Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

NİZAMİ GƏNCƏVİ  - 870

Nizami Gəncəvinin fikir dünyasinda  torpaq və onun  dəyəri

Dərya yalnız su cəhətdən deyil, bitki və heyvanlar aləminə, qiymətli incilərinə görə dərya olduğu kimi, N.Gəncəvi də fikir dünyasına görə dəryadır.

Hər bir cəmiyyətin həyatında cərəyan edən iqtisadi hadisə və proseslər yaradıcı şəxsiyyətlərin əsərlərində bu və ya digər dərəcədə öz əksini tapır. Bu baxımdan N.Gəncəvinin şeirləri və poemaları diqqəti cəlb edir. O, bilavasitə iqtisadçı-mütəfəkkir olmasa da, digər elm sahələri ilə yanaşı, iqtisadi hadisə və kateqoriyalar barəsində də öz dövrünə görə zəngin fikirlərə malik olmuşdur.

Dahi ədib ictimai quruluşun doğurduğu bəlaların, sosial bərabərsizliyin, onun səbəblərinin bədii təsvirini öz hikmətlə dolu və dünya şöhrətli “Xəmsə”sində vermişdir. O, cəmiyyətin yaşaması və inkişafının əsasını maddi nemətlər istehsalında, onun davamlı artımında, işgüzar və səmərəli təsərrüfatçılıq amilində, insanın bacarıq və qabiliyyətinin mütəmadi yüksəldilməsində görürdü. Dahi mütəfəkkir bu baxımdan torpaq, əmək və kapital kimi istehsal amillərinin istehlak dəyərlərinin yaradılmasındakı əhəmiyyətini dolğun təsvir etmiş, hər şeydən öncə torpaq amilinə çox yüksək qiymət vermişdir. Onu Ulu Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. N.Gəncəvi torpağın bütün məziyyətlərini, onun sərvətin anası, əməyin isə atası olması ideyasını mükəmməl bədii şəkildə hələ XVII əsrdə ingilis klassik siyası iqtisadında əmək dəyər nəzəriyyəsinin ilkin banisi olan U.Pettidən 5 əsr əvvəl vermişdir. O, torpağın qədir-qiymətini “Leyli və Məcnun” poemasında belə dəyərləndirir:

Bütün  gövhərlərin  rəngi parlaqdır,

Hamısından xoş gələn yenə torpaqdır.

Dahi mütəfəkkir insanların torpağın qədir-qiymətini bilməsini, ona anadan da yüksər qayğı göstərməsini, lütf ilə əkib- becərməsini sosial-iqtisadi tərəqqinin və firavan yaşayışın əsası hesab edir:

 Torpağa mərhəmət xeyirdir, inan,

Lütf etsən gül verər, zülm etsən tikan.

Nizami torpaq haqqında bu fikirlərini hələ fiziokratlardan 5 əsr yarım əvvəl bədii şəkildə şərh etmişdir. Həmin məktəbin görkəmli münayəndəsi R.Kantilonun:  sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq ən zəruri yaşayış vasitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət yaradır- kimi ideyaları hələ XII əsrdə Nizaminin əsərlərində tərənnüm olunmuşdur.

Ataların gözəl məsəli var:  “torpaq deyir - öldür məni, dirildim səni”. Yəni torpağı gərək əkinçilik mədəniyyətinin tələbləri əsasında elə əkib becərəsən ki, onun həm münbitliyi qorunub saxlana bilsin, həm də torpaq sahəsi vahidindən daha çox və yüksək məhsul götürülməsinə nail olunsun. Bunun üçün deyirlər: sən inamla cəhd elə, ruzi verən Allahdır. Bu mənada N.Gəncəvi Ulu Yaradana üz tutaraq deyir:

Biz sənin duanla öpsək torpağı,

Qızıl güllər açar qanqal yarpağı.

