Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Ziyad Əliabbas oğlu Səmədzadə - 75

 

Bu il iyun ayının 25-də görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri,  Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, deputat həmkarımız Ziyad Əliabbas oğlu Səmədzadənin 75 yaşı tamam olur.

Ziyad Səmədzadə  1940-cı il iyul ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur.  O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və öz tədqiqatlarını  bu gün də aktuallığını itirməyən əmək məhsuldarlığının öyrənilməsinə həsr etmişdir. Bu məqsədlə o, Beyləqan rayonunun 3 nömrəli sovxozunda pambığın becərilməsi üçün tərtib olunmuş texnoloji xəritədə nəzərdə tutulan bütün proseslərin yerinə yetirilməsini  diqqətlə müşahidə etmiş, onların iqtisadi qiymətləndirilməsini və  elmi təhlilini apararaq,  1965-ci ildə həmin institutda iqtisad elmləri namizədi adı almaq üçün “Əmək məhsuldarlığı və onun artırılması yolları (Azərbaycan sovxozlarının timsalında)” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.

1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyətə başlayan gənc alim tədqiqatlarını daha da genişləndirib,  31 yaşında dissertasiya müdafiə edərək  iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. Onu da qeyd etmək lazımdır ki, Ziyad Səmədzadə keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdən idi. 1977-ci ildə ona professor adı verilmiş, 1980-ci ildə Z.Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir.

Qısa müddət ərzində və gənc yaşlarında  elmin ən yüksək zirvəsini fəth etməsi  Ziyad müəllimin, sözün əsl mənasında, elm fədaisi olduğunu sübut edir. Bunun nəticəsidir ki, çoxsahəli elmi fəaliyyətində Z.Səmədzadə iqtisadi inkişaf, struktur,  demoqrafiya, məşğulluq, effektlilik kimi daim aktual olan və bəşəriyyəti düşündürən  problemlərə dair 500-dən çox elmi əsərin, o cümlədən bir sıra dəyərli elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsionallığı, bazar iqtisadiyyatı problemlərinə həsr olunan çoxsaylı monoqrafiyaların müəllifidir.

Respublikamızda və  keçmiş ittifaqda iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağlıdır. Ziyad Səmədzadənin “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna  həsr olunan doktorluq dissertasiyası Sovet İttifaqında bu problemlərin kompleks halda araşdırıldığı ilk sanballı iş kimi dəyərləndirilmişdir. SSRİ və xaricdə tanınan alimlərin qənaətinə görə, əmək məhsuldarlığı və xalq təsərrüfatının proporsionallığı problemləri üzrə Z.Səmədzadənin elmi araşdırmaları dərinliyi, məsələlərin cəsarətli qoyuluşu və həlli baxımından ən yaxşı orijinal iş hesab edilmişdir. Respublikamızın görkəmli iqtisadçı alimləri hesab edir ki, Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli təhlili, iqtisadiyyatda struktur irəliləyişləri ilə əlaqəsinin tədqiqi, iqtisadi tərəqqi faktorları barədə dolğun elmi konsepsiyanın formalaşması  da Ziyad Səmədzadənin adı ilə bağlıdır. Onun elmi fəaliyyətində müstəqil  Azərbaycan Respublikasının iqtisadi problemlərinin  araşdırılması xüsusi yer tutur və bu sahədə ilk elmi-tədqiqat işləri ona məxsus olduğundan   mübaliğəsiz olaraq Z. Səmədzadəni bu sahənin pioneri saymaq olar.

Ziyad müəllim tükənməz enerjiyə, əhatəli və səmərəli işgüzarlığa və sistemli elmi təhlilin incəliklərinə  mükəmməl bələd olan   bir tədqiqatçı və yüksək təşkilatçılıq qabiliyyəti olan alimdir. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri apardığı elmi tədqiqatların daha konkret olması, əldə etdiyi nəticələrin yüksək səmərəliliyi və hazırladığı tövsiyələrin praktikada tətbiqi üçün icra mexanizminin mövcudluğudır.  O, keçən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən çox böyük həcmdə statistik informasiya və konkret müəssisələr üzrə məlumatlar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair sanballı elmi nəticələr əldə etmişdir. Qeyd etmək lazımdır ki, həmin dövrdə SSRİ-də iqtisadi artım xarici ölkələrdə olduğu kimi xalis məhsula (ümumi daxili məhsula) görə hesablanmırdı və bu ittifaqda yenilik idi. Məhz  gərgin  zəhmət bahasına görülmüş bu, iş İttifaq alimləri və respublikamızın Dövlət Plan Komitəsi tərəfindən yüksək qiymətləndirilmişdi.

