Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Bir ömrün salnaməsi

 

Sovet dövründə Azərbaycanın bir İttifaq respublikası olaraq iqtisadi inkişafına, onun Moskva qarşısında maraqlarının müdafiəsinə, respublikanın ali idarəçilik orqanlarının fəaliyyətinin təkmilləşməsi işinə şərəflə xidmət etmiş, bu sahədə öz töhfəsini vermiş çoxsaylı vətənpərvər dövlət qulluqçuları arasında Mustafa Molla oğlu Mustafayevin adını da xüsusi fəxrlə çəkmək olar. Uzun illər respublikanın aqrar sektorunda fəaliyyət göstərmiş, sonralar Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə çalışmış Mustafa müəllim ömrünü ləyaqətlə yaşayaraq, bu günlərdə həyatla vidalaşmışdır.  Mustafa müəllim 1929-cu ildə Qazax-Ağstafa elinin Qıraq Kə­səmən kəndində anadan olmuşdur. Onun uşaqlığı və gəncliyi çətin dövrə düşmüşdür. 30-cu illərin kolxoz quruculuğu, siyasi repressiyalar, 40-cı illərdə qanlı müharibə, sonra isə savaşdan çıx­mış ölkədə insanların çəkdiklə­ri yoxsulluq və sıxıntılar onun həyatının ağır sınaqları olmuşdur. Mustafa müəllim hələ uşaqlıq yaşlarında atasını itirmişdi. O, Stalin repressiyalarının qurbanı  olmuş atası Molla kişinin tutulmasını belə xatırlayırdı: “1937-ci ilin oktyabr ayında bir gecə pəncərəmizi döydülər və bir səs dedi: “Molla dayı, dur, hazırlaş gedək”. O, elə bil bunu gözləyirdi, çünki hər gün kimisə aparırdılar. Biz o axşam gec yatmışdıq, ona görə hamı oyaq idi. Atamı apardılar. O, bir daha geri qayıtmadı. Həmin gecə Məcid (Mustafa müəllimin kiçik qardaşı) səhərə qədər ağladı. Atam 1942-ci ildə Rusiyanın Çita vilayətində sürgündə vəfat etdi”. Molla kişi Qazax-Ağstafa elində öz alicənablığı və ürəyiaçıqlığı ilə tanınmışdı. Qıraq Kəsəmənin ağa nəslindən olan Xəlil bəyin oğlu sonralar Mustafa müəllimə onun atasının xeyirxahlığı haqqında fikirlərini bölüşüb deyirdi: “20-ci illərdə Qıraq Kəsəməndə hökumət malımızı əlimizdən almışdı. Bir gün evimizin yanında yol kənarında oturmuşdum, bir az da xəstə idim. Bu zaman Molla dayı yol ilə gedərkən ayaq saxladı və məndən soruşdu: “A bala, sizin əkin yeri niyə şumlanmayıb?” Dedim ki, “dayı, öküzümüzün biri ölüb, tək öküzlə də yer şumlamaq olmaz, həm də heç toxumumuz da yoxdur ki, səpin aparaq”. Bir az yoluna davam etdi və birdən dayanıb geri qayıtdı, dedi: “Sən hazırlaş, üç gündən sonra bizim uşaqlar İrəvana heyvan aparacaqlar, onlara yoldaş ol”. Biz İrəvana xeyli dana, camış potası apardıq, Molla dayı onları qəssablara satdı, qayıdıb gəldik. Kəndə gələndə mənə o qədər pul verdi ki, mən bir cüt öküz və xeyli toxum aldım, yerimizi şumlatdım, səpdirdim, böyük külfətimiz aclıqdan xilas oldu”.   Molla kişinin həbsindən sonra böyük ailənin bütün qayğıları onun həyat yoldaşı və əlində dörd körpə övladı qalmış Həbibə xanımın üzərinə düşdü. Və təbii ki, bir az böyüdükdən sonra Mustafa da var gücü ilə anasına dəstək olmağa çalışırdı.  Bir neçə il məktəbdə oxuduqdan sonra Mustafa müəllim Qazax şəhərində Kənd Təsərrüfatı Texnikumuna qəbul ol­muş, onu əla qiymətlərlə bi­tirmişdi. Hərbi xidmətini çəkdikdən sonra o, Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsilini başa vurmuş və 1965-ci ilə qədər Qazaxda kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə işləmişdi. Öz işini vicdanla və peşəkarlıqla görən Mustafa müəllim Respublika Kənd Təsərrüfatı Nazirliyi sistemində gənc və bacarıqlı kadr kimi tanınmışdı. 