Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Yaşar Əliyev: Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən mühüm tərəfdaşlarından biri olaraq qalır
 
Vaşinqton, 31 may (AzərTAc). AzərTAc-ın xüsusi müxbiri Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevdən müsahibə almışdır. Həmin müsahibəni sizə təqdim edirik.
1. Azərbaycan və ABŞ bu gün: Siz iki ölkə arasında münasibətləri necə səciyyələndirərdiniz?
-Mənim fikrimcə, Respublika Günü münasibətilə ABŞ Prezidenti Barak Obamanın və ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına ünvanlanmış təbriklərində Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə çox dəqiq qiymət verilmişdir. Təbrik məktublarında vurğulanır ki, Birləşmiş Ştatlar Azərbaycanla qarşılıqlı maraqlara və hörmətə əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir. Hillari Klinton öz təbrikində regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi sahəsində Bakı ilə Vaşinqtonun səmərəli əməkdaşlığını qeyd etmiş, ABŞ-ın iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə sadiq olmasını vurğulamışdır.
Ümumiyyətlə, son dövr ikitərəfli əlaqələrin və qarşılıqlı səfərlərin fəallaşması ilə əlamətdar olmuşdur. Məsələn, ABŞ dövlət katibinin müavini Tina Kaydanau Bakıda səfərdə olmuş, onu ölkəmizin Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər qəbul etmişlər.
Elə həmin vaxtda Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, respublikaçı konqresmen Bill Şuster və demokrat konqresmen Kris Merfi başda olmaqla ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan paytaxtında səfərdə olmuşdur. Qonaqları Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin digər rəsmi şəxsləri qəbul etmişlər. Görüşlərdə iki ölkə arasında münasibətlərin indiki vəziyyətindən başlamış regional təhlükəsizlik və energetika sahəsində əməkdaşlığa qədər məsələlər geniş müzakirə edilmişdir. Konqresmenlər Əfqanıstanda sülhyaratma missiyasında Azərbaycanın iştirakını yüksək qiymətləndirmişlər.
Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 18-dən 27-dək ABŞ-da səfərdə olmuşdur. Nazir Vaşinqtonda səmərəli danışıqlar apardıqdan sonra işgüzar səfərini Amerikanın qərb əyalətlərində davam etdirmişdir. Bu səfər müddətində Azərbaycanın dövlət müəssisələri üçün lisenziyalı proqram təminatının alınması barədə “Microsoft” şirkəti ilə saziş imzalanmışdır. Azərbaycan bu sazişi bağlamaqla yerli informasiya texnologiyaları bazarında kontrafakt məhsullara qarşı mübarizəyə sadiq olmasını bir daha nümayiş etdirmişdir.
Lap yaxın vaxtlarda Azərbaycan mədəniyyət ustalarının ABŞ-a səfəri uğurla başa çatmışdır. Onlar Hyuston, Los-Anceles, San-Fransisko və Vaşinqtonda Azərbaycan incəsənətini yüksək səviyyədə təmsil etmişlər. Bu turnenin apofeozu Vaşinqtonda Ronald Reyqan mərkəzində təşkil edilmiş təntənəli konsert oldu.
İyun ayı da səfərlər baxımından intensiv olacaqdır. Ayın ilk günlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edəcəkdir. Onun ABŞ dövlət katibi Hillari Klinton və Amerika Administrasiyasının digər nümayəndələri ilə danışıqları nəzərdə tutulur. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov ABŞ-ın Atlantika şurasında çıxış edəcək, ekspert birliyinin nümayəndələri ilə onun görüşləri olacaqdır.
Başqa istiqamətlər üzrə ikitərəfli tədbirlərin təşkili işi də davam etdirilir.
2. Azərbaycan-Amerika ticari-iqtisadi münasibətləri haqda nə deyə bilərdiniz?
-Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biri olaraq qalır. 2010-cu ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,3 milyard ABŞ dollarına bərabər olmuş, Azərbaycan tərəfinin müsbət saldosu qeydə alınmışdır.