 Onun rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlandı. Bu proqramlardan planlaşdırma və idarəetmə sistemində istifadə edilmiş və onlar bu gün də iqtisadçı alimlərin və təsərrüfat rəhbərlərinin diqqət mərkəzindədir.

Ziyad Səmədzadənin uğurlu  elmi fəaliyyəti SSRİ  səviyyəsində  yüksək qiymətləndirilirdi.  Akademikin elmi fəaliyyətində iqtisadi inkişafın əsasını təşkil edən əmək məhsuldarlığı problemi  qırmızı xətlə keçdiyindən   əbəs yerə deyildir ki,  1973-cü ildə “Xidməti istifadə üçün” qrifi ilə “Əmək məhsuldarlığı və iqtisadi inkişafın proporsiyalarının regional problemləri” və “Əmək məhsuldarlığının yüksəldilməsi  və xalq  təsərrüfatı proporsiyalarının təkmilləşdirilməsi məsələlərinə dair tövsiyələr” adlı əsərlərin yazılması İttifaqın aparıcı iqtisadçı alimləri arasında məhz Z.Səmədzadəyə etibar edilmiş və o, bu işin öhdəsindən məharətlə gəlmişdir.

Ziyad Səmədzadənin çoxsahəli elmi fəaliyyətində respublika regionlarının, o cümlədən Bakının sosial-iqtisadi inkişafının əsas problemlərinin tədqiqi mühüm yer tutur. Onun bu istiqamətdə apardığı araşdırmalar və hazırladığı tövsiyələrə dair   dərc etdirdiyi monoqrafiya ali idarəetmə orqanlarına təqdim edilmişdir. Onun elmi rəhbərliyi ilə nəşr olunmuş “1976-1990-cı illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”, “Azərbaycanın gələcəkdə sosial-iqtisadi inkişaf konsepsiyası”,  “İctimai istehsalın strukturu və səmərəliliyi”, “Bakı şəhərinin iqtisadi və sosial inkişafı” əsərləri iqtisadiyyat elminə və təsərrüfatçılıq praktikasına dəyərli töhfədir.

Ziyad müəllim həm də böyük vətənpərvər alimdir. Belə ki, 80-ci illərin ortalarında SSRİ Elmlər Akademiyası nəzdində xalqımızın yaddaşında qatı düşmən kimi qalan Aqanbekyanın sədrliyi ilə “Kaspiyskoye more” proqramının işlənilməsi nəzərdə tutulmuşdu. Tərtib edilmiş proqramda Xəzərin təbii sərvətlərindən istifadə ilə bağlı çox böyük işlər müəyyənləşdirilsə də, bu proqramda heç bir əsas olmadan Azərbaycana müqayisəedilməz dərəcədə çox az yer verilmişdi. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Marçukun sədrliyi ilə Moskvada keçirilən Xəzər problemlərinə həsr edilən sessiyada Z.Səmədzadə  bu məsələyə etirazını bildirmiş və çıxışında Xəzərin sərvətlərinin mənimsənilməsində Azərbaycanın müstəsna rola malik olduğunu faktlarla əsaslandırmışdır. Yaxşı oldu ki, həmin proqramın həyata keçməsi baş tutmadı.

Görkəmli alimin rus dilində çap olunan və həmin dövrdə geniş əks-səda doğuran   “Dağlıq Qarabağ: naməlum həqiqətlər” adlı kitabında ermənilərin Dağlıq Qarabağ  məsələsinə görə Azərbaycana qarşı  ilk dövrlərdə irəli sürdükləri ittihamlar - guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial- mədəni baxımdan ayrı-seçkilik edilməsi və digər iftiralar əsaslandırılmış dəlillərlə təkzib edildi.

