Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Müsahibə
Günümüzün tələbi - dünyanın elm və təhsil məkanına inteqrasiya
 
Artıq bir neçə ildir ki, Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi xarici ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə müəllimlərin cəlb edilməsi üzrə proqramın gerçəkləşməsi çərçivəsində bu ölkənin ali təhsil müəssisələrinə xarici ölkələrdən alimlər dəvət edir. Bu işlə bilavasitə məşğul olan Beynəlxalq əməkdaşlıq departamentinin məqsədi dünyanın elm və təhsil məkanına inteqrasiya və ali məktəb tələbələri və əməkdaşlarının akademik azadlıqlarının təmin edilməsi üçün imkanların genişləndirilməsidir.
Ötən ilin sonlarında (12-15 dekabr 2011-ci il) Azərbaycan alimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov  “Təhsilin İnkişafı  Beynəlxalq  Assosisasiyası”nın  xətti  ilə Qazaxıstan Elm və Təhsil Nazirliyinin dəvəti ilə S.Torayqırov adına Pavlodar Dövlət Universitetində olmuşdur. İ.Əhmədov universitetin “İnformatika”, “İnformasiya sistemləri” və “Hesablama texnikası və proqram təminatı” ixtisasları üzrə  professor-müəllim heyəti, əməkdaşlar, magistrantlar və tələbələr üçün “Ali məktəblərdə innovasiya təhsilinin inkişaf problemləri” fənnindən mühazirələr oxumuşdur.
Bu gün hörmətli alimimiz, ADPU-nun  “Kompüter  Mərkəzi” nin  direktoru, ADPU-nun dosenti İlham Əhmədov “İqtisadiyyat”ın qonağıdır.
-    İlham müəllim, eşitdiyimizə görə, ötən ilin dekabrında Qazaxıstanda təcrübə mübadiləsində olmusunuz. Səfərinizin məqsədi barədə ne deyə bilərsiniz?
-    Bəli, mən,  2011-ci  ilin  9 -17 dekabr  tarixlərində  “Təhsilin İnkişafı  Beynəlxalq  Assosisasiyası “   xətti  ilə  Qazaxıstan  Respublikasının   Pavlodar  Dövlət  Universitetində   (PDU)  təcrübə  mübadiləsində  olmuşam.  Səfərimin əsas  məqsədi  bu universitetdə  tələbə  və  professor – müəllim  heyəti  qarşısında  mühazirələr oxumaqdan  ibarət  idi.   Mühazirə  mövzularını  əvvəlcədən  “Təhsilin  İnkişafı  Beynəlxalq  Assosisasiyası “  rəhbərliyi  və  PDU  “Beynəlxalq əlaqələr” departamenti  ilə  razılaşdırmışdım. Mühazirələrim  “Təhsildə  İnnovasiyalar” və  “Təhsilin  İnformatlaşdırılması”  mövzularında  idi.  Ümumən 12 saat  mühazirə  oxudum.  Auditoriya  30-50 nəfərdən  ibarət  olurdu  (tələbə, magistr, aspirant, müəllimlər, İT şöbəsinin əməkdaşları  və.s.).   Əvvəlcədən  mühazirə  və   onun mövzuları  barədə   məlumat  elanlar  lövhəsində  yerləşdirilirdi,  maraqlanan  tələbə və  əməkdaşlar  könüllü  olaraq  mühazirəyə   gəlirdilər.   
PDU  “Beynəlxalq  əlaqələr” departamenti  rəhbərliyinin mənə  verdiyi  məlumata  görə  mühazirələrimizi  dinləyici auditoriyası  bəyənmiş, bu  mühazirələri  davam  etdirmək  üçün  təkrarən dəvət  göndərəcəklərini  bildirmişlər.
-    Qazaxıstanda elm və təhsilin inkişaf səviyyəsi barədə nə deyə bilərsiz?
-    Mən Qazaxıstan Respublikasında olduğum müddətdə  elm  və  ali  təhsilin ümumi inkişafı  vəziyyəti, həmçinin  PDU-də  tədrisin vəziyyəti, təhsilin informatlaşması, təhsildə  innovasiyaların tətbiqi  təcrübəsi  ilə  tanış  oldum.   Qeyd  etmək  lazımdır  ki,  Qazaxıstan Respublikasında  elm  və  təhsilin ümumi inkişaf  səviyyəsi   çox  yüksəkdir.  Ölkə  bu  sahədə  MDB-də  lider  mövqelərdədir. Keçən  əsrin  90-cı  illərində  qəbul  edilmiş  “Qazaxıstan  - 2030: Milli  inkişaf   strategiyası”na  uyğun olaraq  ölkədə  innovativ  inkişaf  strateji  prioritetdir.  Bu  səbəbdən  elm  və  təhsilin inkişafı, insan  kapitalının  inkişafı    diqqət  mərkəzindədir.  Qazaxıstanın   elm və təhsil  Naziri  ölkənin Baş nazirinin  müavinidir .  
Təxminən  18  milyon əhalisi  olan  bu  ölkədə  150-yə  yaxın  universitet  var. Əhalinin   hər  100.000  nəfərinə  düşən  tələbə  sayına  və  bir  tələbənin hazırlanmasına  ayrılan  vəsait  bizim  ölkənin müvafiq  göstəricilərindən  xeyli  yüksəkdir.  Qazaxıstan   universitetlərin  informatlaşması  və  Boloniya  prosesinə   inteqrasiyası  vəziyyəti  də  yüksəkdir.  Bu  ölkədə  artıq  beynəlxalq  akkreditasiyadan   keçən  universitetlər  var.  Qazaxıstanda  elm  və təhsilin inkişafı  istiqamətində   konkret  olaraq  xeyli  iş görülmüşdür:  
1.     Xüsusi  dövlət  proqramına  əsasən  Qazaxıstan  universitetlərində   müxtəlif  ölkələrdən  hər  il   300 nəfər  tanınmış  alim  10  ay  ərzində  mühazirələr  oxumaq  üçün  yüksək  məvaciblə   bu  ölkəyə dəvət  edilir.  
