MƏQALƏLƏR

348

Bütün yollar Zəngəzur dəhlizinə və Zəngəzura aparır!

  • 13.08.2021

 

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

 


 

30 ilini qeyd etməyə hazırlaşdığımız ikinci müstəqilliyimiz dövründə çox uğurlara, çox nailiyyətlərə imza atdıq.
Bu uğurlar, bu nailiyyətlər bizə heç də asan başa gəlmədi, dövlət, xalq, cəmiyyət olaraq, çox imtahanlardan, çox sınaqlardan keçməli olduq, amma sonunda bacardıq, əksər istəklərimizi, niyyətlərimizi, arzularımızı reallaşdırdıq, hədəflərimizə çatdıq. Çoxlarına və çoxumuza xəyal kimi görünənləri belə xəyaldan gerçəkliyə, reallığa çevirə bildik. Təbii və heç şübhəsiz ki, bunlar da səbəbsiz və səbəbkarlarsız olmadı.
Ulu Öndərimiz Heydər Əliyevin tarixi ikinci hakimiyyətə qayıdışından, Azərbaycanın ikinci müstəqilliyini itirmək, bir dövlət olaraq, parçalanmaq, məhv olmaq təhlükəsini tam aradan qaldırmasından, tarixi “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmasından, onun uğurla reallaşmasından, Azərbaycanı yeni-inkişaf, quruculuq mərhələsinə daxil etməsindən və hakimiyyət estafetini layiqli davamçısı ölkə Prezidenti, Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə ötürməsindən sonra bir çox xəyallar məhz son dərəcədə düşünülmüş, gələcəyə hədəflənmiş və hesablanmış uğurlu, müdrik, uzaqgörən, realist və prqamatik siyasət nəticəsində mümkün və gerçək oldu. Bəli, heç kimə sirr deyil və açıq şəkildə etiraf etmək lazımdır ki, çoxlarına - çoxumuza Qarabağın işğaldan azad ediləcəyi bir xəyal, mif kimi görünürdü.
Böyük əksəriyyətin içində bir kədər, üzgünlük, məyusluq vardı, xüsusilə, dünya düzəni, ətrafımızda baş verənlər, ikili, üçlü, beşli standartlar Qarabağın dağlı-aranlı yenidən vahid və Azərbaycanla olacağını bir növ imkansız edirdi.
Ancaq 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı və 2020-ci ilin İyul-Tovuz hadisələri bu buzu, inamsızlığı sındırdı, vurub-dağıtdı, böyük əksəriyyətdə Qarabağın bir gün və çox tezliklə azad olunacığı ümidlərini hər mənada cücərtdi, alovlandırdı, bu, bütün beyinlərə hakim kəsilməyə başlandı.
2020-ci ilin İyul-Tovuz hadisələrindən cəmi iki ay-ik ay yarım sonra, 2020-ci ilin sentyabrın 27-də, səhər saatlarında işğalçı və təcavüzkar Ermənistanın növbəti qanlı təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Azərbaycan Əsgərinə, Rəşadətli Azərbaycan Ordusuna “Döyüş, vur!” əmri verildi və dünya hərb tarixində yaşanmayan bir hərb salnaməsi, hərb modeli ortaya qoyuldu.
Cəmi 44 günə “Dəmir Yumruq”lu Azərbaycan Dövləti, Azərbaycan Əsgəri, Azərbaycan Ordusu 32 illik qanlı Qarabağ savaşına, Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu, Azərbaycan torpaqlarını işğaldan azad etdi, Ermənistanı 10 noyabr bəyanatını imzalamağa məhkum və məcbur etdi. Bütün dünya bir daha Azərbaycanın əzmini, iradəsini, qətiyyətini gördü və onun Qələbəsi, Zəfəri ilə hesablaşdı, onu etiraf etdi.
Tarixi Qələbə və Zəfərimizin, 10 noyabr bəyanatının ən mühüm nöqtələrindən, məqamlarından biri də tarixi Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyin götürülməsi oldu.
Məhz Azərbaycan tərəfinin, Azərbaycan prezidentinin dəmir iradəsi və qətiyyəti nəticəsində bu məsələ 10 noyabr bəyanatının 9-cu bəndində öz əksini tapdı və Ermənistanın da bu öhdəliyi üzərinə götürməsindən başqa yolu, çarəsi qalmadı.
Məlum doqquzuncu bənddə də göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu yerdə qeyd edək ki, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söhbət getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq.
Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il yanvarın 11-də reallaşan üçtərəfli görüş zamanı da nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu oldu. Görüşün gedişində imzalanan yeni bəyanata əsasən, 10 noyabr bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradıldı. Həmin qrupun iclasında isə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılan digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlandı.
