Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
Üzeyir Hacıbəyli-127
18 sentyabr  Milli musiqi günüdür

Dünyanın bütün ölkələrində, hər bir millətin içində əlindən iş gələn elə sadə adamlar, incəsənət xadimləri yetişir ki, onlar elə bil “... özləri üçün anadan olmayıbdılar, bəlkə bütün xalqa, hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdılar... İnsanlar indi də onlardan mənfəət görməkdədir. Bu cürə adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər...”
Sağlığında varlığı, öləndən sonra şərəfli adı ilə doğma xalqımızın başını ucaldan nadir istedadlardan biri də həmin mənalı kəlamın müəllifi Üzeyir Hacıbəylidir. Dünya şöhrətli bəstəkar, böyük pedaqoq, ictimai xadim, Azərbaycan professional musiqi sənətinin və milli operamızın banisi, publisist-dramaturq Üzeyir Hacıbəyli xalqımıza çoxşaxəli, əbədiyaşar zəngin bir irs qoyub getmişdir. Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan Üzeyir bəyin adilikdən uca olan xüsusiyyəti onun fəaliyyət üfüqlərinin genişliyində, yaradıcılığının çoxşaxəli, çoxistiqamətli olmasındadır. O, milli operamızın, musiqili teatrın mötəbər bünövrəsini qoymuş, eyni zamanda, yazıçı və jurnalist kimi də  öz dəsti-xəttilə seçilib tanınmışdır.
Ü.Hacıbəylinin ən böyük tarixi xidməti opera sənətinin bünövrəsini qoymasıdır. 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan ilk Azərbaycan operasının müəllifi məhz odur. Bununla da təkcə Azərbaycan deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Daha sonra isə o, yeddi il ərzində bir-birinin ardınca beş opera və üç operetta yaratmışdır.
Böyük bəstəkar sovet dövründə fəalliyyətini daha da genişləndirərək çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərləri ilə yanaşı, Azərbaycan operasının şah əsəri olan “Koroğlu”nu ərsəyə gətirmişdir. 1937-ci il apelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.
Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Nəzərə çatdıraq ki, komediyalarının mətnini də o, özü yazmışdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında Azərbaycan xalqının məişəti, adət və ənənələri öz əksini tapmışdır.  
Bəstələdiyi əsərlər insan duyğularına ruhi dinclik gətirən Üzeyir bəyin öz həyatı əslində tufanların, qasırğaların, təzyiq və təqiblərin içində keçmişdir. O, yaradıcılığı  boyu müxtəlif illərdə bir sıra ədalətsiz, haqsız tənqidlərə, qərəzli hücumlara məruz qalmışdır. Belə ki, 1908-ci ildə müsəlman Şərqinin ilk opera əsəri – “Leyli və Məcnun”un nümayişinə münasibət birmənalı olmamışdır.
Üzeyir Hacıbəylinin milli opera yazmasını istehza ilə qarşılayan “Zənbur” jurnalı bu barədə belə yazırdı: “Canım, birdən-birə biz italyannan musiqi barəsində bir cərgədə durduq? Dəxi buna nə sözün. Yevropalılar bir opera vücuda gətirməkdən ötrü nə qədər zəhmət çəkir!.. Amma biz müsəlman tayfası nə zəhmət çəkirik, nə elm oxuyuruq, elə özbaşına kompozitorluğa nail ola bilirik... ”   Qori seminariyasının məzunu Azad bəy Əmirov isə  12 yanvar 1918-ci il tarixdə Üzeyir bəyə məktubunda yazırdı: “Vaxt gələcək, tarix müsəlman həyatındakı bu müstəsna hadisəni öz səhifəsində qızıl hərflərlə yazacaq...”. Məhz bu  gün biz həmin tarixin şan və şöhrətini bir daha yaşayırıq.
XX yüzilliyin əvvəllərində Azərbaycan mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikrimizin inkişafında Üzeyir bəyin rolu əvəzsizdir. O, kəsərli qələm sahibi kimi də naməlum, gizli, örtülü və uydurma imzalarla Azərbaycan mətbuatında, xüsusilə satirik qəzet və jurnallarda çıxış etmişdir. Lakin musiqi sahəsindəki nailiyyətlərinin, uğurlarının təntənəsi bu sahədəki fəaliyyətini bir qədər kölgədə qoymuşdur.
Ü.Hacıbəyli daima dövri mətbuata yüksək qiymət vermiş, qəzeti bilik mənbəyi, informasiya daşıyıcısı, insanlar və xalqlar arasında əlaqə və ünsiyyət vasitəsi saymış, onun aktuallığını yüksək qiymətləndirmişdir. Öz təcrübəsində də aktuallığa önəm verən Üzeyir bəy bildirirdi ki, qəzet xalqın işinə yaramalıdır, dövrün, zamanın mühüm məsələləri ilə səsləşməlidir. Öz sözü ilə desək: “Sözün özündən çox, onun yaratdığı məna böyük olmalıdır.”
Ü.Hacıbəyli daim dövrün mühüm ictimai-siyasi məsələlərinin mətbuatda işıqlandırılması tərəfdarı olmuşdur. Yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla-Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan”, “Dərədən-təpədən” və s. başlıqlar altında  65-dən çox gizli imza ilə  çoxlu məqalə, felyeton və miniatürləri dərc olunmuşdur. Onun ümumiyyətlə,  “Küyçülük”, “Tazə xəbərlər”, “Mühüm suallar və əhəmiyyətli cavablar”, “Uşaq”, “Hamam” və digər başlıqlar altında 900-ə qədər publisistik yazısı aşkar edilmişdir.  
Sovet dövründə onun publisistik yaradıcılığı tam tədqiq olunmasa da,  müasir dövrdə Üzeyir bəyin irsi elmi tədqiqatın diqqət mərkəzindədir. Bu zəngin irsin öyrənilməsi sahəsində xeyli iş görülmüş, böyük sənətkar haqqında çoxsaylı monoqrafiyalar, elmi-kütləvi kitablar, məqalələr yazılmışdır.
Üzeyir bəyin yaradıcılığı nəinki öz dövrü, eyni zamanda müasir dövrümüz üçün də aktualdır. Onun yaradıcılığının mahiyyəti Azərbaycan sənətinin, Azərbaycan bədii estetik fikrinin həyatiliyini, ictimai-fəlsəfi dərinliyini qoruyub saxlamaq və zamanın tələblərinə uyğunlaşdıraraq inkişaf etdirməkdən ibarət olmuşdur. Bütün bunlar isə  Üzeyir bəyin yüksək amalından irəli gəlirdi.

Mətanət Hüseynova