MƏQALƏLƏR

Ziyad Səmədzadə: Tariximizi şərəfləndirən ZƏFƏR

  • 13.01.2022

Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğrunda ayağa qalxdı. Bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.

Milli Qürur Günü

2021-ci il noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd etdi. Bu münasibətlə respublikanın hər yerində müxtəlif tədbirlər təşkil olundu, yürüşlər keçirildi, şəhidlərin xatirəsi ehtiramla anıldı. Bakıda Dənizkənarı Milli Parkda təşkil olunan Zəfər yarmarkası qələbənin birinci ildönümü ərəfəsində paytaxt sakinlərinin ən çox baş çəkdiyi ünvanlardan biri oldu. 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində təşkil olunan yürüş isə bir daha hər birimizi qürurlandırdı.

Zəfər Gününün ən bəxtəvəri isə mədəniyyətimizin və milli kimliyimizin ünvanı olan doğma yurdumuz Şuşa idi. Çünki bu qədim şəhər azadlığının ilk ad gününü ona bu qurtuluşu bəxş edən Müzəffər Ali Baş Komandanla, uğrunda çarpışaraq canını qurban verməkdən çəkinməyən qəhrəman döyüşçülərlə birgə qeyd etdi. “Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir. İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”,  - deyə Prezident İlham Əliyev Zəfər Günü Şuşada hərbçilərlə görüşdə bəyan etdi.

Bu günün həsrətini Şuşa nə az, nə çox, düz 28 il yarım çəkmişdi… Vətən savaşının 44 günündə də daim səksəkədə, intizarda olmuşdu Şuşa. Amma 2020-ci il oktyabrın 16-da Ali Baş Komandanın “Şuşasız bizim işimiz yarımçıq olar” deməsi hər birimizə ümid vermişdi. 2020-ci il noyabrın 8-də isə “Əziz Şuşa, sən azadsan!, Əziz Şuşa, biz qayıtmışıq!” deyən Müzəffər Ali Baş Komandanın müjdəli hayqırışından hər bir azərbaycanlının qəlbi atlanmış, xalqımıza tarixi sevinc hissi bəxş olunmuşdu. Həmin gün qaşqabaqlı payız günündə Şuşanın səmalarında günəş parlamışdı. Güclü şüaları ilə bir həmlədə göyləri bürümüş qara buludları qovmuş, Şuşanın dağlarına, düzlərinə, məhəllələrinə, küçələrinə çökmüş qatı dumanı, sisi dağıtmışdı. Şuşanı elə bir nura qərq etmişdi ki, haləsi bütün Qarabağa, Azərbaycana şölə saçmışdı. O gün Şuşanın 30 illik daş sükutu pozulmuş, qəhrəman Azərbaycan oğullarının addım səsləri müqəddəs avaz kimi dağ-daşda əks-səda vermiş, 28 il yarımlıq kədərdən sonra ilk dəfə Şuşanın üzünə gülüş qonmuşdu. 8 noyabr 2020-ci il ana Vətən uğrunda çıxdığımız Qələbə yürüşünün zirvə günü oldu.

Düz bir ildən sonra, yenə də xəzan fəslinin son ayında həmin günəş Şuşanın üzərində bərq vurdu, meşələrinə, çəmənlərinə, dağlarına, düzlərinə nur çilədi, bu qədim şəhərin Zəfər bayramına bir başqa təntənə qatdı. Əynində bayram libası, könlündə azadlıq sevinci olan Şuşa tarixindəki ən əziz bayramını xilaskarları ilə birgə qeyd etdi. Qarabağın taclı qalası ona bu xoşbəxtliyi ərmağan edən qəhrəman Azərbaycan oğullarının qulluğunda durdu, zəfər, rəşadət, milli qürur və milli ləyaqət bayramının coşqusunu yaşadı. 8 noyabr 2021-ci il 44 günlük Vətən savaşında igid oğullarımızın qanları, canları ilə qazandıqları qürurlu Zəfər günümüzün doğum günü oldu. “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir”, – deyə Prezident İlham Əliyev Şuşadan bəyan etmişdir.

Bu yerdə xalqımızın ulu öndəri, müasir Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin hələ 2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlamaya bilmərik. «Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm», - deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ərəfəsindəki müraciətində ona inanmış xalqına yenə də ən düzgün olanı göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qabil qüdrətli lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin əllərə etibar etdi.

2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənəviyyat zirvəsi olan Şəhidlər Xiyabanından Şuşanın azadlığı müjdəsini xalqımıza yetirəndə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyrətlənməyə bilmədik. Bu, dahi şəxsiyyətin, misilsiz dövlət xadiminin böyüklüyü idi! 

