Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Oktyabrın 13-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.

 

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkib. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan verib. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.

Göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü qurunub saxlanılır. Gələn il bu xərclərin xüsusi çəkisi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 8,6 faiz-bənd artımla nəzərdə tutulur.

Sədr qeyd edib ki, büdcədə azalmanın əksər hissəsi Dövlət Neft Fondundan edilən transferin payına düşür. Cari ildə Fonddan edilən transfert 10,4 milyard manat nəzərdə tutulmuşdusa, 2016-cı il üçün bu rəqəm 6 milyard manat proqnozlaşdırılır. Azalma 42 faiz təşkil edəcək. Büdcə xərcləri isə əsas etibarilə, əvvəllər planlaşdırılmış investisiya layihələrinin müəyyən müddətə təxirə salınması hesabına azaldılacaq. Xərclərin azalması artıq icrasına başlanılmış önəmli infrastruktur layihələrinin maliyyələşdirilməsinə təsir göstərməyəcək.

Eyni zamanda, neft sektorunda məhsul istehsalının həcmi 2 faizə yaxın azalma ilə nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Bunun nəticəsi olaraq, qeyri-neft sektoru mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə çatacaq. Bu isə cari illə müqayisədə 12 faiz-bəndə yaxın artım deməkdir.

Vergilər Nazirliyi xətti ilə büdcə daxilolmalarının həcmində qeyri-neft sektorunun payının 73 faiz proqnozlaşdırması da bunun əyani göstəricisidir.

Diqqətə çatdırılıb ki, ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır.

Oqtay Əsədov bildirib ki, 2016-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına təqdim edilib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar birgə çalışırlar. 2016-cı ilin büdcə layihəsi göstərdi ki, bu qurumlar əlaqələndirilmiş şəkildə çox tutarlı bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər.

Komitə sədri qeyd edib ki, bizim hədəflərimiz hazırkı əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerlərinin yaradılmasıdır. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq. Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Diqqətə çatdırılıb ki, yaxın zamanda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək. Bu da birbaşa sahibkarlığın inkişafına kömək edəcək.

Maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, 2016-cı il dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016-2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Bu zaman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə yaradılmış möhtəşəm iqtisadi potensiala söykənərək dövlətimizin milli maraqlarını təmin edən sosial-iqtisadi kursun keyfiyyətcə yeni iqtisadi mühit şəraitində davam etdirilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25.2 faizi həcmində olmaqla, mütləq ifadədə 14 milyard 566 milyon manat nəzərdə tutulur. Bu cari ilin proqnozu ilə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25.1 faiz az, gözlənilən icrası ilə müqayisədə isə 2 milyard 514 milyon manat və yaxud 14.7 faiz azdır.

Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi və ölkəmizdə neft hasilatının əvvəlki illərə nisbətən azalması, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib.

2016-cı il üçün isə hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500.0 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 300.0 milyon manat və yaxud 37.5 faiz az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 112.0 milyon manat və ya 18.3 faiz azdır.

Növbəti ildə Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 210.0 milyon manat və yaxud 14.0 faiz azdır.

2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46.5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11.8 faiz çox olacaq.

Növbəti ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 510.0 milyon manat və yaxud 7.2 faiz azdır.

Həmin məbləğin 4 milyard 812 milyon manatı və yaxud 72.9 faizi qeyri-neft sektorunun payına düşəcək ki, bu da cari ilin proqnozu səviyyəsindədir. Neft sektorundan 1 milyard 790 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 510.0 milyon manat və yaxud 22.2 faiz azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 10.9 faiz olmaqla, büdcəyə 1 milyard 590 milyon manat, yəni cari ilin səviyyəsində vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Son iki ildə Dövlət Neft Fondundan transfertin tədricən azaldılması istiqamətində aparılan siyasətin davamı olaraq növbəti ildə Fonddan dövlət büdcəsinə 6.0 milyard manat transfert nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 26.2 faiz və yaxud 2 milyard 130 milyon manat azdır.

2016-cı ildə sair daxilolmalar üzrə 69.0 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 305.0 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.

2016-cı il üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 28.2 faizi həcmində, mütləq ifadədə isə 16 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyard 836 milyon manat və yaxud 22.9 faiz, gözlənilən icrası ilə müqayisədə isə 1 milyard 466 milyon manat və yaxud 8.3 faiz azdır.

Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsi xərclərinin tərkibində 2015-ci illə müqayisədə cari xərclərin xüsusi çəkisi 10.7 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 4.0 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə 14.7 faiz azalıb.

Nəticə etibarilə dövlət büdcəsi xərclərinin 62.6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29.7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7.7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Belə ki, dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36.1 faiz səviyyəsində olacaq ki, bu da cari illə müqayisədə 8.6 faiz-bənd çoxdur. Dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər 2015-ci illə müqayisədə 42.0 milyon manat və yaxud 0.7 faiz artaraq 5 milyard 868 milyon manat təşkil edəcək.

Qeyd edilib ki, 2016-cı il üçün dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılacaq ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 211.0 milyon manat və yaxud 4.3 faiz çoxdur.

Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31.6 faiz və yaxud cari illə müqayisədə 7.8 faiz-bənd çox olacaq.

Yuxarıda qeyd olunan sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə 871.0 milyon manat vəsait proqnozlaşdırılıb.

Nazir diqqətə çatdırıb ki, dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun büdcəsindən Azərbaycan gənclərinin və gənc mütəxəssislərin xarici ölkələrdə təhsili, ali təhsil müəssisələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üçün 50.0 milyon manat vəsait ayrılacaq.

2016-cı ildə səhiyyə xərcləri üçün 745.0 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 4.6 faizi həcmində vəsait ayrılıb ki, bu da 2015-ci illə müqayisədə 0.9 faiz-bənd çoxdur.

2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 178.0 milyon manatı və yaxud 23.9 faizi bir sıra məqsədli dövlət proqramların və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Növbəti ildə sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 897 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 11.7 faizi həcmində olmaqla, cari illə müqayisədə 2.0 faiz-bənd çoxdur.

2016-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, onların məskunlaşma və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 324.0 milyon manat, o cümlədən dövlət büdcəsindən 224.0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 100.0 milyon manat vəsait ayrılacaq.

Vurğulanıb ki, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, 2016-cı il dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindəndir. Bu məqsədə 2016-cı il dövlət büdcəsi xərclərinin 18.3 faizi həcmində və yaxud 2 milyard 977 milyon manat vəsait nəzərdə tutulub.

Məqsədli olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186.0 milyon manat vəsait ayrılıb.

2016-cı il dövlət büdcəsinin əsaslı xərcləri 4 milyard 826 milyon manat məbləğində proqnozlaşdırılır ki, onun da 3 milyard 555 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə sərf ediləcək.

2016-cı il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 milyard 250 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisə 474.0 milyon manat və yaxud 61.0 faiz çoxdur.

2016-cı il üçün Azərbaycan Respublikasının daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2.5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1.5 milyard manat, yəni bu ilki səviyyədə müəyyən edilməsi təklif olunur.

2016-cı ildə beynəlxalq maliyyə qurumları və kredit təşkilatlarından (Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı) cəlb edilən kreditlər hesabına ölkəmizdə elektrik, su təchizatı və kanalizasiya, yol şəbəkəsi, regionların kompleks inkişafı üzrə bir sıra mühüm infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 578 milyon manat vəsaitin istifadəsi proqnozlaşdırılır.

Növbəti ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 193.0 milyon manat vəsait yönəldiləcək. Həmin vəsaitin 71.0 milyon manatı ölkəmizin xaricdə olan diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması üçün nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 13.0 milyon manat və yaxud 22.1 faiz çoxdur.

Üzv olduğumuz 105 beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 32.0 milyon manat, digər beynəlxalq fəaliyyət üçün 90.0 milyon manat vəsait proqnozlaşdırılıb.

2016-cı il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766.0 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 68.0 milyon manat və yaxud 8.2 faiz azdır.

Gələn ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olmaqla, onların sayı altıya çatacaq (Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron və İmişli rayonları).

Rayon və şəhərlərin yerli xərcləri üçün dövlət büdcəsi xərclərinin 9.5 faizi həcmində və yaxud 1 milyard 541 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 113.0 milyon manat və yaxud 6.8 faiz azdır.

Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulan 775.0 milyon manat maliyyə yardımı (dotasiya) cari illə müqayisədə 45.0 milyon manat və yaxud 5.4 faiz az olacaq. Son 5 ildə ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 12.1 faiz azalaraq 50.3 faiz təşkil edəcək.

Növbəti il üçün dövlət büdcəsinin kəsiri 1 milyard 698 milyon manat məbləğində və yaxud ümumi daxili məhsulun 2.9 faizi həcmində müəyyən edilib.

Dövlət büdcəsi xərclərinin ünvanlılığının artırılması üçün növbəti ilin dövlət büdcəsi xərclərində iqtisadi təsnifatın “Sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsait cari illə müqayisədə 350.0 milyon manat və yaxud 20.3 faiz azaldılıb.

Növbəti ildə dövlət büdcəsi xərclərinin 5 milyard 364 milyon manatı və yaxud 33.0 faizi konkret (məqsədli) proqram və tədbirlər üzrə maliyyələşdiriləcək ki, bu da ünvanlığın təmin edilməsində mühüm şərtlərdəndir.

Nazir bildirib ki, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin gəlirləri 16 milyard 720 milyon manat, xərcləri 19 milyard 907 milyon manat proqnozlaşdırılır.

İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 3 milyard 79 milyon manat təşkil edəcək ki, həmin vəsaitin də 1 milyard 100 milyon manatı və yaxud 35.7 faizi dövlət büdcəsindən ayrılan transfertin payına düşür.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8 milyard 200 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 4 milyard 105 milyon manat və yaxud 33.4 faiz azdır.

Növbəti ildə bir sıra dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 2 milyard 200 milyon manat vəsait yönəldiləcək.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 351.0 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Xərclərin 19.6 faizi və yaxud 69.0 milyon manatı Muxtar Respublikanın öz gəlirləri, 80.4 faizi və yaxud 282.0 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, 2016-cı ildə ölkə üzrə iqtisadi artım 1.8 faiz, inflyasiya 3.3 faiz, növbəti üç ildə isə orta illik artım tempi 3.7 faiz səviyyəsində proqnozlaşdırılır.

2016-cı ildə Azərbaycan üçün Asiya İnkişaf Bankı 2.8 faiz, Beynəlxalq Valyuta Fondu 2.5 faiz, Dünya Bankı 2.6 faiz, S and P agentliyi 2.5 faiz artım proqnozları veriblər. Bu da proqnozlarımızda daha konservativ yanaşmanı göstərir.

Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaq. 2016-cı ildə ticarət balansı 7.6 milyard dollar, cari hesab balansı isə 1.9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırılıb.

Neft sektorunun gələn il 1.7 faiz azalması, neft hasilatının 40.7 milyon ton, növbəti illərdə isə ortalama 40.2 milyon ton olacağı gözlənilir.

Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib və neftin 1 barrelinin qiyməti gələn il və növbəti 3 il üçün hesablamalarda 50 dollar qəbul edilib. Məlumat üçün qeyd etmək lazımdır ki, proqnozlar hazırlanan dövrə Beynəlxalq Valyuta Fondu gələn il üçün neftin 1 barrelinin qiymətini 50, Dünya Bankı 61, ABŞ Enerji Administrasiyası 59, Rusiya 60, Qazaxıstan isə 50 dollar proqnozlaşdırmışdı.

Məlum olduğu kimi, qlobal iqtisadi və maliyyə böhranı, enerji bazarındakı qeyri-sabitlik baş verməmişdən hələ xeyli əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi siyasətinin həyata keçirilməsinə başlanılıb. Məhz bu siyasətin nəticəsidir ki, əgər 2003-cü ildə qeyri-neft sektorunda cari qiymətlərlə 4.4 milyard manat əlavə dəyər yaradılmışdısa, 2014-cü ildə bu göstərici 8 dəfədən çox artaraq 36 milyard manat təşkil edib. Bunun sayəsində yaradılmış iqtisadi potensial bu gün böhran proseslərinin mənfi təsirlərinə qarşı dayanaqlıq göstərməyə, davamlı inkişafı təmin etməyə, sosial proqramları tam şəkildə icra etməyə imkan verir.

Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti 2015-2016 hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qoruyub, “G-20”yə üzv olan 8 ölkəni – İtaliya, Rusiya, Cənubi Afrika, Türkiyə, Hindistan, Meksika, Braziliya və Argentinanı qabaqlayıb. “Fitch” beynəlxalq kredit reytinq agentliyi AR-nın reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.

Beləliklə, dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunmuş real iqtisadi nəticələr ortamüddətli dövrdə də iqtisadiyyatın davamlı inkişafının təmin olunacağına tam əsas verir.

Nazir deyib ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək. Cari ilin sonuna qeyri-neft sahəsinin 5.9 faiz, 2016-cı ildə isə 3.4 faiz artacağı proqnozlaşdırılıb. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə 61 faizdən 2016-cı ildə 71.8 faizə çatacağı proqnozlaşdırılır. Tikinti sektoru nəzərə alınmasa, qeyri-neft sahəsi 5.3 faiz, qeyri-neft ticari sektorlar isə 7.2 faiz artacaq.

Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq.

Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9.2 faiz artıma nail olunacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5.5 faiz, növbəti 3 ildə orta hesabla 5.2 faiz artım proqnozlaşdırılır.

Xidmətlər sektorunda artımın 2016-cı ildə 4.8 faiz, növbəti üç ildə də orta hesabla 5.1 faiz təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ümumi daxili məhsulda payının 2014-cü ildəki 33.4 faizdən 2019-cı ildə 40.9 faizə qədər artacağı gözlənilir.

Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması və eyni zamanda, beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq. Beləliklə, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12.5 faiz artacağı proqnozlaşdırılır.

Bildirilib ki, informasiya və rabitə sektorunda müsbət dinamika davam edəcək. 2016-cı ildə bu sahədə 13.5 faiz, növbəti 3 ildə orta illik 10.3 faiz artım gözlənilir.

Ümumilikdə gələn il nəqliyyatda 3.0 faiz, növbəti 3 ildə isə orta illik 4.3 faiz artım gözlənilir.

Dövlət investisiyalarının azalması fonunda tikinti sektorunun gələn il 4.6 faiz azalması proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, gələn il investisiya qoyuluşlarının 18.8 milyard manat, o cümlədən xarici investisiyaların 8 milyard manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10.8 milyard manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47.3 milyard manat, o cümlədən xarici investisiyaların 15.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Vurğulanıb ki, sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əməkhaqqı artaraq 474.5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, 2016-ci ilin və növbəti üç ilin büdcə layihəsi və sosial-iqtisadi inkişaf proqramı orta müddətli dövrdə hökumətin həyata keçirəcəyi makroiqtisadi və sosial-iqtisadi siyasətin əsas məzmununu və başlıca istiqamətlərini özündə əks etdirir.

Elman Rüstəmov deyib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. Dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.

2014-cü ilin sonuna nəzər yetirsək, bizim valyuta ehtiyatlarımız 15 milyard dollara qədər gəlib çatmışdı. Biz bu valyuta ehtiyatlarının hamısını daxili bazardan almışdıq. Bu gün valyuta ehtiyatlarımız 7 milyard dollar səviyyəsindədir və bu, tam beynəlxalq normalara uyğundur.

Qeyd edilib ki, cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. Səkkiz ayda orta hesabla illik inflyasiya 3.8 faiz təşkil edib ki, bu da tərəfdaş ölkələr üzrə olan inflyasiyadan 8.3 faiz aşağıdır. Gəlirlərin artımı inflyasiyanı üstələyib, əhalinin gəlirləri real olaraq 2.4 faiz artıb. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun reallaşmasına dəstək verəcək.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanın bank sektoru qlobal və daxili iqtisadi situasiyaya adaptasiya olunur. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti bankların dayanıqlığı və kredit aktivliyi arasında düzgün balansın təmin olunmasına yönəlib. Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7.5 milyard manat, o cümlədən 5 milyard manatdan çox biznes krediti verilib. Bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi cəmi 6.5 faizdir. Sektorun maliyyə dayanıqlığının əsas göstəricisi olan kapital adekvatlığı 17 faizdir. Bu göstərici beynəlxalq standartlara görə 8 faiz olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4.2 milyard manata çatıb. Bankların likvidliyi 60-70 faiz olmaqla, minimum tələbləri iki dəfədən çox üstələyir. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub saxlaya bilir.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür. Mərkəzi Bankın tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 milyon manat həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb. Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar. E. Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. O vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.

Bildirilib ki, Azərbaycanda əmanətlərin siğortalanması sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Əmanətlərin siğortalanması sisteminin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmanın icrası ilə əlaqədar olaraq Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Sağlamlaşdırma çərçivəsində Beynəlxalq Bankın alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən ipoteka proqramına qoşulmasına imkan verəcək. Sədr əlavə edib ki, Mərkəzi Bank hökumətlə birlikdə özəl bank sektorunun sabitlik çərçivəsinin möhkəmləndirilməsi və dəstək alətlərinin təkmilləşdirilməsi istiqamətində də çalışır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, son illər və cari ilin ötən dövründə müşahidə etdiyimiz meyillər qlobal və regional iqtisadi məsələlərin daha çox siyasi maraqlar müstəvisində reallaşdırıldığını göstərir. Təbii ki, bu da əmtəə və maliyyə bazarlarının proqnozlaşdırılmasının daha da çətinləşən və qeyri-adekvat davranışını formalaşdırıb. Bu qeyri-müəyyənliklər fonunda isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafın qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.

Bildirilib ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 2015-ci ilin gözlənilən icrasından 14,7 faiz az olmaqla 14566.0 milyon manat məbləğində proqnozlaşdırılıb. Gəlirlərin strukturuna baxdıqda, 2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin tərkibində vergili gəlirlərin 7615.0 milyon manat və ya cari illə müqayisədə 4.1 faiz az, digər gəlirlərin (və ya qeyri-vergili) ümumilikdə, 6951.0 milyon manat və ya cari illə müqayisədə 25.4 faiz az olacağı proqnozlaşdırılıb.

