Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Parisdə Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi təntənə ilə qeyd edilmişdir zərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir

 Oktyabrın 27-də Parisin məşhur “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışdı. “Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir”, - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişaf etdiyini bildirdi.
Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:
-Müstəqillik dövründə Fransa-Azərbaycan əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ilin sentyabr ayında Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi.
Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehriban xanım Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğuladı. Bildirdi ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı ölkələrimiz arasında inkişaf edən mədəni-humanitar əməkdaşlığın da uğurlu olduğunu dedi. Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirdi ki, Azərbaycan-Fransa əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz DÜPON mərasimdə çıxış edərək bildirdi ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçmişdir. Ambruaz  Düpon Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimizin münasibətlərində yeni səhifə açdığını söylədi. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düpon Mehriban xanım Əliyevanın Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi mühüm fəaliyyət göstərdiyini vurğuladı.
Ambruaz Düpon Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələrin də yüksək qiymətləndirildiyini bildirdi.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etmişlər.
Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya prioritet istiqamətdir. Bu proses 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sistemli xarakter almışdır. Həmin dövrdən etibarən Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə əlaqələr genişləndirilmişdir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev xaricə ilk səfərlərini məhz Fransaya etmişlər. Bu səfərlər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyə geniş imkanlar açmışdır.
Bu gün Azərbaycan-Fransa münasibətləri mədəniyyət sahəsində də xüsusi çəkisi ilə diqqəti cəlb edir. Bu sahədə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər Azərbaycanın bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən mühüm cəhətlərdən biri də mədəniyyət tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır. Heydər Əliyev Fondunun yeni layihəsinə əsasən Fransanın 10 şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi mərasimlər keçirilir. Budəfəki tədbirdə də 20 ildən çoxdur dünyada sürətli inkişafı ilə öyünən ölkəmizin uğurlarının mədəniyyətin, musiqinin, bir sözlə, hər kəsin başa düşdüyü dildə təqdim edilməsi heç də təsadüfi deyildir. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılmışdır. Mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini cəlb edir. Janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların olduğu bu konsert Parisdə əsl hadisəyə çevrilməklə diqqəti nadir inciləri ilə öyünən Azərbaycana yönəltdi. Mədəniyyətimizin təntənəsinə, ölkəmizin tanınmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrildi.
Konsert Paris ictimaiyyətində ölkəmiz haqqında informasiya bolluğu yaratmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Bu missiyanı isə öz uğurlu layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında yetərincə mühüm rol oynayan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Bu gecədən təəssüratlar kifayət qədər zəngin oldu. Bu, özünəməxsus koloriti ilə diqqət çəkən Azərbaycan mədəniyyətinə ehtiramın nümunəsinə, həm də fransız tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrildi. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayandı.