Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə. Azərbaycan cəmiyyətinin yetərincə tanıdığı və hörmət etdiyi nüfuzlu alim, siyasətçi, ictimai xadim, ziyalı... Bu sıranı uzatmaq da olar. Amma bu yazıda onların heç biri haqqında danışmayacağam...

Ziyad müəllimlə budəfəki söhbətimin mövzusu onun Firuzəsi haqqındadır. Həyat yoldaşı, ömür-gün dostu Firuzə Səmədzadə... Ayrılığının səsi hələ də qulaqlarından getməyib. Bu ayrılığın gətirdiyi kədərin izi hələ də üz-gözündən çəkilməyib. Bu nisgilin əlindən indi də onu elə yenə də Firuzəsinin xatirələri qoparır. Bir il əvvəl itirib əzizini. Xatirələrini hələ də kövrək hisslərlə yada salır...

Onların ömrü bir həyat tarixçəsidir: sevinci, kədəri, ağrı-acısı, itkisi, unudulmayan xatirələri, yaddaşı ilə. Onların ömrü bir həyat məktəbidir – öyrəniləsi, örnək olası məktəb. Bu iki insanın birgə yaşanan ailə ömrü bir ləyaqətli ailənin ömrüdür...

İndi onun yeri boş qalıb ürəyində də, ev-eşiyində də. O yeri heç kim tuta bilmir, heç tuta da bilməz, təbii ki. Bir il əvvəlki son gedişi ilə öz yerini yalnız xatirələrə verib. O xatirələrə ki, indi heç onlarla da ovunmaq olmur...

“Üzüyümün bir Firuzə qaşı idi o. Salıb itirdim, saxlaya bilmədim. Bəlkə, qoruya bilmədim? Öz əlimdə olsaydı... Sevgilərin ən gözəli, ən pakı, ən təmizi uşaq sevgisidir. Bu sevgi ancaq doğmalara olur, çünki uşaqlığında ətrafda doğmalardan başqa heç kim olmur. O da hər birimizi bir balaca uşaq sevgisi ilə sevirdi. Deyəsən, biz onu ondan az sevirmişik, axı! Yoxsa... Ruhu şad olsun ki, mənə həm də gözəl övladlar yadigar qoyub, nəvələr qoyub. Amma heç uşaqlar da onun gedişindən sonra hələ də özlərinə gələ bilmirlər... Mən də, övladları da onun ömrünü uzatmaq üçün nə lazımsa, nə bacardıqsa etdik, amma... İndi bir-birimizə təskinlik verə-verə yaşayırıq...” deyə köksünü ötürür Ziyad müəllim...

* * * * *

70 yaşına lap az qalırdı – cəmi 3 il. Bu günü əzizlərinin əhatəsində qeyd etməyi çox arzulayırdı. Haqqı da vardı. Çünki bu illərdə çox sevdirmişdi özünü – istər ailədə, istər cəmiyyətdə. Nəinki əzizlərinin, dostların, qohum-əqrəbanın, onu tanıyanların hamısının ürəyində bir abidəyə dönmüşdü. Üz tutulası, ərk ediləsi, məsləhət alası bir örnək idi elə bil. Heç kimdən də heç nəyi əsirgəməzdi. Xoş söz dilindən, xeyirxahlıq əməlindən əskik olmazdı. Qəfil ölüm hər şeyi alt-üst etdi. 68 yaşını da doğmaları onsuz qeyd etdilər – nisgillə, xiffətlə, göz yaşı ilə. Firuzə xanımla bağlı artıq yaddaşa çevrilmiş o əlçatmaz, unudulmaz günləri də ehtiyatla vərəqlədilər. Hələ xatirələr çox istidir axı, çox...

“Cavanlıqdan işdə-gücdə, vəzifələrdə olmuşam. Ətrafımızda ehtiyacı olan adamlar da çox olub. Firuzənin xahişi ilə kömək etmişəm hər birinə. Ürəyi, qəlbi sevgi ilə dolu idi hamıya qarşı. Özgələrin sevincini də öz sevinci kimi qəbul edərdi, dərdlərinə öz dərdi kimi yanardı. Kövrək, ürəyiyuxa, xeyirxah idi... Yaxşılar kimi paxıllar, gözügötürməyənlər də az olmayıb. Amma onun o qədər böyük ürəyi vardı ki, heç vaxt dedi-qodulara, xırda söz-söhbətlərə fikir verməzdi. Heç vaxt heç nəyi bir dəfə də olsun üzümə vurmamışdı. Etiraf edirəm, günahsız da olmamışam. Bəzən ona lazımi diqqət də göstərə bilməmişəm. Elm, iş-güc... Heyf, onu tam qoruya bilmədim, min heyf...” – bunlar Ziyad müəllimin gecikmiş etiraflarıdır...