ABŞ ilə ölkəmizin ikitərəfli ticari-iqtisadi tərəfdaşlığı uğurla inkişaf edir, ənənəvi energetika sahəsinin hüdudlarından kənara çıxır. Son bir neçə ildə bu tərəfdaşlıq yeni-yeni istiqamətləri, o cümlədən yüksək texnologiyalar sahəsini əhatə edir. Bu baxımdan strateji əhəmiyyətli bir neçə layihəni qeyd etmək istərdim. Məsələn, “Boeing” şirkəti ilə təqribən 1 milyard ABŞ dolları məbləğində kontrakt imzalanmışdır. Bu kontrakt sayəsində Azərbaycanın mülki aviasiyasına yeni müasir avialaynerlər, o cümlədən müasir aviasiya sənayesinin bəzəyi sayılan məşhur “Dreamliner – Boeing-787” avialayneri əlavə olunacaqdır. Bu, bizim milli “Azərbaycan Hava Yolları” şirkətinin uçuş coğrafiyasını xeyli genişləndirməyə imkan verəcəkdir.
Xüsusi qürur hissi doğuran daha bir nümunə göstərmək istərdim. Gələn il Azərbaycanın “Azərspeys” adlı ilk milli peyki buraxılacaqdır. Beləliklə, Azərbaycan dünyada öz peyki olan 11-ci ölkə olacaqdır. Həmin peyk bu sahənin liderlərindən biri – Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən hazırlanır.
Bundan əlavə, Azərbaycan Neft Fondunun aktivlərinin 12 faizi, yəni təqribən 3 milyard dollar ABŞ-ın qiymətli kağızlar bazarında yerləşdiriləcəkdir.
Bütün bunlar iqtisadi və maliyyə sahəsində qarşılıqlı əlaqələrimizin çoxvektorlu olmasına dəlalət edir.
Amerikalılar praqmatik adamlardır. Əlbəttə, onlar heç bir işi havayı görmürlər. Bu, ilk növbədə birbaşa gəlir deməkdir. Lakin qeyd edilməli başqa məqamlar da vardır. Azərbaycanla ABŞ arasında yuxarıda adını çəkdiyim iki müqavilə ABŞ-da 12,5 min işi yerini təmin edəcəkdir. İşsizliyin yüksək səviyyədə olduğu bir vaxtda bu, çox aktual məsələdir. Prezident Obamanın administrasiyası işsizlik səviyyəsinin azaldılması məsələsinə birinci dərəcəli əhəmiyyət verir.
Bu sazişlərin faydalı olması aşkardır. Lakin siz elə bilirsiniz, Amerikada bu layihələri hamı dəstəkləyir? KİV-lərdə belə bir informasiya yayılmışdır ki, ABŞ-dakı erməni lobbisi Azərbaycan peykinin yaradılmasına isterik tərzdə etiraz edir. Biz belə halları çox görmüşük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əleyhinə də bu cür isterika təşkil edilmişdi. O vaxt daha nələr demirdilər – Azərbaycanda neft yoxdur, təbiəti məhv edirlər və sair və ilaxır. Lakin BTC kəməri tikildi, istifadəyə verildi və indi uğurla fəaliyyət göstərir, hər il Xəzər sahillərindən qərb bazarlarına 1 milyon barrel neft nəql edilir.
Bütövlükdə erməni lobbisi güclü, mütəşəkkil və maliyyə baxımından təmin edilmiş qurumdur. Lakin zaman onların ziyanına işləyir, çünki ermənilərin bütün pozucu fəaliyyətinə rəğmən, Azərbaycan sürətlə inkişaf edir, modernləşir, inamla irəliləyir. Təbii ki, bunlar ermənilərin ABŞ-dakı lobbi təşkilatlarının xoşuna gəlmir, lakin tarixin gedişini dayandırmaq mümkün deyil. Şərqdə məşhur bir məsəldə deyildiyi kimi: İt hürər, karvan keçər.
3. Xahiş edirəm, Vaşinqtondakı Ronald Reyqan mərkəzində keçirilmiş tədbir və Amerika paytaxtında Azərbaycanla bağlı digər tədbirlər barədə bir qədər ətraflı məlumat verin.
-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mayın 10-da Azərbaycan səfirliyi Vaşinqtondakı “Four Seasons” hotelində təntənəli tədbir təşkil etmiş, prezidentlər Bill Klinton və Corc Buş (oğul) administrasiyaları dövründə Heydər Əliyevin Vaşinqtona tarixi səfərlərinə həsr edilmiş fotosərgi açılmışdır. Səfirlik tədbirin qonaqlarına sürpriz etmişdir: “Azərbaycanın heyrətamiz dəyişməsi” adlı sənədli film “Discovery Sciencen” telekanalında nümayiş etdirilmişdir. “Daha uca binalar tikin” adlı populyar seriyadan olan bu film hazırda Bakıda ucaldılan iki möhtəşəm müasir memarlıq nümunəsinə - Heydər Əliyev adına mərkəzə və Atəşgah Qüllələrinə həsr edilmişdir. Bu, həmin filmin ABŞ-da ilk rəsmi təqdimatı idi. Filmin müəllifi, məşhur televiziya aparıcısı və prodüsser Daniel Forster lütfkarlıq göstərərək həmin tədbirdə iştirak etmək barədə bizim dəvətimizi qəbul etmişdir. O, öz çıxışında Azərbaycanın sürətli inkişafını və ölkəmizdə baş verən sanballı dəyişiklikləri yüksək qiymətləndirmişdir. Telekanalın icazəsi ilə bu filmin surətləri çıxarılaraq qonaqlara hədiyyə edilmişdir.
Məmnuniyyətlə qeyd etməliyəm ki, Daniel Forster Azərbaycandan qayıdarkən ölkəmizə məftun olduğunu söyləmişdir. Doqquz gündən sonra o, bizim dəvətimizlə yenidən Vaşinqtona gəldi. Bu dəfə Respublika Gününə həsr edilmiş təntənəli tədbirin fəxri qonağı kimi. Bu tədbir Vaşinqtonda Ağ ev ilə Kapitoli arasında yerləşən Ronald Reyqan məşhur mərkəzində keçirildi.
Azərbaycan Dövlət Rəqs Ansamblının və “Emil Əfrasiyab və dostları” adlı caz qrupunun əla çıxışı tədbirin çoxsaylı qonaqlarını, ABŞ Administrasiyasının, Dövlət Departamentinin, Pentaqonun və digər nazirliklərin yüksək vəzifəli nümayəndələrini, ABŞ Konqresinin və Diplomatik Korpusun üzvlərini, elmi mərkəzlərin, universitetlərin, mədəniyyət müəssisələrinin nümayəndələrini, habelə ABŞ-ın Azərbaycan icmasının üzvlərini heyran etdi.
4. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan duetinin qələbəsinə Amerikada münasibət necə oldu?
-İlk növbədə öz vəziyyətimizi qeyd etmək istərdim. Qələbəmizə görə sevincimizin və fəxrimizin həddi-hüdudu yox idi! Bu qələbə xəbəri yayılanda Vaşinqtonda axşam saat yeddinin yarısı idi. Səsvermənin nəticələri elan edilərkən biz gözlərimizi kompyuterlərin displeyinə zilləmişdik, bizim duetin qələbəyə necə yaxınlaşmasını həyəcanla izləyirdik. Ertəsi gün bu möhtəşəm nailiyyətdən ruhlanaraq səfirliyin press-relizini bir qədər qeyri-adi sərlövhə ilə yaymışdıq: “Azərbaycan Avropanı fəth edir”. Nəticə qələbənin özünə layiqdir. Amerikanın 171 KİV orqanı, o cümlədən bütün 50 ştatın ərazisində fəaliyyət göstərən 142 teleşirkət bizim press-relizi dərc etdi. Onların arasında ABC, CBS, NBC, Fox və digər məşhur kanallar vardı.
Eldar-Nigar duetinin qələbəsi Amerikada bizim ölkəyə çox böyük maraq doğurmuşdur. Bəzi KİV-lər qeyd etmişlər ki, müsabiqədən sonrakı ilk günlərdə internetin axtarış sistemlərində Azərbaycan haqqında yeddi milyondan çox sorğu olmuşdur.
Həmkarlarımızdan, Azərbaycanın tərəfdaşlarından, dostlarından, hətta Dövlət Departamentinin, Pentaqonun və ABŞ-ın digər dövlət müəssisələrinin yüksək vəzifəli əməkdaşlarından səfirliyə külli miqdarda təbriklər daxil olmuş, bizə ən xoş arzularını bildirmişlər. 2012-ci ilin may ayında Bakı Avropanın mahnı və gənclik paytaxtı olacaqdır. Bununla əlaqədar hamı bizim qürurumuza və sevincimizə qoşulur.