Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər
Qanlı gecənin canlı yaddaşı

1992-ci il 26 fevral… Bu tarix haqqında çox deyilib və yazılıb. Lakin nə qədər deyilsə, yazılsa azdır. Bir gecədə baş verənləri min gecə də keçsə danışmaqla bitirmək mümkün deyil. Artıq 20-ci ili tamam olan Xocalı faciəsində tarix görünməmiş vəhşiliyə, amansız işgəncələrə, insanlıqdan kənar hərəkətlərə şahid oldu.

XX əsrin ən dəhşətli və qəddar faciələrindən hesab edilən Xocalı soyqırımı erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına görə dünya tarixində analoqu az olan bu soyqırımda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər isə əsir götürülərək ağlasığmaz təhqir və işgəncələrə məruz qalmışdır. Şəhid olanlardan yalnız 335 nəfər dəfn edilmiş, 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İnsanların diri-diri yandırıldığı, baş və qulaqlarının kəsildiyi, dərilərinin soyulduğu, körpə uşaqların gözlərinin çıxarıldığı bu amansız gecədə, hətta ruhsuz bədənlərə də işgəncə verilmiş, meyitlər təhqir olunmuşdur.

Xocalının Ermənilər tərəfindən hədəfə alınmasında əsas məqsəd həm Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, həm də bu şəhəri yer üzündən birdəfəlik silmək idi. Əslində Milli Marşında “Torpaqlarımız işğal altında, bu torpaqları azad etmək üçün ölün, öldürün” sözlərinin ifadə olunduğu bir dövlətin bu cür vəhşiliyə imza atması üçün başqa səbəb axtarmağa da ehtiyac yoxdur. Bu faciədə xalqımız yalnız erməni vəhşiliyinin, qeyri-insani hərəkətlərin deyil, eyni zamanda, öz torpağına, xalqına,  vətəninə sədaqətlə xidmət edən igid övladlarının mübarizə əzminin də şahidi oldu.

Faciə zamanı nəinki şəhərdən qaçan, hətta ermənilərin Xocalıdan çıxardıqları sakinlər belə əmlaklarından heç nə götürə bilməmişdilər. Şəhərdə azğın soyğunçuluğun baş aldığı bir vaxtda çoxsaylı evlərin darvazalarına onların yeni sahiblərinin adları da yazılırdı. Həmin vaxt dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl ziyan vurulmuşdur (1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə).

20 il keçməsinə baxmayaraq, haqqında danışılan bu hadisələr hələ də ürəkləri sızladırsa, həmin gecə baş verənləri öz gözlərilə görən, canlı-canlı yaşayan insanların hansı hisləri keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil. Qanlı gecənin canlı şahidlərinin söylədikləri də insanı dəhşətə gətirir :

İlqar Əliyev:  “Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi.”

Oruc Əliyev: “Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndindəki həbsxanada isə dişlərimi zorla çəkdilər.” O, ermənilərin azərbaycanlı əsir və girovların daxili orqanlarını satdığını, hətta ona bunu əvvəlcədən tanıdığı ermənilərin dediyini də qeyd etmişdir.

Qeyri-insani hərəkətlərlə yadda qalan bu faciənin digər şahidlərinin sözlərinə görə, iki erməni əlləri ağaca arxadan bağlanmış hamilə qadının başına dikilərək püşk atırdılar. Uşağın oğlan, yoxsa qız olması ilə bağlı mərcə girən ermənilər əllərindəki pulu havaya ataraq, qız çıxdı deyirlər. Nəticəni yoxlamaq üçün isə  kəsici alətlə qadının qarnını yarıb uşağı çıxarırlar.

Eyni dəqiqələrdə Xocalının başqa səmtində futbol hazırlığı gedirdi. İki kəsik qadın başını qapı dirəyi eləmiş qaniçənlər top axtarışında idilər. Başı qırxılmış bir uşaq tapıb gətirdiklərində isə “bu həm saçsız, həm də balacadır, yaxşı yuvarlanar, qopardın” deyib futbol oynamağa, qapıya qol atmağa başlayırlar.