Zəngəzur tarixi torpaqlarımız Göyçə, Dərələyəz, İrəvan kimi Ermənistan adlı qondarma dövlətə birləşdirilmiş, ilhaq edilmiş qədim Azərbaycan torpağıdır, yurd yerimizdir.
Çox təəssüflər olsun, 20-ci əsrin əvvəllərində, birinci müstəqilliyimiz ərəfəsində və dövründə də dünyada yaşanan çox böyük haqsızlıq və ədalətsizliklərlə üz-üzə dayanmış, bəzi məcburiyyətlərə getməkdən başqa çıxış yolumuz qalmamışdı.
Dünyanın supergüclərinin təzyiq və təhdidləri nəticəsində bəzi ərazilərimizin, o cümlədən Zəngəzurun Ermənistan adlı saxta və qondarma dövlətə ilhaq edilməsinə, ona birləşdirilməsinə razılıq vermişdik. Çox təəssüflər olsun ki, üstündən yüz ildən artıq bir dövr keçsə də, hələ də bu haqsızlıqlar, bu ədalətsizliklər dünya birliyi tərəfindən aradan qaldırılmamışdır.
Amma Qarabağ münaqişəsini uğurla, Zəfərlə başa vurduğumuz kimi, Zəngəzur və digər qoparılmış, ilhaq edilmiş ərazilərimizlə də bağlı tarixi ədaləti məhz özümüzün bərpa edəcəyimiz gün uzaqda deyil.
İndi bunlar da çoxlarına xəyal kimi görünə bilər, amma hər bir məsələnin, sadəcə, zamana ehtiyac var və zamanında hamısı, hər biri xəyallardan gerçəkliyə çevriləcək.
Artıq Zəngəzurla da bağlı verilən mütəmadi mesajlar, atılan addımlar, Azərbaycan prezidentinin birmənalı və barışmaz mövqeyi bu istiqamətdə müsbət işartılar, nikbin gələcək deməkdir. İstər İkinci Qarabağ savaşından bir xeyli öncə, istərsə də İkinci Vətən müharibəsindən sonra Azərbaycan prezidenti, demək olar ki, bütün çıxış və bəyanatlarında Zəngəzur və nəhayət Zəngəzur dəhlizi məsələsini dilə gətirmiş, qabartmışdır.
Elə bir çıxış, bəyanat, müsahibə olmamışdır ki, bu məsələyə toxunulmasın, onun üzərindən sükutla keçilsin və ya Ermənistana, onun açıq və gizli havadarlarına xəbərdarlıqlar edilməsin.
Ümumiyyətlə, Zəngəzur dəhlizi dedikdə nə nəzərdə tutulur və nələri özündə ehtiva edir?
Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Yəni, bu dəhliz ərazi dəhlizi deyil, daha çox nəqliyyat dəhlizi funksiyasını yerinə yetirəcək. Zəngəzur dəhlizi həm də və ilk növbədə Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur.
Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya isə Avropa ilə birləşə bilər. Zəngəzur dəhlizinin yaradılması ilə həm də Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək, əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu, ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Ümumilikdə, Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, mövcud ticarət və nəqliyyat əlaqəsinə də xidmət edəcəkdir. Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaqdır.
Bütövlükdə nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcəkdir. Gücləndirilmiş regional əməkdaşlıq inkişafı gücləndirməklə yanaşı, bölgədə hərbi alovlanma riskini azaldacaq, həmçinin sülh və sabitliyi möhkəmləndirəcək iqtisadi payların yaradılmasına kömək edə bilər.
Zəngəzur dəhlizi, eyni zamanda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Və qeyd edildiyi kimi, dayanıqlı iqtisadi inkişaf və sülh isə, təbii ki, gələcəkdə Ermənistan tərəfindən zərərli millətçi fikirlərin yayılmasının və yeni münaqişələrin yaranmasının qarşısını alacaq.
Ermənistan isə Zəngəzur dəhlizinin vurğulanan üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.
Zəngəzur dəhlizi məsələsi 6 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və həm də Ermənistan arasında yeni əməkdaşlıq, tərəfdaşlıq nümunəsi, formatı, platforması ola bilər ki, bunun da ancaq və ancaq tərəflərə xeyri dəyəcək. Heç təsadüfi deyil ki, başqa ölkələr, o cümlədən qardaş və dost Pakistan da bu dəhlizə ciddi şəkildə maraq göstərməkdədir. Çünki bunun özü həmin ölkə üçün də dünyaya daha bir açılım deməkdir. Yəni, bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizi reallaşarsa və reallaşdığı təqdirdə, bu, dünyada yeni mənzərənin, yeni reallığın yaranması demək olacaq. Bu isə bütövlükdə dünyada təhlükəsizliyə, sabitliyə və inkişafa öz töhfələrini verəcək.
