Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Sahibkarlıq fəaliyyətinin innovasiya məsələləri  barədə

I. İnnovasiyanın mahiyyəti

İnnovasiya “innovation” ingilis sözü olmaqla çox mənada işlədilir: 1.) novatorluq, yenilikçilik mənası kəsb edir. Yeni istehsal vasitələri, məhsul və proseslər (texniki, iqtisadi, təşkilati, mədəni və s.) yaradılması, istifadə edilməsi və yayılması mənasında işlədilir. Göstərilən məqsədlərə nail olmaq üçün innovasiya strategiyası müəyyən edilir və innovasiya siyasəti həyata keçirilir; 2.) yeni, tətbiq edilən, lap təzə. Məsələn, yeni ideya, yeni məhsul, yeni tətbiq edilən texnologiya; idarəetmə sferasında səmərələşdirici təkliflər, idarəetmə innovasiyası; 3.) innovasiya, innovasiyalılıq (fərdlərin yeni sosial-mədəni reallığa-həqiqətə uyğunlaşması). Bu zaman elə sosial  məqsədlər də nəzərdə tutulur ki, onları qəbul etmək mümkün deyil. Məsələn, reket (ABŞ-da quldurlar tərəfindən tətbiq edilən böyük şantac), terrorçuluq, saxta pul kəsmək, oğurluq, rüşvət, suiistifadə halları və s.; 4.) təsadüfi kəmiyyətlərin yaranması.