2.    Hər  il  200 nəfər  universitet  müəllimi  elmi  və metodik  səviyyəsini  yüksəltmək  məqsədi  ilə  dövlətdən  20.000 dollar  həcmində  fərdi  qrant  alır.
3.    Beynəlxalq  və  yerli  ekspertlərin  dəstəyi  ilə   “Dünya  səviyyəli Universitet”  yaratmaq  istiqamətində   ingilisdilli  “Nazarbayev Universiteti “  açılmışdır. Burada  1-ci  kursa  500  tələbə  qəbul edilmiş, dünyanın  tanınmış  universitetlərindən   50  nəfər  alim  bu  universitetdə  işə qəbul edilmişdir. Bu  universitetin  bütünlükdə  müəllim  heyəti  xaricdən  dəvət  olunacaq.   
4.    Ölkədə  xüsusi  statuslu  milli  universitetlər, tədqiqat  universitetləri,  innovativ  universitetlər  yaradılır,  bu  universitetlərin  bir  neçəsi  artıq  fəaliyyətdədir.
5.    Xarici  ölkələrdə  ali  təhsil  almaq üçün  hər  il minlərlə  qazax vətəndaşı   dövlət  hesabına  müxtəlif  universitetlərə  göndərilir.
6.    Son   on  beş  il  ərzində  Beynəlxalq  olimpiadaların   qalibləri  sırasında  on  mindən  artıq  qazax  tələbələri  və  şagirdləri  var.
Qazaxıstanda   elm və  təhsilin  inkişafında  başqa  mühüm  nailiyyətlər  də  var,  lakin vaxtın  azlığından  və  işlərin  çoxluğundan   ətraflı  tədqiqat  apara  bilmədik.  
-    Siz Qazaxıstanda konkret olaraq bir Universitetdə təcrübə mübadiləsi keçmisiniz.  Pavlodar Dövlət Universitetində təhsilin inkişafı barədə nə deyə bilərsiniz?
-    Konkret  olaraq  PDU-da  təhsilin  inkişafı  barədə  danışarkən  qeyd  edim ki,  bu  əyalət  universitetinin  inkişafı  qaneedicidir.  Boloniya  prosesinə  keçid, təhsilin informatlaşması  sahəsində  mühüm  nailiyyətləri var. Universitetdə  təxminən 10.000  tələbə   təhsil  alır.  PDU-da  tədris  prosesində  1000-dən  artıq   kompüterdən  istifadə edilir .  Xeyli  sayda  müasir  mühazirə  otaqları  var  (hər  auditoriyanın  İnteraktiv  lövhəsi, kompüteri, diaproyektoru, İnternetə  çıxışı və s. var).   Universitetdə  korporativ   kompüter  şəbəkəsi  var.  Universitetin    “Təhsilin İnformatlaşması” departamentində  60  nəfər  əməkdaş çalışır.   Onların əksəriyyəti  peşəkar  proqramçılardır.  Universitetdə  elektron  korporativ  idarəetmə sistemi, distant  təhsil sistemi yaradılmış, xeyli  elektron  dərsliklər  hazırlanmışdır. Universitetin portalı xüsusi  qrup  tərəfindən  idarə  edilir.  
PDU-da imtahanlar  əsasən  elektron  test  sistemi  ilə  aparılır.  Bu  “Təhsilin İnformatlaşması” departamentinin  proqramçıları  tərəfindən  hazırlanmış  xüsusi  proqram əsasında  reallaşır. Universitetdə  “Keyfiyyətin monitorinqi” şöbəsi  fəaliyyət  göstərir,  imtahanlarda  elektron  test  sisteminin  tətbiqini  bu  şöbə  idarə  edir.    Universitetdə   “Keyfiyyətin menecmenti sistemi”  şöbəsi  fəaliyyət  göstərir. Universitetin “Nanotexnologiya Mərkəzi” (ayrıca  bir  korpusdur), texnoparkı var (texnopark  ildə  2  milyon  dollar qazanır).  Bu Universitet  təhsildə  mobillik  çərçivəsində  Azərbaycan  universitetləri  ilə  tələbə  və  müəllim  mübadiləsi  etmək   istəyir.
Sonda demək istərdim ki, Azərbaycanın  ali  məktəblərinin  Qazaxıstan universitetləri  ilə  əməkdaşlığına,  onların  iş  təcrübəsinin  öyrənilməsi  və  tətbiqinə  ciddi  ehtiyac  var.  
- Ümidvarıq ki, yaxın zamanda Azərbaycanın digər ali məktəbləri də Qazaxıstan universitetləri ilə sıx əməkdaşlıq edəcək. Maraqlı müsahibəyə görə Sizə minnətdarlığımızı bildiririk.
P.S. Bu yaxınlarda müsahibimiz – ADPU-nun “Kompüter  Mərkəzin”nin  direktoru, dos.  İlham Əhmədov  Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. Fürsətdən istifadə edib İlham müəllimi bu şərəfli ad münasibətilə ürəkdən təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Yeganə MƏMMƏDOVA