* * * * *

 “Bu, həyatımın ən ağır itkisidir. İçimdə bir boşluq var ondan sonra, hələ də bu boşluğu heç nə ilə doldura bilmirəm. Bu yaşımda onu itirmək mənə çox çətindi, insana ahıl çağında qulaq yoldaşı daha çox lazımdı... Biz insanlar beləyik, xoşbəxtlik yanımızda olanda onu görə bilmirik, elə ki, əlimizdən uçub getdi, günün işığında da çıraqla axtarırıq onu...” – Ziyad müəllim belə deyir.

Zarafat deyil, bir igidin ömrünü birgə yaşayıblar. Sevinci bir dadıb, qəmi bir bölüblər. Övladların əlini çörəyə çatdırmaq, ev-eşik, yer-yataq eləmək asan deyil. Birlikdə çiyin veriblər bu ağır yükün altına. İndi o, yoxdur. Üzüyünün Firuzə qaşı yoxdu daha...

Ziyad müəllim danışdıqca tez-tez doluxsunur, sözünə ara verir. Başa düşmək çətin deyil: onu fərqli məhəbbətlə sevən birisini itirib. Vəfalı, sədaqətli ömür-gün dostunu, ailə ocağının sütununu itirib. Ömrünün bütün mərhələlərində ona mənəvi dayaq olan ən əziz adamı indi yanında yoxdu. Hər gün min bir qayğısını çəkən, məhəbbətlə işə yola salan, axşam yolunu intizarla gözləyən gözəl xanımının səs-sədadı çəkilib ev-eşiyindən – düz bir ildir...

Ziyad müəllimin kədərli siması məşhur bir nəğməni xatırladır mənə:

Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı,

Nə öncə öylə səadət, nə böylə zillət olaydı...

Amma indi də bir günü “onsuz” keçmir. Şəklini böyüdüb – stolunun üstündə, gözünün önündədir. Hər gün onunla “söhbət edir”, “dərdləşir”, hər gün onunla birgə “yol gedir”, hərdən də “vəfasızlıqda” qınayır onu. Sonra da özünü məzəmmətləyir, həyatın pozulmayan, danılmayan həqiqəti ilə barışmaqdan başqa çarəsi qalmır. Ölümdən qaçmaq olmaz ki. Bu, sondu. Gəldi, demək, hər şey qurtardı...

“Mənim ömrüm onunla bəzənmişdi, onunla zənginləşmişdi. Bütün uğurlarımda onun payı, bəlkə də, özümünkündən çox olub. Məni də elə uşaqlar kimi əzizləyib, bütün qayğılarımı çəkib. Bircə sözümdən, bircə baxışımdan bilərdi nə istədiyimi. Onunla çox güclü idim... Ağzımın dadı da itib o gedəndən... “

* * * * *

Firuzə xanım Bakının Bilgəh kəndindən idi. 1942-ci ilin bir may günündə doğulmuşdu. Axund Məmmədəlinin nəvəsi idi. Şəhərdə 190 saylı məktəbdə oxumuşdu, sonra Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdi. Həkim işləyirdi. Uşaqlarla işləmək ürəyindən idi. Amma onların xəstələnməsindən də ən çox narahatlıq keçirən o olardı...

Ziyad müəllim isə Buzovnadan idi. O da ləyaqətli bir ailənin övladı idi. İqtisadiyyatı seçmişdi. Hamı bu gənc iqtisadçının sabahından çox şey gözləyirdi...