Z.Səmədzadə öz həmkarları ilə birlikdə bütövlükdə SSRİ və ayrı-ayrı  müttəfiq respublikalar üzrə külli miqdarda materiallar əsasında müqayisələr və mürəkkəb elmi hesablamalar apararaq sübut etdi ki, İttifaqda uzun müddət tətbiq olunan mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas olan çox ciddi qüsurlar mövcuddur və respublikamızın ərazisində yaradılan milli gəlirdən özünün istifadə hüquqları yolverilməz dərəcədə məhdudlaşdırılır. Belə ki, bəzi müttəfiq respublikalar (o cümlədən Ermənistan) İttifaqa az məhsul verib çox alırsa, Azərbaycan çox verib az alırdı. Bununla da o, elmi cəhətdən əsaslandırılmış belə bir nəticəyə gəldi ki, Azərbaycan Respublikası digər ölkələrdən asılı olmadan müstəqil dövlət kimi fəaliyyət göstərmək iqtidarındadır. Bu tədqiqatın nəticələrinə əsasən, 1989-cu ildə İttifaqda ilk dəfə  olaraq hörmətli  akademikin elmi rəhbərliyi ilə regional təsərrüfat hesabı və Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı böyük bir elmi-praktik konfrans keçirildi. Konfransda hazırlanan tövsiyələr Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas oldu. Alim təkidlə sübut edirdi ki, yeni iqtisadi sistem qurmaq və iqtisadiyyatı dirçəltmək üçün iqtisadiyyatın sadə dövlət tənzimləməsi lazımdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, akademik bu məsələdə bu gün də  çox prinsipial  və aydın mövqe tutur və onun bu mövqeyi dünya təcrübəsində öz təsdiqini tapır. Respublikamızın bu prinsipdən yararlanması ona uğur gətirmiş və iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da artıq on ildən çoxdur ki, 1990-cı ilin səviyyəsindən xeyli çox məhsul istehsal olunur.    Müstəqillik əldə etdiyi 24 il ərzində Azərbaycan Respublikasının dinamik sosial-iqtisadi inkişafı, bir neçə il dünyada ən yüksək iqtisadi artıma nail olması və regionun lider dövlətinə çevrilməsi Ziyad Səmədzadənin çox böyük və geniş elmi potensiala malik, uzaqgörən, dərin və sistemli elmi təhlillər aparan və əsaslandırılmış nəticələr əldə etməyi bacaran yüksək intellektli, tədqiqatçı alim olduğunu bir daha təsdiq edir.

Akademik Z.Səmədzadənin yeni elmi ideya və üsulların yorulmaz təbliğatçısı olması  və   iqtisad elminin yeni istiqamətlərinin yaranmasında mühüm rolu  ölkə rəhbərlərinin diqqətindən yayınmamış  və   o, 1983-cü ilin yanvarında həmin vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevin  tövsiyəsi ilə Azərbaycan  KP MK-nın Plan-iqtisad orqanı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.  Ziyad müəllim 1985 və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və Plan Büdcə Komissiyasının sədri seçilmiş və bu vəzifələrdə işləyərkən öz elmi nailiyyətlərinin praktikada tətbiqi və respublikamızın gələcəkdə müstəqil dövlət kimi fəaliyyət göstərməsinin əsas amili olan  iqtisadiyyatın daha da möhkəmlənməsi üçün təsirli tədbirlər görülməsinə bilavasitə rəhbərlik etmişdir.