2016-cı il üçün dövlət büdcəsinin ümumi gəlirlərinin ümumi daxili məhsula nisbəti 25.2 faiz, qeyri-neft gəlirlərinin ümumi daxili məhsula nisbəti 11.7 faiz, qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsula nisbəti isə 16.3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Təqdim edilmiş büdcə zərfinə əsasən, növbəti ildə mərkəzləşdirilmiş gəlirlər 2015-ci ilin proqnozu ilə müqayisədə 25.8 faiz, yerli gəlirlər isə 8.2 faiz az nəzərdə tutulub.

Dövlət büdcəsinin xərcləri növbəti il üçün 16264.0 milyon manat məbləğində olmaqla 2015-ci ilin sonuna gözlənilən icra ilə müqayisədə 8.3 faiz az proqnozlaşdırılıb.

Diqqətə çatdırılıb ki, cari və əsaslı xərclər üzrə konkret nisbətin təyin edilməsi iqtisadi şəraitdən asılı olaraq müəyyən edilir. Növbəti ildə xərclərin 10188.3 milyon manatı cari, 4826.0 milyon manatı əsaslı xərclərə proqnozlaşdırılıb. 2016-cı ilin büdcəsində əsaslı xərclər 2015-ci ilin proqnoz göstəricisindən 4540.0 milyon manat az nəzərdə tutulub. Aparılan hesablamalar cari və əsaslı xərclər arasında nisbətin 1.2-dən 2.1 dəfəyə dəyişdiyini göstərir.

Növbəti ildə investisiya siyasətinin reallaşdırılması məqsədilə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin maliyyələşdirilməsinə 5.705.2 milyon manat vəsait yönəldilməsi gözlənilir. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında əsasən keçid layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub ki, bu da hazırkı layihələrin yekunlaşdırılması üçün zəruri xərclər hesab oluna bilər və vəsaitlərdən səmərəli istifadə baxımından əhəmiyyətli yanaşmadır.

2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi cari ilin proqnoz göstəricisi ilə müqayisədə 36.0 milyon manat çox olmaqla 1698.0 milyon manat məbləğində, dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbəti isə 2.9 faiz nəzərdə tutulur.

Hesablama Palatasının sədri deyib ki, gələn il üzrə dövlət büdcəsi kəsirinin dövlət büdcəsi gəlirlərinə nisbəti 11.7 faizə bərabər olacaq. Bu indikatorun hesablanmasında məqsəd qarşıdakı ildə büdcə gəlirləri vasitəsilə dövlət borcunun maliyyələşdirilməsi imkanlarının ölçülməsidir. Bu nisbətin 2017-2019-cu illərdə müvafiq olaraq 10.3 faiz, 5.7 faiz və 3.9 faiz nisbətində olacağı, başqa sözlə, azalacağı proqnozlaşdırılıb.

2016-cı il üçün xarici dövlət borcu üzrə ödənişlər 948670.5 min manat, daxili dövlət borcu üzrə ödənişlər isə 301064.6 min manat məbləğində nəzərdə tutulub ki, bu da 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən 8.6 faizinə, xərclərinin isə 7.7 faizinə bərabərdir. Hər iki göstərici beynəlxalq təcrübədə qəbul edilmiş yuxarı həddən (10 faiz) aşağıdır.

Daha sonra müzakirələr başlayıb. Milli Məclisin deputatları “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflər səsləndiriblər, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər. Qeyd edilib ki, dövlət büdcəsi sosialyönümlüdür və reallığa əsaslanır.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, dünyada gedən iqtisadi, siyasi, hərbi proseslərin fonunda təqdim olunan 2016-cı ilin büdcə layihəsi çox real, imkanlarımızın nəzərə alındığı və təmkinli büdcədir. Təqdim edilən büdcə layihəsi ilə 2016-cı ildə qarşıda duran məsələlər həll oluna bilər.

Şimal-Cənub tranzit dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan Ziyafət Əsgərov bu tranzit dəhlizinin inkişafı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin İran Dəmir Yolları ilə birlikdə fəaliyyətə başladığını bildirib. O vurğulayıb ki, strateji cəhətdən çox önəmli olan bu dəhlizin potensialı olduqca yüksəkdir.

Milli Məclisin sədr müavini qeyd edib ki, prioritet istiqamət təşkil edən bu tranzit dəhlizinin açılması Azərbaycan büdcəsinə əlavə gəlirlərin gəlməsinə şərait yaradacaq.

2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi oktyabrın 14-də davam etdiriləcək.