Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Azərbaycan xalqının böyük ziyalısı, alim, ağsaqqalı...

Akademik Teymur Bünyadovun 90 illik yubileyi ərəfəsində düşüncələr...

 

...Elə insanlar var ki, nə insanların qəlbində, nə də tarixdə heç bir iz qoya bilmirlər. Elə insanlar da var ki, onların əməlləri, addımları, fərdi xüsusiyyətləri, əvəzsiz xidmətləri nəticəsində həm tarixdə, həm də insanların qəlbində çox dərin izlər qoyulur. Belə tarixi və əvəzsiz ziyalılarımızın sırasında canlı tariximiz, alimimiz, yazıçımız, ağsaqqalımız, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, professor Teymur Əmiraslan oğlu Bünyadovun öz yeri vardır.
90 illik yubileyini yaxın vaxtlarda qeyd etməyə hazırlaşdığımız akademik Teymur Bünyadov bizimlə olan çoxsaylı görüş-söhbətlərində qeyd edir ki, Yer kürəsinin yaşı beş milyard ilə yaxın olsa da, insanlığın tarixi cəmi üç milyon ildir. İnsan təbiətin tacı, yer üzünün əşrəfidir. Ulu insan alidi, adildi, aqildi. Başlanğıcda torpağın nə sahibi, nə sahib çıxanı, nə gözləyəni, nə gözətçisi olub. İnsan bu dünyaya göz açdığı vaxtdan da torpaq istəyi, Vətən sevgisi yaranıb. Zaman keçdikcə bu istək, bu arzu daha da güclənib, daha da müqəddəsləşib. İnsan anasını sevdiyi kimi, vətənini də sevib, yolunda çox qurbanlar verib. Vətən də qədimdir, ana da. İkisi də əzəlidi, əbədidi, qoşa yaranmışlardır. Anamız Azərbaycanın dövrü-qədimdən sinəsindən od parlayıb, atəş saçıb. Əcdadlarımız bu oda, bu işığa pənah gətiriblər, bu inanca sitayiş ediblər. Adlarını oddan alıb, Odlar ölkəsi olublar. Yurdumuz ana vətən, ana torpaq kimi sevilib. Yanar oddu, sönməz ocaqdı vətənimiz. Cəngavərlər yurdudur Azərbaycan. Sayagəlməz igidlərimizin qanı ilə yoğrulub bu torpaq, əməllə dastanlaşıb bu müqəddəslik. Azərbaycan xalqı dünyanın ən qədim, qəhrəman və mədəni xalqlarından biridir. Bu xalqın yerləşdiyi ərazidə ulu əcdadlarımız yaşayıb, yaradıb və yadelli işğalçılara qarşı mübarizə apararaq hər zaman qalib gəliblər. Bu torpağın hər daşında, hər qayasında xalqımızın qəhrəmanlıq salnamələri, qəhrəmanlıq abidələri var. Azərbaycan xalqı torpağına, vətəninə bağlıdır. Ondan bir qarış belə kimsəyə vermək haqqında düşünmür. Torpağı, vətəni uğrunda döyüşməyə, canından, qanından keçib şəhid olmağa hazırdır. Kəlbəcərimiz, Zəngilanımız, Laçınımız təkcə cənnətməkan olmayıb, həm də hərbi-strateji əhəmiyyət kəsb edən ərazilərimizdir. Şuşamız bir basılmaz qalamızdır. Şuşamız dağdan arana açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdır. Düşmənlərə, yadellilərə göz dağıdır. Onları heç zaman düşmən tapdağında qoymarıq!
...Fəxr edirik, qürur duyuruq ki, belə gözəl fikirlərin, ülvi arzuların, optimist düşüncələrin sahibi olan akademik Teymur Bünyadov bizim müasirimizdir, iş yoldaşımızdır, müəllimimizdir, ağsaqqalımızdır, yolgöstərənimiz, məsləhət verənimizdir!
...Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın tarix üzrə Abbasqulu ağa Bakıxanov adına mükafatının ilk laureatı, akademik Teymur Bünyadovun bir şəxsiyyət olaraq inkişafı, tərəqqisi, hər şeydən əvvəl, onun zəhmətilə, əzmkarlığıyla, gecə-gündüz çalışmasıyla bağlıdır. O, indi də gecə-gündüz durmadan çalışır.
35 elmlər namizədi, 10-dan çox elmlər doktoru yetişdirmişdir. Onun həyatı ilklərlə doludur. O, Azərbaycanda arxeologiya və etnoqrafiya sahəsində ilk elmlər doktoru, ilk professor, akademiyanın ilk müxbir üzvü, ilk akademikidir. Bu sahədə ilk “Şöhrət” ordeni alan, ilk Əməkdar elm xadimi olan, ilk “Azərbaycan arxeologiyası oçerkləri” kitabını yazan da Teymur müəllimdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri və respublika elmi tədqiqatların tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvüdür.
…Teymur müəllimin doğulduğu Qazaxın Şıxlı kəndindən Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Hüseynov, Vidadi Babanlı və s. kimi onlarla ziyalılar yetişib. Qazaxın 600-ə yaxın alimi var. Görünür, burda Tiflisin, Qorinin Qazaxa yaxın olmağının da rolu var. Onun yeddi yaşı olanda anası vəfat edib, səkkiz yaşında isə atası “xalq düşməni” kimi güllələnib. On doqquz ilini qəm-kədər içində keçirib. On doqquz ildən sonra əl boyda kağız veriblər ki, atan qanunsuz yerə güllələnib. Amma Teymur Bünyadov mübariz olub, sınmayıb. Rayonda ilk dəfə qızıl medal çıxanda, onu alan iki nəfərdən biri Teymur müəllim olub. Qızıl medalla universitetin tarix fakültəsinə imtahansız qəbul olunub. Universiteti bitirəndən sonra Moskvaya gedib. Arxeologiya üzrə aspiranturaya imtahan verib. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi.
Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, “Azərbaycanın qədim və orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1960-cı ildə Teymur Bünyadovun irihəcmli “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabı çap olundu. Respublikada bu mövzuda ilk dəfə hörmətli alimimiz tərəfindən qələmə alınan bu monoqrafiyada Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu tutarlı dəlillərlə sübuta yetirilir. Özündə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixini əks etdirən bu əsər, həmçinin gənc arxeoloqların yetişməsində xüsusi rol oynamış, mütəxəssislərin bu gün də müraciət etdiyi kitablardan olmuşdur.
Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 35 monoqrafiyanın və 821 məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir. İctimai elmlər sahəsində mühüm hadisə sayılan, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yüksək tirajla nəşr edilmiş üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin təşkilatçısı, baş redaktoru və böyük hissəsinin müəllifi T.Bünyadovdur. Bu monoqrafiyanın cildlərində Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə-məişəti və s. öz əksini tapmışdır. Görkəmli alimin son dövr fəaliyyəti də çox maraqlıdır; onun bilavasitə rəhbərliyi ilə üçcildlik “Qəbələnin tarixi”, “Qəbələnin etnoqrafiyası” və “Qəbələ folkloru” kitabları yazılaraq, rus və ingilis dillərinə tərcümə edilmiş, yüksək tirajla çap olunmuşdur.
Teymur Bünyadovun yarım əsrdən çox elmi yaradıcılığını təhlil etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun əsasının qoyulduğunu aydın şəkildə görürsən. Onun hər bir əsəri, monoqrafiyası, kitabı, çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə araşdırılmalıdır. Çünki onun əsərlərində Azərbaycanın qədim tarixi, arxeologiyası, etnoqrafiyası, eləcə də Teymur Bünyadovun özünün görə-görə, gələ-gələ yazdıqları əksini tapır.
Akademik Teymur Bünyadov uzun illər bir sıra elmi konfransların iştirakçısı olmuş, Azərbaycanın arxeologiya və etnoqrafiya elmlərini layiqincə təmsil etmişdir. O, 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə Moskva VII Beynəlxalq konqresində, 1971-ci ildə arxeoloq və etnoqrafların Tiflisdə keçirilən ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda keçirilən Birinci Millətlərarası Azərbaycan-türk qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə keçirilən “Azərbaycanın xalça sənəti” adlı Beynəlxalq konfrasda və başqa elmi forumlarda etdiyi dərin məzmunlu çıxışları ilə dünya alimlərinin böyük marağına səbəb olmuşdur. Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəsti-xətlə yazıya gətirən xalqşünas akademikin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində vətənin müxtəlif guşələrinin tarixi, etnoqrafiyası öz əksini tapmışdır.
Akademik T.Ə.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar”, “Ana laylası beşik nəğməsidir...” adlı dördcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanmışdır. Bu əsərlərdə xalqımızın zəngin mənəvi dünyası, düçar olduğu ədalətsiz müharibənin ağrıları, vətənsevər oğul və qızların döyüş əzmi işıqlandırılır. Qəlbi vətən eşqi ilə döyünən qeyrətli alim-yazıçı havadarlarının köməyi ilə bədxah ermənilərin Dağlıq Qarabağımızı işğal etdiyi bir vaxtda gənclərə mərdlik, mübarizlik və döyüşkənlik ruhu aşılamaq məqsədilə Azərbaycan türklərinin qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar əsərlərini çap etdirmiş, dəfələrlə cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişdir.
