Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
3-9 oktyabr 2019-cu il
39 (1086)
19-25 sentyabr 2019-cu il
37 (1084)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Novruz milli birlik bayramıdır

Xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirərək, dünyaya tanıtdıran bayramlar içərisində Novruzun xüsusi yeri var. Yalnız milli və bəşəri ideyalar daşıyan bayramlar minilliklərin süzgəcindən uğurla keçir. Bu cür bayramlardan olan Novruz da insanlara öz tarixini, folklorunu xatırlatdığı, sevinc, sülh, əmin-amanlıq aşıladığı, təbiət və insanlığa müsbət duyğular oyatdığı üçün ümumbəşəri dəyərlər sistemində ön mövqe tutmağa layiqdir. Xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunan Novruz hələ qədim zamanlardan insanlar arasında birlik və mehribanlığın möhkəmlənməsi, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yaranması, insanla təbiətin bütünləşməsi bayramı kimi qeyd edilmişdir.

Xalqımız milli-mənəvi dəyərlər, adət-ənənələr baxımından ağır sınaqlardan keçsə də, heç bir qadağa ona Novruzu unutdura bilməyib. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı İlham Əliyev də: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq” demişdir.

Milli ruh və yaddaşımızı bütün zənginliyi ilə əks etdirən Novruz bayramının özünəməxsus adətləri, ənənə və inancları mövcuddur. Azərbaycan xalqı dünya mədəniyyətinin möhtəşəm bayramlarından olan Novruzun əsas yaradıcı və aparıcı qüvvəsidir. Bu bayramın tarixinə nəzər saldıqda, ona aid mərasim və əlamətlərə ən incə özəlliklərinə qədər yalnız ölkəmizdə əməl olunduğunun şahidi oluruq. Bütün bunların icrası isə zahiri yenilənmə, ilin uğurlu keçməsi, hər şeyin daha yaxşı olacağına inamla bağlıdır. Bayramda Keçəl qış, Kosa isə şər qüvvələri təmsil edir. Təzə paltar geyinmək təmizlik, küsülülərin barışması cəmiyyətdə birlik, tonqaldan tullanma ağırlıqdan qurtulma anlamına gəlirsə, yumurta döyüşdürülməsi qış və yazdan ibarət iki dünyanın toqquşması, səməni cücərtmək təbiətin canlanması, “qulaq falı” isə yeniliklər eşitməyə ehtiyac mənasını ifadə edir. Novruzun xalqımızın milli birlik və adət-ənənələrin vahidliyi ideyasında əks olunmasında bayram şirniyyatlarının da mühüm rolu var və onlar da rəmzi məna daşıyırlar. Belə ki, paxlava dörd ünsürü, şəkərbura ayı, şorqoğalı, şəkərçörək isə Günəşi ifadə edir. Novruz şirniyyatları qədər bayram süfrəsindəki yeməklər də önəmlidir. Hər süfrədə aşın yer alması düyünün-çəltiyin xalqımızın təsərrüfat həyatındakı əvəzsiz rolu və çəkisi ilə əlaqədardır. Bayram süfrəsinə “S” hərfilə başlayan 7 növ qidanın qoyulması da Novruzla bağlı inanclardandır.

Novruz  çərşənbələri

Novruz bayramının özəllikləri sırasında çərşənbələr də xüsusi yer tutur. İnsanın, kainatın yarandığı 4 ünsürün çərşənbələr şəklində qeyd olunması Novruzdan, yəni günün bərabərləşməsindən əvvəl həyata keçirilir. Bahara doğru buzların əriyərək çaylara tökülməsi, torpağın yavaş-yavaş islanmağa başlaması xüsusiyyətləri birinci qeyd olunan su çərşənbəsinə aiddir. İkinci od çərşənbəsidir ki, bu da günəşin yavaş-yavaş torpağı isitməsi anlamını ifadə edir. Azacıq oyanmış torpağı, təzə çıxmış gülləri titrədən yel çərşənbəsindən sonra da son olaraq torpaq çərşənbəsi gəlir. Dördüncü çərşənbəyə həm də İlaxır çərşənbə deyilir. İlk yaz əkininə məhz bu çərşənbədə başlayırlar. Bəzi mənbələrdə Novruz çərşənbələrinin sayının dörd yox, yeddi olduğu qeyd olunur. El arasında “oğru çərşənbələr” adlanan ilk üç çərşənbə kiçik çilləyə düşdüyü və geniş yayılmadığından, yalnız “doğru çərşənbələr” adlanan son dörd çərşənbə qeyd olunur.

