Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Mətbuatda, xüsusilə də qəzetdə işləməyin anlaşılmaz, bəlli olmayan tərəfləri var. Hərdən illər uzunu gördüyün iş haqqında sanki hesabat verirmiş kimi ötən illəri bir daha nəzərdən keçirmək istəyirsən. Bu dəfə də elə oldu. Birdən-birə keçmişə qayıtmaq, o illəri, günləri, hətta saatları, dəqiqələri yada salmaq, illər öncə oxuduğum maraqlı bir kitab kimi vərəqləmək keçdi ürəyimdən. 2001-ci ilin qəzetlərini əlimə aldım. Düz 15 il əvvəl yazılan yazılara bir də baxdım, oxudum və... həmin günün təəssüratlarını bir daha yaşadım. O günü Azərbaycan ədəbiyyatşünaslıq elminin layiqli nümayəndələrindən biri, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev də çox gözəl qələmə almışdı.  Həmin yazını olduğu kimi oxucuların nəzərinə çatdırmaq istərdim.


 

 

Mən bir tut ağacıyam

 

Azərbaycan  xalqına “şair xalq”, “bəstəkar xalq” deyirlər. Elə bu səbəbdən də azərbaycanlını  şeirlə, mahnıyla heyrətləndirmək çox çətindir.  Xalqın yaratdığı bayatılar, mahnılar yüz illər keçsə də,  qocalmaq bilmir, əksinə hər oxunuşda təravətlə səslənir. Elə əsl bəstəkar da odur ki, onun əsəri tez sevilir və bu el məhəbbəti soyumaq bilmir.  Aygün Səmədzadə də belə xoşbəxt sənətkarlardandır, gənc olsa da, musiqisevərlər onun “Məktəb illəri”, “Həsrət nəğməsi”, “Dəniz”, “Gəl, qayıdaq o sahilə” kimi lirik, həzin, kövrək duyğular oyadan mahnılarının vurğunu olmuşlar.

Bu günlərdə köhnə “İnturist”in məşhur salonunda Aygün Səmədzadənin Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi “Tut ağacım” adlı klip-hədiyyə paylanılmışdır. O, qeyri-adi, sehrli bir tədbir idi. Burada respublikamızın görkəmli musiqi xadimləri Sara Qədimova, Akif İslamzadə, Tələt Qasımov, Ramiz Zöhrabov, Şəfiqə Eyvazova, professor Vasim Məmmədəliyev, telejurnalist Ələddin Əsədzadə və başqaları çıxış edərək, yeni klipin uğurundan, musiqinin orijinallığından, dinləyicidə xoş əhval-ruhiyyə yaratmasından, musiqi ilə poeziyanın ecazkar vəhdətindən, məlahətli səsi olan Aygün  Hümbətovanın ifaçılıq məharətindən danışdılar. Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yaşar Qarayevin bir dinləyici kimi təəssüratını oxuculara çatdıraq.

Nazim Hikmətin məşhur misrası var: “Mən ceviz ağacıyam Gülxanə parkında". Təkcə Gülxanədə yox, indi elə bir yaddaş, hafizə, xatirə, yoxdur ki, bu ceviz orda rişə atmasın. Rəsul Rzanın Göyçay narı, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Məmməd Kərim Sanılının  poeziyasında bitən palıd və şam meşəsi milli rəssamlıqda, folklorda və xalq tətbiqi sənətində də fitri təbii və bədii ekoloji relyefi təşkil edir.  Amma tut simvolikasına mən nə natürmortda, nə də musiqi etüdlərində rast gəlmişəm.

Tut emblemi Şəki peyzajının fitri təbii emblemidir, ipək təbiəti, ipək  məlahəti və musiqisi şəklinin dilində, ruhunda və varlığında tut nemətinin əlaməti və ifadəsidir. Amma tut portretiylə nə Şəkinin arxitektura memarlıq panoramında, nə də Bəxtiyar Vahabzadənin lirika, peyzaj mehrabında rastlaşmışam.

Əvəzində mən tut lirasını, bu liranın  əsəbində, sinirində, simində köklənən  leytmotivi, tut pöhrəsinin ləçəyinə, yarpağına yazılan misraları Bakının lap göbəyində, Xəzər sahilində hər bakılıya “köhnə İnturist” kimi tanış olan əski binada  dinlədim. O gün  qoca “İnturist”in özü bulvarda bitən qoca tut ağacına bənzədi və bu tutun altına yığışıb  payızın lap axır, qışın lap əvvəl çağında yerə yelkən saldıq və klipdən tut çırpdıq. 

Tut ağacım,

Tut ağacım!

Aman yerim, uman yerim,

Sirli, sözlü aman yerim...

Uşaqlığım,

Ucalığım,

xəyalımda ucalığım...

Uşaqlığım, ucalığım,

Tut ağacım.