İqtisadi münasibətlər sahəsində birinci iki mahiyyət geniş şərh edilir və əhəmiyyət kəsb edir. Onunla əlaqəli bəzi söz birləşmələri yaradılır: idarəetmə innovasiyası (innovation management). Yeni məhsul və xidmətlərin hazırlanması, istehsalı və satışının təşkili və idarə edilməsi ilə məşğul olan idarəedicilərin strateci inkişaf istiqaməti sayılır; istehsal-satış prosesləri üzrə yeni-peşəkar kadrlar (innovation personnel marketing). Bu elə bir elmi konsepsiyadır ki, kadrların axtarılması və seçilməsilə əlaqəli olan, təşkilatın kadr potensialının yeniləşdirilməsi və səmərəli fəaliyyətini təmin edən yeniliklərin yaradılması, idarə edilməsi və təhlili üzrə kompleks sistemə əsaslanır. İlk növbədə kadr bazarında yeni peşələrin (məsələn, operator, proqramçı, məntiqçi, idarəedici, kopirayter, mediabayer, promoyter) yaranması ilə əlaqədar olaraq yeni kadrlara tələbatın yaranması və təklifi üzrə məlumat bazasının yaradılmasına, iş yerlərinin reklamının, əmək bircaları və firmalar, yaxud kadrların seçimi üzrə bürolar ilə işlərin inkişaf etdirilməsinə şamil edilir; fasiləsiz (davamlı) yeniləşdirmə-təkmilləşdirmə (continuous innovation) firma tərəfindən buraxılan məhsulların fasiləsiz olaraq yaxşılaşdırılması (keyfiyyətinin yüksəldilməsi) deməkdir. Bu zaman, adətən, məhsulun kəmiyyətinə və satış istiqamətlərinə elə bir təsir göstərilmir; əsaslı yeniləşmə - təkmilləşmə (discontinuous innovation). İstehlak bazarına tamamilə yeni məhsul (xidmət) çıxarılması mənasını kəsb edir; maliyyə innovasiyası-təkmilləşdirilməsi (financial innovation). Yeni maliyyə alətlərinin (məsələn, ekzotik, yəni qeyri-adi hazırlanan qiymətli kağızlar) yaradılması prosesidir; maliyyə operatoru (financial engineering). Yeni maliyyə alətləri və maliyyələşdirmə metodlarının yaradılması deməkdir; yaradıcı maliyyələşdirmə (creative financing). Ənənəvi (mövcud olan) maliyyələşdirmə sistemindən fərqlənən bütün növ maliyyələşdirmə sxemini əks etdirir. Məsələn, ipoteka (mülkün girov qoyulması müqabilində alınan borc) krediti şəraitində mülkiyyət satıcısının krediti, birdəfəlik ödəniş vasitəsilə qaytarılan kredit və s.; ekzotik – qeyri adi törəmələr (exotic derivatives). İstifadə edilən xüsusi növ maliyyə alətini tərənnüm etdirir və mövcud olan sadə alətlərdən fərqlənir; sadə vanil maliyyə aləti (plain vanilla financial instruments) sadə maliyyə aləti hesab edilir; novator və ya səmərələşdirici (innovator). Yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən mənalarını kəsb edir. Yeni məhsul və ya texnologiya və s. yaradan şəxslərə şamil edilir. Həm də ilk dəfə yeni məhsul alan və yaxud yeni texnologiyadan istifadə edən şəxslərə də novator və ya səmərələşdirici deyilir. Belə şəxslər yeniliyi tez qəbul edir və digərlərindən xeyli fərqlənirlər. Onlar səbrli olur və yeniliklərə daha tez meyilli olurlar; əmtəənin həyatilik (yaşayış) dövrü (product life cycle, PLC). Məhsulun inkişafının əsas mərhələlərini, onun istehsalına başlanmasından tutmuş bazardan çıxarılma anına qədərki dövrü səciyyələndirir. İstehsalçının (satıcının) bu dövrün hər bir mərhələsindəki gəlir və mənfəətinin səviyyəsi birbaşa ondan asılı olur. Bu dövrün adətən beş mərhələsi nəzərdən keçirilir: məhsulun hazırlanması və istehsalı mərhələsi (bazara qədərki mərhələ); məhsulun bazara çıxarılması (tətbiqi) mərhələsi; məhsulun satış həcminin artırılması mərhələsi; yetkinlik (bazarın  doldurulması) mərhələsi; satışın azalması və məhsulun bazardan çıxarılması mərhələsi. Burada məhsul dövrü (product cycle) və həyatilik (yaşayış) dövrü (life cycle) anlayışların kombinasiyasından istifadə edilir. Məhsul dövrü (product cycle) bazara yeni və yaxud təkmilləşdirilmiş (keyfiyyəti yaxşılaşdırılmış)  məhsul çıxarılması üçün zəruri olan vaxt və yaxud dövr nəzərdə tutulur, məhsul istehsalı üçün xammal alınmasından bazara məhsul çıxarılması anına kimi olan dövrü əhatə edir. Başqa sözlə, məhsulun istifadəyə hazırlanması üçün sərf edilən istismar müddətini səciyyələndirir. Həyatilik (yaşayış) dövrü (life cycle) məhsulun inkişaf etməsi, istehlak bazarında mövcud olması müddətini xarakterizə edir. Firmanın (istehsalçının) həyatilik (yaşayış) dövrü məhz onun istehsal etdiyi və yaxud satdığı məhsulun həyatilik (yaşayış) dövründən asılı olur.