T.Bünyadov təkcə elmi və bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olmuşdur. O, ixtisaslaşmış elmi şuraların, həmçinin elmi-tədqiqat işlərinin ekspertizasında yaxından iştirak etməklə gənc alimlərin dissertasiya işlərinin müdafiələrində həmişə özünün prinsipial mövqeyi, obyektivliyi və qayğıkeşliyi ilə seçilmişdir. Elmi rəhbərliyi ilə yanaşı, indiyə qədər digər onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və gənc alimlərin həyata vəsiqə almasına xeyir-dua vermişdir.
Qeyd etdiyimiz kimi, akademik Teymur Bünyadov uzun illər ölkənin bir çox ali təhsil müəssisələrində yüksəkixtisaslı mahir pedaqoq kimi, həmişə tələbə və aspirantlara müxtəlif mövzular üzrə mühazirələr oxumuşdur. Eyni zamanda, o, həm də yüksək səviyyəli təhsil təşkilatçısı kimi, Milli Məclisin Elm-Təhsil məsələləri Daimi Komissiyasının sədri olaraq Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında, Boloniya təhsil sisteminə keçirilməsində, ölkədə üçpilləli bakalavriat-magistratura-doktor təhsil formasının bərqərar olmasında böyük xidmətlər göstərmişdir. Xatırlatmaq istərdik ki, akademik T.Bünyadov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli fərmanı ilə yaradılmış Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi Azərbaycanda özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı tədbirlərin təşkilində çox yaxından iştirak etmişdir. Həmin illərdə Teymur müəllim müstəqil Azərbaycan dövlətində təhsilin, xüsusilə də özəl təhsilin təşkili və inkişafı sahəsində dövlət komissiyalarının üzvü olaraq, təhsilin, elmin inkişafının təmin edilməsi üçün normativ-hüquqi bazanın yaradılması, inkişaf proqramlarının hazırlanması üzrə çox səmərəli işlər görmüşdür.
“Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nın hazırlanmasında da Teymur müəllimin fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Akademik Teymur Bünyadovun iştirakı ilə hazırlanan islahat proqramında ölkə vətəndaşlarının təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılması, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsi, yeni idarəetmə modelinin yaradılması, təhsilin perspektiv dövrdə inkişafının təmin edilməsi nəzərdə tutulmuşdur.
T.Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri seçilmiş, eyni zamanda, Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olmuşdur. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan T.Bünyadov prezident seçkilərində ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin vəkili kimi çıxış etmiş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. O, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin akademik katibinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar cəmiyyətinin üzvü olmuşdur.Görkəmli alim T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika elmi tədqiqatlarının tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq” və “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvüdür.
Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Teymur Bünyadov haq­qında bu sadalananlar onun şəxsiyyətini, böyüklüyünü, millət naminə gördüyü işləri izah etməkdə acizdir. Bir əsrə yaxın ömür yolunu vərəqləyəndə Teymur müəllimin həyatın müxtəlif sahələrində Azərbaycan xalqının, milli-mənəvi dünyagörüşümüzün inkişafında, milli ruhumuzun dərkində, elmimizin inkişafında, gənc nəslin vətənsevərlik ruhunda tərbiyəsində oynadığı rolun şahidinə çevrilirsən.
... Akademik Teymur Bünyadov “Əsrlərdən gələn səslər” əsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır. O, iki ildən artıq bir müddət ərzində  «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətində böyük maraqla izlənən “Əsrlərdən gələn səslər” adlı verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. “Kölgələr sürünür” bədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi T.Bünyadovun xidməti böyükdür.
 20 Yanvar faciəsi Teymur müəllimin bayatılarla dolu ürəyini dilə gətirib. O dövrdə Bakı, bütün Azərbaycan qan ağlayırdı. O, nə yata bilirdi, nə dura bilirdi, nə də özünə yer tapa bilirdi... Səhərə yaxın ilk dəfə bir bayatı gəldi dilinə:
Qan sızlar,
Sinəm qandır, qan sızlar,
Qansıza bel bağlama,
Qansız olur qansızlar.
O vaxtdan sonra bu hadisə Teymur müəllimə böyük mənəvi təsir etdi. Onun dördcildlik “Bayatılar” kitabı çıxdı. Kitablarda vətənə, xalqa aid çox bayatılar var:
Açılmır,
Yollar bağlı, açılmır,
Qarabağın bəxt qapısı,
Tilsimlənib açılmır.