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Şuşa şəhərinin işğaldan azad edildiyi gün Qarabağ uğrunda canından keçən igid oğullarımızın uyuduğu Şəhidlər Xiyabanından xalqımıza müraciət edərkən Ulu Öndərin ürəkləri riqqətə gətirən sözlərinə qayıdaraq demişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Prezident İlham Əliyev Ulu Öndərin arzularını, vəsiyyətini yerinə yetirdi. Ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı.  Dövlət başçısı düşünülmüş parlaq diplomatiyası, uzun illərdən bəri bu möhtəşəm günlərə doğru addım-addım həyata keçirdiyi hazırlıq işləri, heç bir təzyiq qarşısında sarsılmayan qətiyyəti ilə Zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə hesablaşmaq, haqq-ədalətin səsinə qulaq asmaq məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vəhdətini, bərabərlik, doğmalıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız zəngin tarixdən, şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə tarixdə yeni bir səhifə açdı, yeni bir dövrün təməlini qoydu.

Zəfərimizin ilk ildönümünü Mehriban xanım Əliyeva ilə birgə Şuşada keçirən Azərbaycan Prezidenti İlham Əliyev mənəviyyat şəhərimizə, mədəniyyət paytaxtımıza, Qələbə rəmzimiz olan bu şəhərə aparan Zəfər yolunun açılışını etdi. Daşaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondunun apardığı bərpa işlərindən məmnun olduğunu bildirdi. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etmiş iştirakçıları ilə görüşərək səmimi söhbətlər etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdi. Bu, azadlığına qovuşmuş torpaqlarımıza həyatın qayıdışı deməkdir! 

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək, dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Azərbaycan Silahlı Qüvvələri qarşısında məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur.

Güclü lider amili Azərbaycanın milli maraqlarının qorunmasını təmin etdi

Təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açmış bu şanlı qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Əlbəttə, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Azərbaycana qarşı danışıqlar prosesində baş verən haqsızlıqlara, ikili standartlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanın hələ indiki qədər güclü olmadığı bir vaxtlarda respublikamızın milli maraq və mənafelərini qətiyyətlə təmin edə bilmişdi. Heydər Əliyev ermənilərin tarixi torpaqlarımıza qarşı əsassız iddialarının ATƏT-in Minsk qrupu tərəfindən ciddi  cəhdlə müdafiə olunması fonunda gedən prosesdə milli heysiyyatının tapdalanmasına imkan vermədi.

Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası tezliklə Azərbaycanı regionun liderinə,  dünyada isə söz sahibinə çevirdi. Hələ 2003-cü ilin prezident seçkilərindən sonra andiçmə mərasimində Prezident İlham Əliyev demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir.”

2020-ci ilədək danışıqlar prosesində münaqişənin həlli ilə bağlı müxtəlif təkliflər səslənsə də, Prezident İlham Əliyev torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına xidmət edən bütün təşəbbüs və təkliflərin qarşısını almışdır.  

Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən iqtisadi yüksəliş

İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. Əsaslı iqtisadi dəyişikliklər, hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır.

Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil. İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: “İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük”.

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. Tarixi reallıqlar ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsinə nail olmaq üçün mühüm proqramlar qəbul olunmuşdur.  Ən əsası Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.

Prezident İlham Əliyev Zəfər Gününün birinci ildönümündə Şuşada hərbçilər qarşısında çıxış edərkən bu barədə deyib: “Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi”.

Güclü Azərbaycan Ordusu tarixi missiyasını yerinə yetirdi

Güclü ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır.

Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Azərbaycan Silahlı Qüvvələrinin inkişafına yönəlmiş tədbirlər 2003-cü ildən sonra ardıcıllıqla və uğurla davam etdirilmişdir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olmasını yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır.

Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi azad olundu. Tezliklə Ermənistanla dövlət sərhəddinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı  hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Savaş meydanının son zirvəsi - alınmaz Şuşa qalasının azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanı, Zəfər xronikasının baş səhifəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixində görünməmiş nümunə, müharibə qanunlarına ən ciddi şəkildə əməl etməklə müasir döyüş taktikası, texnoloji üstünlük nümayiş  etdirmişdir.   Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni  nümunələr yaratdı. Hansı ki, bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.

Prezident İlham Əliyev 2021-ci il noyabr ayının 8-də Şuşada hərbçilərlə görüşündə bu barədə deyib: “Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı”.