II. İnnovasiyanın təkamülü, səbəbləri və mühüm əlamətləri

Bəşəriyyətin təkamül tarixinin bütün mərhələlərində yeniləşmə inkişafın strateci yolu və ana xətti olmuşdur. Onun iki səbəbini göstərmək olar: əhalinin tələbatını ödəmək; təbii ehtiyatlardan səmərəli istifadə etmək. Bu problemlər insanları həmişə düşündürmüş və onlar çıxış yollarını axtarmışlar. Düşünən beyinlərin məhsuldarlığı nəticəsində aşağıdakı nailiyyətlər əldə edilmişdir: əmək alətləri təkmilləşdirilmişdir. İlkin daş və dəyənəklər gil, tunc və mis alətlərlə əvəz edilmiş, dəmirdən istifadə mənimsənilmiş, onun davamlı inkişafı müasir texnologiyaların yaradılmasına gətirib çıxarmışdır; istehsal münasibətləri fərdi xüsusiyyətini ictimai xüsusiyyətlər əvəz etmişdir. Fərdlər məhsul istehsalını birgə həyata keçirməyi məqsədəuyğun saymışlar. Kollektiv ov etmək, sənətkarlıq sexləri yaratmaq, manufaktura istehsalı, fabrik istehsalı, istehsal kooperativləri və kombinatlar, firmalar, cəmiyyətlər (kompaniyalar), korporasiya və transmilli korporasiyalar sisteminin, nəhayət, nəhəng alyansların yaradılmasını zaman-zaman ardıcıl olaraq məqsədəuyğun hesab etmişlər; əmək bölgüsü və dərin ixtisaslaşmaların aparılması zəruriliyi dərk edilmişdir. Heyvandarlıq əkinçilikdən ayrılmış və “yaşıl inqilab” baş vermiş; sənətkarlıq meydana gəlmiş və sənayenin davamlı inkişafı “sənaye inqilabı” baş vermiş, konveyer üsulu ilə (işlənib hazırlanan şeyləri bir yerdən başqa yerə ötürmək və ya nəql etmək üçün arası kəsilmədən hərəkət edən qurğu vasitəsilə) istehsal texnologiyası mənimsənilmiş; sadə istehsal üsulu əmtəə istehsalı ilə əvəz edilərək və ixtisaslaşdırılmış alqı-satqı münasibətləri formalaşaraq, müstəqil ticarət sferası yaradılmışdır. İstehsalın texnoloci proseslərinin yerinə yetirilməsində dərin ixtisaslaşmalar aparmaq şərtilə, müxtəlif növ xidmət sahələri, alt sahələr, bölmələr, qruplar və siniflər yaradılması nəticəsində müasir mərhələdə iqtisadçı-nəzəriyyəçilərin adlandırdığı kimi, sənayedən sonrakı inkişaf mərhələsinə gəlib çatmışdır ki, onun da əsas xüsusiyyəti xidmət sahələrinin, o cümlədən elmi tərəqqinin xidmətlərindən istifadənin, istehsal sahələrilə müqayisədə, üstünlüyə malik olması ilə səciyyələndirilir. Onu “elmi-texniki tərəqqi inqilabı” da adlandırırlar; kapital yığımı baş vermişdir. Əvvəlki dövrlərdə olduğu kimi, istehsal münasibətləri özünün təkrar istehsal xüsusiyyətini inkar edərək, geniş təkrar istehsalı xüsusiyyətilə əvəz etmişdir. Ticarətdə kapital yığımı baş vermiş, onun ardınca torpaq sahiblərinin kapital yığımı mümkün olmuş, sənaye və borc kapitalı yaranmışdır. Digər növ sərvət artımına nail olunmuş və həyat tərzində xeyli firavanlıq yaradılmışdır. Hazırki şəraitdə kapital istehsalın üçüncü əsas amili sayılır, torpaq və əməkdən sonra. Kapital nəinki onun sahibinin fərdi sahibkarlıq fəaliyyətində, nəinki ölkə daxilində digər sahibkarların fəaliyyətinin səmərəli təşkilində, hətta digər ölkələrin təbii sərvətlərindən və iqtisadi potensialından tam və məqsədəuyğun istifadə edilməsində olduqca mühüm əhəmiyyət kəb edir. Onun çatışmazlığı həm sosial və həm də iqtisadi həyatda böhranlar yaradır; mənəvi təkmilləşdirmələr baş vermişdir. İnsanların dünya baxışları təkmilləşmiş, varlıqlara münasibət dəyişmiş, inanclar, dini əqidələr, səmavi dinlər və bəşəri dinin yaranması insanları cəhalətdən mədəniyyətə doğru inkişaf etməyə, həyatını firavanlaşdırmaq üçün elmi-tədqiqat işlərini genişləndirməyə sövq etmişdir. Vahid dünya təsərrüfatı sistemi formalaşmışdır. Onun ümdə vəzifələrinə Yer kürəsində yaşayan bütün insanların ərzaq təhlükəsizliyini təmin etmək, yoxsulluğunu aradan qaldırmaq, bilik və bacarığını artırmaq, faydalı əmək fəaliyyətini təmin etmək, sağlamlığını mühafizə etmək, firavan həyat tərzi keçirməsinə münasib şərait yaratmaq, təbii və iqtisadi ehtiyatlardan tam və səmərəli istifadə etmək və s. daxil edilir. Bu məqsədlərə uyğun olaraq, ölkələr və millətlərarası mədəni və iqtisadi əlaqələr genişləndirilir, kapital axını sürətlənir və s. Bütün bunlar müasir dövrün insanlarının ən ülvi nailiyyətlərinə çevrilmişdir.