Törətdikləri faciədən, etdikləri vəhşilik və qeyri-insani hərəkətlərdən utanmayan ermənilər, əksinə fəxr və qürur hissi ilə Xocalıda baş verən hadisələrdən bəhs edən kitablar da nəşr etdirmişlər. Ermənilərin çox sevdiyi ideoloqlardan olan yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi”, Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan isə “Xaç uğrunda” kitabında ermənilərin Xocalıda Azərbaycan türklərinə yaşatdığı müsibətləri fəxrlə qələmə almışdır.

Erməni əsgərlərinə rəhbərlik etmiş Monte Melkonyan qətliamdan bir gün sonra   Xocalı ətrafında gördüklərini gündəliyinə yazmışdır. Ölümündən sonra qardaşı Markar Melkonyan tərəfindən ABŞ-da “Mənim qardaşımın yolu” (My brother’s road) adı ilə kitab şəklində buraxılan gündəlikdə Xocalı qətliamı haqqında yazılır: “İndi yalnız quru torpaqdan əsən küləyin səsi eşidilirdi və cəsəd qoxusunu uçurması üçün hələ tez idi. Monte qadın və uşaqların sınmış oyuncaqlar kimi üstünə saçıldığı torpağa əyilərək astadan “Qayda-qanun yoxdur” dedi.”

Ermənistan prezidenti Serj Sarkisyan ingilis araşdırmaçı və yazıçısı Thomas De Waala müsahibəsində: “Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat elədiyimizi, onlara əl qaldırmayacağımızı düşünürdülər. Biz isə bu stereotipi qırmağı bacardıq” demişdir. Törətdikləri faciəni utanmadan, böyük fəxr və sevinc hissilə etiraf edən ermənilər bəzən bunları təkzib etməyə də çalışmış, baş verənlərin azərbaycanlıların özləri tərəfindən həyata keçirildiyini də bildirmişlər. Movses Abelyan keçmiş Azərbaycan prezidenti Ayaz Mütəllibovun çex jurnalisti Dana Mazalova ilə aparılmış və Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanında nəşr olunan müsahibəsinə əsaslanaraq, yerli xalqın qaçışına Xalq Cəbhəsinin mane olduğunu bildirmişdir. Lakin Mütəllibov ermənilərin iddialarına qarşı çıxmış, elə bir açıqlama etmədiyini, sadəcə AXC-nin Xocalıda yaşananlardan faydalanaraq iqtidarı ələ keçirməyə çalışdığını vurğuladığını, eyni zamanda, ermənilərin “Xocalını azərbaycanlılar özləri törətdi” sözlərinin dünyada bənzəri olmayan bir alçaqlıq olduğunu bildirmişdir.

Ermənilərin yalançı və əsassız iddialarına baxmayaraq, bütün dünya xalqımızın bu faciəsinə şahid oldu. Bu barədə dünya mətbuat orqanlarında müxtəlif yazılar dərc edildi:

Fransa jurnalisti Jan-İv Yunet: “..Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük.  Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları ötüb keçiblər. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çoxlu yaralı gördük.”

İngiltərənin “Frant layn nyus” telekompaniyasının jurnalisti Rori Patriks: "Xocalıdakı cinayətkarlığı dünya ictimaiyyətinin gözündə heç nə ilə doğrultmaq olmaz, biz Naxçıvanik yaxınlığındakı yerdə onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalının müdafiəçiləri deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi idi".

“İzvestiya” qəzetinin müxbiri V.Belıx: “Dəhşətli yuxuda da belə şeylər görmək olmaz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş kəllələr, kəsilmiş başlar... Təhqirlərin həddi yoxdur."

Bir gecədə şirin yuxuya həsrət qalaraq əbədi yuxuya qərq olan bütün şəhidlərimizə Allah rəhmət eləsin!