Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

MƏSULİYYƏT  SIĞORTALARI

 

«Deyəndə ki, insan məsuliyyət daşıyır, bu, o demək deyil ki, insan yalnız öz hərəkətlərinə cavabdehdir. O, bütün insanlar üçün cavabdehdir».

Jan Pol Sartr

Sığorta mühüm iqtisadi kateqoriya olub, maliyyənin əsas tərkib hissələrindən biri kimi çıxış edir. Sığorta gələcəkdə hər hansı bir mənfi nəticəsi ola biləcək hadisələrdən kompensasiya olunmaq üçün əvvəlcədən müəyyən haqq ödənilməsi yolu ilə, hadisə baş verdiyi zaman maliyyə yardımı göstərilməsi məqsədilə yaradılan fonddur. Azərbaycan Respublikasının qanunvericiliyində sığortaya bu cür tərif verilir: “sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi”dir.

Azərbaycan Respublikasında sığorta icbari və könüllü olmaqla iki yerə ayrılır. Eyni zamanda, sığorta həyat sığortası və qeyri-həyat sığortası sahələrinə ayrılır. Könüllü sığorta sığortaçılarla, yəni sığorta şirkətləri ilə sığortalılar, yəni hər hansı əmlak mənafelərini sığortalamaq istəyən şəxslər arasında məcburiyyət olmadan, könüllü olaraq, hər iki tərəfin sərbəst razılığı ilə bağlanır. İcbari sığortalar isə müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazə olan sığortaçı ilə müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxslər arasında bağlanılır. Qanunvericilikdə şəxslər üzərinə müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilib və məcburi xarakterə malikdir. Lakin həmin şəxslər sığorta şirkətlərini seçməkdə sərbəstdirlər.

İcbari sığorta növlərinin əsas mahiyyəti təqsiri olmadan, üçüncü şəxslər tərəfindən riskə məruz qalanlara, həmin riskin mənfi nəticələrini kompensasiya etmək üçün dövlət tərəfindən məcburiləşdirilmiş qaydada sığorta şirkətlərinin etdiyi maliyyə yardımından ibarətdir.

Sığorta siniflərinin hər birinin xarakterik xüsusiyyətləri vardır. Bu sığorta sinifləri içərisində məsuliyyət sığortası özünəməxsus yer tutur.

Bazar iqtisadiyyatı şəraitində bazarda istənilən sayda müəssisə və təşkilatlar fəaliyyət göstərir. Bu müəssisə və təşkilatlar öz fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə həyata keçirmələrinə baxmayaraq, bəzən üçüncü şəxslərə də zərər vurmaq riskinə malikdirlər. Bu risklər, üçüncü şəxslərin sağlamlığına, həyatına, daşınmaz əmlakına və avtomobilinə ziyan vurmaq ehtimalı ilə nəticələnə bilər. Bu cür ziyanların vurulması, həmin təşkilat və müəssisələrə zərərin həcmini tam həcmdə ödəmək vəzifəsini meydana çıxarır ki, bu da böyük maliyyə xərclərinə gətirib çıxara bilər.

Əslində, adət etdiyimiz gündəlik həyatda, yəni cəmiyyətdə müəyyən addım atarkən, vətəndaş məsuliyyətini yerinə yetirmək üçün özümüzlə yanaşı cəmiyyətin digər üzvlərini də düşünməyə məcburuq. Biz hər nə qədər digərlərini düşünsək də, bəzən ehtiyatsızlıq ucbatından, bəzən isə iradəmizdən asılı olmadan üçüncü şəxslərə ziyan vururuq. Bu zaman isə həmin şəxslərə qarşı müəyyən məsuliyyətimiz yaranır və həmin məsuliyyət əksər hallarda, özünü son nəticə olaraq maliyyə formasında büruzə verir. Başqa sozlə, gözləmədiyimiz xərclər meydana çıxır ki, bizim onu ödəmək qabiliyyətində olub-olmadığımız da sual altında qalır.

Yuxarıda göstərilən hər iki nümunədə bir şəxsin digərinə qarşı məsuliyyətinin yarandığı görünür. Birinci nümunədə müəssisə və təşkilatların, yəni hüquqi şəxslərin, ikinci nümunədə isə insanların, yəni fiziki şəxslərin üçüncü şəxs sayılan digər insan və müəssisələrə qarşı məsuliyyəti yaranır. Bu hallar, əsasən, gözlənilməz xarakterə malik olduğu üçün zərər vuranın həmin zərərin kompensasiya edə bilməsini müəyyən mənada şübhə altına alır.

