MƏQALƏLƏR

362

Bordo bereli komandir, xüsusi təyinatlı Həmid

  • 07.10.2021

* Bordo bereli komandir

* "Bordo bereliler" Türkiyənin göz bəbəyi sayılır. Bu gün dünyada ən yenilməz döyüş qruplarından sayılan bu hərbçilər haqqında bir sıra inanılmaz həqiqətlər mövcuddur. Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib uğurla çıxa bilirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər.


 

“Döyüşlərdə onun komandanlığı altında döyüşən xüsusi təyinatlılar əməliyyata arxayın gedirdilər. Çünki o, hamını sağ aparıb, sağ da gətirirdi… Öz yaralı əsgərini neytral zonadan çıxara bilirdi və ona əmr edirdi ki, "ölmə!", - döyüş yoldaşları deyir onun barəsində.
Vətən müharibəsinin "Qarabağ" ordenli şəhidi, XTQ-nin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli.
Xüsusi Təyinatlı Qüvvələrin Baş Leytenantı Abbasbəyli Həmid Cavanşir oğlu.
17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. İlk təhsilini Binəqədi rayonu 157 nömrəli tam orta məktəbdə almış, müəllimlərinin sevimli və çalışqan şagirdi olmuşdur. Tarix fənninə xüsusi marağı var idi. Dərslərindəki müvəffəqiyətlərini həm oz bacarığına, həm də genlərini daşıdığı ziyalı ailəsinə borclu olan Həmidin Babası Həmid müəllim Slavyan Universitetinin sayılıb seçilən müəllimlərindən olmuşdur. Atası və anası rus dili və ədəbiyyatı müəllimləridir. Həmid dünyaya gələndən səbirli, təmkinli olması ilə dostlarının sevgisini qazanmışdı, bu xüsusiyyətləri ilə hamıdan seçililirdi.
Orta məktəbdən sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. Liseyi müvəffəqiyyətlə bitirəndən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. Ali təhsili başa vurduqdan sonra cəbhə bölgəsində çalışmış, “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. O, kiçik yaşlarından məktəbdə, sonra ali məktəbdə, eləcə də iş kollektivində öz mədəniyyəti, tərbiyəsi, dünyagörüşü və nizam-intizamı ilə seçilmişdir. 4 xarici dil bilirdi. İdmana da xüsusi marağı olan Həmid dəfələrlə boks və qaydasız döyüş yarışlarının qalibi olmuş və müxtəlif medallarla təltif olunmuşdur. Ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.
2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir.
2016-cı ilin 2–5 aprelində baş verən “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. 2020-ci ilin iyun ayinın 24-də Moskva şəhərində Qırmızı meydanda baş tutmuş hərbi paradda Vətənini qürurla təmsil etmişdir.
27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, minaya düşərək ayağından yaralanmış, lakin ilkin tibbi yardımdan sonra dərhal döyüşə davam etmiş, Füzulinin, Hadrut qəsəbəsinin, Cəbrayılın alınmasında xüsusi fəallıq göstərmişdir.
Gəncliyini, ömrünü vətənə fəda edən Həmid qələbəni görməsə də, adını qəhrəmanlar sırasına yazıb. Qardaşı Ağasıya etdiyi zəngdə “Anam sənə əmanət”, - demişdi. Həmin zəng Həmidin sonuncu zəngi oldu.


Bu gün deyəsən həmin gündü, ay ana
Səbirli ol qurban olum, ağlama.
Səhər açılar xəbərlərdə baxarsız
Qarabağdan salam var Azərbaycana.

Olmadı amma, şəhid xəbəri aldı ana o zəngdən sonra.


Qarabağda döyüş gedir, sevgilim
Laçın düzündən yenə güllər dərim
Əgər qismət olsa geri dönməyə
İstəyirəm gülləri sənə verim...


Laçın dəhlizi Həmid üçün ölüm-dirim mübarizəsinin sonu oldu.
Həmid Abbasbəyli Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən ən ağır döyüşlərdə savaşıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəb­rayılın azad olunma­sına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. II Şəhidlər Xiyabanında dəfn olunub.
2021-ci ildə Həmid Abbasbəylinin Xətai rayonunda yaşadığı binanın önündə xatirə lövhəsi qoyulmuş və bağ salınmışdır.
Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər kəsə nəsib olmur.
Bordo bereli komandir, xüsusi təyinatlı qüvvələrin baş leytenantı Həmid Abbasbəyli aprel döyüşləri də daxil olmaqla, 44 günlük Vətən müharibəsində özünün qəhrəmanlığı ilə xalqımızın yaddaşında silinməz iz buraxıb.
Ruhun şad olsun, şəhidim!

Yeganə Məmmədova