 ... Akademik Teymur Bünyadov həm elimizin, həm də elmimizin ağsaqqalıdır. Onlarla alim Teymur Bünyadov məktəbinin yetirməsidir. Teymur müəllim təkcə elmdə məktəb yaratmamış, eyni zamanda, insanlıq məktəbini, tərbiyə məktəbini yaratmışdır. Teymur müəllim Azərbaycan xalqının sevimlisi, yüksək qiymətləndirdiyi bir ağsaqqaldır. Onun hər bir işdə gənclərə dəstək olması, qol-qanad verməsi həmişə yüksək dəyərləndirir. Əsərləri ilə Azərbaycan gəncliyinə, özündən sonrakı nəsillərə milli ruhumuzu, milli dünyagörüşümüzü aşılamışdır. Kitabları ilə bir ömür sarayı ucaldan akademikin əsərləri milli ruhumuzun təcəssümüdür. Etnoqrafik tədqiqatları bədii şəkildə, şirin dillə oxuculara təqdim edən Teymur Bünyadov tarixi yaddaşımızı populyarlaşdırır, zənginləşdirir.
Teymur müəllimin hər əsəri ayrıca tədqiqatın mövzusudur. Əgər XX əsrin ortalarında yazdıqları monoqrafiyalar Teymur Bünyadov yaradıcılığının, Azərbaycan etnoqrafiyasının özülləri idisə, onun redaktorluğu ilə buraxılmış üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabı etnoqrafiya elmimizin tacıdır. Bu kitablarda Azərbaycan etnoqrafiyasının hər bir sahəsi geniş, detallı şəkildə əksini tapmışdır. Bu üçcildlikdə xalqımızın çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, qədim məşğuliyyət növləri və sənət sahələri, maddi mədəniyyəti, ailə və ailə məişəti, xalq bayramları, qonaqpərvərlik adətləri, musiqi, din, ədəbiyyat, elm və təhsil, xalq təbabəti, ağsaqqalıq və ağbirçəklik institutu, ölçü vahidləri, rənglər, saylar və s. kimi məsələlər işıqlandırılmışdır. Akademik Teymur Bünyadovun baş redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan etnoqrafiyası” üçcildliyi hər kəsin üz tutduğu fundamental əsərdir. Bizi özümüzə tanıdan bir əsər…
Ömrünün bu müdrik çağında bir gənclik şövqü ilə zəhmətdən yorulmayan, elmi və bədii yaradıcılıq işlərini davam etdirən Teymur Bünyadovun gördüyü bütün işlər bizim gözümüzdə ən müqəddəs işdir. Mənəvi mədəniyyətin aşınmağa meyilləndiyi, maddi mədəniyyətin sürətlə dəyişdiyi dünyada Teymur Bünyadov özünün geniş spektrli yaradıcılığı ilə milli ruhumuzun istinadgahını yaratmış, bizi qürurlandırmışdır. Bu istinadgah Azərbaycan xalqını özünə tanıdır, millətimizdə keçmişə hörmət, rəğbət və gələcəyə inam hissi oyadır.
Allahın hikməti böyükdür. Nəyə nail olubsa, öz zəhmətinin, zəhmətkeşliyinin hesabına olan Teymur Bünyadova bəlkə elə uşaqlıq və gənclik illərindəki əziyyətinin, zəhmətinin müqabilində Allah bu qədər uzun, bu qədər sağlam ömür bəxş edib, özünü isə bu qədər sevilən, bu qədər şanslı edib! Gözü-könlü tox olan, içki içməyən, siqaret çəkməyən, yazmaqdan-oxumaqdan başqa heç nə ilə məşğul olmayan, xalqın sevgisindən başqa heç nəyə ehtiyac duymayan Teymur Bünyadovdan, özünün dili ilə desək, bu ölkədə varlı, şanslı adam varmı?!
Qarşıdan gələn 90 illik yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu ürəkdən təbrik edirik, ona uzun ömür, can sağlığı, bolluca uğurlar arzulayırıq. İnanırıq ki, Teymur müəllimin qarşıdakı illərdə də elmi-pedaqoji fəaliyyəti həm Azərbaycanın elm-təhsil sisteminin, həm də arxeologiya və etnoqrafiya elmlərinin inkişafına ciddi töhfələr verəcəkdir.

 

Akif Musayev, i.e.d., prof.,
AMEA-nın müxbir üzvü