1965-ci ildə o, Bakıya işə dəvət edilərək, Respublika Sovxozlar Trestinin plan-iqtisad şöbəsinin rəisi, üç ildən sonra isə Nazirlər Soveti sədrinin müavininin köməkçisi vəzifəsinə təyin edildi.  1969-cu ildə milli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra ölkədə aktiv sənayeləşmə başladı, yeni-yeni zavod və fabriklar tikildi, infrastruktur yeniləşdi, kənd təssərüfatı böyük inkişaf mərhələsinə qədəm qoydu. Savadlı və bacarıqlı kadrlara qabağa çəkilməyə geniş meydan verildi. Ona görə də Mustafa müəllim Nazirlər Sovetində kənd təsərrüfatı şöbəsinə böyük referent vəzifəsinə irəli çəkilmişdi. O, bu dövrü belə xatırlayırdı: “Bu vəzifədə işlədiyim dövrdə Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi Hacıağa İbrahimov məni Mərkəzi Komitənin tapşırığı ilə bir dəfə komissiyanın sədri kimi Gədəbəy rayonuna, bir dəfə də Şamxor, Tovuz, Qazax rayonlarına xüsusi tapşırıqla ezamiyyətə göndərdi. Hər iki halda tapşırıq barədə geniş arayış təqdim etmişdim. Bir qədər sonra mən Nazirlər Soveti sədrinin katibliyində işləyərkən bildim ki, o, məni Mərkəzi Komitənin aparatında işə götürmək istəyirmiş, Heydər Əliyev soruşub ki, “Əli İzmailoviç (Nazirlər Sovetinin sədri) nə deyir?”. Cavab veriblər ki, “O, buraxmaq istəmir”. Heydər Əliyev soruşub: “Bəs, onda sən nə istəyirsən?”. Cavab verib ki, “yaxşı işçidir, bir neçə dəfə yoxlayıb sınamışam”. Heydər Əliyev deyib: “Əli İzmailoviçə də yaxşı işçi lazımdır”. 1977-ci ildə Mustafa müəllim Respublika Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsinə, beş ildən sonra isə plan-maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Bu iş olduqca məsuliyyətli və  ağır sahə sayılırdı, çünki o dövrdə Respublika Dövlət Plan Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Təchizat Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Qiymət Komitəsi, Dövlət Əmək Komitəsi, Dövlət Material Ehtiyatları Komitəsi, Dövlət Bankının Azərbaycan Respublika Kontoru, Dövlət Tikinti Bankının Azərbaycan Respublika  Kontoru, Dövlət Əmanət Bankının Respublika  Kontoru bu şöbənin kuratorluğunda idi. Şöbə özü isə Nazirlər Soveti sədrinin kuratorluğunda idi. Mən Nazirlər Sovetində həmin şöbədə 3 il böyük referent və 7 il şöbə müdirinin müavini vəzifəsində işləmişəm, onun öz işinə nə qədər can yandırdığının, nə dərəcədə məsuliyyətlə yanaşdığının, özünə və işçilərinə qarşı nə qədər tələbkar olduğunun şahidi olmuşam. O vaxt Nazirlər Soveti nazirlik, komitə, baş idarələrin işinə böyük koordinasiya və nəzarət işləri həyata keçirirdi, ölkənin sosial-iqtisadi inkişafında nəhəng işlər aparırdı, illik və 5 illik proqnozların tərtibi, dövlət büdcəsinin hazırlanması, təsdiqi və icrasına nəzarət işlərinihəyata keçirirdi. Bu işlərdə Mustafa müəllimin də xidmətləri böyük idi. Mustafa müəllim həm də çox vətənpərvər insan idi. Onun bütün fikirləri və amalı həmişə respublikanın mənafeyini qorumaq, onun iqtisadi inkişafına, xalqın rifahının yüksəldilməsinə xidmət etməkdən ibarət idi.  1980-ci illərin sonunda Azərbaycana qarşı ermənilərin çıxışları və təcavüzü başladığı zaman Mustafa müəllimin ürəyi də bütün yurdunu sevən ziyalılar kimi xalqı ilə bir vururdu. O, 1990-cı il Qanlı Yanvar hadisələrini yada salıb deyirdi:  “Mən yanvarın 20-dən 21-nə keçən gecə Nazirlər Soveti aparatında məsul növbətçi idim, bütün gecə atəş