Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Qaraciyərin və ürəyin dostu

Qədim  əfsanələrə görə Zevs Sinara adlı bir qıza məhəbbət bəsləyir, onu öz yanına, Olimpə çağırır. Lakin qız xəbərdarlıq etmədən torpaqda itir. Bundan qəzəblənən Zevs onu tikanlı bir bitkiyə  çevirir. Beləliklə, yer üzündə Cynara scolymus L  - Ənginar (artişok) birkisi yaranır.

Ənginarın  vətəni Ağdəniz bölgəsi sayılır. Azərbaycanda da bu bitkiyə rast gəlmək olar. Əsasən Lerik, Şamaxı və Mərəzə ərazisində bu bitkinin 2 növü becərilmişdir. Ənginar (artişok) – yerüstü gövdəsinin hündürlüyü 2 metrə qədər çata bilən  iri yarpaqları, mavi və ya bənövşəyi çiçəkləri olan bitkidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqust ayında yetişir. Təbiətdə onun yabanı növlərinə də rast gəlinir. Bitkinin torpaq üstündə olan orqanları bir illik, torpaq altında olan kök sistemi isə çoxillikdir. Rast gəlindiyi yerdə 8-10 il qala bilir və məhsul verir.

Kimyəvi tərkibi 

Ənginarın yarpaqları, toxumları, çiçəkləri və köklərində bir sıra bioloji aktiv maddələr aşkar edilmişdir.

Yarpaqlarının tərkibində zülal, karbohidratlar,  aşılayıcı maddələr, sellüloza, karotin, C, B1, B2,  B6, K vitaminləri, bitki yağı var.

Tərkibindəki kafeilxin turşuları (kofe turşusu), flavonoidlər və acı maddələr xüsusi ilə əhəmiyyətlidir. Bitkinin bütün hissələrində yerləşən turşuların tərkibində olan sinarin qlikozidinin bioloji aktiv xüsusiyyətləri artıq 20-ci əsrin 30-cu illərində məlum idi. Onun parçalanması nəticəsində kofeyin və xinin turşuları əmələ gəlir. Lakin təcrübələr göstərmişdir ki, sinarindən ayrılıqda istifadə zamanı terapevtik effekt nisbətən az olur. Deməli, təkcə sinarin deyil, ənginarın tərkibindəki  digər turşuların kompleks təsiri daha effektlidir.  

Bitkinin tərkibində minerallardan   kalium, dəmir, kalsium,  marqans, maqnezium,  fosfor, sink və b. aşkar edilmişdir.  K, Na  duzları  orqanizmdə qələvi mühit yaradaraq mədədə turşuluğu azaltmaq baxımından əhəmiyyətlidir.

Ənginarın tərkibində  inulin maddəsi aşkar edilmişdir. İnulin təbii karbohidrat olub, bəzi bitkilərdə təsadüf edilir (ən çox topinamburda – yerarmudunda var). İnulin orqanizm tərəfindən asan mənimsənilir, bu isə onun şəkərli diabetdə nişasta və şəkər əvəzedicisi kimi işlədilməsinə imkan verir. 

Faydası:

Ənginarı  qaraciyərin və ürəyin dostu adlandırırlar.

Onun tərkibində olan kompleks maddələr qaraciyərin, öd kisəsinin  işini normallaşdırır, ödün əmələ gəlməsi    qovulmasını bərpa edir. Qaraciyərin və öd kisəsinin müxtəlif xəstəlikləri: hepatitlər, qaraciyər, hiperxolesterinemiya zamanı effektlidir. Xolesterin mübadiləsinə (həmçinin damarları xolesterindən azad edir) təsir etdiyi üçün aterosklerozun və  ürək-damar sistemi xəstəliklərinin profilaktikası və müalicəsi üçün əhəmiyyətlidir.

Antioksidantdır. Bu  xüsusiyyəti orqanizmdə maddələr mübadiləsinin aralıq məhsullarını -  sidik gövhərini, kreatini, sidik turşusunu və digərlərini, eləcə də toksiki birləşmələri orqanizmdən çıxarması ilə izah olunur. Ənginar orqanizmi ağır metal duzlarından və radionuklidlərdən azad edərək qanı təmizləyir. Yağları, toksinləri (alkoqol daxil olmaqla) parçalayır. Özünə civə, qurğuşun hopdurmur, hətta çirklənmiş torpaqda yetişsə belə.

Diuretik təsir göstərir.

Bu baxımdan hipertoniyadan əziyyət çəkənlərə məsləhət görülür. Böyrək çatışmazlığı zamanı müsbət təsiri var.

Qida həzminin normal getməsinə kömək edir, həmçinin ürəkbulanma və qusmanı aradan qaldırır. Onu köpmə və qəbizliyin müalicəsində də istifadə edirlər. Qıcqırmadan azad olmaq üçün məsləhət görülür, mədədə ağırlıq hissi, meteorizm, gəyirmə zamanı effektlidir.

Tərkibindəki K və Na duzları mədədə qələvi mühit yaratdığı üçün  turşuluğu yüksək olan qastritlərdə faydalıdır. Mədə  turşuluğu aşağı olduğu zaman və qan təzyiqi enmiş vəziyyətdə istifadə etmək məsləhət deyil.

Sərxoşluqdan sonrakı sindrom  zamanı effektlidir. Dietoloqlar içkidən sonra bir  neçə meyvə yeməyi və səhərə hər şeyin normal olacağını söyləyirlər.

Onun istifadəsi zamanı  cinsi fəaliyyətin  artması da təsdiq edilir.

Dərini qidalı maddələrlə zənginləşdirərək təravətli saxlanmasına kömək edir.

Ənginarı  əsasən ekstrakt, bitki mənşəli preparat şəklində qəbul edirlər. Dadı qozun dadına bənzəyir, onu əsas qida  və qarnir kimi də qəbul edirlər. Onu xarici bürüyən qalın pullardan təmizləyərək çiy halda, qaynadılmış, qızardılmış olaraq  özəyini yeyirlər. Həmçinin onu konservləşdirərək  yemək də olar, lakin dondurmaq olmaz - rəngi tündləşir və keyfiyyətini itirir.

Onu həm qida, həmçinin dərman kimi də işlətmək mümkündür. Əlavə təsirləri aşkar olunmayıb, beləliklə də hamıya işlətmək olar.

Ənginarın tibbə məlum olan bu qədər faydalı xüsusiyyətlərini nəzərə alaraq düşünürəm ki, insan sağlamlığı üçün qiymətli bir bitki kimi  ölkəmizdə   geniş becərilməsinə böyük ehtiyac var.

 Hazırladı: S.Aytən