Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

İQTİSADİ TƏRƏQQİYƏ HƏSR EDİLƏN ÖMÜR

 

“Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.

Heydər Əliyev

 

Danılmaz həqiqətdir ki, alim olmaq çətindir, çünki elmin yolları çox əzablı, çox kəşməkəşlidir. İstehsalatda müxtəlif rəhbər vəzifələrdə çalışa-çalışa alim olmaq isə ikiqat, üçqat çətindir. Ona görə də bu qəbildən olan alimləri barmaqla saymaq olar. "Elm dalınca gedərkən qarşına yandırıcı od çıxsa da, qərqedici dərya çıxsa da, qorxma!" deyimini özünə örnək seçmiş Bəyalı Ataşov da belə praktik alimlərdəndir.

Bəyalı Xanalı oğlu Ataşov 16 iyul 1946-cı ildə anadan olmuş, 1964-cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbini, 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olaraq, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot-iqtisadiyyat fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə bitirmişdir. Həm orta, həm də ali təhsilini o vaxt çox dəbdə olan rus dilində almışdır.

Zəngin maliyyə-uçot, istehsalat və təşkilati-idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik-tədqiqatçı B.X.Ataşov 1989-cu ildə o vaxtki Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunun (indiki İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadi İslahatlar İnstitutunun) aspiranturasını bitirərək, Tiflis şəhərində “Azərbaycan Respublikasında ət-süd sənayesinin inkişafı” mövzusunda namizədlik, 2002-ci ildə isə dissertantı olduğu Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati-idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Müstəqil Azərbaycanda ərzaq kompleksinin inkişafı və ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk tədqiqatçılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif və tövsiyələrdən vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə respublikamızın aqrar bölməsində həyata keçirilmiş “Kənd təsərrüfatında regional islahatlar”, “Özəlləşdirilmiş kənd təsərrüfatı müəssisələrinin təşkili”, “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi”  kimi pilot layihələrdə qismən istifadə edilmişdir.

Professor B.X.Ataşovun elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar çağı ölkəmizin müstəqillik qazandığı dövrə təsadüf edir. Müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız çox ağır günlər keçirir, böhranın girdabından çıxa bilmirdi. Məhz o, vaxtlar ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət kursunu hər vəchlə dəstəkləyən digər vətənpərvər iqtisadçılar kimi Bəyalı Ataşov da yaxşı bələd olduğu aqrar-sənaye sferasının yeni tələblər baxımından transformasiyasına və dirçəldilməsinə dair ardıcıl olaraq müxtəlif kütləvi informasiya vasitələrindən istifadə edərək, elmi-nəzəri seminarlarda, dəyirmi masalarda və elmi-praktik konfranslarda iştirakı vasitəsilə ən ümdə və təxirəsalınmaz məsələləri ön plana çəkir, öz təklif və tövsiyələrini direktiv orqanların diqqətinə çatdırır, aqrar elmin nailiyyətlərinin istehsalata tətbiqinə səy göstərirdi. O vaxtlar aqrar sahədə  həllini gözləyən əsas problemlər sırasında ulu öndərin cəsarətli və MDB məkanında analoqu olmayan torpaq islahatı nəticəsində kəndlilərin sərəncamına verilmiş torpaq paylarından səmərəli istifadə, bitkiçilikdə və heyvandarlıqda innovativ texnologiyaların ləngimədən tətbiqi, aqrar istehsalın yeni şəraitə uyğun diversifikasiyası, bu sahəyə dövlət dəstəyinin ilbəil gücləndirilməsi, kəndlilərin “ələbaxımlıq” psixologiyasından əl çəkərək məhsuldar əməyə cəlb edilməsi, kənd təsərrüfatında kooperasiya və inteqrasiya əlaqələrinin genişləndirilməsi, aqrar sahibkarlığın geniş vüsət alması və beləliklə də respublika əhalisinin etibarlı ərzaq təminatına möhkəm zəmin yaradılması zərurətini Bəyalı müəllim öz məqalə və kitablarında yeni elmi yanaşmalar prizmasından xüsusilə vurğulayırdı.

Uzun müddət elmi-pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasında davam etdirən, həmçinin bir sıra elm ocaqları ilə sıx əməkdaşlıq edən professor B.X.Ataşov 6 monoqrafiyanın, ali məktəblər üçün 5 dərslik və dərs vəsaitlərinin, çoxsaylı tədris proqramları, metodik göstərişlər və tövsiyələrin, 110-dan artıq elmi məqalələrin müəllifidir. O, 2011-ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektorudur.

