Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Vida sözü - Telman Hüseynov

XX əsr əvvəlki dövrlərdən bir çox fundamental cəhətlərinə görə, o cümlədən sənayenin inkişafının müqayisəedilməz dərəcədə yüksək olması ilə fərqlənir. Məhz XX əsrdə sənaye çoxsahəli, mürəkkəb struktura malik qlobal sfera kimi formalaşmış, bu və digər ölkənin iqtisadi qüdrətinin gücünü müəyyən edən ən əsas faktorlardan birinə çevrilmişdir.

Azərbaycanda hələ XIX əsrin ortalarından başlayaraq sənayenin inkişafı istiqamətində atılan addımlar, XX əsrin əvvəllərində Bakının dünyanın neft mərkəzinə çevrilməsi bu diyarda sənayenin perspektiv inkişafından xəbər verirdi. Ona görə sənayenin iqtisadi problemlərinin tədqiqi və tədrisi istiqamətində konkret fəaliyyət göstərmək, yanacaq-energetika kompleksi, maşınqayırma, yüngül, yeyinti və s. sənaye sahələrində iqtisadi məsələlərlə bilavasitə məşğul olan mütəxəssislərin, xüsusilə milli kadrların hazırlanması obyektiv zərurət idi.

Bir çox çətinliklərə baxmayaraq, respublikamız bu vəzifənin öhdəsindən uğurla gəldi. Sənaye, onun ayrı-ayrı sahələrinin iqtisadiyyatı üzrə ali təhsilli iqtisadçı mütəxəssislərin hazırlanması, sənaye kompleksinin iqtisadi problemlərinin elmi tədqiqinin genişləndirilməsi üçün kafedralar, laboratoriyalar, şöbələr yaradıldı. Məhz bu kimi mühüm tədbirlərin, düşünülmüş siyasətin nəticəsidir iqtisad elminin mühüm bir sahəsi - sənaye iqtisadiyyatı üzrə elmi məktəb formalaşdı. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, respublikada iqtisadçı kadrların hazırlanmasında və iqtisad elminin inkişafında xüsusi xidməti olan Azərbaycan Dövlət İqtisad İnstitutunun "Sənaye iqtisadiyyatı" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Telman Hüseynov bu məktəbin, bu elmi istiqamətin ən layiqli nümayəndələrindən biridir.

Telman Əlihüseyn oğlu Hüseynov 1934-cü ilin dekabr ayının 28-də Cəbrayıl rayonunda anadan olmuşdur. 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəl Bakı fəhləsi zavodunda normallaşdırıcı, 1960-cı ildən 1962-ci ilə qədər isə keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texniki-iqtisadi tədqiqat şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.

Gənc mütəxəssis bu dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil oldu. Həmin vaxtda Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çox maraqlı elmi işlər aparılırdı. Yüksək ziyalılığı, böyük həyat təcrübəsi ilə fərqlənən Hüseyn Hüseynov, Əhməd Mahmudov, Mədət Allahverdiyev gənclərə xüsusi qayğı göstərirdilər. Bizim hamımız bu kimi ağsaqqalların gənc tədqiqatçılara olan səmimi münasibətinin əyani şahidi olmuşuq. 1967-ci ildə "Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onu da qeyd edim ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas istehsal fondlarından istifadə məsələsi ən aktual və az tədqiq edilmiş problemlərdən sayılırdı. Neft-maşınqayırma sənayesinin iqtisadi aspektlərinin incəliklərinə ətraflı bələd olan Telman Hüseynov namizədlik dissertasiyasında konkret faktlara əsaslanaraq istehsal fondlarından istifadənin yaxşılaşması ilə bağlı elmi və əməli əhəmiyyət kəsb edən nəticələr əldə etdi, ona görə də Elmi şura onların neft-maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun saydı...

T.Hüseynov 1968-ci ildə Azərbaycanda ilk dəfə həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. Onun kafedra müdiri olduğu dövrdə kafedranın əməkdaşlarından 3 elmlər doktoru, 15-ə qədər elmlər namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlanmışdır.

1973-cü ildən AzXTİ-də dekan, kafedra müdiri, Voznesenki adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının direktor müavini işləmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru vəzifəsini icra etmişdir.

T.Hüseynov 1988-ci ildə “Maşınqayırmanın inkişafı və səmərəliliyinin yüksəldilməsinin sosial-iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən professordur. Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri vəzifəsində çalışmışdır. Qətiyyətlə qeyd etmək olar ki, Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdən idi.

Respublika iqtisadçıları Azərbaycan Dövlət İqtisad İnstitutunda "Sənaye iqtisadiyyatı" kafedrasına rəhbərlik edən professor Telman müəllimi sənaye iqtisadiyyatının incəliklərinə bələd olan, onu yüksək professionallıqla tədqiq edən alim-pedaqoq kimi tanıyırlar. O, 140 elmi məqalənin, o cümlədən 5 monoqrafiyanın, 1 dərsliyin və 4 dərs vəsaitinin, bir neçə kitabçanın müəllifidir. T.Hüseynov tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, 300 çap vərəqi həcmində iqtisadi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmişdir.

İqtisad elmi və təhsil sahəsində xidmətlərinə görə professor T.Hüseynov 1991-ci ildə "Əməkdar iqtisadçı", 2006-cı ildə isə "Əməkdar müəllim", 2015-ci ildə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamına əsasən, təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Tanınmış alim, gözəl pedaqoq və nəcib insan Telman Əlihüseyn oğlu Hüseynovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikası

Milli Məclisinin İqtisadi siyasət,

sahibkarlıq və sənaye komitəsinin sədri,

akademik Ziyad SƏMƏDZADƏ