1991-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Sədrinin birinci müavini  işlədiyi dövrdə Ziyad müəllimin çoxdankı arzusunun çin olması üçün şərait yaranmış və Ali Sovetin onun sədrliyi ilə keçən iclasında Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edilmişdir. 1992-ci ilin may ayında yenicə müstəqillik əldə etmiş respublikamızda yaranmış gərgin vəziyyətlə əlaqədar ölkə rəhbərlərinin istefa verməsi və bu böhranlı vəziyyəti aradan qaldırmaq üçün həmin vaxt  Naxçıvan MSSR  Ali  Sovetinin sədri işləyən Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət edilməsi üçün Ziyad müəllim çox çalışsa da, Naxçıvanla əlaqə yaratmaq mümkün olmamışdı. Belə ki, həmin təklif irəli sürülən kimi Ziyad müəllim öz kabinetini iclas iştirakçılarından seçilmiş qrupun (müəlliflərdən Eldar İbrahimov da həmin qrupun üzvü idi) ixtiyarına vermiş və Heydər Əliyevlə danışıq aparılmasına lazımi şərait yaradılmasını təmin etmişdi.

80-ci illərin yenidənqurma və 90-cı illərin əvvəlində müstəqilliyə keçid dövründə partiya, sovet və təsərrüfat (1992-ci ilin may-noyabr aylarında Dövlət Plan İqtisad Komitəsinin sədri, Baş nazirin birinci müavini) orqanlarında rəhbər vəzifələrdə qazandığı təcrübə Z.Səmədzadənin yüksək təşkilatçılıq bacarığının formalaşmasına  təsirsiz  ötüşməmişdir. O, 1993-2005-ci  illərdə iqtisadiyyatın bir çox istiqamətləri üzrə çoxsaylı disputların, seminarlar, “dəyirmi masa” yığıncaqlarının, elmi konfransların keçirilməsində təşkilati rəhbər olmuş və bu tədbirlərdə fəal iştirak etmişdir. Ziyad müəllim 1992-1994-cü illərdə Avropa Birliyi texniki yardım proqramlarının (TACİS) hazırlanması, realizə edilməsi üzrə Azərbaycan Respublikasının koordinatoru olmuş, 1992-ci ildən indiyə kimi Azərbaycan İqtisadçılar İttifaqının sədridir. O, 1993-cü və 2002-ci illərdə Çinin iqtisadi islahatlar sahəsində təcrübəsini öyrənmək məqsədilə iki dəfə bu ölkədə   səfərdə olmuşdur.  Hörmətli akademik bir neçə Beynəlxalq Akademiyanın həqiqi üzvü və   2006-cı ildən Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti seçilmişdir.   O, 1997-ci ildən indiyə kimi Təfəkkür Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri və 1999-cu ildən  təsis etdiyi “İqtisadiyyat” qəzetinin təşkilatçısıdır.

Z. Səmədzadə  pedaqoji və ictimai fəaliyyətlə məşğul olmaqla yanaşı, bir an da olsun elmi-tədqiqat işindən yayınmayan və dərin təhlillərə əsaslanan fundamental əsərlər yaratmağı sevən bir alimdir. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri: Azərbaycan iqtisadiyyatı yarım əsrdə, onun yeni reallıqları və perspektivləri” adlı 932 səhifəlik monoqrafiya (rus dilində, 2004-cü il) öz elmi tutumu, məntiqi və şərh üslubuna görə fərqlənməklə Ziyad Səmədzadə yaradıcılığının  şah əsəri hesab olunur. Bu kitaba tanınmış iqtisadçı alimlər və mütəxəssislər, xüsusilə  keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri N.Baybakov, akademik L.Abalkin  və başqaları çox yüksək qiymət vermişlər.

