Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Şuşasız 20 il

1992-ci il 8 may... Məhz bu tarixdə Azərbaycanın gözəl şəhərlərindən olan, Qarabağın incisi sayılan Şuşa erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi-böhranlı dövrünə təsadüf edir. Həmin dövrdə ölkəmizdə həm milli birlik və nizami ordu yox idi, həm də xalqımız hakimiyyət uğrunda siyasi mübarizənin ağır dövrünü yaşayırdı. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı işğal ərəfəsində əsasən könüllü dəstələr müdafiə edirdi. Beləliklə də, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşa erməni silahlı dəstələri tərəfindən işğal edildi. Bəs buna səbəb nə idi?

Bu həm erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin davamı,  həm də Şuşanın füsunkar gözəlliyi ilə əlaqədar idi. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində xalqımız əsrlər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

Azərbaycanın ən gözəl şəhərlərindən olan Şuşanın adı bu diyarın saf və şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündəndir. Şuşa havasının təmizliyi, saflığı, səfalı guşələri və müalicəvi əhəmiyyəti baxımından, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da məşhur olmuşdur. Yay aylarında burada istirahətə gələn çoxsayda insana rast gəlmək olardı. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin bulağı), əfsanəvi Cıdır düzü yerli əhali və qonaqların ən sevimli yerlərindən idi. Memarlıq nümunələrinə gəldikdə isə, Şuşada 170 bina və 160 sənət abidəsi vardı: Gəncə darvazaları, Qala divarları, Natəvanın, Üzeyir Hacıbəyovun ev muzeyi...

Tarixi abidələrlə zəngin Şuşa dağlar, sıldırım qayalarla əhatə olunub. Bura gələnlərin ən sevimli yerlərindən olan “Cıdır düzü” əvəzsiz və əsrarəngiz təbiətə malik olması ilə seçilirdi. “Cıdır düzü”ndə hər il may aylarında “Xarı bülbül” mahnı festivalı keçirilirdi.

Öz gözəl mənzərəsi ilə görənləri heyran qoyan Şuşa haqqında məşhur rəssam  V.Vereşşagin  yazmışdır: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Təbiətin bizə bəxş etdiyi möcüzələrdən olan Şuşa yalnız bu cür zənginlikləri ilə deyil, həm də yetirdiyi görkəmli və istedadlı şəxsiyyətləri ilə diqqəti cəlb edirdi. Şuşa Cabbar Qaryağdı oğlu, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Məşədi Zeynal, Qurban Pirimov,  Toğrul Nərimanbəyov kimi şəxsiyyətlərin vətənidir. Bu mənada təkrarolunmaz musiqiçilər yetişdirən Şuşanın “Şərqin konservatoriyası” adlandırılması da təsadüfi deyildir.

Mədəniyyətimizin laylası olan və öz füsunkar təbiəti ilə seçilən Şuşada  işğaldan sonra erməni millətçiləri xalqımıza məxsus mədəniyyət və tarixi abidələri yerlə-yeksan etmiş, məşhur şəxsiyyətlərin heykəllərini dağıtmış, 600-ə yaxın tarixi abidəni məhv etmişlər.

Bu gün işğal olunmuş torpaqlarımızın, o cümlədən Şuşanın qaytarılması ilə əlaqədar Azərbaycan və bir çox ölkələrdə etiraz mitinqləri, anım mərasimləri keçirilir. Gün gələcək,  20 il Şuşasız qalan şuşalılar öz əzəli torpaqlarına qayıdacaqlar.

Mətanət Hüseynova