Ancaq çox təəssüflər olsun ki, Ermənistan yenə də bu məsələdə qeyri-konstruktivlik və dağıdıcılıq mövqeyi nümayiş etdirməkdədir. Dəmir yolu xəttinin çəkilişinə razı olsa da, avtomobil yolunun çəkilişinə qarşı ciddi cəhdlə etiraz etməkdədir ki, bununla da bir daha Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının, bütövlükdə isə Türk dünyasının yenidən birləşməsinin qarşısını almaq, buna əngəl olmaq məqsədini güdür. Ancaq bütün bu cəhdlər səmərəsiz və mənasızdır. Artıq prosesə start verilmişdir və qarşısıalınmaz bir prosesə çevrilmişdir. Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq da.
Məlumat üçün qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanmaqda və paralel olaraq tikintisi aparılmaqdadır. Avtomobil yolunun isə 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur ki, onun uzunluğu 123,8 kilometr və 4-6 hərəkət zolağından ibarət olacaq.
Heç təsadüfi deyil ki, ölkə prezidenti bu ilin aprel ayının 2-də Zəngəzur dəhlizi ilə bağlı məsələyə birmənalı nöqtəsini qoydu.
AzTV-yə növbəti parlaq müsahibəsində açıq və birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
Bununla əslində Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın timsalında bir daha öz dəmir iradəsi və mövqeyini nümayiş etdirdi.
Elə həmin gün bu bəyanatın ildırım sürəti ilə yayılması, dünyanın siyasi mərkəzlərinin əsas müzakirə mövzusuna, dünya xəbər agentliklərinin və ümumilikdə KİV-lərin əsas gündəm, manşet xəbərinə çevrilməsi bu iradənin, bu qətiyyətin göstəricisi idi.
Dünya gördü və bildi ki, Qarabağ münaqişəsində güzəştə gedilmədiyi kimi, Zəngəzur məsələsində də güzəştə gedilməyəcək və bir addım belə geri çəkilmə olmayacaq.
Həmin müsahibəsində “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”, - deyərək Azərbaycan prezidenti bəyan etdi ki, sadəcə bizim əsas rəqibimiz zamandır.
Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə də bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.
Bu tarixi bəyanatın üzərindən heç bir ay keçməmiş, bu ilin may ayında Naxçıvan Muxtar Respublikasına növbəti səfərində bir daha AzTV-yə geniş məzmunlu çıxışında ölkə prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxundu və bəyan etdi, xatırlatdı ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir ki, bu dəhliz də açılmalıdır və açılacaqdır.
Çünki bir daha qeyd edildiyi kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır.
“Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir”, - deyə bəyan edən Ali Baş Komandan onu da vurğuladı ki, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq.
Ermənistan ərazisində olan hissəyə gəlincə, demək olar ki, Ermənistan dəmir yolları anlayışı yoxdur. Çünki Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir və Ermənistan dəmir yolları ona məxsusdur.
Ona görə bu məsələ daha çox Rusiya tərəfi ilə müzakirə edilir və Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
Azərbaycan prezidenti birgə mətbuat konfransında bildirdi ki, bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir və bu, ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və onun tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana bizim ərazilərimizdə layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək.
Azərbaycan prezidenti öz birmənalı və barışmaz mövqeyini yenidən və qətiyyətli şəkildə ortaya qoydu. Öz xəbərdarlığını etdi, öz mesajını ötürdü. İndi seçim etmək, qərar vermək Ermənistanın və onun havadlarınındır.
Son günlər dövlət sərhədində baş verənlər, təxribatlara cəhdlər də heç bir səmərə verməyəcək və işə yaramayacaq. Əksinə, bununla Ermənistan və havadarları özlərini daha da rəzil duruma salırlar və salacaqlar. Nəticəsi də, cavabı da onlar üçün çox ağır olacaq, necə ki, olur.
Odur ki, nə qədər gec deyil, hələ vaxt var, düzgün, ağıllı seçim və konstruktiv qərar qəbul etsinlər, Zəngəzur dəhlizi məsələsi ilə bağlı öhdəliklərini yerinə yetirsinlər.
Etməsələr, yerinə yetirməsələr, biz edəcəyik, biz yerinə yetirəcəyik - 44 günlük müharibədə olduğu kimi və “Dəmir Yumruq”la!

 

Ziyad SƏMƏDZADƏ,
millət vəkili, akademik