Hələ ali məktəbdə oxuyarkən respublika və xarici mətbuatda məqalələri çıxan B.Ataşov gənc yaşlarından elmə böyük həvəs göstərmiş, elmi yenilikləri istehsalat təcrübəsi ilə əlaqələndirməyə daim can atmış, elmin və təcrübənin qarşılıqlı surətdə sıx bağlı olub bir-birini tamamlamaları barədə həyat reallığı mövqeyindən araşdırmalar aparmışdır. İstehsalatda çalışmaqla yanaşı, elmi-tədqiqat işləri ilə ciddi məşğul olmuş, daim mütaliə etmiş, qabaqcıl təcrübələri öyrənməyə cəhd göstərmiş, ölkəmizin, Gürcüstanın və Rusiyanın görkəmli iqtisadçı alimləri ilə, habelə respublikanın müvafiq elm ocaqları ilə sıx yaradıcılıq əlaqələri qurmuş, bir çox respublika əhəmiyyətli tədqiqat işlərinin yerinə yetirilməsində, təklif və tövsiyələrin hazırlanmasında fəal iştirak etmişdir.

Gənc iqtisadçı alimlərin yetişdirilməsində və hazırlanmasında fəal iştirak edən B.X.Ataşov Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin böyük Elmi şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş Şuranın üzvüdür.

30 illik elmi-tədqiqat və elmi-pedaqoji staja malik B.X.Ataşovun bilavasitə elmi rəhbərliyi altında indiyə kimi 15 nəfər iddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər. Hazırda 1 nəfər elmlər doktoru elmi dərəcəsi iddiasında olan dissertantın elmi məsləhətçisi, 7 nəfər fəlsəfə doktoru elmi dərəcəsi iddiasında olan doktorant və dissertantların elmi rəhbəridir. O həmçinin 30 nəfərdən çox magistrin dissertasiya işlərinin elmi rəhbəri olmuşdur.

Bundan əlavə, digər iddiaçılar tərəfindən müxtəlif illərdə müdafiəyə təqdim edilmiş xeyli sayda namizədlik (fəlsəfə doktoru) və doktorluq dissertasiyalarının rəsmi opponenti və rəyçisi olmuş, bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin, tədris proqramlarının hazırlanıb nəşr edilməsində elmi redaktor və rəyçi kimi iştirak etmişdir.

Onun təşəbbüsü və rəhbərliyi ilə hal-hazırda ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi, həmçinin tədrisin təşkili sahəsində çoxlu sayda elmi əsərlər, dərslik, dərs vəsaiti, proqram-metodiki göstərişlər nəşr edilmiş və edilməkdədir.

B.X.Ataşovun vaxtilə elmi rəhbəri, elmi məsləhətçisi və opponenti olduğu gənc alimlərin böyük bir qismi hal-hazırda ölkəmizin müxtəlif nüfuzlu elm ocaqlarında elmi-pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər.

Uzun müddət çalışdığı Azərbaycan Kooperasiya Universitetində, son bir neçə ildə isə Azərbaycan Dövlət Aqrar Universitetində mütəmadi olaraq tələbələrin Buraxılış Yekun Dövlət Attestasiyası Komissiyasının sədri və üzvü olmuşdur.

“Maliyyə” kafedrasının professoru qismində tədris metodikasının incəliklərinə dərindən bələd olan B.X.Ataşovun bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri, keçirdiyi məşğələ dərslərini dinləyicilər həmişə maraqla qarşılayıblar.

Bir mütəxəssis kimi Təhsil Nazirliyi tərəfindən ölkənin ali təhsil müəssisələrinin akkreditasiyası yoxlamalarına da zaman-zaman cəlb edilir.

Ömrünün 30 ilini məhsuldar elmi və pedaqoji fəaliyyətə həsr edən Bəyalı müəllim Azərbaycan Kooperasiya Universitetinin təsisçisi olduğu və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş “Kooperasiya” elmi-praktik jurnalının baş redaktorunun müavini kimi də səmərəli və gərgin iş aparır.

Həmişə yenilik axtaran islahatçı alim kimi tanıdığımız Bəyalı müəllim dövrü mətbuatda (“İqtisadiyyat”, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti” və s. qəzetlər, Azərbaycan televiziyası və radiosu, müxtəlif elmi-praktik jurnallar), eləcə də müxtəlif səviyyələrdə, xüsusilə Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə keçirilən respublika və beynəlxalq elmi-praktik konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, seminarlarda ölkəmizin iqtisadiyyatının aktual problemlərinə dair müntəzəm olaraq maraqlı ideya və təkliflərlə çıxış edir.

Aqrar iqtisad elminin layiqli tədqiqatçılarından biri, praqmatik dünya görüşünə malik olan B.X.Ataşovun "Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati-idarəetmə problemləri" mövzusunda doktorluq dissertasiyasındakı (2002) və "Ərzaq təhlükəsizliyinin aktual problemləri" adlı monoqrafıyasındakı (Bakı, "Elm", 2005) elmi araşdırmaları respublika iqtisadçıları arasında böyük marağa səbəb olmuşdur. Bu əsərlərdə respublikada ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan ərzaq kompleksinin bazar transformasiyaları şəraitində təşkilati-idarəetmə problemlərinin həllinə yeni sistemli yanaşma verilmiş, ərzaq kompleksinin 2015-ci ilə qədər olan dövr üçün beşilliklər üzrə iki variantda inkişaf proqnozları işlənmişdir. Azərbaycanımızın gələcək sosial-iqtisadi inkişafına böyük nikbinliklə baxan Bəyalı müəllimin elmi araşdırmalarının əsas hədəfı isə yerli istehsalı sabit templərlə artırmaq yolu ilə ölkəmizin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir.

Digər vətənpərvər iqtisadçı alimlər kimi, özünün əsas məqsədini Azərbaycanımıza xidmətdə görən Bəyalı Ataşov yuxarıda adını çəkdiyimiz  monoqrafiyasının sonunda haqlı olaraq yetərli təbii-iqtisadi, əmək və intellektual resurslara malik respublikamızın XXI əsrdə inkişaf etmiş ölkələr sırasında yer tutacağına, xalqımızın isə layiq olduğu firavan həyat quracağına böyük əminlik ifadə edir.

Hələ 16 il bundan öncə “Dirçəliş– XXI əsr” jurnalında (2000, №9), “Ölkənin ərzaq müstəqilliyi və ekoloji təhlükəsizlik” adlı məqaləsində o uzaqgörənliklə yazırdı: “Elmi konsepsiya əsasında ölkə əhalisinin ərzaqla etibarlı təminatını təşkil etmək hər bir dövlətin başlıca vəzifələrindən biridir. Bu çətin, lakin şərəfli vəzifənin uğurlu həlli isə dövlət idarəetmə və təsərrüfat qurumları ilə bərabər, iqtisadçı alimlərimizin, kənd təsərrüfatı mütəxəssislərimizin, sahibkarlarımızın, qabaqcıl iş adamlarımızın, istehsal kooperativlərimizin, fermerlərimizin və nəticə etibarı ilə, hamımızın səylərimizin əlaqələndirilməsindən, birləşdirilməsindən asılıdır. ... Ərzaq bolluğunu öz torpağımızda öz əllərimizlə yaratmalıyıq. Bunu bizdən yaşadığımız zaman tələb edir, bunu bizdən gələcək nəsillər tələb edir”.

Bəyalı müəllim son dərəcə sadə, səmimi, alicənab, təmənnasız və humanist xarakterli alimdir. Onun təvazökarlığını, insanlara qarşı diqqətini onunla bir dəfə ünsiyyətdə olmaqla hiss etmək olar. Alimin keçdiyi şərəfli ömür yolu, bacarıqlı rəhbər, elm təşkilatçısı kimi gənc nəslin yetişməsində gördüyü səmərəli fəaliyyəti insanlıq meyarlarına və müəllim adına layiqli nümunədir.

  Bəyalı müəllim zəhmət çəkib ailəsinə və valideynlərinə dayaq olaraq adi kolxoz mühasibliyindən respublika səviyyəsində nüfuzlu təşkilatlarda və elm ocaqlarında rəhbər vəzifələrədək işini davam etdirməyə müvəffəq olmuşdur.