İlham Əliyevin uğurlu və uzaqgörən diplomatiyası

Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz diplomatiyası əhəmiyyətli rol oynamışdır. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxarmışdır. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı.

Xatırladım ki, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqe özündə bir neçə vacib elementi ehtiva etmişdir. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənirdi. İkincisi, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu. Üçüncüsü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ təsbit edilirdi. Bütün bunlar Azərbaycanın mühüm diplomatik uğurları idi.

Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımlar da beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərdə geniş yer almışdı. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətləri və aparılan uğurlu xarici siyasəti nəticəsində mümkün olmuşdu.

Xüsusən Prezident İlham Əliyevin hücum diplomatiyasının uğurlarını qeyd etməliyik. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoymuşdu. Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasətdə hücum diplomatiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxardı. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin və diasporunun ölkəmizə qarşı təxribatlarının qarşısı alındı və erməni yalanları ifşa olundu. Hücum diplomatiyasının nəticəsi kimi ermənilərin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan həqiqətləri siyasi-ictimai dairələrə sirayət etmişdi. Əlbəttə, bu amil Vətən müharibəsindəki qələbədə əhəmiyyətli rol oynadı.  Prezident İlham Əliyev: “Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq, bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”.

Vətən müharibəsi ərzində Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Qətər, Belarus liderləri, BMT Baş katibi, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə telefon zəngləri edilmiş, xarici dövlət və təşkilatların rəhbərləri silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını bildirərək, bölgədəki son vəziyyətlə maraqlanmışlar. Telefon söhbətləri zamanı dövlət başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımızın həlak olduğu və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarını həyata keçirdiyi barədə qarşı tərəfə məlumat vermişdir. Vurğulanmışdır ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət məhz bu ölkənin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi kimi dünya dövlətləri Vətən müharibəsi dövründə hərbi əməliyyatlara böyük həssaslıqla yanaşmışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri Azərbaycanın öz ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə apardığı mübarizəni fəal şəkildə dəstəklədi, öz çıxışlarında daim ölkəmizin yanında olduqlarını bildirdilər. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil. Odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır.”

Böyük Britaniya Azərbaycanın beynəl­xalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi və ölkəmizin ərazi bütövlüyünü dəstəklədi. BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilmədi.

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın haqlı mövqe tutduğunu və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnamənin tələblərinin yerinə yetirilməsinin vacibliyini bəyan etdi. Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla siyasi-diplomatik əlaqə yaratmayan Pakistanın siyasi və hərbi rəhbərliyi müharibə günlərində də respublikamıza davamlı siyasi dəstəyini ifadə etdi.

İsrailin “Yisrael Beiteinu” Partiyasının lideri, keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğuladı: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”. Müharibə dövründə ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqland bildirdi ki, Ermənistan Azərbaycanın suveren ərazisini işğal edib.

Həmçinin İtaliya Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəklədi. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç Azərbaycana dəstək verdiklərini və Ermənistanı qınadıqlarını bildirdilər. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşdiyini bəyan etdi.

30 ilə yaxın davam edən işğalçı siyasətə son qoyan Azərbaycan Ordusu ərazilərimizi azad edərək qətiyyətlə irəlilədikcə, diplomatiya cəbhəsində də gərgin informasiya müharibəsi getdi və bu proseslərin mərkəzində Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi Zəfərə aparan siyasət dayandı. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı.

Tarix sübut edir ki, ölkə rəhbərləri müəyyən vaxtlarda xalqa müraciət edirlər. Xatirimizdədir ki, ulu öndər ötən əsrin 90-cı illərində respublikamızın konstitusion quruluşuna qarşı təhlükələr yaranarkən xalqa müraciət etmiş və xalımızın öz liderinin ətrafında sıx birləşməsi bütün təhlükələrin qarşısını almışdı.

Vətən müharibəsi günlərində və ondan sonra Prezident İlham Əliyev 11 dəfə xalqa müraciətlə çıxış edərək cəbhə bölgəsindəki son vəziyyətlə bağlı ən son məlumatları əhalinin diqqətinə çatdırmış, eyni zamanda həm beynəlxalq ictimaiyyəti dəqiq və dürüst şəkildə məlumatlandırmış, həm də Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə konkret ismarışlar göndərmişdir. Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu, kəndi, qəsəbəsi barədə məlumatı Azərbaycan xalqı ilə bölüşən dövlət başçısı çıxışlarında azad edilmiş ərazilər, düşməndən əldə edilən hərbi qənimətlər barədə geniş məlumat verməklə yanaşı, bu torpaqlardakı vəziyyət, Ermənistan tərəfindən illər ərzində aparılmış qanunsuz fəaliyyət və onun nəticələri, genişmiqyaslı dağıntılar, habelə Ermənistanın müharibə cinayətləri barədə konkret məlumatları təqdim etmişdir.

