Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Şəhərsalmaya həsr olunan ömür

 

Yetmiş yaşını yenicə tamamlamış Cahangir Qocayevin həyat hekayəsindən bir parça...
Dəyərlərin və baxışların dəyişdiyi indiki dövrdə yaxşını pisdən, pisi yaxşıdan seçmək o qədər də asan olmur. Bəzən hər kəsin yaxşı bildiyi, nəinki öz ətrafında, hətta cəmiyyətdə ad-san qazananlar birdən-birə başqalaşır, simasını və ictimai nüfuzunu itirərək unudulur, yaddaşlardan silinir. Və ya əksinə, illər ötdükcə hörmətini artıran, yaşa dolduqca örnəyə çevrilən insanlar başqalarının qəlbində əbədi sevgi qazanır.
Adamlar həm də çalışdığı peşəyə, tutduğu ictimai fəaliyyətə münasibətdə dəyər qazanırlar. Yaxşılar çalışdığı peşəyə də hörmət gətirir, pislər isə illər uzunu qazanılmış və formalaşdırılmış yaxşılıqları nüfuzdan salır.  Yaxşı ki, cəmiyyətimizdə mətin keyfiyyətlərin daşıyıcısına çevrilmiş dəyər sahiblərimiz hələ çoxdur. Belə dəyər sahiblərindən biri də şəhərsalmaya sədaqət nümunəsi olan Cahangir Qocayevdir. Bu il 70 yaşını tamamlayan Cahangir Qocayevin uzun illər xidmətində dayandığı şəhərsalma sahəsində ideya və prinsiplərinə sadiq olmaq o qədər də asan deyil. Amma o, şəhərsalmaya dəyər qazandırmağı bacarmış zirvədir. Bu zirvəyə ucalmağı heç də hər memar, mühəndis bacarmır. Cahangir Qocayevin öz peşəsinə bağlılıq prinsiplərində şəhərsalmaya peşəkar yanaşma xətti, dövlətə və dövlətçiliyə misilsiz sadiqlik ruhu var. O, sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə sübut etmiş bir örnək kimi böyük hörmət və ehtiram sahibidir.
Mən onu tanıyanda çox gənc idim, jurnalistikada fəaliyyətə yenicə başlamışdım. Sosial-iqtisadi mövzularda yazan gənc jurnalist kimi şəhərsalma məsələləri daim diqqətimdə idi. Özümdən böyük və təcrübəli həmkarlarımdan şəhərsalma məsələlərindən hansı mütəxəssisin rəyinin vacib olduğunu soruşduqda, hər kəs Cahangir Qocayevin adını birinci sırada çəkirdi... Aradan düz 20 ilə qədər vaxt keçir. Elə o vaxtdan Cahangir Qocayevi öz işinin peşəkarı, şəhərsalma sahəsində öz sözünü demiş müətəxəssis, böyük insani keyfiyyətləri özündə birləşdirən sadəlik, səmimilik və alicənablıq nümunəsi kimi tanıdım.
Kasıb və arxasız kənd uşağı Bakıda necə məşhurlaşdı?
1948-ci ildə Saatlı rayon Mollavayızlı kəndində anadan olub. Tale ona çox sıxıntılar yaşadıb. Uşaqlığı İkinci Dünya müharibəsindən sonrakı çətin illərə təsadüf edib. Hamı kimi Cahangir Qocayevin böyüdüyü ailə də çətinliklə dolanırdı. Ailədə 3 uşaq olublar, fəhlə ata evdar xanımı ilə övladlarına təhsil vermək üçün hər cür çətinliklərə qatlaşıblar. "Orta məktəbi elə öz kəndimizdə oxumuşam. Mollavayızlı kəndindəki məktəb 8 illik olduğundan 9-cu sinifdən kənddən 3 kilometr uzaqda yerləşən qonşu Soltanlı kəndində orta təhsilimi davam etdirmişəm. Qarşıma məqsəd qoymuşdum ki, ali təhsil almalıyam. Doğrudan da, tale elə gətirdi ki, istəyimə çatdım, sinfimizdə 3 nəfər ali məktəbə qəbul oldu, onlardan biri də mən idim”, – deyə 70 yaşlı yubilyar xatırlayır.
Hələ orta məktəbdə oxuyarkən Cahangir Qocayev müəllim və ya hüquqşünas olmaq istəyirmiş. Amma orta məktəbi bitirənə yaxın ədəbiyyat müəlliminin həyat yoldaşının dediyi bir söz onu bu fikrindən daşındırıb. Həmin qadın gənc Cahangirə deyib ki, müəllim ailəsini dolandıra biləcək qədər əməkhaqqı ala bilmir. Buna görə də müəllim olmaq fikrindən birdəfəlik daşınıb. 1966-cı ildə orta məktəbi bitirəndən sonra sənədlərini indiki Azərbaycan Texniki Universitetinə verib. Amma bu dəfə bəxti gətirməyib, gürcüstanlı müəllim onu imtahandan “kəsib”. Bundan sonra sənədlərini gecə məktəbinə vermək istəsə də, Bakı şəhərində deyil, regionda vətəndaş qeydiyyatında olduğundan Cahangir Qocayevi ora da götürməyiblər: “Bundan sonra sənədlərimi Razində (indiki Bakıxanov qəsəbəsi) 17 saylı peşə məktəbinə verdim və neft-qaz çıxarma operatoru ixtisasına daxil oldum. Bir il orada oxudum, amma o dövrdə bu ixtisas o qədər hörmətli idi ki, elə bilirəm iki universitet qurtarmışam. Həmin peşə məktəbi məni bakılı elədi. Yaxşı oxuduğuma görə 45 manat təqaüd alırdım. Mədəndəki işimizin qazancından 30 faizini də bizə verirdilər. Məktəbi əla qiymətlərlə bitirdiyim üçün o vaxtkı Neft-Kimya İnstitutuna müsabiqədənkənar qəbul olundum. Altı il oxuyub ali təhsilli mühəndis diplomu aldım”.
Bununla belə, bu inadkar kənd uşağı öz inadından əl çəkməyib. Bakıya gələndə ilk dəfə sənədlərini Azərbaycan Texniki Universitetinin sənaye və mülki tikinti ixtisasına versə də, qəbul etməmişdilər. O isə Neft-Kimya İnstitutunu bitirəndən sonra ilk dəfə Bakıya gələrkən imtahanda onu “kəsən” gürcüstanlı müəllimin acığına həyatını könüldən sevdiyi tikintiyə bağlayıb: “Neft-Kimya İnstitutunu bitirəndən sonra tikintinin öz ixtisasıma uyğun sahəsində çalışdım. Hələ ikinci kursda oxuyanda Azərbaycan Pedaqoji Universitetində təhsil alan sinif yoldaşımla evləndim. Tələbə olsam da, normal dolandırdım, 165 manat maaş alırdım. Peşə məktəbini bitirdiyimə görə mədəndə işlə təmin olunmuşdum, axşam isə oxuyurdum. O vaxt qəzetlərdə mənim haqqımda çoxsaylı yazılar verilmişdi. İnstitutda Əli müəllim varıydı, o, mənim qəzetdə çıxan şəkillərimi tələbələrə nümunə kimi göstərirdi. İnstitutu bitirənə qədər iki övladımız oldu, məni əsgərliyə aparmadılar”.
Cahangir Qocayev ali təhsili başa vurduqdan sonra həyat yoldaşı və iki körpə övladı ilə birlikdə doğma Saatlıya qayıdaraq, 1982-ci ilədək rayonda işləyib. Sonradan işləmək üçün yenidən Bakıya qayıdıb. Rayonda olduğu kimi, Bakıda da trestlərin birində işə düzəlib və qısa müddətdə məhz onun savadlı mütəxəssis kimi böyük nüfuz qazandırdığı tikinti müəssisəsi eyni fəaliyyətlə məşğul olan trestlərə nümunə oldu. Bir müddət sonra Bakıda Normativ Tədqiqat Stansiyası