Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
GÖRKƏMLİ ENSİKLOPEDİK ALİM – MƏHƏMMƏDHƏSƏN BƏY VƏLİLİ
 
Görkəmli ensiklopedik alim Məhəmmədhəsən  bəy Vəlili (Baharlı)  1896-cı ildə Bakıda doğulmuşdur. Məhəmmədhəsən bəy Vəlili tarixin müxtəlif dövrlərində görkəmli dövlət, elm və mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının görkəmli övladıdır. Onun mənsub olduğu Baharlı tayfası qədim türk tayfalarındandır.
Məhəmmədhəsən bəy Vəlilinin XV əsrdə yaşamış ulu babası  Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Əlişəkər bəy Baharlının nəslinə mənsub Məhəmmədhəsən bəy Vəlilinin ulu babası Bayram xan Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının ictimai-mədəni həyatında yaxından iştirak etmişdir. Bayram xanın oğlu Mirzə Vəli bəy Baharlı Qarabağ xanı Pənahəli xanın, İbrahimxəlil xanın sarayında qulluq etmişdir. İbrahimxəlil xanın hakimiyyəti illərində vəzir rütbəsində xanlığın ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Qarabağ  xanı İbrahimxəlil  xanın vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır. Mirzə Vəli bəy Baharlının Tehranda 1795-ci ildə Ağa Məhəmməd şah Qacar tərəfindən qətlə yetirilməsindən sonra onun nəsli babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.
Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy,  İbrahim bəy, Hacı Həsənəli bəy, İmamverdi bəy adlı dörd oğlu olmuşdur. Mirzə Haşım bəyə qeyri-adi istedadına görə Zərrinqələm adını vermişlər.
Hacı Həsənəli bəy Mirzə Vəli bəy Baharlının üçüncü oğludur. Mükəmməl mədrəsə təhsili almışdır. Hacı Həsənəli bəy Şuşalı Şərabanı xanımla ailə həyatı qurmuş, Məşədi Əsədulla bəy, Qasım bəy, Mirzə Məhəmmədhəsən bəy adlı üç oğlu olmuşdur.
Mirzə Məhəmmədhəsən bəy Vəliyev uzun illər quberniya idarəsinin katibi vəzifəsində çalışmış, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. O, Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır.
Məhəmmədhəsən bəy Vəlili (Baharlı) Hacı Həsənəli bəyin nəticəsi, Mirzə Məhəmmədhəsən bəyin nəvəsidir.
Məhəmmədhəsən bəyin atası Nəcəfqulu bəy Vəliyev (1858-1936) Mir  Möhsün Nəvvabın təşkil etdiyi «Məclisi-fəramuşan»ın üzvü olmuş, “Şeyda” təxəllüsü ilə klassik üslubda şeirlər yazmışdır. O, eyni zamanda Azərbaycan teatr tarixində həvəskar aktyor kimi də tanınır. Məhəmmədhəsən bəyin anası İmarət xanım Həsən bəy Zərdabinin  bacısı qızıdır. Məhəmmədhəsən bəyin bacısı Səltənət xanım Vəliyeva  isə uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Məhəmmədhəsən bəy Vəlili (Baharlı) Bakı gimnaziyasını, Kiyev Universitetinin İqtisadi coğrafiya fakültəsini bitirmişdir. 1919-cu ildə Azərbaycan Dövlət Bankının müdiri olmuş, Sovet dövründə Dövlət Plan Komitəsində çalışmışdır. Bakı Dövlət Universitetində dərs demiş, Azərbaycanı Tədqiq və Tətəbbö  Cəmiyyətinin – Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir.  
Məhəmmədhəsən  bəy Vəlili (Baharlı)  siyasi fəaliyyətinə görə bir neçə dəfə həbsxana həyatı yaşamalı olmuşdur. Azərbaycanın görkəmli dövlət və elm xadimi Məhəmmədhəsən bəy Vəlili (Baharlı) sonuncu dəfə 1937-ci ildə həbs edilmiş, həmin ilin iyulun 26-dan 27-nə keçən gecə  güllələnmişdir. Həmin gün 53 nəfər qətlə yetirilmişdir. Onlardan 47 nəfəri azərbaycanlı olmuşdur. Məhəmmədhəsən bəy Vəlili (Baharlı) də 47 nəfər azərbaycanlıdan biri idi.
Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) yaradıcılığında “Azərbaycan” adlı kitabı xüsusi yer tutur. Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan” kitabı ona coğrafiyaçı, etnoqraf və iqtisadçı kimi şöhrət qazandırmışdır.  Əsər 1921-ci ildə əvvəlcə rusca, sonra türkcə (azərbaycanca) Bakıda nəşr edilmişdir. Məhəmmədhəsən bəy Vəlilinin  (Baharlı) iki dildə yazdığı «Azərbaycan» kitabının Vasif Quliyev tərəfindən ruscadan azərbaycancaya tərcüməsi və Ağanəcəf Həmidov, Əbülfəz Rəhimli tərəfindən ərəb əlifbasından kirill əlifbasına çevrilmiş mətni 1993-cü ildə Bakıda yenidən nəşr edilmişdir.