Bəyalı müəllimin yaxından köməkliyi ilə Kooperasiya Universitetində iqtisadiyyatımızın müxtəlif sahələrinə aid beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslar keçirilir. Bunların sırasında respublika elmi ictimayətinin böyük marağına səbəb olmuş və “Hilton-Bakı” mehmanxanasında 27-28 iyun 2012-ci il tarixdə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı, AMEA İqtisadiyyat İnstitutu və Azərbaycan  Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi” mövzusunda baş tutmuş,  eləcə də həmin elm ocaqları ilə bərabər, 6 xarici ölkənin nüfüzlu universitetlərinin iştirakları ilə 22 noyabr 2014-cü ildə keçirilmiş və Azərbaycan Kooperasiya Universitetinin 50 illiyinə həsr edilmiş “Regional iqtisadi siyasət və kooperasiya  münasibətlərinin inkişafı” mövzusunda beynəlxalq elmi-praktiki konfransları göstərmək olar.

Azərbaycan İqtisadçılar İttifaqının fəal üzvlərindən biri olan professor Bəyalı Ataşovun müstəqilliyimizin ilk illərində yazdığı (bəziləri şərikli)«Экономический механизм управления АПК Азербайджанской Республики в условиях перехода к рыночной экономике» (1993), «Экономико- математические модели управления структурной перестройкойрайонных АПК Азербайджанской Республики в новых условиях хозяйствования» (1993), «Продовольственный комплекс Азербайджана» (1995) adlı monoqrafiyaları, ali məktəblər üçün “Marketinqin idarə edilməsi” (1997), “Maliyyə, pul tədavülü və kredit” (1999) adlı dərs vəsaitləri və son 10 ildə ərsəyə gətirdiyi “Ərzaq təhlükəsizliyinin aktual problemləri” (2005), “İdarəetmə elmi və rəhbər əməyi” (2011) adlı monoqrafiyaları, ali məktəblər üçün “Müəssisələrin maliyyəsi” (2009), “Maliyyə nəzəriyyəsi” (2014), “Maliyyə bazarları” (2016) adlı dərslikləri uzun müddətdir ki, gənc tədqiqatçıların, təsərrüfat rəhbərlərinin və tələbələrin masaüstü ensiklopedik sorğu-məlumat kitabına çevrilmişdir.

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Nuriyevin elmi və bədii redaktoru olduğu elmi-təcrübi, bədii-fəlsəfi tezislər toplusu olan “İdarəetmə elmi və rəhbər əməyi” adlı kitabında professor Bəyalı Ataşov müasir liderin, eyni zamanda, elmli və ədalətli rəhbərin işgüzar portretinin əsas cizgilərini qələmə almağa cəhd göstərmiş və oxucuların böyük rəğbətini qazanmışdır. Onun qənaəti belədir: “Kollektiv başçısı olmaq mürəkkəb və çətin peşədir. Hər kəs onun öhdəsindən layiqincə gələ bilməz. Mübaliğəsiz demək olar ki, bütün istedadlı ziyalılarımız kimi idarəetmə sükanı arxasında duran təmiz əqidəli, bacarıqlı, kamil rəhbərlərimiz də cəmiyyətimizin intellektual potensialını təşkil edir, onu zaman-zaman püxtələşdirir və milli elitamızın formalaşdırılmasında fəal rol oynayır”.

Bəyalı Ataşovun rəhbərlik metodunun, iş üslubu və mədəniyyətinin uğurlu tərəflərindən biri onun məşğul olduğu istehsalat, elm və tədris sahələrini bir-biri ilə əlaqənləndirməsidir. İstedadlı alim və təcrübəli mütəxəssis olan Bəyalı Ataşov elmi nailiyyətləri təhsil prosesinə tətbiq etməklə tədrisin keyfiyyətinin və elmi nəticələrinin yüksəldilməsinə çalışmışdır. Bir alim kimi onun fəaliyyətinin əsas hissəsi Azərbaycan iqtisadiyyatının aqrar sektorunun tədqiqinə həsr olunmuşdur.

Bəyalı müəllim təəssübkeş ziyalı, həmişə ədalətli və obyektiv olmağa cəhd göstərən və dövlətçiliyimizə sadiq şəxsiyyətdir. Onunla hər mövzuda söhbət etmək mümkündür. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə öz dəyərli  məsləhətini əsirgəmir. Vacib məsələlərdə prinsipial mövqe nümayiş etdirən Bəyalı müəllim yeri gələndə ustalıqla güzəştə getməyi də bacarır. Allah onu sanki xeyirxahlıq, yaxşılıq etmək üçün yaratmışdır.

 Bu gün Bəyalı müəllim haqqında öz ürək sözlərimizi demək bizim üçün çox xoşdur. Çünki Bəyalı müəllim heç vaxt bizlərə - həmkarlarına, dostlarına, tələbələrinə, yaxınlarına öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman ağıllı tövsiyələri və  lazım gəldikdə şəxsi iştirakı ilə dəstək olub.

