MƏQALƏLƏR

Ziyad Səmədzadə: Heydər Əliyevin müəllifliyi ilə atılan hər bir addım Azərbaycanın dövlət və milli maraqlarını bütün siyasi dövrlərdə layiqincə və qətiyyətlə təmin edib

  • 05.05.2022

Dağlıq Qarabağ münaqişəsinə son qoyan Azərbaycan indi ötən 200 illik tarixinin ən şərəfli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması bir dövlət kimi Azərbaycanın bütün dünyada mövqelərini daha da möhkəmləndirən, söz sahibi kimi imicini yüksəldən olduqca mühüm tarixi-siyasi amil oldu.
Bu gün çox düzgün olaraq Azərbaycan ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Heydər Əliyev ideyalarının həyata vəsiqə alması kimi dəyərləndirir. Çünki torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq kimi Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi. Bu kurs isə 1993-cü ildən başlamışdı və Azərbaycan üçün olduqca əlverişsiz şəraitdə – 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdi.
1994-cü ildə Bişkek danışıqlarına əsasən, Heydər Əliyevin böyük uzaqgörənliklə nail olduğu atəşkəs Azərbaycanın torpaqlarının azad edilməsi üçün kompleks şəkildə – yəni iqtisadiyyatımızı inkişaf etdirməklə, ordumuzu gücləndirməklə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun beynəlxalq hüququ təmin etməklə hazırlıq işlərinin aparılması üçün tarixi zəmin yaratdı.
Bu gün dönüb geriyə baxanda görürük ki, müxtəlif istiqamətlərdə aparılan hazırlıq işləri vəhdət təşkil edərək qələbəmizin əsasını təşkil etmişdir. Görünən həm də odur ki, bu hazırlıq zəncirinin hansısa bir həlqəsində boşluq olsaydı, Azərbaycanın hərbi yola əl atmaq məcburiyyətində qalacağı təqdirdə ciddi problemlər yarana bilərdi. Amma bu hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi. Tarix isə həmişə sübut edib ki, Heydər Əliyevin müəllifliyi ilə atılan istənilən addım Azərbaycanın dövlət və milli maraqlarını bütün siyasi dövrlərdə layiqincə və qətiyyətlə təmin edib. Bu yazıda da məqsədimiz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərin təhlilidir.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Tale Heydər Əliyevi Naxçıvana göndərməklə oranı və daha sonra bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Ümummilli liderin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın ali vəzifəli şəxsi seçildikdən sonra böyük öndər bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.
1991-1993-cü illərdə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin Rəyasət Heyətinin iclaslarında muxtar respublikanın sərhədindəki vəziyyət mütəmadi müzakirə edilmiş, müvafiq orqanların nümayəndələrinin iştirakı ilə operativ tədbirlər müəyyənləşdirilmişdi. Ulu Öndər Ermənistan rəhbərliyi ilə danışıqlarında Dağlıq Qarabağda erməni yaraqlıları tərəfindən girov götürülmüş azərbaycanlıların qaytarılması haqqında dəfələrlə məsələ qaldırmışdı. Nəticədə Goranboy rayonunun sakinləri Umud Bayramov, Süleyman Bədəlov erməni əsirliyindən azad edilərək öz ailələrinə qaytarılmışdılar.
1992-ci il martın 10-da Heydər Əliyevin Ermənistan Ali Sovetinin sədri Babken Arakçyanla görüşü oldu. Görüş zamanı Ermənistanla Naxçıvan arasın­dakı bütün sərhəddə sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, Ermənis­tanın Mehri rayonu ərazisindən keçən Bakı-Naxçıvan sərnişin qatarının təhlükə­sizliyinin təmin edilməsi, Ermənistandan keçən bütün kommunikasiya xətləri­nin normal işləməsi haqqında razılıq əldə olunsa da, qarşı tərəf bu sazişin heç bir müddəalarına əməl etmədi. Bakıdakı bəzi üzdəniraq siyasətçilər isə Naxçı­van Ali Məclisi sədrinin bu istiqamətdəki fəaliyyətini separatçılıq kimi qələmə verməyə cəhd göstərsələr də, Heydər Əliyev Ermənistanın rəhbərləri ilə telefon danışıqlarında, şəxsi görüşlərində təkcə Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsələləri deyil, bütün Azərbaycanı narahat edən, xüsusən Dağlıq Qarabağın taleyi ilə bağlı problemləri ön plana çə­kirdi. Buna konkret misal olaraq, 1992-ci il martın 12-də ermənilər Ağdam şəhərini və digər yaşayış məntəqələrimizi atəşə tutduqları zaman Heydər Əliyevin dərhal Ermənistan rəhbərlərinə telefon açmasını, atəşin dayandırılmasını tələb etməsini, bütün problemlərin sülh yolu ilə həllinin vacibliyini vurğulamasını göstərmək olar. 1992-ci ilin may ayı Azərbaycanın, eləcə də Naxçıvan MR-nın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edirdi. Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvana qarşı məkrli planlarını da həyata keçir­məyə çalışır, sərhəd kəndlərinə təcavüzlər edirdilər. Bu amansız təcavüz bir neçə gün davam etmiş, yalnız möhtərəm Heydər Əliyevin gərgin siyasi, dip­lomatik səyləri nəticəsində onun qarşısını almaq mümkün olmuşdu. Lakin bu da müvəqqəti olaraq dayandı. Ayın 18-də müasir silahlarla silahlanmış ermə­nilər yenidən muxtar respublikaya hücuma keçərək bir sıra sərhəd məntəqə­lərini ələ keçirməyə çalışdılar. Bu dəfə torpaqlarımız uğrunda ölüm-dirim mübarizəsi başladı. Bu hücumlar nəticəsində hərbçilər və dinc əhali arasında çoxlu həlak olanlar, yaralananlar oldu. Sədərək kəndi ciddi dağıntılara mə­ruz qaldı. Bir neçə sərhəd kəndinin əhalisi təhlükəsiz yerə köçürüldü. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin fenomenal siyasətçi və diplomat dü­hası Naxçıvanı real işğal təhlükəsindən xilas etdi. Dahi rəhbərin uzaqgörən və düşü­nülmüş siyasəti təpədən-dırnağadək silahlanmış erməni yaraqlılarının məkrli planlarını alt-üst etdi. Həmin günlərdə Ali Məclis sədrinin yorulmaq bilmədən gecəli-gündüzlü apardığı siyasət öz bəhrəsini verdi. O, xarici dövlətlərin başçı­larına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi. Naxçıvan üçün son dərəcə ağır bir zamanda qardaş Türkiyənin birmənalı mövqeyi Ermənistana öz təcavüzkar niyyətlərini həyata keçirməyə mane oldu. 1992-ci il may ayının 18-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl, Xarici İşlər naziri Ərdəl İnönü Heydər Əliyevə telefonla zəng edərək, vəziyyət barədə ətraflı məlumat aldılar. Həmin gün gecə isə Süleyman Dəmirəlin sədrliyi ilə Türkiyənin Nazirlər Kabineti iclas keçirərək Ermənistanın Naxçı­vana təcavüzü ilə bağlı bəyanat verdi. Baş nazirin göstərişi ilə böyük elçi Ömər Ərsun başda olmaqla, Türkiyənin nümayəndə heyəti Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmaq üçün Sədərək bölgəsinə getmiş, sonra böyük siyasətçi ilə görüşmüşdülər. Heydər Əliyevin dünya xalqlarına müraciə­tindən sonra bir çox ölkələrin, o cümlədən Rusiyanın informasiya agentlik­ləri­nin, mətbuat orqanlarının nümayəndələri Naxçıvana gələrək buradakı vəziyyət haqqında dünya ictimaiyyətini obyektiv məlumatlandırdılar. Əlbət­tə, bunlar Ümummilli liderimizin də qeyd etdiyi kimi, Azərbaycan üçün bö­yük nailiyyət idi. Çünki Dağlıq Qarabağ münaqişəsi başlanandan həmişə Azərbaycan günahlandırılmış, mətbuat orqanlarına, dünya, o cümlədən Rusiya ictimaiyyətinə həmişə ermənilərin xeyrinə birtərəfli məlumatlar vermişlər. Məhz o dövr­də dahi siyasətçinin səyləri nəticəsində dünya ictimaiyyətində düzgün, obyektiv təsəvvür yaradıldı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistanın təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanat yaymışdı. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri də Naxçıvana gələrək döyüş bölgəsinə, Sədərəyə baş çəkmişdi, həlak olmuş naxçıvanlıların cəsədləri onların vasitəçiliyi ilə ermənilərdən geri alınmışdı.
Təbii ki, Heydər Əliyevin diplomatik fəallığı, bütün dünya ictimaiyyətini ayağa qaldırması Ermənistanı geri çəkilməyə məcbur etdi. Bununla bərabər, onlar yenə öz yerlərində oturmaq istəmir, hər cür vasitələrə əl ataraq sübut etməyə çalışırdılar ki, guya bu müharibədə ilk əvvəl hücumu onlar başlamayıblar və Naxçıvan ərazisini işğal etməyiblər. Nəhayət, mayın 24-də Ermənistanın müdafiə naziri V.Sarkisyan və başqa rəhbər işçilər Naxçıvan rəhbərliyinə müraciət edərək danışıqlar aparmaq istədiklərini bildirdilər.
Heydər Əliyev Muxtar Respublika Ali Məclisinin sədri işlədiyi dövrdə burada hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirirdi. Onun birbaşa rəhbərliyi və nəzarəti altında Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə aparılan danışıqlar nəticəsində 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. Həmin danışıqlarda muxtar respublika rəhbəri Azərbaycanın artıq tam müstəqil dövlət olduğunu və dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanındığını əsas tutaraq Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan ərazisində başqa dövlətin hərbi hissələrinin qalmasının qeyri-mümkünlüyünü qətiyyətlə bildirdi.
1992-ci il iyulun 25-də Ali Məclisin Rəyasət Heyətinin iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin yenidən təşkil olunması və onun bazasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi strukturun yaradılması zəruri hesab edildi. İki gündən sonra, iyulun 22-də 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsi prosesinə başlanıldı və bu proses avqust ayının 15-də başa çatdırıldı. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı. 1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının şəxsi heyətinin son dəstəsi Naxçıvanı tərk etdi.
1992-ci il iyul ayının 28-də Naxçıvan MR Ali Məclisinin təklifi ilə Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvanda 1-ci sərhəd qoşunları dəstəsi yaradıldı. Həmin il sentyabrın 29-da Naxçıvan şəhərində Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti rəhbərliyinin, Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsi nümayəndələrinin iştirakı ilə 41-ci sərhəd dəstəsinin ləğv olunması və onun funksiyalarının, bütün hərbi və təsərrüfat əmlakının 1-ci sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. 75-ci diviziya ilə olduğu kimi, keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi, bu zaman heç bir münaqişəli hal olmadı. Elə həmin gün muxtar respublika rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən 41-ci sərhəd dəstəsinin sonuncu qrup zabit və əsgərləri, başda dəstənin komandiri polkovnik V.Jukov olmaqla təyyarə ilə Naxçıvan Muxtar Respublikasından yola salındılar. Bununla da Azərbaycan ilə qonşu dövlətlər – İran və Türkiyə arasında Naxçıvan ərazisindəki 215 km-lik dövlət sərhədinin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməyə başlanıldı.
Bütün sərhəd məntəqələrində və sərhəd dəstəsi qərargahının üzərində Azərbaycanın dövlət bayraqları qaldırıldı. 1992-ci il sentyabrın 29-dan Naxçıvan ərazisində digər dövlətin – Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmadı. Naxçıvanda təxminən iki əsr müddətində mövcud olmuş əcnəbi ölkənin hərbi iştirakına son qoyuldu. Bir sözlə, Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvanda müdafiə və hərbi quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin düşmən əlinə keçməsinin qarşısını aldı, sabitlik və əmin-amanlığın möhkəm təməlini qoydu. Tale Naxçıvanı, Dağlıq Qarabağı və Azərbaycanın digər bölgələrini gözləyən acı qismətdən Heydər Əliyevi bu regiona göndərməklə hifz etdi.

 

Mənbə: Ziyad Səmədzadə.
“Qarabağ iqtisadiyyatı 100 ildə”. V cild