Məsuliyyət sığortasında sığortalı və sığortaçının kim olması, sığorta haqqının və məbləğinin hesablanması qaydası, eləcə də, sığortanın müddəti və ərazisini aşağıdakı cədvəldə əyani olaraq göstərmək olar:

 

Sığortalı

Azərbaycan Respublikasında fəaliyyəti ilə əlaqədar qanunla müəyyən edilmiş çərçivədə və (və ya) sığortaçı ilə razılaşdırılmış əsaslarla istənilən məsuliyyətini sığortalamaq istəyən fiziki və ya hüquqi şəxs özünün məsuliyyətini sığortalaya bilər.

Sığortaçı

Azərbaycan Respublikasında fəaliyyət göstərən, məsuliyyət sığortası növü üzrə xidmət göstərmək hüququna malik, məsuliyyət sığortaları üzrə riskləri qəbul edə bilən, yəni gələcəkdə məsuliyyət riski ilə qarşılaşmaq niyyətində olmayanların müəyyən məsuliyyətini sığortalaya bilən istənilən sığorta şirkəti sığortaçı qismində çıxış edə bilər.

Sığortanın ərazisi

Sığorta, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədə olur.

Sığortanın müddəti

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, respublikamızda sığorta müqavilələri başqa cür razılaşma yoxdursa 1 il müddətinə bağlanılır.

Sığortanın məbləği

Sığorta məbləği sığorta obyektinə görə müəyyən olunur. İcbari sığortalarda sığorta məbləği, əksər hallarda, qanunvericiliklə müəyyən olunur.

Sığorta haqqı

Hər bir şirkətdə mövcud olan sığorta tariflərinə görə müəyyən edilir. Əksər hallarda isə, sığorta olunanın məsuliyyət növü nəzərə alınaraq müəyyən edilir. İcbari sığortalarda isə, sığorta haqqı müvafiq qanunla təsdiqlənərək, icbari sığorta üzrə xidmət göstərən bütün sığorta şirkətlərində eyni tariflə qüvvədə olur.

Yuxarıda göstərilən xoşagəlməz hallardan insanlar özünü müdafiə etmək üçün öz məsuliyyətlərini sığortalayırlar. Mülki məsuliyyətin sığortası üçüncü şəxslərə dəymiş zərərlə bağlı təşkilatların maraqlarının qorunmasının ən etibarlı və səmərəli metodlarından biridir. Ümumiyyətlə, gözlənilməz xərclərdən qorunmağın ən əlverişli yolu məsuliyyəti sığortalamaqdır.

Müasir dövrdə bu cür hallardan əziyyət çəkənlərin hüquqlarını müdafiə etmək üçün bəzi xarici dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da icbari məsuliyyət sığorta növləri hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, icbari məsuliyyət sığorta növlərindən fərqli olaraq, könüllü sığortanövlərini insanlar öz məsuliyyətlərini əvvəlcədən dərk edərək, yaxud da böyük maliyyə itkilərindən qurtulmaq üçün seçirlər.

Məsuliyyət sığortasının növlərini Azərbaycanda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər seçə bilərlər. Müvafiq qanunvericilikdə icbari sığortanın şamil olunduğu şəxslər göstərilir. Könüllü məsuliyyət sığortalasını isə, gələcəkdə yuxarıda sadalanan hər hansı bir risklə qarşılaşmaq ehtimalı olan hər kəs seçə bilər. Düşünsək ki, heç kəs risklərlə qarşılaşıb-qarşılaşmayacağını əvvəlcədən bilmir, deməli, bu hallar hər kəsin başına gələ bilər.

Dünyada məsuliyyət sığortasının növləri çoxdur. Araşdırmalarımıza əsasən, bunlardan ən geniş yayılanı və gələcəkdəki başvermə ehtimallarının daha yüksək olması düşünülərək insanlar tərəfindən seçilənləri aşağıdakılardır:

·       İşəgötürənin məsuliyyəti;

·       Üçüncü şəxslərə qarşı mülki məsuliyyət;

·       Peşə fəaliyyəti ilə bağlı mülki məsuliyyət;

·       Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti;

·       Bina (tikinti-quraşdırma işləri) və lift sahiblərinin üçüncü şəxs qarşısında məsuliyyəti;

·       Məhsul və ya xidmətin məsuliyyət sığortası;

·       Ümumi mülki məsuliyyətin sığortası;

·       Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası;

·       Təhlükəli maddələrin istehsalı və daşınması ilə bağlı icbari məsuliyyət sığortası;

·       İcbari maliyyə məsuliyyəti sığortası.

 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3.3. maddəsi mülki məsuliyyətin sığortasına aid olan sığorta siniflərini təsnifləşdirir. Bunlara aşağıdakılar aiddir:

Ø     Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası;

Ø     Yük daşıyanın mülki məsuliyyətinin sığortası;

Ø     Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;

Ø     Peşə məsuliyyətinin sığortası;

Ø     İşəgötürənin məsuliyyət sığortası;

Ø     Ümumi mülki məsuliyyətin sığortası.

