Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət

Mayın 20-də Azərbaycan parlamentinin Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 1995-ci ildən indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. İndiyə qədər amnistiya aktlarından üçü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilib. Bir neçə gün əvvəl isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dördüncü amnistiya aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

İclasda çıxış edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban ƏLİYEVA dedi:

-Hörmətli həmkarlar, ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq 28 May – Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edirəm.

2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi hər zaman doğrultmağa çalışmışıq.

Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik.

Hörmətli həmkarlar, amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Xüsusilə diqqətinizə çatdırmaq istərdim ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Ümumilikdə, 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.

Hörmətli həmkarlar, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.

Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər. Diqqətinizə görə çox sağ olun.

x x x

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, amnistiya aktı qanunvericilik texnikası baxımından dürüst və amnistiya qərarlarının təcrübəsinə əsaslanaraq mükəmməl şəkildə hazırlanıb. O vurğulayıb ki, amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və parlamentə təqdim edilməsi artıq xalqımız tərəfindən alqışlanan bir ənənəyə çevrilib. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası baxımından, o cümlədən məhkumların sayının azadılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir.

Qeyd edilib ki, yeni amnistiya aktının qəbulundan sonra 10 min şəxsin müxtəlif formalarda azadlığa buraxılması gözlənilir. Bu amnistiya aktı 3 min 500-ə yaxın şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir. Əvvəlki qərara əsasən 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər böyükdür. Hazırkı amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə bu, min nəfər çoxdur.

Diqqətə çatdırılıb ki, amnistiya aktı haqqında Milli Məclisin qərarı 2016-cı il iyun ayının 15-də qüvvəyə minəcək. Qərarın ümumi icra müddəti dörd aydır. Respublika Günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında mühüm rol oynayacaq, insanların haqq-ədalət inamını daha da möhkəmləndirəcək.

Deputatlar müzakirələr zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünü çox humanist bir addım kimi qiymətləndiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub. Hər zaman humanizm məfkurəsindən çıxış edən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da canlandıracaq, neçə-neçə ailələrə səadət, sevinc bəxş edəcək. Amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər. Birinci xanım Mehriban Əliyevanın bu təşəbbüsü Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Müzakirələrdən sonra “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.