Onun  hazırlayıb kitaba əlavə etdiyi xəritədə vahid Azərbaycan ideyası öz əksini tapmışdır. Müəllif siyasi şərait üzündən «Qafqaz Azərbaycanına» aid hissə üzərində dayanmışdır. «Azərbaycan» kitabının çapdan çıxdığı 1921-ci ildə torpaqlarımızın böyük bir hissəsi yadlara hələ verilməmişdi. Məhəmmədhəsən Vəlili (Baharlı) kitabın titul səhifəsində iqtisadçı təqdim edilsə də, əsərin «fiziki-coğrafi, etnoqrafik və iqtisadi  oçerk (mülahizat)» bölmələrindən ibarət olması onun tədqiqat sahələrinin geniş əhatəliyindən xəbər verir. Əsərdə Azərbaycanın maddi və mənəvi sərvətləri, inkişaf perspektivləri haqqında elmi fikirlər irəli sürülür. «Azərbaycan» kitabında ictimai-siyasi məsələlər də mühüm yer tutur. Məhəmmədhəsən Vəlili (Baharlı) müəyyən mövzularla əlaqədar bu aspektə xüsusi fikir vermiş, ölkədə sosial həyat tərzinin siyasətdən irəli gələn hallarını açıqlamış, onların spesifik xüsusiyyətlərini, mahiyyətini göstərmişdir. Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) zərdüştilik haqqında fikirləri də maraqlıdır. Bəzi tədqiqatçılara görə zərdüştilik təlimi İran ərazisində, xüsusilə maldarlıqla məşğul olan dağ əhalisi arasında meydana gəlmişdir. Məhəmmədhəsən Vəlili (Baharlı) isə zərdüştilik təlimini ilk növbədə işıqla əlaqələndirmiş, bu dünyagörüşünün məhz Azərbaycan mühiti üçün səciyyəvi olmasını göstərmişdir. O, zərdüştiliyin tarixinin 4 min ildən çox olduğunu qeyd etmişdir.
Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan” əsəri müasirləri tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. Onun rus dilində nəşr olunmuş “Azərbaycan” kitabı haqqında ilk rəy 1921-ci ildə  “Azərbaycan xəbərləri” qəzetində dərc edilmişdir. Uzun illər diqqətdən kənarda qalmış “Ə.Ə.” imzası ilə yazılmış “Azərbaycan intibahatı” (oyanışlar - O.Z.) sərlövhəli məqalənin müəllifi görkəmli ensiklopedik alim, ilahiyyatçı, folklorşünas, jurnalist, şair, tərcüməçi Əli Abbas Müznibdir. Əli Abbas Müznibin redaktoru olduğu “Azərbaycan xəbərləri” qəzetində 1921-ci ildə çap edilmiş bu məqaləni atam - milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) aşkara çıxararaq, ilk dəfə 1996-cı ildə dil üslubu cəhətdən kiçik təhsilatla ərəb əlifbasından kirill əlifbasına çevirmişdir. Lakin təəssüflər olsun ki, Məhəmmədhəsən bəy  Vəlilinin  (Baharlı) yaradıcılığına verilən bu qiymətli ilk  rəy uzun illər nəşr olunmamışdır. Əli Abbas Müznibin “Azərbaycan” kitabına yazdığı bu rəy ilk dəfə  bu sətrlərin müəllifi tərəfindən 2003-cü ildə işıq üzü görmüşdür.  Daha sonra geniş təhlil olunmuş şəkildə məqalə tam halda “Bütöv Azərbaycan” qəzetində    çap edilmişdir.
Əli Abbas Müznib “Azərbaycan intibahatı” adlı  rəyində əsərin bölmələr üzrə təhlilini verəndən sonra fikrini belə tamamlamışdır: “Kitab hər bir azərbaycanlının oxuyub faydalanmasına həqiqətən layiqdir. Xüsusən Azərbaycan türklərinin əsəri oxuması müqəddəs vətəndaşlıq vəzifəsidir”.
Əli Abbas Müznibin “Azərbaycan intibahatı” adlı məqaləsindən aydın olur ki, Məhəmmədhəsən bəy Vəlili (Baharlı) eyni zamanda Azərbaycan və rus dillərində yazmış olduğu “Azərbaycan tarixi” adlı kitabın da müəllifidir. Məqalə müəllifi Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan tarixi” kitabı haqqında yazmışdır: “Məhəmmədhəsən (Baharlı) arkadaşımızın “Azərbaycan tarixi” təcili bir surətdə çap edilməlidir. Bunu mədəniyyət, elm və bütün azərbaycanlılar bəkləyir.”
Lakin təəssüflər olsun ki, Əli Abbas Müznibin çap olunmasını məsləhət bildiyi Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan tarixi” əsəri bu günümüzə qədər gəlib çatmamış, müəmmalı şəkildə yoxa çıxmışdır.
Lakin bir faktı da qeyd etmək lazımdır ki, görkəmli mollanəsrəddinçi şair, dramaturq, nasir Həsən Əlizadə öz tədqiqatında  Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Qafqaz tarixi”, “Azərbaycan tarixi” əsərlərindən istifadə etməsi barədə məlumat yazmışdır. Belə nəticəyə gəlmək mümkündür ki, günümüzə qədər gəlib çatmamış  Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan tarixi” əsərindən o dövrün tədqiqatlarında  geniş istifadə edilmişdir.
Yusif Vəzir Çəmənzəminli 1921-ci ildə Türkiyədə olarkən “Azərbaycan” kitabı ilə  tanışlıqdan sonra fikrini belə ifadə etmişdir: “Bakıda yeni basılan “Azərbaycan” ünvanlı kitabı aldım. “Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”dan ibarət bu əsər qiymətli cavanlarımızdan Məhəmmədhəsən bəy Vəlili (Baharlı) tərəfindən yazılıb. Azərbaycana dair, ələlxüsus milli sərvətimiz haqqında ətraflı məlumat verən bu dəyərli əsəri hər bir azəriyə oxumaq və evində bulundurmağı tövsiyə edirəm”. Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan” kitabı haqqında qiymətli fikirlərini Maarif Teymurov ərəb əlifbasından transliterasiya etmişdir.
Bu  Azərbaycanın ictimai-siyasi tarixində böyük rol oynamış iki qüdrətli insanın Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) “Azərbaycan”  kitabına verdikləri ən böyük qiymətdir.
Məhəmmədhəsən bəy Vəlili (Baharlı) 20-30-cu illərdə qələmə aldığı “Azərbaycanda dəmir sərvəti”, “Azərbaycanın  mis sərvəti”, “Neft və Azərbaycan təsərrüfatı”, “Azərbaycanda  xırda  neft sənayesinin vəziyyəti”, “Azərbaycanın elektrikləşdirilməsi”, “Etnoqrafik xəzinələr muzeyi” və s. elmi əsərlərin  müəllifidir. Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) çap edilmiş və əlyazması şəklində olan elmi əsərləri bu sətrlərin müəllifi tərəfindən aşkara çıxarılmışdır. Hal-hazırda həmin əsərlər çapa hazırlanır.
Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor  Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 elmi məqalə dərc etmişdir. Yubiley tədbiri Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə  AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu)  keçirilmiş, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlının, yazıçı-jurnalist Məhəmməd Baharlının və başqalarının iştirak etdiyi elmi konfransla başa çatmışdır. Zakir Məmmədov (Baharlı) bu elmi konfransda “Görkəmli Azərbaycanşünas” mövzusunda məruzə etmişdir.
Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) 100 illiyi münasibətilə keçirilmiş bu yubiley tədbiri mətbuat səhifələrində işıqlandırılmışdır. Zakir Məmmədov Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) 100 illiyinə  “Məhəmmədhəsən bəy Baharlıya” adlı şeirini yazmışdır:

                    Həyatda qovğalar fırtınasında
                    Vətən harayına qoşdun səsini,
                    İyirmi dörd yaşın astanasında
                    Yazdın “Azərbaycan” möcüzəsini.
                    Mənsəbi ram etdin alim adına,
                    Bu nə şahanəlik, bu nə vüqardır?!.
                    Ağıl heyran qalır istedadına,
                    Ruhunda Cahanşah xisləti vardır.

                    Tufanlı illərdə itirdik səni,
                    Fəqət amalların həmişə haqdır.
                    Ellərə ərmağan əziz töhfəni
                    Nəsillər özündə yaşadacaqdır.

2006-cı ildə Məhəmmədhəsən Vəlilinin (Baharlı) anadan olmasının 110 illiyi münasibətilə bu sətrlərin müəllifi mətbuat orqanlarında onun həyat və yaradıcılığına aid məqalələr çap etdirmişdir.
On illiklər keçməsinə baxmayaraq Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) yaradıcılığı  bu gün də öz aktuallığını saxlamaqdadır. Bu il repressiyanın qurbanı Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) qətlə yetirilməsindən 75 il ötür.
                                                              
Orxan Zakiroğlu (Baharlı)