Dövlət başçısının 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqına ilk müraciəti informasiya və çağırış xarakterli bir sıra məqamlarla zəngin olmaqla yanaşı, həm də ölkədə hər bir vətəndaşın nə etməli olduğunu göstərmək baxımından çox əhəmiyyətli idi. Bunu Vətənin müdafiəsinə hər kəsin qalxmasına çağırış kimi də qəbul etmək olardı. Prezident müraciətini bu fikirlərlə başa vurdu: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev efir vasitəsilə doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Prezident çıxışında uzun illər davam edən işğala son qoyan bu bəyanata böyük fəxarət və sevinc hissi ilə imza atdığını vurğuladı. Qeyd etdi ki, üçtərəfli bəyanat işğal altında qalan Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən bizə qaytarılmasına imkan verəcək: “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Prezident növbəti günlər də xalqa müraciət edərək zəfər müjdələrini verdi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonlarının işğaldan azad olunması münasibətilə xalqa gözaydınlığı verərək təbrik etdi. Bildirdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytardıq.

Beləliklə, sentyabrın 27-dən dekabrın 1-nə qədər Ali Baş Komandan 11 zəfər müjdəli müraciəti ilə xalqı sevindirdi. Bu müraciətlərin hər biri müharibənin və xalqımızın mücadiləsinin  salnaməsini yaradan tarixi mənbələrdir. Bu müraciətlər xalımızın siyasi-milli birliyi üçün yeni əsaslar yaratdı. Təsadüfi deyil ki, Prezidentin xalqa hər müraciəti bitər-bitməz paytaxt əhli küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Paytaxt əhli meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında borcunu yerinə yetirdi.  Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşmüş, onlara müsahibələr vermişdir. Yuxarıda qeyd edildiyi kimi, bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyaca məşhur 30-a yaxın media agentliklərinə müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə  çatdırmışdır.

Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqımıza ünvanladığı müraciətlərin birində bunu çox aydın şəkildə ifadə etmişdir: “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!”

Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi də xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə daha da həmrəy etdi. İlham Əliyevin əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Ölkəmizdə müxtəlif millətlər və dinlər arasında qarşılıqlı etimad mühiti mövcuddur. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyət, mədəni dəyərlər və adət-ənənələrdən asılı olmayaraq, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Müharibə günlərində də milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, - deyə İlham Əliyev bildirib.

Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.

Üçtərəfli Bəyanat İlham Əliyevin parlaq diplomatik qələbəsidir

 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən, ilk növbədə Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini təsdiqləyən siyasi-hüquqi sənəddir.

Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı. Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur olmuşdur. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik qələbə ilə sözügedən ərazilərini geri almışdır.

Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir.

Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin etmişdir. Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında məcburi köçkünlər və qaçqınların Qarabağa geri qayıtması məsələsi də öz əksini tapmışdır.

Sənədin digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım, eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilmişdir. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməmişdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

Hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli birgə bəyanat Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir.

Şəhidlərin xatirəsi hər zaman uca tutulacaq

Vətən müharibəsində Qələbə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgərinin qanı, canı bahasına və əməyi nəticəsində qazanılmışdır. Xalqımız Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhidlər vermişdir. Şəhidlərin ruhu şaddır, çünki uğrunda mübarizə apardıqları Vətən torpaqları azaddır. Bu torpaqlar indi bizim üçün daha da müqəddəsdir, çünki onun hər qarışına şəhidlərimizin qanı hopub.

Azərbaycan dövləti daim şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmışdır və bu proses hər zaman yüksək səviyyədə davam edir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən qəbul edilmiş mühüm qərarlar bu gün tam şəkildə həyata keçirilir.

2021-ci il sentyabrın 27-də - Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edildi. Yürüşün önündə Ali Baş Komandan gedirdi. Yanında isə ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qüdrətli Azərbaycan Ordusunun 3 mindən çox hərbçisi addımlayırdı. Yürüş iştirakçıları əllərində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki şəxslərin fotolarından ibarət plakatlar var idi.

Bu yürüş xalqın birliyinin daimi və sarsılmaz olduğunun, Vətənə sevginin, şəhidlərimizə ehtiramın əbədiliyinin növbəti təzahürü idi.

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən həmin gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinədək davam etdi.

