MƏQALƏLƏR

362

Mirzə Camal Cavanşir Qarabaği (1773-1853)

  • 07.10.2021

Qarabağın görkəmli simaları

 

Tarixçi, Qarabağ xanlarının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdur. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdir. Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı". Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında “mirzə” deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar.
1797-ci ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü. İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələndikdən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi.
1822-ci ildə xanlıq ləğv edildi. Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. On səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı 1840-cı ildə istefaya çıxdı.
Mirzə Camal bəy tibb elmini gözəl bildiyindən həkimliklə məşğul olmağa başladı. Ömrünün sonuna qədər adamları pulsuz müalicə etdi.
Mirzə Camal bəy böyük mülkədardı. Qarabağın əksər mahallarında mülkü vardı.
1842-ci ildə Qarabağdan deputatlığa namizəd veriləndə Şuşanın Cavanşir bəyləri Mirzə Camal bəyi, Kəbirli bəyləri Rəhimbəyi seçmək istəmişdilər. Bu seçki böyüyüb qovğaya çevrilmişdi. O dövrün ziyalıları bu hadisəyə öz münasibətlərini bildirmişdilər.
Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. 1815-ci ildə "İran tarixi haqqında qısa icmal" adlı tarixi əsər qələmə almışdı. 1847-ci ildə isə Qarabağın siyasi olaylarından bəhs edən "Qarabağ tarixi" adlı tarixi əsər yazmışdır.
Mirzə Camal bəy 1853-cü ildə Şuşada vəfat etmişdir.
Mirzə Camal bəy Balaxanım xanımla ailə qurmuşdur. Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları olmuşdur.

Rzaqulu bəy Vəzirov (1814-1875)
Mirzə Camal bəyin oğlu tarixçi Rzaqulu bəy Vəzirov 1814-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Şuşa qəza məktəbində rus dilini öyrənmişdir. Şuşa qəzasının Çıləbörd sahəsində murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdır. 1842-ci ildə praporşik rütbəsi almışdır. O, Mirzə Fətəli Axundovla dost idi və onunla yazışırdılar.
Rzaqulu bəy Vəzirov Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilirdi. Bu sahələrdə qələmini işlətmişdi. Bioqraf kimi də çalışmışdı. Onun qələmindən "Dəftəre vəqaye və keyfiyyəte hökumət və istiqlale xəvanin məğfurun, mərhumun Pənah xan, İbrahim xan dər vilayəte Qərabağ" adlı tarixi əsər, "Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştü Axund Molla Əlipənah Vaqif təxəllüs" və “Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs" adlı bioqrafik əsərlər çıxıb.
Rzaqulu bəy Vəzirovun tarixi dərindən bilməsi heç də təsadüfi deyil. Onun ilkin mənbəyi görkəmli tarixçi olan atası Mirzə Camal Cavanşir idi. Qocaman tarixçi oğlunu bu sahədə qələm çalmağa həvəsləndirirdi. Rzaqulu bəy atasının "İran tarixi" adlı əsərini redaktə etmiş, üzünü köçürmək üçün katiblərə təqdim etmişdi.
Rzaqulu bəy 1875-ci ildə vəfat etmişdir.
Rzaqulu bəy Hacı Ağalar xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirin qızı Dürnisə bəyimlə ailə qurmuşdur. Həşim bəy, Məhəmmədşəfi (Məmiş) bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları olmuşdur.