“İnnovasiya” anlayışı ayrı-ayrı vaxtlarda və şəxslər tərəfindən müxtəlif formada ifadə edilmişdir. Məsələn, ictimai əmək bölgüsü, ixtisaslaşma, kollektivləşmə, elmi-texniki tərəqqi, islahat və s. mənalarda da işlətmək olur. Keçmiş Sovetlər İttifaqı dövründə onu elmi-texniki tərəqqi kimi təqdim edirdilər. Dünyanın bir çox ölkələrində uzun müddətdir ki, islahatlardan istifadə etməklə, sosial-iqtisadi problemlərin həllinə nail olmağı mümkün və məqsədəuyğun sayırlar. Yeri gəlmişkən, göstərək ki, bəşəriyyətin Peyğəmbəri Məhəmməd (s.ə.) belə tövsiyə etmişdir: “dünyanızı islah edib irəli aparın, hesab edin ki, heç vaxt ölməyəcəksiniz, eyni zamanda, hesab edin ki, sabah öləcəksiniz.”  Bu müdrik kəlamlardan qidalanan  imam Əlinin (ə.) dünyagörüşündən bir misal: bu günkü biliyinlə dünənki arasında fərq yoxdursa, onda tərəqqidən, inkişafdan danışmağa dəyməz”. Bunlar innovasiyanın zəruriliyini göstərən dəyərli məsləhətlərdir. Deməli, innovasiyaya tələbat həmişə olmuş, var və yenə də olacaq.

Müasir mərhələdə innovasiyanın tətbiqinin zəruri şərtlərinə daxil etmək olar: peşəkar kadrların mövcudluğu. Burada həm elmi-texniki kadrların və həm də təcrübi kadrların mövcudluğundan söhbət gedir. Buna nail olmağın da yolu təhsil-elm-təcrübə arasında qarşılıqlı əlaqə, vəhdət yaradılması ilə səciyyələndirilir və ölkəmiz üçün, fikrimizcə, onun həllinə zərurət vardır. “İntellektual kapitalın formalaşmasında ictimai şüurun məhsuldarlığının yüksəldilməsi yolları” adlı məqalədə onu geniş izah etmişik; kapital təminatı. İqtisadi və sosial məsələlərinin bütün aspektlərində olduğu kimi, yeni məhsulun istehsalı, onun keyfiyyətinin yaxşılaşdırılması, yeni elmi kəşflərin həyata keçirilməsi, bacarıqlı kadrların hazırlanması, elmi-texniki nailiyyətlərin və yeni texnologiyanın tətbiqi üçün xeyli miqdarda kapitala (sərvət və pul formasında) ehtiyac yaranır. Belə imkanları olanlar innovasiyaya maraqlı olur, imkansızlar isə passiv mövqe tutur və kortəbii fəaliyyətə üstünlük verir. Nəticədə bazar rəqabətinə tab gətirmirlər; münasib şəraitin olması. Münasib maddi-texniki bazası və maliyyə imkanı olan sahibkar (firma, kompaniya, birlik, korporasiya və s.) istehsal və satış proseslərində vaxtaşırı yeniliklər etməyə, istehlak bazarının tələbatını ödəmək və layiqli yer tutmaq üçün real şəraitə malik olur, seçim aparır, risq edir və fayda götürür. Odur ki, innovasiyaya meyilli olur. İstehsal və xidmət vahidi nə qədər məhdud fəaliyyət dairəsinə malik olursa, onun innovasiya imkanları da bir o qədər dar olur və ya heç olmur. Kiçik həcmli istehsal və xidmət vahidlərinin innovasiya siyasəti yalnız müxtəlif formalarda kooperativləşmə üsulu ilə həyata keçirilə bilər. Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının innovasiya siyasətini də belə kooperativləşdirmələr aparmaq (ixtisaslaşdırılmış assosiasiyalar yaratmaq) üsulu ilə həyata keçirmək mümkündür. Mövcud vəziyyət bunu belə tələb edir.