Bakıda doğulub boya-başa çatan, Azərbaycan neft sənayesinə yaxından bələd olan N.Baybakov bu kitabın  qeyri-adi əsər olduğunu qeyd edir, onu Azərbaycanın iqtisadi keçmişinə və bu gününə analitik ekskurs adlandırmaqla kitabda gələcəyə baxışların yer aldığını da vurğulayır. O, yazır: “Ziyad  Səmədzadənin kitabı rəhmətlik Heydər Əliyevə həsr olunub və  bu,  çox fərəhlidir. Birbaşa deyirəm – müəllif qarşıya qoyulan məqsədə çatıb. Bu geniş miqyaslı əsərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin son on ildə Azərbaycanın iqtisadi və sosial inkişafında, onun milli mənafelərinin müdafiəsində, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində rolu çox dərin və obyektiv şəkildə göstərilib. Heydər Əliyevin möhtəşəm fəaliyyəti sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən dövlətdir”.  O, kitabda Azərbaycan iqtisadiyyatının 1970-ci ildən bəri formalaşmasında Heydər Əliyevin böyük zəhməti olmasının geniş şərh edildiyini, Azərbaycan iqtisadiyyatının inkişafında neft faktorunun rolunun geniş və elmi təhlillər əsasında düzgün göstərildiyini, iqtisadi islahatların gedişinin və nəticələrinin yaxşı izah edildiyini qeyd edir. N.Baybakov kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji məsələlər, o cümlədən regionların inkişafına dair dəqiq xətt götürməsini təqlid edir  və  bildirir ki, bu istiqamət  Heydər Əliyevin 70-ci illərdəki böyük  fəaliyyətində mühüm yer tuturdu və onun təşəbbüsü  ilə həmin vaxtlar İttifaq hökuməti regionları inkişaf etdirmək barədə qərar qəbul etdi. Həmyerlimiz Ziyad Səmədzadənin elm sahəsində işləmək, MK-nın İqtisadiyyat şöbəsinə və Ali Sovetin Plan-büdcə komissiyasına başçılıq etmək, Respublika  Dövlət  Plan Komitəsinə  rəhbərlik etməklə böyük yol keçdiyini və bu təcrübənin ona  həmin dövrün qlobal iqtisadi problemlərini düzgün seçməsinə imkan verdiyini qeyd edir. O, eyni zamanda, Ziyad Səmədzadə ilə həmsöhbət olmağın xoş təəssürat yaratdığını və bir çox  məsələlərdə eyni fikirdə olmalarını qeyd edir.    

Həqiqətən də, kitabda olan informasiyalar, fikirlər və nəticələrin əsaslandırılması baxımından  onu Azərbaycanın keçdiyi yarım əsrlik iqtisadi inkişafın problemləri üzrə əsl ensiklopediya  əsəri hesab etmək olar. Ona görə də akademikin bu kitabı Azərbaycanın müasir  iqtisadiyyatına dair aparılan ən sanballı elmi-tədqiqat işləri sırasında  özünə layiqli yer tutmuşdur. Müəllif iqtisadiyyatın ən aktual problemləri üzrə mövcud reallıqları təhlil etmiş, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət daşıyan yoxsulluğun ləğv edilməsi, regionların sürətli inkişafı, yeni iş yerlərinin açılması üzrə qəbul edilmiş  proqramların uğurla yerinə yetirilməsini ön plana çəkmişdir. O hesab edir ki, iqtisadi artımın sürətləndirilməsi ilə yanaşı, bu artımın strukturunda keyfiyyət dəyişikliyinə diqqət yetirilməli, balanslaşdırılmış iqtisadiyyat təmin edilməli və sənayenin şaxələndirilməsinə əməl olunmalıdır.

