MƏQALƏLƏR

BÖYÜK QAYIDIŞA APARAN YOLLAR

  • 30.12.2021

Yer kürəsində Azərbaycan kimi separatizmdən və işğaldan əziyyət çəkən və onun ağır fəsadlarını bu gün də yaşayan ikinci bir ölkə tapmaq çətindir. Milli-dini mənsubiyyətinə görə qonşularına qarşı nifrət toxumu səpən ermənilər kimi ikinci bir toplum da tapmaq çətindir. Otuz il davam edən və insanların həyatına məşəqqətlər gətirən, bəşəriyyətin bir parçası olan Azərbaycanın mədəni irsinə olmazın ziyan vuran bu münaqişə bütün xalqlar və millətlər üçün ibrət nümunəsi olmalıdır. Əks halda dünya yeni münaqişələr və milli-dini ayrıseçkilikdən yaxa qurtara bilməyəcəkdir. Azərbaycan 44 günlük Vətən müharibəsində Cənubi Qafqazda milli zəmində separatizmə rəvac verənləri öz gücü ilə məhv etdi. Dünyada mövcud olan ikili yanaşma, işğalçını işğala məruz qalanla eyniləşdirmə təzahürlərinin davam etməsi hələ qanlı savaşların sovuşduğundan xəbər verir. BMT-nin qətnamələrini 30 il icra etməyən, ərazilərimizdə bəşəri cinayətlər törədən, yer üzündə nə varsa, hər şeyi darmadağın edən Ermənistan kimi təcavüzkar bir dövləti başqa yolla yerində otuzdurmaq mümkün olmayacaqdı.

Ermənistan məğlub oldu, Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi. Lakin vurulan ziyanın miqyası o qədər böyükdür ki, onları aradan qaldırmağa xeyli zaman və böyük maliyyə vəsaiti lazım gələcəkdir. Azərbaycanın iqtisadi gücü və qüdrəti, xalqımızın Qarabağ sevgisi nəticəsində doğma yurd yerlərinin hər qarışı dirçələcək, yenidən qurulacaq, hər yan gülüstana çevriləcəkdir. Buna heç bir şübhə yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 dekabr 2021-ci ildə imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı bu xüsusda böyük önəm daşıyır. Ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Burada söhbət ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastrukturun yaradılmasından gedir. Ötən bir il ərzində reallaşdırılan layihələr onu deməyə əsas verir ki, yaxın illər ərzində işğaldan azad olunmuş ərazilərdə həyat canlanacaq, soydaşlarımızın öz doğma torpaqlarında məskunlaşması ilə bağlı qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcəkdir. Hal-hazırda qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından rasional şəkildə istifadə edilməsi ilə bağlıdır. Çünki həmin ərazilər iqtisadi resurslarla zəngindir. Mütəxəssislər tərəfindən burada əsasən aşağıdakı istiqamətlərin inkişafı önə çıxarılmışdır: aqrar bölmə, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm sektoru. Ərazilərdə 200 min hektar əkinəyararlı torpaqlar və bu rəqəmdən də çox örüş sahələri, həmçinin on minlərlə hektar təmas xətti boyunca istifadəsiz qalan torpaqlar aqrar biznesin resurs əsasını təşkil edir.

Hesablamalar göstərir ki, orta müddət perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz artım verəcək. Bundan başqa, 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı nəzərdə tutulur. Söyüdlü yatağının istismarı hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları yaranır. Qarabağ bölgəsinin ölkəmizin mədənçıxarma sənayesinə 5,3 faiz, emal sənayesinə 4,3 faiz təsiri ola bilər. İşğaldan azad olunmuş ərazilər enerji və su mənbələri ilə zəngindir. Ərazinin coğrafi mövqeyi tranzit daşımalar üçün geniş imkanlar yaradır. Zəngəzur dəhlizinin açılması Avrasiya məkanında yüklərin qısa marşrutlarla daşınması üçün böyük potensial yaradacaq. Qarşıda duran əsas vəzifələrdən biri də həmin ərazilərin respublikamızın digər bölgələri ilə qısa müddət ərzində inteqrasiya olunmasıdır. Yuxarıda adı çəkilən sərəncama əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm işğaldan azad olunmuş ərazilərin, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Həmin ərazilər həyata keçirilən layihələr hesabına qısa müddət ərzində sülh və əməkdaşlıq məkanına çevriləcəkdir.

Sərəncamda deyilir: “Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir”.

Sərəncamda bir sıra kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdir. Bu məqsədlə Nazirlər Kabinetinə işğaldan azad olunmuş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yonəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlı 3 ay müddətində təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi tapşırılmışdır.

Təkliflərdə, həmçinin həmin ərazilərdə özəl təşəbbüslərin dəstəklənməsi, investisiyaların təşviqi mexanizminin təkmilləşdirilməsi, istehsalla məşğul olan sahibkarlıq subyektləri üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən olunması nəzərdə tutulmuşdur. Elektrik enerjisi, su, qaz istehlakı üçün güzəştlərin tətbiqi də sənəddə öz əksini tapmışdır.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə innovativ yanaşmaların geniş tətbiqinin üstün mövqeyə gətirilməsini əsas hədəf kimi qarşıya qoymuşdur. Hazırda həmin ərazilərdə “yaşıl iqtisadiyyat” quruculuğu, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası istiqamətində işlər görülür. Bu cür layihələrin gerçəkləşməsi üçün yüksəkixtisaslı mütəxəssislərə böyük zərurət yaranmışdır. Bu ehtiyac nəzərə alınmaqla sərəncamda hökumətə müasir bilik və bacarıqlara yiyələnmiş mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, həmçinin əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdır. Hazırlanacaq təkliflər əsasında işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək və bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndiriləcəkdir. Sərəncamda işğaldan azad olunmuş ərazilərdə ekoloji təmiz texnologiyaların dəstəklənməsi nəzərdə tutulmuşdur. Hazırlanacaq təkliflərin bir qismi həmin ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığının uzlaşdırılması məsələlərini əhatə edəcəkdir.

Tam əminliklə deyə bilərək ki, qarşıya qoyulan vəzifələrin hamısı uğurla icra olunacaq, bu torpaqlarda daha neçə-neçə möhtəşəm layihələr intişar tapıb gerçəkləşəcək, hər gələn nəsil sevinclə, ehtişamla dolu aylara, illərə qovuşacaqdır.

Zülfü İLYASOV,

“İqtisadiyyat”

qəzetinin xüsusi müxbiri