İllərin birində tale birləşdirdi onları. Böyüklərin xeyir-duası ilə ailə qurdular. Birlikdə daha güclü oldular. Bundan sonra hər yerdə qoşa göründülər. Bir-biri ilə qürur duyurdular. Hər gün gedib-gəldikləri yol eyni olduğu kimi arzuları da bir idi. Mənəvi yaxınlıq, mənəvi zənginlik onları bir-birinə daha möhkəm bağlayırdı. Hər ikisi seçdikləri sənətdən başqa ədəbiyyatı, musiqini də sevir, əsl sənət əsərlərindən zövq alırdı. Gənc yaşlarında Ziyad Firuzəyə Səməd Vurğunun “Aygün”, Firuzə isə ona Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabını hədiyyə etmişdi. İlk baxışda çox adi görünən bir məqamdı bu, amma onların ən əziz gənclik xatirələrindən biridi. Bu xatirə onları bütün ömürləri boyu izləyəcək, onlara çox sevinclər yaşadacaq, Səmədzadələrə baş ucalığı gətirəcəkdi. İlk övladlarına sevimli qəhrəmanlarının adını veriblər – Aygün. O vaxt, bəlkə, heç düşünməyiblər ki, onların Aygünləri də böyüyəndə bəstəkar olacaq, özü də çox sevilən bəstəkar... Çox sonralar Aygün də valideynlərinə böyük hörmətlə öz övladına Ülkər adı verəcəkdi...

Heç şübhəsiz, onlar Aygünün əlindən tutub musiqi məktəbinə aparıblar. Amma məsələ tək bunda deyil. Mənə elə gəlir ki, sənətə, musiqiyə sevgi valideynlərinin qanı ilə keçib Aygünün qanına. Bir gözəl ananın beşiyi başında oxuduğu laylalar balaca Aygünün ruhuna hopub, duyğularına qarışıb. Sonrası isə istedadın işidir...

Aygünün “Bu dünyanı nağıl bilək”, “Tut ağacım”, Məktəb illəri”, “Yağış” və s. kimi ruhumuzu titrədən bir-birindən həzin nəğmələrində bir ananın zərifliyi, bir atanın müdrikliyi, bütövlükdə bir insanın dopdolu zənginliyi var. Əslində, Aygün xanımın analı illərində bəstələdiyi nəğmələrinin hər birində bir müqəddəs məxluq var – ana... Aygünün özü də etiraf edir: “Bütün nəğmələrimdə Anamın ruhu var...” 

Ziyad müəllimin uğurlarında da həyat yoldaşının payı az olmayıb. Firuzə xanım elm arxasınca getməyib, sadəcə, həkim işləyib. Bunun əvəzində ərinin uğurlarında, övladlarının xoşbəxtliyində böyük rol oynayıb. Necə deyərlər, “elm”ini əzizləri üçün xərcləyib, mətbəxə sərf edib, ev-eşikdə əridib. O, ərinin, övladlarının əsl cəfakeşi idi. Aytən anasının, Elşad da atasının sənətini seçib. Aytən həkim, Elşad iqtisadçıdır, iqtisad elmləri naimzədidir. Aytən: “Gözümüzü açıb onların varlığı ilə öyünərək böyümüşük” deyir...

 “Övladlarımın hər üçü yaradıcı işlə məşğul olur. Aytən “İqtisadiyyat” qəzetinin baş redaktorudur... Bir məqam da məni çox ağrıdır. Oğlundan nigaran getdi. Nakam getdi, oğul toyu görməyi elə arzulayırdı ki. Heyf, oğul nəvəsi görmək də ona qismət olmadı...” Qadını gözəl edən təkcə saçı, vücudu, geyimi deyil. Qadını gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı, müdrikliyi, ağlıdır. O, Ziyad müəllim üçün belə bir qadın idi. Müdriklərin birinin fikridir: “Həyatın məşəqqətlərinə dözmək üçün onu mütləq bir qadınla bölüşmək lazımdır.” Firuzə xanım bütün anlamlarda Ziyad müəllim üçün belə bir qadın olmuşdu...

Ziyad müəllim yenə köksünü ötürür: “Firuzə həkim idi. Sənətinə də, həmkarlarına da böyük hörməti vardı. Amma... Nə yazıqlar ki, özü namərdə tuş gəldi... Xəstəlik başının üstünü alanda ürcahına yaxşı həkim çıxmadı. Bir namərdin güdazına getdi. Bu da ömrüm boyu məni yandıracaq...”

