Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Torpağın becərilməsi eroziyanın qarşısını alır

 

Ölkəmizdə əkinçiliyin geniş inkişaf etdiyi, iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən zonalardan biri Qəbələ rayonunun dağ yamaclarıdır. İstər bu yamaclarda olsun, istər ölkənin digər zonalarında, hər bir əkinçi qoyduğu zəhmətin bəhrəsini görmək istər. Əkinçilikdə əsas rolu torpaq oynayır. Torpaq özlüyündə böyük bir sistemdir və günümüzün ən aktual problemlərindən biri torpağın eroziyasıdır, yəni bu zaman torpağın fəaliyyəti dayanır, onun münbitliyi, məhsuldarlığı kəskin azalır.

Qəbələ rayonunun dağ yamacları üçün mürəkkəb relyefi, torpaq əmələ gətirən süxurların müxtəlifliyi, iqlim amillərinin, əsasən yağıntıların leysan xarakterli olub, qeyri-bərabər paylanması, bitki örtüyünün dayanaqsızlığı xarakterdir.  Bura çox meyilli yamaclarda meşələrin qırılması, otlaqlarda mal-qaranın sistemsiz və normadan artıq otarılması, əkin sahələrində aqrotexniki qaydalara düzgün əməl olunmaması, artan  antropogen  təsirlər, torpaq və bitki örtüyünün deqredasiyasına, eroziya proseslərinin  intensiv getməsinə və nəticədə ekoloji müvazinətin pozulmasına səbəb  olur.

Bu baxımdan Qəbələ rayonu daxilində eroziya proseslərinin qarşısının alınması, torpaqların yuyulub dağılmaqdan  mühafizəsi, münbitliyin bərpası və kənd təsərrüfatının  intensiv  inkişafına nail olmaq üçün  eroziya prosesinə qarşı kompleks  mübarizə  tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. ET Eroziya və Suvarma İnstitutunun  məlumatına görə,  Qəbələ rayonunda torpaq örtüyünün 56%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmışdır.  Bunun 18,6%-i (27,8 min ha) zəif, 13%-i (19,5 min ha) orta; 24,4%-i  (36,5 min ha) isə şiddətli eroziyaya uğramış  torpaqların payına düşür .

Eroziyaya  qarşı mübarizə tədbirləri həyata keçirilərkən ilk növbədə ərazinin təbii-ekoloji şəraiti, torpaqların eroziyaya uğrama dərəcələri, təsərrüfatın istiqaməti nəzərə alınmalıdır. Belə ki, müxtəlif zonalarda  eroziyanı  törədən amillər, eroziya prosesinin intensivliyi və torpaq-iqlim şəraiti  müxtəlif olur. Məhz buna görə də hər zona üçün səmərəli olan mübarizə tədbirləri işlənib hazırlanmalı və bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi vacib təxirəsalınmaz şərtlərdən biridir.

Qəbələ rayonunun  dağ əkinçilik  zonasının  torpaqları kənd təsərrüfatında intensiv  istifadə olunduğundan burada eroziya prosesinin inkişafında yamacların çox meyilli olması, yağışların leysan xarakteri daşıması, bitki örtüyünün zəif inkişafı, həmçinin torpaq əmələ gətirən süxurların davamsızlığı,  insanların düzgün olmayan təsərrüfat fəaliyyəti mühüm rol oynamışdır.

Eroziyaya qarşı  torpaq qoruyucu mübarizə  tədbirləri, torpağın becərilməsi, səpin və bitkilərə qulluq,  torpaq qoruyucu üsulların müəyyən ardıcıllıqla əlaqələndirilməsi, torpaq eroziyasının qarşısının alınması, torpağın su-fiziki xassələrinin  yaxşılaşdırılması, su keçirmə  qabiliyyətini yüksəldən  (zolaqlarla dərindən yumşaltma, yarıqlar açma və s.) və torpaq səthində su axınlarını  nizamlayan  (şum və becərmə işlərinin yamacın eninə aparılması, şırımlar açma və s.) üsullardan istifadə edilməsinin müsbət rolu haqqında  bir çox tədqiqatçılar  məlumat  vermişlər.

Dağ yamaclarında su eroziyasına qarşı səmərəli aqrotexniki  mübarizə tədbirlərindən  biri də yarıq açmadır. Bunun  meyilliyi  5-60-dən çox olan yamaclarda   payızlıq və yazlıq dənli bitkilər əkinində, çoxillik ot səpinlərində, örüş və biçənək sahələrində tətbiq edilməsi məqsədəuyğundur.

Ərazidə su  axınını yamaclarda  zəiflətmək, eroziya  prosesinin qarşısını almaq və torpaqda rütubətin  saxlanmasını təmin etmək üçün torpağın zolaqlarla dərindən  yumşaldılmasından  geniş istifadə olunmalıdır. Belə ki, atmosfer çöküntülərinin  torpağa yaxşı hopması üçün torpağın su sızdırma qabiliyyətini artırmaq lazımdır. Bunun üçün torpaq  yamacın eni istiqamətində  zolaqlarla  yumşaldılır.

Yuxarıda qeyd edildiyi  kimi, ərazidə eroziya prosesi bitki örtüyü olmayan sahələrdə intensiv inkişaf edir. Belə ki, yamaclarda cərgə arası becərilən bitkilər əkildikdə torpağın adi qaydada becərilməsi ilə yanaşı, orada rütubətin torpaqda saxlanılması,  habelə eroziya prosesinin qarşısını almaq üçün cərgə aralarında şırımlar  çəkilir. Cərgə arası becərilən  bitkilər əkiləcək sahədə şırımlar əkinlə birlikdə  açılır.

Zolaqlarda səpin də eroziyaya qarşı yüksək səmərəliyə malik tədbirlərdən biridir. Bitkilər zolaqlarla əkilən zaman bütün növ tarla işləri yamacların eninə  keçirilir ki, bu da  eroziya prosesinin baş verməsini xeyli zəiflədir, yamaclardan torpağın yuyulması dayanır və yuyulma məhsullarının çoxillik ot səpini zolaqlarında tutulub saxlanılması baş verir.

Eroziyaya uğramış sahələrdə torpaqların münbitliyinin pisləşməsi ilə əlaqədar olaraq kök qalıqlarının, mikroorqanizmlərin miqdarı da azalır. Ona görə də yamaclarda eroziyaya qarşı bioloji mübarizə üsullarının  böyük əhəmiyyəti vardır. Bu üsulun tətbiqində əsasən bitkilərin yerüstü hissəsi və köklərindən, habelə  onların qırıntı  məhsullarının torpaq qoruyucu xassələrindən istifadə olunur.

Ərazidə az məhsuldar və müxtəlif dərəcədə eroziya prosesinə uğramış torpaqlarda ən səmərəli və iqtisadi cəhətdən əlverişli tədbirlərdən biri də bu sahələrə  çoxillik otların səpilməsidir. Çoxillik otların torpaqüstü hissəsi yamacın səthini  yağmurların dağıdıcı təsirindən qoruyur, torpağı üzvi maddələrlə zənginləşdirir, onda suya davamlı dənəvar struktur əmələ gəlməsini sürətləndirir. Otların kök sistemi torpaqda külli miqdarda çürüntü maddələr əmələ gətirərək, onun su-fiziki xassələrini yaxşılaşdırır, münbitliyini tədricən bərpa edir və az məhsuldar, eroziyaya məruz qalmış yamaclarda səpilmiş çoxillik otlar (xaşa, yonca, çobantopuzu onların qarışıq səpini) torpaq səthini eroziyadan qorumaqla bərabər, eyni zamanda, heyvandarlığın inkişafı üçün zəmin yaradan keyfiyyətli yem mənbəyidir.

Bütün bu göstərilənlərdən aydın görünür ki, torpaq eroziyası mürəkkəb dinamiki prosesdir və onun əmələ gəlməsi, eləcə də inkişafında təbii tarixi amillər, həmçinin  insanların düzgün olmayan təsərrüfat fəaliyyəti böyük rol oynayır.