Əsrlər boyu bəzi din xadimləri, müxtəlif təriqət nümayəndələri bu bayramı tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Onlar Novruzu IV Xəlifə Əlinin hakimiyyətə gəldiyi günlə əlaqələndirmişlər. Lakin İmam Əlinin iyulda hakimiyyətə gəlməsi, Novruzun isə yazda qeyd olunması bunun heç də dini ehkamlarla bağlı olmadığını bir daha təsdiqləyir. Bu bayramı atəşpərəstlik və Zərdüştlüklə bağlayanlar da olur. Lakin bu bayram Zərdüştlükdən əvvəl də qeyd olunub. Tanınmış folklorşünas, professor Məhərrəm Qasımlı da tədqiqatlarında bu məsələyə diqqət yetirmiş, onlar arasındakı kəskin fərqləri nəzərə çatdırmışdır: “Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydığı halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: “ağrım-acım tökülsün, bu odda yansın” – deyərək, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb odda yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü “Avesta” və atəşpərəstliklə bağlı deyil.”

Novruz türk xalqlarının bayramıdır

Novruz şənlikləri yalnız Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ən müxtəlif xarici ölkələrdə, o cümlədən türk xalqları arasında geniş şəkildə qeyd olunur. Bura İran, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr daxildir. Türk xalqları arasında təmizlik işlərinin görülməsi, tonqal qalanması, qapıpusma, müxtəlif bayram şirniyyatlarının bişirilməsi kimi ümumi adətlər olmasına baxmayaraq, bir sıra fərqli cəhətlər də mövcuddur.

Ümumilikdə əhalisinin yarıdan çoxunun türk olduğu və ərazisində 8 türk xalqının yaşadığı İranda Novruz bayramı 13 gün qeyd edilir. Burada əsas fərq bayram günündə dərd-bəladan xilas olmaq məqsədilə qadınların, uşaqların saçından bir neçə tük kəsərək, havaya və ya çay sularına atması ilə bağlıdır. Bundan başqa, süfrədə müqəddəs Quran, güzgü və şamlar, qızılbalıq və piyalələr olması təmizlik əlaməti kimi mühüm əhəmiyyət daşıyır.

Bayramın 3 gün qeyd edildiyi Türkmənistanda isə Novruz yeni ilin başlanğıcı hesab olunur. “İlin gəlişi Novruzdan bəlli” atalar sözü də məhz bununla bağlıdır. Türkmənistanda bayramın ilk günü  Həzrət Əmirin müqəddəs qırmızı bayrağı göyə qaldırılır. Bayrağın yavaş, maneəsiz və fasiləsiz qaldırılması isə Yeni ilin uğurlu olacağına işarədir. Özbəkistanda isə ailə qurmaq istəyən qızlar sinələrinə qıfıl asaraq, küçəyə çıxır və bu qıfılın açılması səadətə qovuşmaq əlaməti kimi qeyd olunur. Burada yeni ilin bərəkətli olması məqsədilə öküzlərin buynuzu da yağlanır. Özbəkləri digər türk xalqlarından fərqləndirən əsas xüsusiyyət isə Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl 3 qaşıq bal yeməkdir. Qazaxıstanda isə fərqli Novruz adətlərinə köhnə ilin pisliklərindən, xəstəliklərindən uzaq olmaq məqsədilə evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qabların atılıb sındırılması daxildir.

Türk xalqlarının milli bayramı olan Novruz tarixin ağır sınaqlarından keçərək yaşasa da, əfsuslar olsun ki, hazırda bəzi ənənələr unudulmaqdadır. Lakin hazırda bütün bayramların, o cümlədən Novruzun dövlət səviyyəsində qeyd olunması sevindirici haldır. Bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramı YUNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Bu bayram Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrından YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və martın 21-i BMT-nin Baş Məclisi tərəfindən Novruz günü kimi qeyd edilir.

Ulu nənə və babalarımızın zaman-zaman qoruyub bizlərə ərməğan etdiyi bu dəyərləri biz də eyni şəkildə gələcək nəslə ötürməyə çalışmalıyıq.

 

Hüseynova Mətanət