Yeri düşmüşkən, bir məqamı qeyd etmək istərdik. Bu ilin may ayının 30-da sədri olduğum Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının növbəti iclası Azərbaycan Kooperasiya Universitetində keçirilərkən fasilə zamanı Bəyalı müəllimin iş otağında olduq. Azərbaycanın və Kooperasiya Universitetinin bayraqları qoyulmuş divarın döşündəki köməkçi masa üstündəki iki kiçik Oskar heykəli diqqətimizi cəlb etdi. Birinin altında “Dünyanın ən yaxşı müəllimi”, digərinin altında isə “Yer üzünün ən yaxşı elmi rəhbərinə” sözləri yazılmışdı. Başa düşdük ki, otağında əzizlədiyi bu hədiyyələr vasitəsilə sevimli tələbə və doktorantları Bəyalı müəllimə öz dərin ehtiramlarını bir qədər emosional şəkildə olsa da, məhz belə ifadə etmişlər. Bu mənzərə urəyimizcə oldu və biz bir anlığa məmnunluq hissi keçirtdik.

Bəyalı müəllim elmdə öz sözünü demiş, elmdə özünü təsdiq etmiş bir alimdir. Əminliklə demək olar ki, gərgin əməyi və uzunmüddətli səmərəli fəaliyyəti nəticəsində o özünəməxsus elmi məktəbini yarada bilmişdir.  Onun özü demişkən, bu gün böyük zəhmət bahasına həyatda istədiyi hər şeyə nail olub. Qismətinə, taleyinə görə o daima Uca Tanrıya şükranlıq edir.

İşlədiyi  və elmi-pedaqoji fəaliyyət göstərdiyi kollektivlərdə böyük hörmət və nüfuz qazanmış B.X.Ataşov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1970-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əmək rəşadətinə görə” yubiley medalı, 18 noyabr 2014-cü ildə Kooperasiya Universitetinin 50 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Akademik Ziyad Səmədzadənin müəllifi olduğu və Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr edilmiş “İqtisadi tərəqqiyə həsr edilən ömürlər” kitabında (2002), Azərbaycan Milli Ensiklopediyasında (2010), “Aqrar iqtisadçı alimlər” kitabında(2012), akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktor olduğu 7 cildlik Böyük İqtisadi Ensiklopediyada (2012-2015) ölkəmizin tanınmış digər alimləri və dövlət xadimləri ilə yanaşı, şəxsiyyətinə böyük hörmət bəslədiyimiz B.X.Ataşov haqqında da geniş biblioqrafık məlumat verilmişdir.

Dost haqqını tapdalamayan, qohum-əqrəbasının sevimlisi və güvənc yeri olan, özünü xoşbəxt ailə başçısı hesab edən B.X.Ataşov sevgiləri ilə yaşadığı iki oğul atası və dörd nəvə babasıdır.

Azərbaycan iqtisad elmini ləyaqətlə təmsil edən, ömrünün müdrik çağına qədəm qoyan professor Bəyalı Ataşov həmişə olduğu kimi, bu gün də böyük əzmlə, tükənməz enerji ilə çalışır.

Bu yaxınlarda Bəyalı müəllimin tələbələr, doktorantlar, müəllimlər, maliyyə menecerləri və digər mütəxəssislər üçün nəzərdə tutulmuş irihəcmli  “Maliyyə bazarları” adlı dərsliyi işıq üzü görmüşdür. Bu münasibətlə biz onu ürəkdən təbrik edirik. Yorulmaq bilməyən alim yaxın günlərdə 8 fəsildən ibarət 30,0 ç.v. həcmində “Qloballaşma şəraitində aqrar iqtisadiyyat: struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” adlı monoqrafiyasını tamamlamışdır.

Hörmətli Bəyalı müəllim! Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə elmi-pedaqoji fəaliyyətinizdə uğurlar, həyatda can sağlığı və müvəffəqiyyətlər arzu edirik.

 

Ziyad Səmədzadə,

AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru,

professor, Milli Məclisin iqtisadi siyasət,

sənaye və sahibkarlıq komitəsinin sədri

 

Eldar Quliyev,

     iqtisad elmləri doktoru, professor,

“Azərittifaq”ın idarə heyətinin sədri,

Azərbaycan Kooperasiya Universitetinin rektoru,

Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini