Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Aprelin 5-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son vaxtlar imzalanmış sərəncamların, qəbul olunmuş qərarların ölkədə iqtisadi fəaliyyətin daha da canlanmasına və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət etdiyini deyib. O, həmçinin Milli Məclisin son vaxtlar qəbul etdiyi qanunların iqtisadi inkişafın daha da davamlı olmasına, iqtisadi islahatların daha da dərinləşməsinə yönəldildiyini söyləyib. Artıq birinci rübün yekunları da göstərir ki, Azərbaycanın iqtisadi həyatında müsbət meyillər güclənir, əhalinin həssas təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir.

“Hesablama Palatası Azərbaycan Respublikasında müstəqillik illərində yaranan çox vacib qurumdur. Onun fəaliyyəti “Hesablama Palatası haqqında” Qanunla tənzimlənir. Hesablama Palatasının son illərdəki fəaliyyəti göstərir ki, ölkəmizdə maliyyə şəffaflığının artırılması, ölkə iqtisadiyyatına yönəldilən maliyyə resurslarının daha səmərəli istifadə olunması istiqamətində görülən tədbirlər öz bəhrəsini verir. Eyni zamanda, Hesablama Palatasının fəaliyyət dairəsi də genişlənir”, - deyə komitə sədri qeyd edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, Azərbaycan Respublikası Hesablama palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat “Hesablama Palatası haqqında” Qanunun 7.0.11 və 14.0.12 maddələrinə əsasən hazırlanıb.

Qeyd edilib ki, 2018-ci ildə Hesablama Palatasının kollegiyası tərəfindən 60 kənar dövlət maliyyə nəzarəti tədbirinin başlanılması və 58 nəzarət tədbirinin nəticələri ilə bağlı qərar qəbul olunub.

2018-ci ildə Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarətinin əhatə dairəsinə daxil olan istiqamətlərin sayı “Hesablama Palatası haqqında” yeni Qanunun qəbul edilməsi ilə əlaqədar bir qədər genişlənib. Belə ki, hesabat dövründə nəzarət fəaliyyəti dövlət büdcəsini büdcədənkənar dövlət fondlarının cəlb edilmiş daxili və xarici kreditləri, həmçinin dövlət mülkiyyətində olan müəssisələrin vəsaitlərini əhatə edib. Hesabat ilində audit formasında aparılmış nəzarət tədbirləri ümumilikdə 9,3 milyard manat vəsaiti əhatə edib. Bunun da 66,5 faizini dövlət büdcəsinin xərcləri, 1,3 faizini büdcədənkənar dövlət fondlarının vəsaitləri, 8,3 faizini beynəlxalq və yerli maliyyə təşkilatlarından cəlb edilmiş kreditlər, 23,9 faizini isə dövlət müəssisələrinin vəsaitləri təşkil edir. Hesablama Palatasının apardığı auditlər dövlət büdcə xərclərinin funksional təsnifatının 14 bölməsinin 13-nü əhatə edib.

Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq 2018-ci ildə aparılan auditlərin əhatə dairəsinin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatının ümumi dövlət xidmətləri bölməsinin payına düşüb. Hesabat ilində dövlət büdcə xərcləri üzrə əhatə edilmiş 6,2 milyard manatın 6 milyardını, yaxud 95,6 faizini mərkəzləşdirilmiş xərclər, 4,4 faizini və yaxud 273,3 milyon manatını isə yerli xərclər təşkil edir. Hesabat ilində auditlərin 38-i Bakı şəhərində, 13-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 2-si isə xarici ölkələrdə yerləşən səfirliklərdə aparılıb.

Dövlət büdcəsinin gəlir sahəsində aparılan auditlər barədə məlumat verən Hesablama Palatasının sədri qeyd edib ki, auditlər əsasən iki əsas istiqamət üzrə aparılıb. İstiqamətlərdən biri dövlət büdcəsinin gəlirlərinin, o cümlədən vergi gəlirlərinin yığılmasını təmin edən dövlət qurumlarında inzibatçılıq vəziyyətinin qiymətləndirilməsi, digəri isə dövlət idarə, müəssisə və təşkilatlarda vergi və digər icbari ödənişlərin hesablanması və ödənilməsidir. Dövlət büdcəsinin xərci ilə bağlı aparılan audit tədbirlərinə isə əvvəlki illərdə olduğu kimi nöqsanlara sistemli yanaşma tətbiq olunub. Nöqsanların ayrı-ayrı obyektlər üzrə olmaqla icmal şəklində təqdim olunması, başqa sözlə desək istiqamətlər üzrə cəmlənməsi dövlət vəsaitlərinin istifadəsində və dövlət maliyyə inzibatçılığının cari vəziyyəti ilə bağlı ümumi mənzərəni təsbit edir.

Onun sözlərinə görə, ötən il 714 halda nöqsan aşkar edilib, bunlar büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları üzrə yol verilən nöqsanlardır. Həyata keçirilən tədbirlər nəticəsində 23176 min manat məbləğində vəsait büdcəyə bərpa edilib.

Qeyd olunub ki, qurumun uzunmüddətli dövr üçün fəaliyyət istiqamətlərini müəyyən edən “Hesablama Palatasının 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planı”na uyğun hesabat ilində mühüm işlər görülüb.

Daha sonra Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev “Standartlaşdırma haqqında” 5 fəsil 26 maddədən ibarət qanun layihəsi barədə ikinci oxunuşda məlumat verib. Bildirilib ki, “Standartlaşdırma haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə dair qeydlərini bildiriblər.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb.

Təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.