Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
Oktyabrın 14-ü qüdrətli fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənın anım günüdür. Onun ölməz sənətinin vurğunu, sevimli şairimiz Tofiq Bayramın ömür-gün yoldaşı Zərifə xanım Bayramova sənətkar haqqında xatirələrini bizimlə bölüşdü. Onu oxucularımıza təqdim edirik.
*  * *  *
Mən,  Azərbaycan rəssamlığına dünya şöhrəti  qazandıran Səttar Bəhlulzadə ilə görkəmli söz xiridarı Tofiq Bayramın dostluğundan söz açmaq istəyirəm. Onların çoxillik dostluğunun kökündə, heç şübhəsiz, bir-birinin sənətinə və  şəxsiyyətinə sonsuz hörmət və əlbəttə ki, eyni kənddə boya-başa çatmalarıdayanırdı. Tofiq Bayram  həmişə böyük rəssamla dostluğu ilə fəxr edirdi. Səttarın sağlığında da, vəfatından sonra da onun sənətindən və qeyri-adiliyindən danışmaqdan doymazdı. Onların  doğum günlərində cəmisi bir gün fərq var idi. Tanrı  ötən əsrdə, dekabrın 15-də Əmircan torpağına sonradan  hamının sevimlisinə çevriləcək rəssam Səttar Bəhlulzadəni, dekabrın sonrakı günündə isə sənətinin  məsuliyyətini öz yaradıcılığında dəfələrlə nümayiş etdirən şair Tofiq Bayramı bəxş etmişdi.
Tofiq Bayramın “Fərqimiz” şeirindən:
On beş dekabrda sən doğulmusan,
Ay ustad, on altı dekabrda mən.
Sən dillər əzbəri rəssam olmusan,
Yazıram-pozuram xırda-xırda mən.
Həyatda fərqimiz bircə gün imiş,
Sənətdə fərqimiz yerlə göy qədər.
Bu şöhrət halalca qiymətin imiş,
Səttar əbədidir, mən gəldi-gedər.
Bizim evin ən əziz qonağı xalqımızın qüdrətli fırça ustası Səttar Bəhlulzadə idi. O, bahar aylarında tez-tez bağımıza gələr, qızılgüllərin kölgəsində saatlarlaoturub etüdlər edərdi. Mən də bir kənardan ona baxmaqdan doymazdım. Səttar bu anlarda bütün dünyanı unudar, fırçanı kətan üstündə gəzdirdikcə dodaqaltı şeir deyərdi. Sonralar bildim ki, bu  şeirlər Füzulinindir.
Tofiq Bayramın Səttarla fəxr edə-edə yazdığı bir neçə şeiri isə bu gün poeziya həvəskarlarının dilinin əzbəridir.
“Səttar çələngi” adlanan bu “səkkizliklərə” “Xitab”, “Şöhrət”,  “Zirvə”, “Bir sinədə üç ürək”, “Dahilik”, “Cavanlıq”, “Qocalıq”, “Mənim günahım”, “Rənglər, boyalar”, “Bahar gözləyir”, “Sənətin Məcnunu”, “Şairin hədiyyəsi”, “Məscid muzey”, “Siqaret”, “Sən yeriyəndə”, “Yamanlığa yaxşılıq”,“Ağlı korlar”,“Rəsul Həmzətovun Səttar Bəhlulzadə ilə görüşü”,  “Ölüm kimdən yapışır”,  “Ruhun şad olsun”, “Fərqimiz” şeirləri daxildir .
Bir dəfə bizi fərdi sərgisinin açılışına dəvət etmişdi. Tofiqlə birgə sərgi salonuna getdik. Orada Tofiqə çıxış üçün söz verildi. Onun hərarətli çıxışı rəssamı çox  təsirləndirdi və o, yaxınlaşıb şair dostunu bağrına basdı və  salondakı bir əsərə işarə edib dedi ki, bu natürmortu sənə  bağışlayıram. Ancaq Tofiq qıyıb o tablonu götürmədi.
Biz Bakının Nərimanov rayonunda yaşayanda, Səttar Bəhlulzadə bizə tez-tez gələrdi. İçəri girən kimi mənə, “Xala nəvəsi, mənə armudu stəkanda bir çay gətir. Yanında  ancaq qənd və limon olsun”, - deyərdi. Çayı içəndən sonra  ona müraciət edərdim ki, yemək hazırlayımmı? Deyərdi ki,  hələ ac deyiləm, əgər acsam, onda balaca boşqabda düşbərə verərsən. Özü də sirkəsi yanında, bir dənə də sumaxlı ət  qutabı olsa bəsimdir. Ancaq sənətdən o qədər maraqlı söhbətlər edərdi ki, yeməyi də unudardı. Biz də ona qulaq asmaqdan doymazdıq.
Bir dəfə isə şəhərdə maraqlı bir hadisəyə rast gəldik. Biz Tofiqlə “Azərbaycan” kinoteatrından çıxanda, Natavan heykəlinin qarşısında adamların toplandığını gördük. Tofiq elə uzaqdan milis nəfəri ilə mübahisə edənin Səttar olduğunu bildi və biz ora tələsdik. Məlum oldu ki,  heykəlin qabağındakı balaca bağdakı qızılgül öz gözəlliyi ilə rəssamı o dərəcədə heyran edib ki, özgə vaxt onların təbii qalmasının tərəfdarı olmasına baxmayaraq, bu  dəfə onu kətana köçürmək üçün dərmək istəyib. Rəssamı tanımayan milis də bunun üstündə onu tənbeh etməklə bölməyə aparmaq istəyirmiş. O da, təbii ki,  müqavimət göstərirmiş, üstəlik də onu hələ söyübmüş. Bunu  eşidən Tofiq üzünü polisə və ətrafdakılara tutub, “Bu belə-belə olmuşlar rüşvət almaqdan vaxt  tapmırlar ki, ədəbiyyatla, incəsənətlə  maraqlansınlar;  öz rəssamını, şairini tanısınlar” sözlərini deyəndən sonra məsələ həll olundu. Milisin hadisə yerini tərk etməkdən başqa çarəsi qalmadı...

RUHUN ŞAD OLSUN
Dedi məzarımı kəndimdə qazın,
Yanıma bir fırça qoyun, bir çiçək.
Adicə bir daşa adımı yazın,
Xətrimi istəyən özü gələcək....
Qələm çək hər dərdin, əzabın üstə,
Fırçan intizardan, qoy, azad olsun!
Heykəlin ucalıb məzarın üstə,
Səttar Bəhlulzadə, ruhun şad olsun!
BİR SİNƏDƏ ÜÇ ÜRƏK
Bu  dilsiz ağaclar necə oxunur,
Necə şeir deyir bu lal qayalar?
Nə gözü yorulur, nə könlüm doyur,
Dil açıb danışır rənglər, boyalar.
Rəssamlıq ilahi vergiydi səndə, 
Bəs, necə oxutdun gülü, çiçəyi,
Görünür, üç ürək varmış sinəndə;
Füzuli, Üzeyir, Səttar ürəyi!
Şair ilə rəssamın uzun illər davam edən dostluğu 1974-cü ildə Tanrının hökmü ilə qırıldı.
Rəssam vəsiyyətinə görə Əmircanda anasının yanında, Tofiq də sonradan,  son arzusuna görə Səttarın yaxınlığında torpağa tapşırıldı.
Cəmisi 17 ildən sonra onlar yenidən qoşalaşdılar. Hazırda Əmircan qəbiristanlığında rəssama və şairə ehtiramını bildirməyə gələnlər həm də onların böyük dostluğundan söz açırlar.