycan iqtisadiyyatında keçid dövründə yoxsulluğun azaldılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirirsiniz. Əhalinin su ilə təchizatının, qazla təminatının yaxşılaşdırılması, elektrik enerjisi ilə təminatı, pensiya təminatının dinamikasında meyillər, sosial xidmətin göstərilməsini təhlil edirsiniz, əhalinin pul gəlirlərinin artmasını mühüm strateji xətt kimi, məşğulluğun artırılmasını isə iqtisadi inkişaf strategiyasının prioritet istiqaməti kimi önə çəkirsiniz. Qaçqın və köçkünlərə, şəhid ailələrinə qayğını Azərbaycan dövlət siyasətinin prioritet istiqaməti kimi görürsünüz.
Fəsil I. “İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin əsasıdır”da §1-də “İqtisadi təhlükəsizlik, onun səviyyəsi və göstəriciləri”, §4-də “Açıq iqtisadiyyat və onun “sərhədi”, §6-da “Azərbaycanın xarici iqtisadi əlaqələri: əsas meyillər və inkişaf perspektivləri” üzərində dayanırsınız.
Fəsil II: “Qarabağ qədim Azərbaycan torpağıdır”da §1-də “Qədim Azərbaycan yurdu, Pənahəli xanın qalası”nda diqqəti §2-də “XIX əsrdə regionun əsas iqtisadi və ticarət mərkəzlərindən birinə çevrilmişdi” fikrinə yönəldirsiniz.
Fəsil II: “Qarabağın sovet dövrü: Ermənilərin əsassız iddiaları və ona qarşı mübarizə tədbirləri”ndə, §1-də “Sovet İttifaqının rəhbərliyi məqsədyönlü şəkildə Şuşanı Qarabağın mərkəzi statusundan məhrum etdi”, §3-də “DTK sədri Heydər Əliyev Xankəndidə azərbaycanlılara qarşı sui-qəsdlərin qarşısını aldı”, §6-da “Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımılar: XX əsrin Holokostu, Xatını – Xocalı” kimi paraqraflar əsərin mənəvi ideya yükünü daha da artırmış olur.
Fəsil IV: “Dağlıq Qarabağ Azərbaycanın yüksək inkişaf etmiş regionu idi (1923-1990-cı illər)”də, §1-də “DQMV iqtisadiyyatı: problemlər və perspektivlər”, §3-də “Erməni müəlliflərin Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf uğurları barədə etirafları” sərlövhəsi ilə verdiyiniz bəndlər bizim Qarabağın iqtisadi həyatı haqqındakı təsəvvürlərimizi daha da zənginləşdirir.
Fəsil V: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dövlət siyasətinin başlıca prioritetidir”də §1-də “Heydər Əliyev torpaqlarımızın erməni işğalından azad edilməsini təmin edəcək siyasətin əsas prinsip və istiqamətlərini müəyyənləşdirdi”, §4-də “Heydər Əliyevin keçirdiyi beynəlxalq görüşlər Qarabağ münaqişəsinin həllinə zəmin yaratdı” bölmələrinin üzərindən dönə-dönə keçməmək olmur.
Fəsil VI: “Güclü iqtisadiyyat milli təhlükəsizliyin təmin edilməsində həlledici amildir”də §1-də “Dinamik inkişafı təmin edən islahatlar, regional inkişaf proqramları”, Fəsil VII: “Tariximizi şərəfləndirən zəfər”də §3-də “Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən uğurlu siyasət”, “İlham Əliyevin uğurlu və uzaqgörən diplomatiyası”, Fəsil VIII: “Şuşa Azərbaycandır” §1-də “Şuşa bizimdir! Qarabağ Azərbaycandır”, §3-də “Şuşa tarixi simasını qorumaqla yenidən qurulur” kimi bölmələri oxuyanda bir Azərbaycanlı kimi fəxr etməyə haqqımız olduğuna əminliyim daha da artır.