açılarkən Cahangir Qocayev uğurlu fəaliyyətini orada davam etdirib. Daha sonra Nazirlər Kabinetinin şöbə müdiri vəzifəsində çalışıb. “Müstəqil Azərbaycan Respublikasının tikinti konsepsiyasını mən yazmışam. O vaxt Arxitektura Komitəsinin sədr müavinini başqa yerə göndərmişdilər. Narazılığımı dilə gətirib dedim ki, o yaxşı müavin idi, işlər necə olacaq? Baş nazirin müavini Əli Təhməzov dedi ki, səni arxitekturaya müavin vəzifəsinə göndərəcəyik. Komitəmiz parçalanana qədər sədrin müavini oldum. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bölünəndən sonra beynəlxalq əlaqələr və mətbuat xidməti şöbəsinə rəhbərlik etdim. Həmçinin, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında dərs dedim”.
Onun şəhərsalma fəlsəfəsi...
Artıq təqaüdə çıxsa da, yenə sevdiyi peşəsindən ayrılmaq istəmir, tikinti sahəsindəki 41 illik təcrübəsini bölüşmək, bildiklərini gənc mütəxəssislərə öyrətmək, yeri gələndə iradlarını bildirmək üçün fürsət axtarır. Cahangir Qocayevin ana prinsiplərindən biri odur ki, vətənə, xalqa və dövlətə xidmət etmək üçün haradasa işləməyin, vəzifə və səlahiyyət sahibi olmağın o qədər də önəmi yoxdur. O, hesab edir ki, insan işləmədən, vəzifə və səlahiyyət sahibi olmadan da xalqına və dövlətinə xidmət edə bilər: “Təqaüdə çıxsam da, yaşımın bu vədəsində vaxtımı səmərəli keçirməyə çalışıram. Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi müəyyən tədbirlərdə iştirak edirəm, şəhərsalmadakı problemlər barədə öz fikrimi dövlət orqanlarına, ictimaiyyətə çatdırıram ki, aidiyyəti qurumlar lazımi tədbirlər görsünlər. Çünki şəhərsalma elə bir sahədir ki, o heç vaxt köhnəlmir, illər ötdükcə qədimləşir, dəyəri artır. Yəni, şəhər qədimləşdikcə qiymətə minir. Şəhərin təsərrüfat infrastrukturunun saxlanmasına, o cümlədən bağ və parklara xidmətin göstərilməsinə bu prinsipdən yanaşmaq lazımdır. Təəssüf ki, şəhər təsərrüfatının idarə olunmasında bu prinsip pozulub. Belə məsələlərə ciddi fikir verilməlidir”.
Həmişə dostları yaşca özündən böyük olub. Cahangir Qocayev dost seçimində nə üçün belə etdiyini də özünəməxsus şəkildə cavablandırır: “Mən həmişə öyrənməyə həvəsli olmuşam. Ona görə də yaşca özümdən böyüklərlə dostluq emişəm ki, onlardan daha çox şey öyrənə bilərəm”. Həyatı, düşüncəsi də özünün irəli sürdüyü şəhərsalma fəlsəfəsinə tam uyğundur. Yaşa dolduqca dəyəri daha da artır Cahangir Qocayevin!

E.Mirsalah

 


 

Hörmətli Cahangir müəllim!
Biz də “İqtisadiyyat” qəzetinin kollektivi adından Sizi - qəzetimizin redaksiya heyətinin üzvünü və qəzetimizlə uzun illər əməkdaşlıq etmiş dəyərli alimi, peşəkar mühəndisi, alicənab bir şəxsiyyəti, səmimi insanı  - yeni yaşınız münasibətilə ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. Çox sağ olun ki, varsınız! Cəmiyyətimizin Sizin kimi müdrik, dünyagörmüş ağsaqqallara  hər zaman ehtiyacı olacaqdır.