N.Gəncəvi istehsalın maddi amillərinin də rolunun poetik təsvirini çox gözəl verir, torpağa yüksək çeşidli toxum səpilməsinin xeyir-bərəkətli bəhrəsini belə ifadə edir:

 Toxumu bəsləyən torpaqdır, ancaq

Ona şəkildəmi verir bu torpaq?

Bununla Nizami demək istəyir ki, yüksək çeşidli toxumu da yetişdirən və onun könül oxşayan qənirsiz gözəllik şəklini də verən torpaqdır. Yəni torpağı şumlayıb toxumu səpməklə iş bitmir. Gərək əmək prosesi ilə təbii prosesin çulğalaşması elə aqrotexniki təsərrüfatçılıq qaydaları əsasında təmin edilsin ki, səpilən toxumdan da yüksək keyfiyyətli bol taxıl götürülməsinə nail olunsun.

Onda yaxşı toxum torpağın da üzünü ağ edir, əkinçinin də. Çünki yüksək çeşidli toxum torpaq sahəsi vahidindən yüksək məhsul götürülməsinə, bunun da sayəsində istehsal xərclərinin mütəmadi aşağı düşməsinə və istehsalın gəlirli işləməsinə səbəb olur. Bu, mütəfəkkir şairin “Sirlər xəzinəsi” poemasında “Süleyman və qoca əkinçi” şeirində yüksək bədii ifadəsini tapmışdır. Dahi ədibin dediyi kimi “əla toxum” əla da məhsul verər:

Səpdiyin əla toxum yararlı dən olanda,

Hər dən yırtar köynəyi sünbülə dən dolanda.

Dahi şair aqrar istehsal sahəsində torpağa səpilən hər bir dənin bol bəhrə verməsinin, bin-bərəkətli olmasının təbii iqlim şəraitilə bilavasitə sıx bağlılığını görür və göylərdən çox razılıq hissilə belə tərənnüm edir:

 Bolluğun müjdəsini bu göylərdən alıram,

Hər dənin sünbülündən yeddi yüz dən alıram.

Onu da şair deyir ki, bolluq olanda insanın dərd-səri də azalır, süfrələrin bəzəyi duz-çörəyi çoxalır, adam özünü həmişə toxtaq saxlayır. Bu barədə Nizami fikrini belə işıqlandırır:

 Şah deyiləm, məmləkət dərdi çəkib yıxılım,

Ömrüm boyu şadam ki,vardır dənim, taxılım.

N.Gəncəvi insanı səmərəli əmək fəaliyyəti göstərməyə, çəkdiyi zəhmətin könül açan bəhrəsini görmək üçün inamında mətin və dözümlü olmağa, məqsədə nail olmaq naminə ağıllı cəhd göstərməyə çağırır.O, yazır ki, günlərin birində Süleyman el-obasını seyrə çıxanda görür ki, qoca bir əkinçi qan-tər içində torpağını becərir. Nizami onun əməksevərliyini belə təsvir edir:

 Bircə ovuc dəni də kəsib yoxsul daxmadan,

Səpib kərəm mülkünə ehtiyaca baxmadan.

Süleyman havaların isti keçməsi və suyun çatışmazlığı ucbatından əkinçinin əməyinin hədər gedəcəyinə heyfslənərək deyir:

 İsti dəni qovurur alovlanan tarlada,

Məhsul ələ gələrmi susuz yanan tarlada?

Nizami Süleymanın sözlərindən ruhdan düşməyən qoca əkinçinin öz əməyinin bol bəhrə verməsinə mətin inamını belə təsvir edir:

 Qoca dedi: “İncimə. Qoy deyim sözümü mən,

Nə suya, nə torpağa dikmişəm  gözümü mən.

Halal zəhmət itməyib, əlləşmək deyil eyib,

Tanrı: “Səndən hərəkət, məndən bərəkət deyib...”

Bəli, zamana, məkana sığmayan şairin 8 əsr əvvəl söylədiyi bu fikirlər hər zaman müasirdir, aktualdır. Budur Nizami dühasının əzəməti, gücü, qüdrəti!...

ƏJDƏR  QİYASLI

İqtisadçı alim, şair