III.  Azərbaycanda innovasiyanın əsas vəzifəsi

Nəzəriyyəçilərin yazdıqlarına görə, iqtisadi sistemin tarixi təsnifləşdirilməsi, müasirlərlə yanaşı, keçmiş və gələcək sistemləri özündə birləşdirməlidir. Bu mənada postindustrial (sənayeləşdirmədən sonrakı) cəmiyyət nəzəriyyəsi tərəfindən təklif edilən təsnifat əhəmiyyət kəsb edir. O, iqtisadi münasibətlər tarixini üç mərhələyə bölür: sənayeləşməyə qədər, sənayeləşmə, sənayeləşmədən sonrakı. Ayrı-ayrı iqtisadi sistemlər arasındakı sərhədlərdə sənaye və elmi-texniki inqilablar durur. Onların hər birinin daha xırda tiplərini ayırmaq, onlar vasitəsilə formasiya və sivilizasiya yanaşmalarının sintezinin yollarını müəyyən etmək olur.

Sənayeləşməyə qədərki dövrə xarakterik olan iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Torpaq əsas amilə çevrilir. Torpaq sahibləri hakim sosial qrup hesab olunur. Bu dövrdə natural kənd təsərrüfatı istehsalı hökmranlıq edirdi. Fərd bu və ya digər formada torpaqla, əkinçiliklə məşğul olmurdusa yaşaya bilmirdi. Torpaq zəhmətkeş kütlənin  qeyri-üzvi cismini özündə əks etdirirdi, onun təbii fərziyyələri (düşüncələri) ilə əməyinin təbii birliyini təşkil edirdi. İnsan təbiətin bioloci mərhələlərinə (səhnəsinə) qovuşmuşdu, onların təsiri altında uyğunlaşmışdı, öz fəaliyyətini kənd təsərrüfatı istehsalının bioloci  ritmində qiymətləndirirdi.

Sənayeləşmə dövründə sənaye iqtisadiyyatın əsasına çevrilir. Kapital əsas amilə çevrilir. Kapital sahibləri hakim sosial qrup sayılır. İnsanlar tərəfindən yaradılan, süni əmək vasitələrinin (alətlərinin) təkmilləşdirilməsi, şübhəsiz, insanın təbiətdən asılılığının aradan qaldırılmasına səbəb olur və təbii məhsuldar qüvvələrindən ictimai məhsuldar qüvvələrinə keçid üçün şərait yaradır. Əmək vasitələri sistemi və texnikanın inkişaf etdirilməsi adamların ətraf mühitinə hakimlik dərəcəsini artırır. Texnika “ikinci təbiət” kimi, insan tərəfindən dəyişdirilmiş təbiət kimi çıxış edir.

Texnikanın inkişafının gedişatında onun elementləri, tərkibi və funksiyaları dəyişir. Əmək bölgüsü dərinləşir, onun ixtisaslaşması (konkretliliyi və funksionallığı), kooperasiya və kombinasiya olunması davam etdirilir. Beləliklə, təkcə ətraf mühitindən deyil, həm də insanın özünün orqanik bioloci imkanlarından (onun fiziki qüvvəsi, hərəkət sürəti, dünyagörüşü, eşitmə qabiliyyəti və s.) asılılığını zəiflətmək üçün şərait yaradılır. Bütün bunlar sahibkarlığın təşkili formalarına, bütün növ ehtiyatlardan səmərəli istifadəyə, əməyin elmi təşkilinə, istehsala və idarəetməyə yeni tələblər irəli sürür.

