Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Milli Məclisin növbəti iclası keçirilmişdir
 
Mayın 17-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov “Eurovision-2011” musiqi yarışmasında əldə olunmuş qələbə münasibətilə deputatları və Azərbaycan xalqını təbrik etmişdir. O demişdir ki, bu bütün Azərbaycan xalqının qələbəsidir və növbəti yarışmanın ölkəmizdə keçirilməsi Azərbaycanı dünyada daha da məşhurlaşdıracaqdır.
Sonra cari məsələlərə baxılmış, deputatlar Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid etmiş, bu sənədin qərəzli, qeyri-obyektiv olduğunu vurğulamışlar. Bildirilmişdir ki, bu qətnamə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın xarakterinə və mahiyyətinə uyğun gəlmir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov və başqaları çıxış edərək bildirmişlər ki, bu cür sənədlərin qəbulu beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşmasını bir daha sübut edir. Onlar bu yolla Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər. Buna nail ola bilmədikdə insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilir.
Sonra Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq üçün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov başda olmaqla Əli Hüseynli, Azay Quliyev, Fərəc Quliyev, Asim Mollazadə, Aytən Mustafayeva və Səməd Seyidovdan ibarət komissiya yaradıldı.
Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, mayın 20-də Avropa Parlamentinin sədri Azərbaycana səfər edəcəkdir. Hazırladığımız bəyanat sənəd şəklində Avropa Parlamentinə göndəriləcək və burada onun özünə də təqdim olunacaqdır.
Cari məsələlər dinlənildikdən sonra deputatlar gündəlikdəki layihələrin müzakirəsinə başlamışlar.
Əvvəlcə iki beynəlxalq sənəd - “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişlər təsdiqlənmişdir.
Bildirilmişdir ki, bu sənədlər Azərbaycanın maraqlarına və beynəlxalq nüfuzunu möhkəmlənməsinə xidmət edir.
Sonra “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişiklik olunmuşdur.
Dəyişikliklər qüvvəyə mindikdən sonra Azərbaycana turist axınının gücləndirilməsi məqsədilə vizaların rəsmiləşdirilməsi turizm şirkətləri vasitəsilə həyata keçiriləcəkdir. Onlar xarici vətəndaşlarla diplomatik nümayəndəliklər arasında vasitəçi rolunu oynayacaqlar.
Bu dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, belə vizalar həm teleqraf poçtu, həm də elektron qaydada rəsmiləşdirilə bilir. Vizanın verilməsindən imtina edildikdə, bunun əsaslandırılmış səbəbləri göstərilməlidir. Bu halda turistlərə gediş-gəliş üçün birdəfəlik vizalar verilə bilər. Həmin vizalar üzrə ölkədə qalma müddəti 30 gün müəyyənləşdirilmişdir.
“Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”yə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Vergi, İnzibati Prosessual, Əmək və Ailə məcəllələrinə dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, bu dəyişikliklər əsasən redaktə xarakterlidir.
Milli Məclis iqtisadi sahəyə aid olan qanunların da təkmilləşdirilməsi məqsədilə “İcra məmurları haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında”, “İnzibati icraat haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlara da bir sıra dəyişikliklər etmişdir.
Azərbaycan mədəniyyətinin, folklor nümunələrinin qorunmasının təmin olunması məqsədilə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanununda dəyişikliklər edilmişdir. Qanuna edilən əlavələrə əsasən, fiziki və hüquqi şəxslər - xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədilə istifadəyə görə Azərbaycan hökumətindən icazə almalı və ödəniş etməlidirlər.
Axşam iclasında deputat Azay Quliyev Milli Məclisin Avropa Parlamentinə müraciətinin mətnini oxumuşdur (müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc edilir).
Sonra “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, sənəddə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddinin 65 olması təklif edilir. Eyni zamanda, bu vaxt 5 ildən çox olmayaraq hər dəfə 1 il müddətinə uzadıla bilər.
“Əmək pensiyaları haqqında” Qanuna da dəyişikliklər olunmuşdur. Qanuna təklif olunan dəyişiklikdə 2006-cı il yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapmışdır. Bildirilmişdir ki, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40 faizə qədər artacaqdır.
Qanuna təklif olunan əlavədə deyilir: “2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır”. Qeyd edilmişdir ki, bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaqdır. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiya çıxanların təqaüdləri arasındakı fərq bağlanacaqdır. Pensiyası yüksək olan şəxslərin pensiyalarında isə azalma olmayacaqdır. Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaqdır.
Sonra iclasda “Sosial xidmət haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun ölkəmizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinin fundamental prinsiplərini özündə ehtiva edən bir sahəyə həsr olunmuşdur. Qanun layihəsinin fəlsəfəsi ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, kimsəsizlərə, xroniki xəstəlikləri və əqli cəhətdən qüsurları olan, özünə qulluq etmək imkanı olmayan şəxslərə müxtəlif növ sosial xidmətlərin ehtiyaclarına uyğun olaraq təqdim edilməsindən ibarətdir.
Sonda layihə birinci oxunuşda qəbul olunmuşdur.
Bununla da iclas başa çatmışdır.