Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Zəhmətlə yüksələn insan, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban iş yoldaşı

 


 

Hörmətli Fəxrəddin müəllim!

Mən sevinirəm ki, Sizin kimi böyük məktəb keçmiş bir ziyalını, təcrübəli və bacarıqlı, özünə qarşı tələbkar, başqalarına qayğıkeş və səmimi bir insanı tanımışam. Siz Auditorlar Palatasının keçirdiyi beynəlxalq və regional tədbirlərdə doğma Azərbaycanımızı layiqincə təmsil edirsiniz.
Ad gününüz mübarək. Sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Allah Sizi və ailənizi qorusun!

Akademik
Ziyad SƏMƏDZADƏ


 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin müavini, ömrünün təxminən 50 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına həsr etmiş, əmək fəaliyyətinin son iyirmi bir ili isə bütünlüklə auditor xidməti ilə bağlı olmuş, zəhmətlə yüksələn insan, tələbkar istehsalat rəhbəri, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban iş yoldaşı Fəxrəddin Həsən oğlu İsmayılovun 70 yaşı tamam olur.

Bu gün Azərbaycanda bazar infrastrukturları sistemində özünəməxsus yer tutan milli auditin təşəkkülündə və inkişafında müstəsna xidmətləri olan mütəxəssislərdən biri - Fəxrəddin İsmayılov 1947-ci il dekabrın 13-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda oxuduğu illərdə Bakı Çörək Ticarəti İdarəsi sistemində əmək fəaliyyətinə başlamış, daha sonra «Azərneftkəşfiyyat» trestinin fəhlə təchizatı şöbəsində çalışmışdır. 1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ikinci ali təhsilini başa vuran F.İsmayılovun əmək fəaliyyətinin növbəti illəri Bakının Qaradağ rayonu ilə bağlı olmuşdur: uzun müddət «Xəzərdənizneftqazsənaye» İstehsal Birliyinin rayon fəhlə təchizatı şöbəsində və Qarışıq Mallar Ticarəti İdarəsində rəhbər vəzifələrdə işləmişdir. 1990-1996-cı illərdə isə o, Dövlət Yanacaq Komitəsinin fəhlə təchizatı şöbəsinin müdiri, fəhlə təchizatı üzrə ticarət-istehsalat birliyinin rəisi olmuş, Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Xarici İqtisadi Əlaqələr Birliyində rəis müavini kimi fəaliyyət göstərmişdir. 

Yüksək təşkilatçılıq bacarığı, özünə və tabeliyində olanlara qarşı münasibətdə tələbkarlığı və səmimiyyəti ilə seçilən F.İsmayılov sadalanan məsul iş sahələrinin hamısında böyük nüfuz sahibi kimi tanınmışdır.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatası 1996-cı ilin aprel ayında fəaliyyətə başlayanda F.İsmayılov Palata sədrinin müavini vəzifəsinə təyin edilmiş və həmin vaxtdan etibarən taleyini milli audit qurumu ilə bağlamış, bütün bilik və bacarığını sahibkarlıq fəaliyyətinin respublikamız üçün nisbətən yeni növü olan auditor xidmətinin təşkili və onun metodik təminatı, auditor kadrların hazırlanması, Auditorlar Palatasının beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsi işinə həsr etmişdir.
Onun zəngin həyat təcrübəsi, təşkilatçılıq bacarığı, nəcib insani keyfiyyətləri ölkənin auditor təşkilatlarında işlərin düzgün qurulmasına, əmək və istehsalat intizamının möhkəmləndirilməsinə, əməkdaşlar və auditorlar arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmiş və indi də göstərir. Fəxrəddin müəllim rəsmiyyətlə səmimiyyəti, tələbkarlıqla qayğıkeşliyi bacarıqla uzlaşdırır və məhz bunun sayəsində Azərbaycan auditorları ailəsinə daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfəsini verir. F.İsmayılov Azərbaycanda auditin normativ hüquqi bazasının formalaşdırılması, metodik-texniki təminatı üzrə işlərdə də yaxından iştirak edir. O, ali məktəblər üçün «Audit» dərs vəsaitinin və Auditorlar Palatasında işlənib hazırlanmış «Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)»in, habelə onlarca metodik vəsaitin – proqramların, təlimat və qaydaların müəlliflərindən biridir, ölkədə audit sisteminin təşkilinin təkmilləşdirilməsinə yönəlmiş çoxlu maraqlı təkliflər irəli sürmüşdür.
Auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif məclislərin dəfələrlə iştirakçısı olan F.İsmayılov hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir.
F.İsmayılov Auditorlar Palatasında həyata vəsiqə almış onlarca faydalı təşəbbüsün müəllifi, xeyirxah işlərin təşkilatçısı və birbaşa icraçısı olmuşdur.
Məhz ona görə də o, istər keçmiş iş yerlərində, istərsə də hazırkı iş yerində nümunəvi və işgüzar fəaliyyətinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 15 ilik yubileyi münasibətilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə ölkə prezidentinin 2011-ci il 15 sentyabr tarixli Sərəncamı ilə Fəxrəddin İsmayılov “Tərəqqi” medalına layiq görülmüşdür.
Əqidəsi möhkəm, mənəviyyatı saf, davranışı sadə, təvazökar və təmənnasız olan Fəxrəddin müəllim öz prinsipiallığı, vətəndaş mövqeyi, milli qeyrəti yüksək olan bir Azərbaycan övladıdır. O, dövlətinə, millətinə, xalqına və torpağına sadiq olmaqla, ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başladığı əmək fəaliyyətindən daim fərəhlə danışır və bu gün həmin siyasətin uğurlu davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin yüksələn dinamika ilə artan iqtisadi reallıqlarına, uğurlarına daim sevinməklə bərabər, Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai siyasi proseslərdə də fəal iştirak edir.
Fəxrəddin müəllimin insani keyfiyyətləri onun iş, peşəkarlıq keyfiyyətlərinin birbaşa davamıdır: o, tələbkar istehsalat rəhbəri və mehriban, qayğıkeş yoldaşdır, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran xoşrəftar insan və xalqımıza xas olan gözəl ailə başçısıdır: 4 övladı və 11 nəvəsi vardır.
Azərbaycan auditorları ailəsinin ömrünün 70-ci ilini tamamlayan sevimli üzvlərindən birini, hörmətli həmkarımızı, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran və heç kimdən köməyini əsirgəməyən qayğıkeş insan, əməksevər və intizamlı işçi, nümunəvi ailə başçısı, təcrübəli və bacarıqlı iş yoldaşı olan F.İsmayılovu yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, əmək fəaliyyətində yeni uğurlar, ictimaiyyət arasında malik olduğu hörmət və nüfuzu daim qoruyub saxlamağı arzulayırıq. Qoy, ömrünün sonrakı hər bir günü ona və ailəsinə yalnız həyat sevincləri bəxş etsin.

 

Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
i.e.d., professor
Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya
və beynəlxalq əlaqələr
idarəsinin rəisi