səsləri eşidilirdi, vətəndaşlardan arasıkəsilmədən telefon zəngləri gəlirdi: “Bizi qırırlar, evimizi güllə-borana tuturlar”. Mən Bakının komendantı, general Dubinyaka bir neçə dəfə zəng vurub dedim: “Göstəriş verin, atəşi dayandırsınlar”. O isə deyirdi: “Tapşırın, balkondan əsgərlərə daş atmasınlar”. O gecə mən infarkt keçirdim. Fevralın ikisinədək şiddətli  ağrılarla işə getməkdə  davam edirdim, ağır amerikan dərmanları qəbul edirdim. Fevralın 2-də şöbəmin böyük referenti Fikrət Yeganovla poliklinikaya gəldim. Baş həkimin müavini İxtiyar Sultanov məni müayinə edən kimi xərəyə uzadıb təcili xəstəxanaya apardı. Reanimasiya şöbəsində gözəl həkim Fuad Rəhman oğlu Əliyev məni 80 gün müalicə etdi. İyun ayında işə qayıtdım. Xəstəxanada olduğum müddətdə Nazirlər Sovetinin sədri Həsən Həsənov mütəmadi zəng vurub, baş həkimdən mənim müalicəmin gedişi ilə maraqlanmış, müalicəni nəzarətdə saxlamağı tapşırmışdı”. Bu hadisədən qısa müddət sonra Xalq Cəbhəsi hakimiyyətə gələndə  Mustafa müəllimi Nazirlər Sovetindəki işindən ayırdılar. Mərkəzi Bankda (keçmişdə Milli Bank) katibliyin rəisi kimi bir neçə il fəaliyyətdə oldu. Milli Bankda normativ hüquqi sənədlərin hazırlanmasında, idarə heyətinin işinin təşkilində və sənədlərin rəsmiləşdirilməsində öz biliklərini əsirgəmədi. Dövlət və hökumət Mustafa müəllimin fəaliyyətini aşağıdakı orden və medallarla təltif etməklə qiymətləndirib: “1941-1945-ci illər Böyük Vətən  müharibəsində əmək rəşadətinə görə” medal, “Əmək rəşadəti” medalı iki  dəfə, “Şərəf nişanı” ordeni,  “Əmək veteranı” medalı, “Böyük Vətən Müharibəsində qələbənin 30, 40, 60 illiyi” medalları (1975, 1985, 2005-ci illər). Mustafa müəllimin gözəl ailəsi var, onlar əsasən maliyyə-bank sahəsi üzrə mütəxəssisdirlər, nəvəsi Türkiyədə adlı-sanlı universitetlərin birində təhsil alır.  Mustafa Molla oğlu Mustafayev 12 noyabr 2017-ci ildə dünyasını dəyişdi. Onu tanıyanların və yaxınlarının qəlbində Mustafa müəllimin əziz xatirəsi daim yaşayacaqdır. Keçmiş Nazirlər Soveti sədrinin birinci müavini Musa Məmmədov belə deyir: “Mən Mustafa müəllimi uzun müddət tanımışam və bir yerdə işləmişəm, olduqca ləyaqətli və fədəkar bir insan idi, işləmək onun alın yazısı idi, heç vaxt yoruldum deməzdi, gözəl mütəxəssis idi”. Keçmiş Nazirlər Soveti sədrinin müavini Dadaş Acanov isə belə deyir: “Mən Mustafa müəllimlə işləmişəm, olduqca zəhmətkeş, dövlət idarəetmə sistemini bilən bir insan idi. Verilən tapşırıqları yerinə yetirmək üçün yuxusuna da haram qatırdı”. Keçmiş yeyinti sənaye naziri Kamil Məmmədovun dediklərindən: “Mən Mustafa müəllimi uzun müddət tanımışam, həddən ziyadə sadə, işgüzar, sədaqətli bir insan idi. Nazirlər Soveti aparatında ən bacarıqlı işçilərdən biri idi, yaxşı ideyaları, qələmi var idi”. O vaxt Nazirlər Sovetində tə­sər­rüfat idarəsində, indi isə Na­zirlər Kabinetində işlər müdiri işləyən Süleyman Səfiyev: “Mustafa müəllim çox az danışan, çox iş görən, ləyaqətli, təvəzökar bir insan idi. Daim işləmək həvəsi var idi. İstirahət günləri fiziki işlər görməyi olduqca sevərdi, ailəcanlı, gözəl ağsaqqal idi.  Allah rəhmət eləsin! 

 

Əvəz Ələkbərov, İqtisad elmləri doktoru,  professor,

respublikanın əməkdar müəllimi, 

Dövlət İqtisad Universitetinin 

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, 

“Professorlar klubunun”  rəyasət heyətinin sədri