Sənayeləşmədən sonrakı dövrdə xidmətlər sferası iqtisadiyyatın əsas sahəsi sayılır. İnformasiya əsas amilə çevrilir. İnformasiya sahibləri hakim sosial qrupa çevrilir.  Elmi-texniki inqilabın gedişi prosesində elm bilavasitə məhsuldar qüvvələrə çevrilir. Bu ümumi məhsuldar qüvvələr məhsuldar qüvvələr sisteminin aparıcı elementinə çevrilir. Əgər daş dövrü inqilabından sonra əsasını kənd təsərrüfatı təşkil edən istehsal üsulunu mənimsəmək mümkün olmuşdursa, sənaye inqilabı nəticəsində, əsasını əvvəlcə yüngül sənaye və daha sonra ağır sənaye təşkil edən aqrardan sonrakı iqtisadiyyatın gücləndirilməsi kimi nailiyyətlər əldə edilmişdir. Elmi-texniki inqilab nəticəsində isə sənayedən sonrakı iqtisadiyyat formalaşır. Ağırlıq mərkəzi qeyri-istehsal sferasına keçirilir. Əgər aqrar iqtisadiyyatda torpaq əsas element sayılırdısa, sənayeləşmədə kapital onu əvəz etməyə başlamışdır. Müasir dövrdə informasiya toplanmış, mənimsənilmiş, limitləşdirilmiş amilə çevrilir. Yeni texnologiyalar “iti ağıllı intellektualların” əməyinin nəticəsinə çevrilmişdir. Onların fəaliyyətinin nəticəsi telekommunikasiya sistemində inqilabdan ibarətdir.

Ədəbiyyatlarda dünya ölkələri üzrə ÜDM-nin texnoloci tərkibinə dair verilmiş məlumatların təhlilini iki qrupda aparmaq olar: keçmiş sosializm sistemli təsərrüfatlara malik olan ölkələr; kapitalizm sistemi sayılan ölkələr. Birinci qrup ölkələrin təsərrüfat sistemində XX əsrin 90-cı illərinin əvvəllərindən başlayan islahatlar və ümumiyyətlə, sosializm sisteminin dağılması, ölkələr və təsərrüfat subyektləri, xalq təsərrüfatı sahələri arasındakı qarşılıqlı əlaqələrin pozulması bilavasitə istehsal sahələrində dərin böhranın yaranmasına səbəb olmuşdur. Nəticədə sənaye sahələrinin, bəzi ölkələrdə hətta kənd təsərrüfatı və digər istehsal sahələrinin məhsullarının həcminin kəskin şəkildə azalması müşahidə edilmişdir. Odur ki, bu qrup ölkələrdə 1999-cu ildə ümumi daxili məhsulun həcmində xidmətlərin xüsusi çəkisi xeyli artmışdır: Gürcüstan və Tacikistanda 65%, Qazaxıstanda 60%, Rusiya Federasiyasında 58%-ə bərabər olmuşdur. Bu amil SSRİ ilə bir siyasi birliyə daxil olan Avropa ölkələrində də müəyyən səviyyədə öz təsirini göstərə bilmişdir. Fikrimizcə, onun nəticəsi olaraq, belə ölkələr üzrə xidmətlərin xüsusi çəkisi, ümumi daxili məhsulun tərkibində 44-67% arasında dəyişərək, məhsul istehsalının xüsusi çəkisini xeyli üstələmişdir.

Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə, qonşu İran İslam Respublikası və Türkiyədə, müvafiq olaraq, istehsalın xüsusi çəkisi 12% və 16% olmuşdursa, xidmətlərin çəkisi 48% və 56%-lə xarakterizə edilir. İnkişaf etmiş ölkələrdən ABŞ-da bu göstəricilər 18% (istehsal) və 72% (xidmət), Yaponiya – 24% və 61%, Böyük Britaniya – 23% və 63%, Almaniya – 24% və 36%, İtaliya – 20% və 67%-lə səciyyələndirilir. Statistik məlumatların təhlili göstərir ki, 2009-cu ildə Azərbaycanın ÜDM-nin tərkibində məhsul istehsalının payı 64%, xidmətlərin xüsusi çəkisi 30 %-ə bərabər olmuşdur. Buradan da belə bir nəticə çıxarmaq mümkündür ki, inkişaf etmiş ölkələrin xarakterik xüsusiyyətlərindən biri geniş əhatəli xidmətlər şəbəkəsinin qurulması və fəaliyyət göstərməsindən ibarətdir. Bu metod Azərbaycanda həyata keçirilməyə başlayan qeyri-neft sahələrinin inkişaf strategiyasının əsas istiqamətlərindən sayıla bilər. Fikrimizcə, bu problemin geniş öyrənilməsi ayrıca bir tədqiqatın obyektidir. Dövlət Statistika Komitəsi tərəfindən 2007-ci ildə keçirilmiş birdəfəlik müayinə nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təşkilatların 39%-i, fərdi sahibkarların 40%-i kənar təşkilatların və yaxud ayrı-ayrı təşkilatların xidmətlərindən istifadə etdiyi məlum olmuşdur. Ayrı-ayrı növ əkinlərin aparılmasında belə xidmətlərdən istifadə edənlərin xüsusi çəkisi daha yüksəkdir. Habelə, kənd təsərrüfatı istehsalçıları əkinlərə becərmə işləri üzrə, üzvi və mineral gübrələrin verilməsi, suvarma işlərinin aparılması, ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılması, məhsul yığımı, nəqliyyat-daşıma xidmətlərinin göstərilməsi, ixtisaslı mütəxəssislərin məsləhətləri, heyvandarlıqda baytarlıq və zootexniki xidmətlərin, süni mayalandırma, yemləmə, qoyun qırxımı və s. növ xidmətlərin göstərilməsi tələb edilir. Qısası, kənd təsərrüfatı istehsalçılarına peşəkar xidmətlərin təşkili və yerinə yetirilməsi təbii ehtiyatlardan səmərəli istifadə etmək, məhsul bolluğu yaratmaq, əhalinin məşğulluğunu artırmaq və işsizliyin azaldılması, kənddə sahibkarlığın inkişafının sürətləndirilməsinin, yoxsulluğun azaldılması və adambaşına gəlirlərin yüksəldilməsi, habelə sair iqtisadi və sosial məsələlərin həlli nöqteyi-nəzərcə əhəmiyyət kəsb edir. Digər bütün növ sahibkarlara müəyyən peşəkar xidmətlərin göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə həlli zəruri sayılan innovasiya məsələlərinin əsas vəzifəsi, yaxın gələcəkdə xidmət sahələrinin üstünlüyünə nail olmaq və inkişaf etmiş ölkələrin iqtisadiyyatına uyğunlaşdırmaqla səciyyələndirilir.

Xidmət sahələrinin sürətli inkişafı, eyni zamanda, əmək ehtiyatlarından səmərəli istifadəni, ictimai əmək məhsuldarlığının yüksəldilməsini təmin etmiş olur. Dünya Bankının yaydığı məlumatlara görə, adambaşına ÜDM-nin həcmi 1999-cu ildə bütün ölkələr üzrə 6490, yüksək gəlirli ölkələrdə 24430, orta gəlirli ölkələrdə 4880 və aşağı gəlirli ölkələrdə 1790 ABŞ dollarına bərabər olduğu halda, Azərbaycanda 2322 dollara bərabər olmuşdur (alıcılıq qabiliyyəti paritetinə hesablanmaqla). Ölkənin Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara görə, son on ildə ÜDM həcmi hər il orta hesabla 24,8%, demək olar ki, dinamik artmaqla, 2009-cu ildə 4874 dollara çatmışdır (adambaşına). Xidmət sahələrinin inkişafına diqqət yönəltmək, onların iqtisadi-statistik qiymətləndirilməsinə əhəmiyyət vermək və s. daha sürətli nəticələrin rəhni sayıla bilər.

                 FAO-nun 2008-ci ildə yaydığı məlumatlara nəzər salaq:

 