Bol nemət, bar-bəhər süfrəsini ortaya üç nəcib kübar xanım,  üç sahibə sərmişdi: iki Aygün və bir Zakirə!

Rejissor və operator bizim milli-mənəvi, fəlsəfi tut simvolikasına tam uyğun təfsilat, kaloritli, predmetli, etnoqrafik  illüstrasiyalar tapa bilmişdir. Ruhdan  qopub gələn, kədərdən, ağrıdan süzülən misralar (şairə Zakirə Abdullayeva) nisgilli, narın,  zərif bəstəkarın (Aygün Səmədzadə) bədii ovqat və avazında dəqiq musiqi  ekvivalentini tapmışdır. Bir təbii ahəngdə,  harmoniyada qovuşan bu qoşa sim ən canlı, təbii və təsirli sintezi gənc müğənni Aygünün təzə, tər icra və ifa üslubunda tapmışdır.  Sözlər də, musiqi də elə bil lap əvvəldən onun səsinə, ruhuna, həm daxili, həm də zahiri məlahətinin təkrarsızlığına biçilmişdi. Yox, Aygün Şəkidə bitən budaqlı, gövdəli, xoşbəxt və bəxtəvər, nəhəng tut ağacı deyildi. Abşeronda bitən, boyu  insafsız bürküdən, istidən zədələnən, gövdəsi aramsız tufandan, küləkdən əyilən pərişan, əzabkeş tut ağacı idi.  Vətənin dərd-səri, Qarabağın iztirabı, muğamın, heyratının, şikəstənin ağrısı bu səsdə və  ifada fitri vücud kəsb etmişdi. Bu, göylərə baş çəkən, dumanla, ulduzla qovuşan nazənin xanımın, bəxtəvər gözəlin vücudunda və yatağında pənbəyə, bəzəyə (ipəyə-şala, örpəyə-kəlağayıya) çevrilən üzü ağ, bəxti bəyaz tut yarpağı və tut atlası deyildi, səngərdə şəhid köynəyinə, nakam məzarda, tabutda qara ipək haşiyəyə, Xuramanın yerə sərdiyi və erməninin tapdaladığı o qara kəlağayıya çevrilən tut yarpağı idi.

Axı, ananın, gəlinin ucada - başında tutduğu milli kəlağayı paklıqdır, ismətdir,  qadın heysiyyatıdır, onu havada tutar və  zirvədən, göydən yerə düşməyə qoymurlar (kişinin papağı kimi). Zirvədə saxlaya bilmədik biz Qarabağda havaya atılan kəlağayını. Məhz zirvədən torpağa düşən, əlçatmazdan çamıra düşən, yaraya, qana bulaşan kəlağayının iztirabı var Aygünlərin musiqisində və səsində. Zakirə xanımım ehtiras və söz harayında!

Behiştdə bitən xurma ağacı idi bir vaxtlar bizim üçün Qarabağda, Şəkidə bitən tut ağacı. Sabir Əhmədli indi onu  cəhənnəmdə bitən iztirab və əzab ağacı kimi təsvir edir (“Ömür urası” romanı). Vətəndaş ədib həm doğma kəndinin işğalını, həm də  qələbədən sonra Sabirin özünün ora qayıtmasını təsvir edir. Bütün ağaclar kəsilib məhv edilmiş, bütün  kənddə yalnız məğrur, əbədi, əyilməz gər (tut) ağacı sağ qalmışdı.  Tutun gövdəsinə sədaqəti bir də ilan qoruyub saxlamışdır. Xəyalən kəndə qayıdan ədib,  doğma tut oyuğunu nə didərginliyə, nə da  qaçqınlığa dəyişən rəmzi ilan və bir də  sabitlik, vəfa, sədaqət rəmzi Tut (kənddə deyildiyi kimi, “gər”, yəni güc ağacı) - üçlükdə kimsəsiz (ağacsız və adamsız) kənddə tənha görüşürlər. Mən bu tragik görüşün, müqəddəs, sehrli söhbətin və bu gələcək görüş nağılına ziyalı ümidinin səsini, sədasını mahnıdakı musiqidən, musiqidəki misralardan eşitdim.

İndi sənin budağında

ləpir salıb bir iz qoymaq

axı, nec də çətin olub,

 müşkül olub...

İndi yoxsan

əlçatmaz bir ulduz kimi,

Günəş kimi.

İndi yoxsan yuxularda

Mən gördüyüm

nənəm kimi,

 anam kimi,

Tut ağacım...

İzzət-nəfs, qürur, sədaqət rəmzi “Tut ağacı” silsiləsindən yeni-yeni şeirlərə,  nəğmələrə, kliplərə uğurlu yollar, əziz müəlliflər! Qoy, bu “Tut ağacım” mahnısı da Sabir Əhmədlinin doğma kəndindəki Tut ağacı kimi  tək və tənha qalmasın...

 

Yaşar Qarayev