Hesab edirəm ki, Fəsil IX: “Region dövlətləri ilə siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsi: reallıq və perspektivlər”də §1-də “Son 30 il – Türk xalqları və dövlətlərinin tarixində yeni inkişaf mərhələsi”, §2-də “44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinə verilən qardaş, dost dəstəyi...”, §8-də “Milli maraqları qətiyyətlə təmin edən siyasət”, Fəsil X: “İnformasiya müharibəsi: Azərbaycan Vətən müharibəsində bu cəbhənin də qalibi oldu”, §6-da “Azərbaycan mediası Vətən müharibəsindən alnıaçıq çıxdı”, Fəsil XI: “Qlobal pandemiya və ona qarşı dövlət siyasəti: mütəşəkkillik və birlik”də, §2-də “Vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinin təmin olunması əsas vəzifədir”, §3-də “Türk Şurasının Zirvə görüşü qlobal pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirdi”, Fəsil XII: “XXI əsr Azərbaycan xeyriyyəçilik ənənələrinin yeni mərhələsi”ndə §2-də “Əhalinin sağlamlığının qorunmasına, səhiyyənin inkişafına sistemli yanaşma...”, §6-da “Azərbaycan əsgərinə, şəhidlərə və şəhid ailələrinə münasibətin ən yüksək zirvəsi” bölmələri beşcildliyin ən gözəl nümunələridir.
Fəsil XIII: “Qələbə ilə yazılan möhtəşəm tarix”də §1-də “Şuşa Bəyannaməsi Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olan siyasi uğurdur”, Fəsil XIV: “Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun yaradılması”, §2-də “Regionda dəmir yolu təsərrüfatının yenidən qurulması”, §5.1-də “İşğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması”, §6-da “Azərbaycan Qarabağın su ehtiyatlarını da işğaldan azad etdi”, Fəsil XV: “Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı: Dünən, bu gün və perspektivlər”də §2-də “İqtisadi rayonlaşmanın yeni bölgüsü, onu şərtləndirən amillər və tarixi əhəmiyyəti barədə, §3.1.-də “Şərqi Zəngəzur iqtisadi rayonunun potensial inkişaf imkanları”, §3.2.-də “Ağdam və Füzuli rayonlarının iqtisadi potensialı və ondan səmərəli istifadə perspektivləri”, §5-də “Araz Vadisi İqtisadi Zonası” regionun iqtisadi potensialının hərəkətə gətirilməsinə töhfə verəcək”, Fəsil XVI: “Ümumbəşəri problemlər və Azərbaycan iqtisadiyyatı”nda §1.-də “Azərbaycan iqtisadiyyatının yaxın gələcəyə hədəflənmiş inkişaf strategiyası”, §4-də “İşğaldan azad olunmuş ərazilərdə dövlət-özəl sektor əməkdaşlığının formalaşması və inkişafı barədə” gəldiyiniz qənaət ölkəmizin iqtisadiyyatının işğaldan azad olunmuş əraziləri hesabına daha da qüdrətli olacağına şübhə yeri qoymur.
Nəhayət, Fəsil XVII: “İlham Əliyev: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı zəfər”də Vətən müharibəsində” qeyd edirsiniz “...1993-cü ilin ortalarından başlanan proseslər – müstəqilliyimizin qorunub saxlanması, Azərbaycanın iqtisadi tənəzzülə deyil, inkişaf yoluna qədəm qoyması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, regionda və dünyada söz sahibinə çevrilməsi və torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Heydər Əliyevin və İlham Əliyevin timsalında lider amilinin vacibliyini təsdiq edir. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident ilham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını təmin edib”.
Çıxışımı Sizin beşcildlik haqqında fikirlərinizlə bitirmək istəyirəm: “Hesab edirəm ki, təqdim etdiyim, nəzərdən keçirilən 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa və bəzi ağ ləkələri silməyə imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının bu inkişaf mərhələsində keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək”. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq və bütün elmi işlərin istinad mənbəyi olacaqdır.

“Sumqayıt Dövlət Universitetinin
Biznesin təşkili və menecment“
kafedrasının müdiri, dos.
Qalib Sirac oğlu Hüseynov