Qidalanmanın tərkibində heyvan mənşəli məhsulların kaloriliyi, gün ərzində kkal

Heyvan mənşəli məhsulların xüsusi çəkisi, %

1995

2005

1995-2005-ci illərdə orta illik artım,%

1995

2005

1995-2005-ci illərdə orta illik artım

Dünyanın bütün ölkələri

339,3

388,2

1,4

11,8

12,9

0,9

İnkişaf etmiş ölkələr

670,8

694,6

0,3

20,7

20,3

-0,2

Keçmiş planlı iqtisadiyyat ölkələri üzrə

536,4

563,5

0,5

18,3

18,2

-0,1

Azərbaycan

254,7

349,8

3,2

11,9

13,4

1,2

Ermənistan

271,4

363,2

3,0

13,7

16,2

1,7

Belarus

747,4

618,8

-1,9

23,4

20,7

-1,2

Gürcüstan

325,4

444,5

3,2

14,5

17,6

1,9

Qazaxıstan

617,4

731,8

1,7

18,9

22,7

1,8

Qırğızıstan

513,1

552,2

0,7

21,6

17,7

-2,0

Latviya

728,9

718,7

-0,1

24,7

22,8

-0,8

Litva

481,7

676,5

3,5

16,9

19,8

1,6

Moldova

366,6

493,9

3,0

13,9

16,8

1,9

Rusiya Federasiyası

518,6

565,0

0,9

18,0

17,9

-0,1

Tacikistan

182,3

219,3

1,9

9,1

9,7

0,7

Türkmənistan

412,0

535,9

2,7

16,1

19,4

1,8

Özbəkistan

465,9

436,0

-0,7

17,3

17,5

0,1

Ukrayna

524,1

492,9

-0,6

18,0

15,5

-1,5

Estoniya

708,8

672,7

-0,5

24,1

21,9

-1,0

Digər inkişaf etmiş ölkələr

738,1

753,8

0,2

21,9

21,2

-0,3

İnkişaf edən ölkələr

247,0

311,8

2,4

9,3

11,1

1,8

Şərqi və Cənub-Şərqi Asiya

314,4

476,7

4,2

11,3

16,1

3,5

Latın Amerika və Karib hövzəsi

455,5

496,5

0,9

16,2

16,7

0,3

Yaxın Şərq və Şimali Afrika

227,9

255,5

1,1

7,6

8,5

1,1

İran İslam Respublikası

212,4

280,5

2,8

7,0

9,0

2,6

Türkiyə

335,3

321,8

-0,4

9,7

9,6

-0,1

Cənubi Asiya

136,9

138,7

0,1

5,8

5,9

0,2

Saxaradan cənuba Afrika

120,2

128,8

0,7

5,6

5,7

0,1

 Cədvəlin məlumatlarının təhlili deməyə əsas verir ki, ölkə əhalisinin qidalanmasının tərkibində heyvandarlıq məhsullarının xüsusi çəkisi, bəzi ölkələrə nisbətən yüksək olsa da, dünya üzrə orta səviyyəyə, habelə inkişaf etmiş ölkələr, o cümlədən keçmiş planlı iqtisadiyyatı olan ölkələr ilə müqayisədə xeyli aşağıdır və  ölkənin innovasiya siyasətinin mərkəzində duran məsələ hesab edilir.

Ümumiyyətlə, milli iqtisadiyyatın innovasiya siyasətinin mühüm istiqamətləri, fikrimizcə, kadr hazırlığı, texniki və texnoloci təchizat, təşkilati-idarəetmə, elmi-tədqiqat işləri, iqtisadi-statistik tədqiqatlar, maliyyə-kredit, qanunvericilik bazasının təkmilləşdirilməsi, bazar münasibətləri və s. məsələlərin təkmilləşdirilməsi ilə səciyyələndirilə bilər. Milli innovasiya siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: ölkənin regionlarının təbii və iqtisadi ehtiyatlarından səmərəli istifadəyə, tam məşğulluğu təmin etməyə və məhsuldarlığı yüksəltməyə, yoxsulluğu azaltmaq və aradan qaldırmağa, əhalinin ərzaq təhlükəsizliyini təmin etmək və qidalanma rasionunda heyvandarlıq məhsullarının xüsusi çəkisini yüksəltməyə, ekoloci təmiz məhsulla təmin etmək və istehlak bazarına zərərli-transgen (geni dəyişdirilmiş) məhsulların çıxarılmasına yol verməmək, sağlam və firavan həyat tərzinin formalaşdırılmasına şərait yaratmaq və s. ilə səciyyələndirilə bilər. Bütün bunlar milli iqtisadiyyatın və millətin təhlükəsizliyinin təmin edilməsinin müxtəlif və mühüm istiqamətləri sayılır.

 Zakir Zeynallı,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi