Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Azərbaycanda kimya sənayesinin yaranma tarixi XIX əsrin ortalarına təsadüf edir. Neft-kimya sənayesinin tərəqqisi ötən əsrin 1945-ci ilində neft-kimya şəhəri kimi salınan Sumqayıtda yeni kimya müəssisələrinin yaradılması ilə daha sürətlə davam edib. Əslində Sumqayıtda ilk kimya zavodlarının tikintisinə hələ II dünya müharibəsindən əvvəl - 1938-ci ildə cəhd göstərilsə də, bu iş başa çatdırılmamışdı. Bununla belə müharibənin ən qızğın bir vaxtında – 1943-cü ilin oktyabrında SSRİ Dövlət Müdafiə Komitəsi o zaman Sumqayıtın geniş, boş çöllərində hərbi ehtiyacların ödənilməsi məqsədilə ilk kimya müəssisəsinin tikilməsi haqqında qərar çıxardı.

Ağır müharibə şəraitinə, bütün mövcud çətinliklərə baxmayaraq, SSRİ-nin o zamankı rəhbərliyi Sumqayıtda yeni kimya müəssisəsinin tikintisinə xüsusi əhəmiyyət verirdi. “Xlor və kaustik soda istehsalatlarının vaxtından əvvəl tikintisi – bizim alman faşizmi üzərində qələbəyə köməyimizdir!” devizi ilə çalışan inşaatçı və quraşdırıcıların fədakar əməyi, gərgin səyi nəticəsində 1945-ci ilin may ayının ilk günlərində “Ozero” adlanan, sonralar “Ximzavod”, Sumqayıt səthi aktiv maddələr zavodu kimi tanınan müəssisədə ilk məhsul – kaustik soda alındı.

Bu günlərdə 70 illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız Sumqayıt neft-kimya sənayesinin tarixi də məhz həmin ildən - böyük Qələbə ili olan 1945-ci ildən başlayır. Müharibədən sonrakı illərdə Sumqayıtda bir-birinin ardınca yeni neft-kimya müəssisələri – Sintetik kauçuk zavodu, Superfosfat, Məişət kimyası, Üzvi sintez zavodları, respublikanın ən iri neft-kimya müəssisəsi hesab edilən Sumqayıt Kimya kombinatı və digər müəssisələr işə salındı. Beləliklə də, Azərbaycanın bu gənclik şəhəri bütün SSRİ-də kimyaçılar şəhəri kimi tanınmağa başladı.

1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətinin elə ilk günlərindən sənayenin bütün sahələri kimi neft-kimya sənayesinin inkişafına da xüsusi diqqət yetirirdi. Danılmaz bir həqiqətdir ki, Azərbayсanın neft-kimya sənayesi ötən əsrin 70-ci illərindən başlayaraq hansı yeniliklərə, uğurlara nail olmuşdursa, onların hər biri ölkənin neft-kimya sənayesinin inkişafı üçün dahi rəhbərin uzaqgörənliklə həyata keçirdiyi genişmiqyaslı, səmərəli tədbirlərin real nətiсəsidir. Dahi rəhbərin şəxsi təşəbbüsləri və gərgin səyləri sayəsində ötən əsrin 70-80-сi illərində Sumqayıtda neft-kimya sənayesinin yenidən qurulması, Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən yeni neft-kimya müəssisələrinin yaradılması, o dövrün yüksək standartlarına uyğun olan, daha səmərəli texnoloji qurğuların inşası, mövсud istehsalatların rekonstruksiyası, yeniləşdirilməsi, istehsal güсlərinin artırılması işləri xeyli sürətləndirildi.

Məhz 70-ci illərin əvvəllərində əhalinin məişət tələbatını maksimum ödəmək məqsədilə Sumqayıtın kimya sənayesinin ilki, “patriarxı” olan Kimya zavodunda sulfanol istehsalatının ikinci kompleksi işə salınaraq, müəssisənin istehsal gücü artırıldı və həmin sulfanol əsasında bütün Zaqafqaziyada ilk dəfə olaraq yuyucu vasitələr istehsal edən Sumqayıt Məişət kimyası zavodu yaradıldı. İlk illərdə müəssisədə istehsal gücü 30 min ton olan yalnız bir istehsalat sahəsi fəaliyyət göstərirdi. Lakin bunun istehlakçılar üçün heç də qaneedici olmadığını, başlıcası isə yuyucu vasitələr istehsalının respublika üçün gəlirli bir sahə olduğunu nəzərə alan Heydər Əliyevin təşəbbüsü ilə artıq 1978-ci ildə müəssisədə müasir texnologiya əsasında tikilmiş daha bir müəssisə işə salındı və onun nəticəsi olaraq zavodun istehsal gücü iki dəfədən çox artırıldı. Müəssisə yuyucu tozlarla yanaşı, ilk dəfə olaraq bir çox çeşiddə müxtəlif təmizləyici vasitələr də istehsal etməyə başladı.

Həmin dövrdə Sintetik kauçuk zavodunda da bir sıra yeni müəssisə və istehsalat sahələri yaradıldı. 1969-cu ildə yüksəktəzyiqli polietilen, 1971-ci ildə isə illik gücü 15 min ton olan butil-kauçuk müəssisələri istifadəyə verildi. 1976-cı ildə butandan butadien istehsal edən, 1977-ci ildə isə butadien-stirol lateksi qurğuları işə salındı.

Xüsusilə qeyd etmək lazımdır ki, butil-kauçuk sexinin işə salınması ilə müəssisənin istehsal gücü xeyli artdı, ən əsası isə zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Bunun nəticəsində həmin növ kauçukun xaricdən alınmasına birdəfəlik son qoyuldu. 1974-cü ildə yüksək markalı kauçuk istehsal edən müəssisənin yenidən qurulması, istehsal gücünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavodunu yerli xammalla təchiz etmək mümkün oldu və bunun sayəsində həmin zavodda SSRİ-də ilk dəfə olaraq minik və iri yük avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin istehsalı xətti işə salındı.

Sonralar Şin zavodunun modernləşdirilməsi, şinlərin vulkanizasiyası və bərpası üzrə də geniş işlər aparılaraq, yeni müəssisələr tikildi. Bu isə respublikanın iqtisadiyyatına olduqca müsbət təsir göstərdi. Respublika rəhbəri tərəfindən neft-kimya müəssisələrində aparılan modernzasiya və texniki yüksəlişə doğru başlanan ümumrespublika tədbirləri Sumqayıt Superfosfat zavodunda da uğurla davam etdirilirdi. 1975-ci ildə zavodda texnoloji avadanlıqları xaricdən gətirilən, istehsal gücü ildə 450 min ton sulfat turşusu olan müəssisə istismara verildi. Ölkənin kənd təsərrüfatının perspektiv inkişafı və tələbatı nəzərə alınaraq, 1980-1983-cü illərdə digər genişmiqyaslı tədbirlər həyata keçirildi və Zaqafqaziyada ilk dəfə olaraq məhz burada dənəvər superfosfat gübrələri istehsal edən, yüksək məhsuldarlıqlı yeni texnoloji kompleks işə salındı.

1970-73-cü illərdə Üzvi sintez zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor istehsalı sexləri fəaliyyətə başladı. Təsadüfi deyil ki, Sintetik kauçuk və Üzvi sintez zavodları uğurla fəaliyyət göstərərək, uzun illər yüksək məhsuldarlıqla işləyib, keçmiş SSRİ-nin və bir çox xarici ölkələrin 150-dən çox ünvanına qiymətli kimya məhsulları ixrac edib.

Bütün bunların nəticəsində qısa bir dövrdə o zaman bütün SSRİ-də və “sosializm düşərgələri” ölkələrində tələbatın çox yüksək olduğu kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qətranın və mineral gübrələrin istehsalı 90 faiz, məişət kimyası mallarının buraxılışı iki, sulfat turşusunun istehsal həсmi isə üç dəfə artıb.

Hələ 1975-76-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılan, Almaniya və Çexoslovakiya istehsalı olan unikal EP-300 qurğusunun (layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton) əldə edilməsi üçün dəfələrlə Moskvaya müraciət etmişdi. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərliyi həmin qurğunun xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək, Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmürdü.

Belə olduqda, hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etdi. Moskvanın yüksək rütbəli nümayəndəsini respublikamızın sənaye sahələrində, o cümlədən neft-kimya sənayesində vəziyyətlə stol arxasında deyil, bilavasitə istehsalat sahələrində tanış edən respublika rəhbəri ona Azərbaycan sənayesinin yüksək texniki tərəqqiyə, modernləşməyə ehtiyacı olduğunu əyani şəkildə sübut edə bilmişdi.

Sumqayıtın Sintetik Kauçuk və Kimya Kombinatında (sonradan – Üzvi sintez zavodu adlandırılıb) yalnız müəssisə rəhbərləri ilə deyil, istehsalat rəisləri və sıravi fəhlələrlə görüşüb, problemlərlə yerindəcə tanış olan N.Tixonov da, sonradan A.Kuznetsov da Heydər Əliyevin öz tələblərində və inadlarında haqlı olduğunu görərək, respublikamızın neft-kimya sənayesinə diqqətin artırılmasına, Sumqayıtda yeni, daha müasir istehsalat sahələrinin yaradılmasına, mütərəqqi texnologiyaların tətbiqinə xüsusi səy göstərməli oldular.

Məhz həmin görüşlərin konkret, real nəticəsi olaraq, çox keçmədən ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.

Azərbaycanın inkişaf etməkdə olan neft sənayesi ilə yanaşı neft-kimya sahəsinin də sürətli inkişafına, dünya bazarında tələbatın çox yüksək olduğu ixrac məhsullarının həcminin artırılmasına nail olmaq üçün Heydər Əliyevin təkidi ilə EP-300-ün texnoloji davamı olan, ildə 120 min ton polietilen istehsalına malik Polimir-120 qurğusunun – daha bir unikal kimya kompleksinin də tezliklə alınması və istismara verilməsi respublikamızda polimer məhsulların – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaşanan xaos, anarxiya digər sahələrlə bərabər kimya sektoruna da təsirsiz ötüşmədi. Həmin dövrdə Sumqayıtın kimya sənayesi xammal çatışmazlığı ilə yanaşı, ağır enerji böhranı ilə də üzləşdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduğundan həm fiziki, həm də mənəvi baxımdan köhnəlib-aşınaraq sıradan çıxmaq üzrə idi. Eyni zamanda, onların istehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. İkinci dəfə respublika rəhbərliyinə gələn Ulu Öndər belə bir vəziyyətin ağır nəticələrə səbəb olacağını qabaqcadan görərək, Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, avtonom bir istilik-elektrik mərkəzinin yaradılması barədə qərar verdi. Bir çox araşdırmalardan sonra bu məqsədlə Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə niyyət protokolları imzalandı.

Ancaq inşa ediləcək buxar-generator qurğusunu – BGQ-ni əldə etmək üçün nəinki kimya müəssisələri, heç bütövlükdə respublika kifayət qədər maliyyə resursuna malik deyildi. Azərbaycanın neft-kimya sənayesinin inkişafına daim diqqət və qayğı göstərən Ulu Öndər bu dəfə də bu ağır yükü öz üzərinə götürərək, vəziyyətdən müdrikliklə çıxmağa nail oldu. O, ölkə kimyasının gələcək inkişafına, perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək, həmin unikal qurğunun Azərbaycanın dövlət zəmanəti ilə, faktiki olaraq özünün zəmanəti ilə inşa edilməsinə qərar və xeyir-dua verdi.

Prezident İlham Əliyev də dahi rəhbərin dövlət idarəçiliyi ənənələrini uğurla davam etdirərək, respublikamızın iqtisadi qüdrətinin artırılması, o cümlədən ölkəmizin neft-kimya səna-yesinin perspektiv inkişafı ilə bağlı son 12 ildə geniş spektrdə tədbirlərin həyata keçirilməsinə nail oldu.

Son illərdə Azərbaycanın hərtərəfli və sürətli inkişafını təmin edən, iqtisadi yüksəlişin daha geniş vüsət almasını prioritet sayan dövlətimizin başçısının 2010-cu il aprelin 2-də “Azərikimya” İstehsalat Birliyinin dünyanın nüfuzlu neft şirkətlərindən birinə çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın tərkibinə verilməsi barədə imzaladığı Sərəncam ölkə sənayesinin neft və neft-kimya sahələrinin vahid bir struktur tərkibində daha səmərəli fəaliyyət göstərməsinə və yüksək nailiyyətlər qazanmasına təkan verdi.

Qısa bir zamanda Birliyin texniki-təchizat bazasının güc-ləndirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş, müasir standartlara müvafiq olmayan maşın-mexanizm parkının dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması və genişləndirilməsi, Etilen-polietilen zavodunda əsaslı təmirin, yenidənqurma və yeniləşmə işlərinin daha ciddi, mövcud reqlamentlər əsasında aparılması, kimyaçıların əməyinin layiqincə qiymətləndirilərək maaşlarının artırılması, iş və məişət şəraitinin yaxşılaşdırılması və s. tədbirlər “Azərikimya” İstehsalat Birliyində həm istehsalat, həm də insan amili baxımından çoxdan idi ki, müşahidə olunmayan yeni bir canlanmaya və yüksəlişə səbəb oldu.

Kimyəvi məhsulların istehsal həcminin yüksəldilməsi, keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mövcud xammallarla yanaşı, alternativ xammal növlərindən istifadə olunması sahəsində də mühüm addımlar atıldı. Belə ki, məhsul çıxımını artırmaq və keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə Bakı Neftayırma zavodunun yan məhsulları olan quru qazların EP-300 kompleksinə nəqli üçün 60 kilometr uzunluğunda xüsusi boru xətləri çəkildi. Hazırda həmin xətlə istehsalat quru qazla təmin olunur.

Görülmüş bütün kompleks tədbirlər nəticəsində Birliyin Etilen-polietilen zavodunun istehsalat göstəriciləri də xeyli yaxşılaşıb. Son illər ərzində ilk dəfə olaraq etilen istehsalı layihə gücünə çatdırılıb, qiymətli kimya məhsullarının çıxım faizi yüksəlib, xammala qənaət olunmaqla balans itkiləri minimuma endirilib, nəticə etibarilə məhsulun maya dəyəri aşağı salınıb və rentabellilik artırılıb.

Neft-kimya sənayesinin çoxprofilli olmasını, eyni zamanda, onun Azərbaycanın, eləcə də region ölkələrinin ərzaq təhlükəsizliyində iştirakını təmin etmək məqsədilə Dövlət Proqramına uyğun olaraq Karbamid (azot gübrəsi) zavodunun tikintisi ilə bağlı dövlətimizin başçısının Sərəncamı da neft-kimyanın gələcək perspektivinə böyük diqqət və əhəmiyyət verildiyini bir daha təsdiq edir. İlik istehsal gücü 600 min tondan artıq olacaq həmin müəssisənin istifadəyə verilməsi ilə həm də Sumqayıtda əhalinin işlə təmin olunması məsələsi əhəmiyyətli dərəcədə öz həllini tapacaq.

Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin Sumqayıtda bir çox müəssisəni özündə birləşdirəcək Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü də ölkə rəhbərinin böyük kimya ilə yanaşı, kiçik kimyanın da ölkə iqtisadiyyatında roluna mühüm əhəmiyyət verməsini təsdiq edir. Belə ki, həmin Parkda özəl sektora aid kiçik müəssisə və sexlərin yaradılması ən mühüm vəzifə kimi qarşıya qoyulub. Bu isə nəticə etibarilə həm sağlam istehsal rəqabəti aparmağa, həm də ölkədə tələbatın yüksək olduğu kimya məhsullarının çeşidinin artırılmasına xidmət edəcək.

Dövlətimizin başçının son zamanlar Sumqayıta çoxsaylı səfərləri, Kimya Sənaye Parkında yaradılan müəssisələrə olan diqqəti, bununla bağlı tapşırıq və tövsiyələri də bütövlükdə Azərbaycanın neft-kimya sənayesinin perspektiv inkişafına göstərilən qayğının real təzahürüdür. Həyata keçirilən konkret layihələr, görülən işlər neft-kimya sənayesinin uğurlu gələcəyinə, bu sahənin dövlətimizin daha qüdrətli və etibarlı dayaqlarından birinə çevriləcəyinə möhkəm əminlik yaradır.