Məsuliyyət sığortasında sığorta təminatına daxil olan təminatlar icbari sığortalarda müvafiq qanunvericilikdə öz əksini tapsa da, könüllü sığortalarda bu təminatlar sığorta qanunvericiliyinə zidd olmadan sığortalı ilə sığortaçının qarşılıqlı razılaşmasına əsasən müəyyən edilir. Ümumiyyətlə araşdırmalar bu nəticəyə gəlməyə imkan verir ki, məsuliyyət sığortanövlərində təminata daxil olan meyarlar ən çox aşağıdakılardan ibarət olur:

- üçüncü şəxslərin sağlamlığına, həyatına və (və ya) əmlakına zərər vurmaqla bağlı sığortalının xərclərinin ödənişi;

-   sığortalının bütün məhkəmə və digər xərclərinin ödənişi;

-     istehlakçıya vurulan maddi ziyan;

-     sağlamlığa dəyən zərəri bərpa etmək üçün lazım olan xərclər;

-     zərərçəkmiş şəxsin həyatı və sağlamlığına dəyən zərərlə bağlı digər xərclər;

-     məhkəmə xərcləri;   

-     hüquqi yardımla bağlı meydana çıxan xərclər.

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər hər bir sığorta şirkətinin qanunvericiliyə zidd olmayan öz daxili qaydalarına əsasən müəyyən edilir. Lakin ümumi hallarda sığorta ödənişi aşağıdakı sənədlər olduqda tələb edilə bilər:

-  qüvvədə olan sığorta müqaviləsi və ya şəhadətnaməsi;

-  sığortalının müraciət ərizəsi (və ya müraciət məktubu);

-  sığortalının şəxsiyyətini təsdiq edən sənəd;

-  sığortalıdan tələb olunan iddia məbləğini təsdiq edən məhkəmə qərarı.

Bir daha qeyd etmək lazımdır ki, yuxarıdakı sənədlərdən başqa, müvafiq qanunvericilikdə, eyni zamanda sığortaçı ilə sığortalı arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sənədlər də tələb oluna bilər.

Məsuliyyət sığortasında sığorta ödənişindən qanunvericiliyə və sığorta müqaviləsinə əsasən qəsdən və ya qərəzli hərəkətlər sayılan hallarda imtina edilir. Avtomobil və sürət yarışlarında, yüksək risk törədən, gərgin xarakterli oyunlar və idman yarışlarında iştirak, həmçinin, elan olunub-olunmamasından asılı olmayaraq müharibə, hərbi müdaxilə, xarici düşmənlərin hərəkətləri, vətəndaş müharibəsi, üsyan, qiyam, inqilab, ixtişaş, hərbi yaxud mülki hakimiyyət orqanlarının inzibati və digər tədbirləri və s. zamanı sığorta təminatından imtina edilməkdədir, yəni sığorta ödənişi verilməməkdədir.

Hazırda Azərbaycan Respublikasında qüvvədə olan icbari sığortanövləri aşağıdakılardır:

1.    Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

2.    Daşınmaz əmlakın icbari sığortası;

3.    Sərnişinlərin icbari fərdi qəza sığortası;

4.    Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası dəmiryol, hava, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 4 tərkibdən ibarətdir.

Ümumiyyətlə, adlarından da göründüyü kimi, icbari sığortanövlərinin əksəriyyəti məsuliyyətin sığortalanması halları ilə bağlı olur. Digər sığorta növləri və sinifləri kimi, məsuliyyət sığortanövlərinin da hər birinin özünəməxsus mühüm meyarları vardır.

Sığortalılar məsuliyyətin sığortası üzrə müqavilə münasibətlərinə girərkən sığorta müqaviləsi ilə tam tanış olmalı, başa düşülməyən hissələrin sığortaçı tərəfindən izahını tələb etməli, sığorta müqaviləsinin əhatə etdiyi riskləri və onun şərtlərini, eyni zamanda, sığorta müqaviləsinin şamil olunduğu ərazini, müddəti aydınlaşdırmalıdırlar.

Ölkəmizdə sığorta sektoru güclü inkişaf edən bir sahə olmasa da, dövlət tərəfindən bu sahəyə aid qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya təcrübəsinin öyrənilməsi, icbari sığortanövlərinin tətbiq edilməsi və bu sahəyə dair digər mühüm işlərin görülməsi sığortanın Azərbaycanda geniş yayılmasına, əhatə dairəsinin genişlənməsinə, yeni sığorta növlərinin yaranmasına və ümumilikdə, sığorta sektorunun inkişafına gətirib çıxaracaqdır.

BƏHMAN HÜSEYNLİ,

Azərbaycan Dövlət İqtisad Universitetinin

Ümumi iqtisadiyyat fakültəsinin

 IV kurs tələbəsi