Akademik Z.Səmədzadənin elmi ictimaiyyət və  geniş oxucu kütləsi   tərəfindən rəğbətlə qarşılanan “Dünya iqtisadiyyatı: Çinin “iqtisadi möcüzəsi” (2001) və “Çin qlobal dünya iqtisadiyyatında” (2009) kitabları onun fundamental əsərləri sırasında  xüsusi yer tutmaqla  Azərbaycanın nəinki iqtisad elminə, həm də bütövlükdə milli elminə çox sanballı bir töhfədir. Bu əsərlərində müəllif   Çinli mütəxəssislər, iş adamları və alim həmkarları ilə keçirdiyi görüşlər, əldə etdiyi rəsmi məlumatlar və informasiyalar, habelə baş çəkdiyi müəssisələrdə öz gözləri ilə gördükləri  əsasında   dərin elmi təhlillər və müqayisələr  aparmış və Çinin “iqtisadi möcüzəsi”nin əsaslarını öyrənmişdir. O, eyni zamanda,  qloballaşan dünyada Almaniyanın sosial-iqtisadi dirçəliş konsepsiyası, yapon “iqtisadi möcüzəsi”, Cənubi Koreyanın iqtisadi sıçrayışının əsasları, iqtisadi inkişafın “Malayziya modeli”, iqtisadiyyata sistemli yanaşmanın “Leontyev modeli” kimi tədqiqat materiallarına da  yer vermişdir. Müəllif Çində iqtisadi təhlükəsizlik və onun tərkib hissəsi olan ərzaq və ekoloji  təhlükəsizlik, regionların tarazlı inkişafı, məhsuldar qüvvələrin yerləşdirilməsi, urbanizasiya, demoqrafiya, işsizlik məsələləri və digər aktual məsələlərə xüsusi diqqət verildiyini qeyd edir. O,  aparılan araşdırmalar və elmi-tədqiqatlar nəticəsində Çin iqtisadiyyatını fərqləndirən əsas  istiqamətlərdən respublikamızda istifadə imkanlarını  müəyyən etmişdir. Təklif olunur ki, ölkəmizin  iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün  azad ticarət zonalarının yaradılması, texnoparkların və aqroparkların genişləndirilməsi, ÜTT-yə üzvlük prosesində tələskənliyə yol verməməklə ölkəmiz üçün daha əlverişli şərtlərin əldə edilməsi, dövlətin iqtisadiyyata optimal səviyyədə  müdaxiləsinin vacibliyi və digər aktual məsələlərə dair Çin iqtisadiyyatının uğurlarından faydalanmaq vacibdir. Təkcə bir faktı nəzərə çatdırmaq istəyirik ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Çin Xalq Respublikasında aparılan iqtisadi siyasət 1,3 milyarddan çox əhalini ərzaqla təmin etməklə yanaşı, hər  il 70 milyard dollarlıq  ərzaq məhsullarını ixrac etmək imkanı da yaratmışdır.

 Beynəlxalq İqtisadçılar Birliyinin prezidenti, professor Q.Popov və akademik L.Abalkin  Z.Səmədzadəni  yeni iqtisadi fikrin, yeni ideya və yanaşmaların fəal və yorulmaz təbliğatçısı adlandırmışlar.  Bu, həqiqətən də, belədir. Məhz onun təşəbbüsü və elmi təşkilatçılığı ilə 1997 və 1998-ci illərdə Bakıda “Azərbaycan XXI əsrin astanasında” devizi altında iki beynəlxalq konfransın  keçirilməsini onun geniş əhatəli elmi təşkilatçılıq fəaliyyətinin zirvəsi hesab etmək olar. Belə ki, bu konfransların materialları əsasında nəşr edilən 2500 səhifəlik 3 cildliyə daxil edilmiş 500 müəllifin elmi düşüncələri mahiyyət etibarilə XXI əsrin mürəkkəb iqtisadi problemlərinin həllində Azərbaycan elminin iştirakına yönəlmiş ilk cəhddir. Bu cəhdə rəhbərliyi isə akademik Z.Səmədzadə etmişdir.

Z.Səmədzadə  həmin konfranslarda öz aktuallığını  və əhəmiyyətini bu gün də saxlayan “Azərbaycan iqtisadiyyatı XX əsrdə: inkişaf mərhələləri, XXI əsrin birinci onilliyində iqtisadi inkişaf konsepsiyası haqqında düşüncələr” və “Ümumbəşəri problemlər və Azərbaycan” mövzularında məruzələrlə çıxış etmişdir. Onun bu məruzələrini   öz mahiyyəti və məzmunu etibarilə Azərbaycan Respublikasının XXI əsrin ilk onilliklərində sosial-iqtisadi inkişafının “yol xəritəsi” hesab etmək olar.   Z.Səmədzadə birinci  konfransda XXI əsrin birinci onilliyində Azərbaycanın iqtisadi inkişaf konsepsiyası haqqında düşüncələrində      qeyd etmişdir ki, bizim məqsədimiz insan cəmiyyətinin inkişafında mühüm rol oynayan, Şərqin və Avropanın ən əlverişli mövqelərindən birində yerləşən Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin ümumi meyilərini aşkar etmək, XXI əsrin astanasında və XXI əsrin birinci onilliyində inkişaf strategiyası ilə bağlı bəzi fikirləri açıqlamaqdan ibarətdir. Müəllif Azərbaycan iqtisadiyyatının XX əsrdə inkişaf mərhələlərini təhlil edərək belə bir qəti fikir bildirir ki, 70-ci illər iqtisadi inkişaf sürəti, sənayedə struktur dəyişiklikləri, iqtisadiyyata əsaslı vəsait qoyuluşunun həcmi istiqamətləri baxımından XX əsrin ən məhsuldar illəri olmuşdur. Həmin dövrdə respublikamızda Heydər Əliyevin  səmərəli fəaliyyəti  sayəsində böyük elmi-texniki və istehsal potensialı yaradılmışdır. İndi bazar münasibətləri bu möhkəm təməl üzərində qurulur və Azərbaycan elə bir inkişaf strategiyası seçməlidir ki, onun reallaşması XXI əsrin birinci iki onilliyində respublikada keyfiyyətli həyat səviyyəsini xarakterizə edən göstəricilərə nail olmağa imkan versin. Biz indi fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiya  bu çağırışa  tam cavab verir və respublikamızın dinamik inkişafını təmin edir. Bunun nəticəsidir ki, Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım səviyyəsinə görə ən sürətlə inkişaf edən ölkədir və  2014-cü ildə Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatının  dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görülməsi  tarixi hadisədir.

Ziyad müəllim çox böyük əminliklə bildirmişdir ki, təbii sərvətlərin  mövcudluğu hələ tərəqqinin təmin edilməsi demək deyildir. Bu gün Nigeriya, Anqola, Zair, Kolumbiya zəngin təbii sərvətlərə malik olmalarına baxmayaraq, geridə qalan ölkələr sırasındadır. Təbii sərvətlərin sosial-iqtisadi tərəqqinin vacib,  hətta həlledici amilinə çevrilməsi üçün möhkəm ictimai-siyasi sabitlik təmin edilməli və düşünülmüş dövlət mənafeləri müəyyən edilməlidir. O, eyni zamanda, qeyd etmişdir ki, bu kimi çox vacib, həlledici və fundamental şərtlər  Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin gərgin və məhsuldar fəaliyyəti nəticəsində tam təmin edilmişdir. Şübhə yoxdur ki, əsrin “Neft kontraktı”nın və digər mühüm neft kontraktlarının həyata keçirilməsi və  xarici investisiyaların köməyilə  bu sahənin inkişafından  dövlətimiz və xalqımız daha çox bəhrə götürəcək , XXI əsrin birinci onilliklərində Azərbaycan, onun paytaxtı Bakı dünyanın ən çox diqqət mərkəzində olan  və inkişaf edən regionlarından biri olacaqdır. Onun bu fikirləri bu günün reallığına tam uyğundur. Belə ki,  keçən il ölkə iqtisadiyyatına 27 milyard manat investisiya qoyulması  və bu günlərdə Bakıda birinci Avropa oyunlarının keçirilməsi alimin düşüncələrinin  dərin elmi təhlillər əsasında hazırlandığını və ölkədə gedən prosesləri düzgün və obyektiv qiymətləndirmək bacarığını   bir daha təsdiq edir. Əlbəttə,  bu nailiyyət və hazırkı reallıqlar Azərbaycan Prezidenti İ.Əliyevin  düşünülmüş və ardıcıl həyata keçirdiyi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Z.Səmədzadə hesab edir ki, XXI əsrin ən böyük xüsusiyyətlərindən biri ondan ibarət olacaqdır ki, insan amili və  intellektual potensial sosial-iqtisadi tərəqqinin və  yüksək həyat səviyyəsinin təmin edilməsinin başlıca amilinə çevriləcəkdir. O, təklif edir ki, Azərbaycan öz milli dövlət mənafelərini qorumaqla yanaşı, dünya iqtisadiyyatnda baş verən prosesslərdən kənar dura bilməz və ona inteqrasiya olunmalıdır. Respublikamızın dünya ticarət təşkilatına üzv olması daxildə istehsalın nəticə göstəricilərinin yaxşılaşması, ilk növbədə rəqabətə davamlı məhsul istehsalının artması, vətən əmtəə istehsalçılarının qorunması prosesi ilə müşayiət edilsin. Alimin bu təklifləri ölkəmizdə həyata keçirilən siyasətdə öz əksini tapır. Belə ki, respublikamızda təhsilin səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər, o cümlədən xarici ölkələrin aparıcı universitetlərinə dövlət hesabına tələbələrin  göndərilməsi, azad iqtisadiyyatın qurulması, xarici bazarlara çıxmaq üçün müasir texnologiyalar əsasında  sənaye parklarının, bitkiçilik və heyvandarlıq kompleksləri, emal müəssisələrinin yaradılması, kənd təsərrüfatında intensivləşmənin sürətlənməsi və digər tədbirlər həyata keçirilir. Bu isə o deməkdir ki, ölkəmizdə uğurla tətbiq olunan iqtisadi siyasət elmi əsaslara söykənir, onun nəticələri ilə daim təkmilləşir.

Akademik Z.Səmədzadə artıq 45 ildən çoxdur ki, Azərbaycanı bir çox beynəlxalq simpozium və konqreslərdə layiqincə təmsil edir. O, dünyanın əsas elm mərkəzlərində keçirilən iri forum, konfrans, elmi seminarlarda çıxış edərək geniş elmi diapazona malik olduğunu göstərir,   Azərbaycanın müasir iqtisadiyyat elmi üzrə ideya və baxışlarını bəyan edir.

Ziyad müəllim elmi fəaliyyəti və bir neçə ictimai işlərlə yanaşı, 2005-ci ildən indiyə kimi  üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və İqtisadi siyasət komitəsinin sədridir. O, deputat və komitə sədri kimi bu illər ərzində  Milli Məclisdə iqtisadi və digər məsələlərə dair qəbul edilən qanunların hazırlanmasında və müzakirələrində həmişə fəal iştirak edir, qanunların təkmilləşdirilməsi üçün çox dəyərli təkliflər verir. Geniş və dərin elmi potensialından istifadə edərək hər il qəbul edilən Azərbaycan Respublikasının büdcəsi haqqında qanunun əhatəli, şəffaf, xərclərin ilk növbədə ölkənin sosial-iqtisadi inkişafını təmin edən fundamental və aktual problemlərə yönəldilməsi, pul, maliyyə-kredit sisteminin qanunvericilik bazasının  daim təkmilləşməsi üçün var qüvvəsi ilə çalışır.

Z.Səmədzadənin xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş, 1986-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 2010-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Akademik Ziyad Səmədzadə bu gün də ona məxsus olan gənclik enerjisi və həvəsi ilə yüksək işgüzarlıq və əzmkarlıq göstərir. Ziyad müəllimin təşəbbüsü və bilavasitə elmi rəhbərliyi ilə yeddi cildlik Böyük İqtisadi Ensiklopediyanın  2012 və 2015-ci illərdə nəşr edilməsi dediklərimizin əyani sübutudur. Onu da bildiririk ki, belə əhatəli, cədvəl, şəkil və sxemlərlə müşayiət olunan, ən müasir terminlərin geniş şərhini verən ikinci bir ensiklopediya hələ işıq üzü görməyib. Bu da onu göstərir ki, Azərbaycanın dünya səviyyəsində iqtisad elmi və güclü elmi potensiala  malik alimləri var.

Biz hörmətli həmkarımız və dostumuz,   görkəmli elm və dövlət xadimi, əsl ziyalı, xalqının və ölkəsinin  başını həmişə uca edən Ziyad müəllimi anadan olmasının 75 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmi yaradıcılığında,   ictimai-siyasi və pedaqoji  fəaliyyətində yeni–yeni uğurlar arzu edirik. 

 

Milli Məclisin Aqrar siyasət komitəsinin

sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov

 

Mill Məclisin Aqrar siyasət komitəsi sədrinin

müavini, iqtisad üzrə elmlər doktoru, professor Eldar Quliyev