MƏQALƏLƏR

Yusif Vəzir Çəmənzəminli

  • 18.01.2022

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində Şuşa bəylərindən olan Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirovun ailəsində anadan olmuşdur. Onun daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir.
Yusif Vəzir ilk olaraq Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində, daha sonra Muradbəylidəki rus məktəbində oxuyur. 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur.
Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olurdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı. Gözlənilmədən böyük qardaşı Əbülhəsənin xəstələnib vəfat etməsi, ata və anasının tez-tez xəstələnmələri Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.
Bir müddət keçəndən sonra Yusif Vəzir qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. O, Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərdikdə müəllim ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. 1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə səbəb olur və o, 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Həmin günlərdə o, çox ağır xəstələnir. Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, bizə kömək etmiş Cənubi Azərbaycanlı qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir.
Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur, həm də ictimai işlərlə də məşğul olur. O, xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək, 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur.
Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.
O illərdə məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir. O, Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır. Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur və orada 5 il təhsil alır.


Yaradıcılığı
Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur "Məlik Məmməd" nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur (Nağıl kitabçası "Əli Xan Çəmənzəminli" adı altında çap etdirilmişdir. Maraqlıdır ki, "Əli Xan" "Əli və Nino" əsərində baş qəhrəmanın adıdır). Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. Bu barədə Yusif Vəzir 1913-cü il mart ayının 12-də "Sədayi-həqq" qəzetində çap etdirdiyi "Biz kimik?" məqaləsində yazmışdır. Yusif Vəzir 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə çap etdirir.
Bu dövrdə "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları meydana çıxır. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə, oradan isə "Zemstvo" təşkilatına daxil olub cəbhəyə gedir.
Fevral inqilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi "Musavatın" Kiyev şöbəsini yaradır. Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi.
Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə "Azərbaycanın muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını yazıb çap etdirir. Onu narahat edən məsələlərdən biri də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar o, 1917-ci il dekabr ayının 19-da "Açıq söz" qəzetində çap etdirdiyi məqalədə yazmışdı. 1918-ci ildə Litva tatarlarının tarixi ilə maraqlanaraq, onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı "Litva tatarları" adlı kitabçasını 1919-cu ildə Simferopolda çap etdirir.
O, vətənə qayıtdıqda "Azərbaycan" qə­zetində "Xarici siyasətimiz", "Milli və mədəni işlərimiz" başlığı ilə silsilə mə­qalələrini çap etdirir. Yusif Vəzir bir müd­dət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. O, burada Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi-coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb, 1921-ci ildə onları İstanbulda çap etdirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edir. Fransada Yusif Vəzir maddi vəziyyətinin ağır olması ilə əlaqədar məcbur olub, Paris yaxınlığındakı Klişi adlı şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edir. O, "Paris xəbərləri" qəzetində də əməkdaşlıq edib "Şərq məktubları" başlığı altında müxtəlif yazılar çap etdirir.


Sovet Azərbaycanına qayıdışı
1925-ci ildə Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və onu gözləyən təhlükələrə baxmayaraq, vətəni Azərbaycana qayıtmağı qərara alır.
Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl "Bakı işçisi" nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft İnstitutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Orada çapdan çıxan jurnalda "Neft və onun tarixi" adlı məqaləsi ilə bərabər, bir çox məqalələr yazıb dərc etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Eyni zamanda, o, Ruhulla Axundovun redaktəsi ilə çıxmış "Rusca-azərbaycanca lüğət"in müəlliflərindən biridir. Azərbaycan dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir Çəmənzəminlinin böyük xidməti olmuşdur. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan bu əsər, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü nömrəsində çap olundu. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş "Əli və Nino"nun Yusif Vəzir Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var.


Repressiya qurbanlarından biri
1937-ci ildə - Stalin repressiyasının ən çətin illərində onu "Studentlər" və "Qızlar bulağı" kimi romanlarında mənfi obrazlar vasitəsilə əks-inqilabi fikirlər təbliğ etməkdə ittiham edirdilər. Həmin il o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır və bununla da iş tapmaq imkanını itirir. Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib, 1937-ci il may ayının 20-də Azərbaycan K(b)P-nin Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova, daha sonra Ümumittifaq K(b)P-nin baş katibi İ.V.Stalinə ərizə ilə müraciət edir. Lakin heç bir cavab ala bilmir. Çarəsiz qalaraq 1938-ci ilin avqust ayında Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun bir neçə əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmiş, bu tarixi romanın ilk dəfə 1964-cü ildə "Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə nəşrinə nail olmuşdu.
1937–38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib, Bakıya gətirilir. 6 aydan sonra Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də həmin həbs düşərgəsində aclıqdan və heç şübhəsiz, ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə Yusif Vəzirə bəraət verilir.