Bu yürüşün rəmzi mənası var idi. Bu, Vətən uğrunda canından keçən şəhidlərimizin təntənəli keçidi idi. Bütün Azərbaycan bu yürüşü ayaqda izlədi. Çünki onlar Vətən üçün canlarından keçib hərəsi bir qəhrəman olan igidlərdir. Bu qəhrəmanlar hər zaman başımızın tacı kimi qəlbimizdə yaşayacaqlar.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Onlar bu illərdə vətənpərvərlik ruhunda böyümüşlər, tərbiyə olunmuşlar. Məhz bu amil həmdə Azərbaycandakı milli həmrəyliyin əsas elementlərindən biri kimi çıxış etmişdir. 

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə həm də Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər 2021-ci il yanvarın 6-da cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çox aydın şəkildə ifadə edilmişdir. Əlbəttə, torpaqlarımızın azad olunması həm ölkəmizin, həm də bölgənin qarşısında yeni perspektivlər açmışdır. Postmünaqişə dövründə sülhün təmin olunması və saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması hazırda Azərbaycan dövlətinin qarşısında dayanan prioritetlərdir. İşğaldan azad olunmuş ərazilərə 2020-ci ilin hələ oktyabr ayından – döyüşlərin getdiyi günlərdən başlanan bərpa və yenidənqurma işlərinin miqyası olduqca əhatəli və möhtəşəmdir. Görünən odur ki, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa ediləcək və məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədəmüvafiqliyindən irəli gələn, regionun sürətli inkişafına, iqtisadi vəziyyətinin tarazlaşdırılmasına xidmət edən yeni bölgü bugünkü reallıqları əks etdirməklə böyük tarixi əhəmiyyət daşıyır.

Ermənistanla sərhəddə, eyni coğrafi məkanda yerləşmiş, tarixən ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını birləşdirən Şərqi Zəngəzur, Qarabağın dağlıq və aran ərazilərindəki Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonlarını və Xankəndi şəhərini, həmçinin bu bölgəyə aid Ağcabədi və Bərdə rayonlarını birləşdirən Qarabağ iqtisadi rayonlarının yaradılması yeni coğrafi, siyasi, iqtisadi reallıqların inikası kimi Azərbaycan dövlətinin siyasi iradəsini ifadə edir və regionun vahid formatda inkişafını şərtləndirir.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə tarazlaşdırılmış və qarşılıqlı şəkildə uzlaşdırılmış müstəviyə gətirir.

Bu Zəfər xalqımızın ləyaqət rəmzidir, milli kimliyimizin təntənəsidir

Ulu Öndər Heydər Əliyev vaxtilə məcburi köçkünlərlə görüşlərinin birində bu barədə özünəməxsus uzaqgörənliklə deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı. İndi biz Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya da gedə bilirik.

Vətən müharibəsindəki zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyinin və milli yüksəliş siyasətinin məntiqi nəticəsidir. Bu qələbə xalqımızın ləyaqət rəmzidir, milli kimliyimizin təntənəsidir. Bütün dünya xalqımızın böyüklüyünün, öz milli haqqı uğrunda mübarizə aparmaq əzminin şahidi oldu və dövlət, xalq olaraq indi daha qürurluyuq.

2021-ci il noyabrın 8-də birinci ildönümünü qeyd etdiyimiz Zəfər Günü isə Azərbaycanı bir daha dünyada tanıtdı. Zəfər günü isə göstərdi ki, xalqımız bu tarixi günü sanki çoxdan gözləyirmiş. Zəfər Günü göstərdi ki, Azərbaycan vətəndaşları illərdən bəri həsrətində olduqları müqəddəs bir arzuya qovuşublar. Xalqımızı məğrurluğunun təntənəsini dünyaya bəyan edən Zəfər Günü milli ləyaqətimizin rəmzi, milli kimliyimizin təcəssümü kimi hər zaman tarixmizə işıq salacaq.

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanın son 200 illik tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla, dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı. Azərbaycan xalqının işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda müharibəsi 44 gün davam etdi. Ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun qətiyyəti, cəsarəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı bu müharibə günlərində Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, tariximizdə görünməmiş bir qələbə əldə etdi. Ona görə bu müharibə, sözün həqiqi mənasında, Vətən müharibəsinə çevrildi, xalqımızı daha sıx birləşdirdi, Vətənimizin milli və mənəvi dəyərlərini müdafiə etmək əzmimizi və iradəmizi nümayiş etdirdi. Aradan aylar, illər, onilliklər, qərinələr keçəcək, lakin bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq, keçmişimizin qürur mənbəyi kimi gələcəyimizi qurmağa kömək edəcək.

 

Akademik

ZİYAD SƏMƏDZADƏ