* * * * *

Qarşımda bir qalaq şəkil var. Firuzə xanımı əzizləri ilə birgə öz yaddaşına əbədi köçürən şəkillər. Bu şəkillərdə ən çox diqqətimi çəkən Firuzə xanımın baxışlarının təmizliyi, bir də sadəliyidir...

“Onunla sevincini paylaşa bilərdin, o, sənin sevincini öz sevinci tək yaşayacaqdı. Onunla dərdini bölüşə bilərdin, o, sənin dərdinə biganə qala biləcək bir kəs deyildi.” – onu tanıyanların dedikləri bu fikrə Firuzə xanımın şəkillərinə baxandan sonra da haqq qazandırıram...

“O, dostlarımıza qarşı da çox sədaqətli idi. Burada rəhmətlik Sona xanımı xatırlayıram – Aygünün qaynanasını. Sona xanım 59 il bir məktəbin – 190 saylı məktəbin direktoru olub. Elə Firuzə də o məktəbdə oxumuşdu, Sona xanımın şagirdi olmuşdu. Firuzə o məktəbdə oxuyanda mən institut tələbəsi idim. Məktəbdə xalq çalğı alətləri ansamblı yaratmışdım, onun xatirinə... Sonra tale, qismət elə gətirdi ki, Sona xanımla həm də qohum olduq...”

Ziyad müəllim Firuzə xanımın bir şakərindən də danışır. Boş vaxtlarında krossvord həll edər, oradakı hikmətli kəlamları tapar, sonra isə onları yazıb, toplayarmış. Indi ondan bu hikmətli kəlamlar da yadigar qalıb əzizlərinə. Ziyad müəllim deyir ki, onları kitab halında çap etdirəcəyəm. Qoy başqaları da faydalansınlar...

Mən isə həmin müdrik kəlamlardan bir neçəsini bu kiçik yazıda oxuculara da xatırlatmaq istəyirəm. Məqsədimi sonda deyəcəyəm...

 “Müdrik adamların sərvəti onların özləridir, onlar öz sərvətlərini özləri ilə gəzdirirlər.”

“Mən dediyim sözlərə görə çox peşimançılıq çəkmişəm, amma susduğuma görə bir dəfə də olsun peşman olduğum yadıma gəlmir.”

“Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşimançılığını çəkir.”

“Elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır.” Məhəmməd Peyğəmbər

“Öz nəfsinin üzərində hakimiyyətdən və ehtirasının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur.”

“Müdrik adam səhv edəndə, bütün dünya çaşıb qalar.”

“İlan necə qıvrılsa da yuvasına düz gedər.”

“Bircə an kifayətdir ki, qəhrəman olasan, amma ləyaqətli insan olmaq üçün bəzən bütöv bir ömür kifayət etmir.”

“Bu dünyada məni ən çox təəcübləndirən gücün gücsüzlüyüdür, iki nəhəng amilin, güc və ağılın mübarizəsində güc əvvəl-axır məğlub olur.”

Bu müdrik fikirlər Firuzə xanımın xarakteri, mənəvi dünyası haqqında çox şey deyir...

* * * * *

Hər birimizin ömründə hər bir ilin öz sevinc payı, kədər payı var. 2009-cu il çox böyük kədər gətirdi Səmədzadələrə. İndi, bir il keçəndən sonra da inana bilmədikləri kədər. Firuzə xanımın gedişi ilə çox şey dəyişdi. O, Səmədzadələrin evində bir gur lampa idi, işığı hər yana bəs edirdi...

“Həyatımın ən gözəl səhifəsi onunla bağlıdır. Nə qədər canımda can var, onu özümlə birgə yaşadacağam, onu ölməyə, xatirə olmağa qoymayacağam” deyir Ziyad müəllim...

Əslində, insanlar öldükdə əbədi yox olmurlar, nə qədər ki, onları yad edən, onların səslərini, çöhrələrini, xatirələrini xatırlayan insanlar var, onlar yaşayırlar. Firuzə xanımın da mənəvi ömrü davam edir: Ziyad müəllimin uğurlarında, ləyaqətli ömür yolunu örnək kimi bağışladığı övladlarının taleyində, Aygünün nəğmələrində, arzularını göyərdəcək nəvələri – Ülkər, Könül, Mİrcəfər, Gülərin şirin xatirələrində...

Əzizlərinin, doğmalarının, onu sevənlərin və onun sevdiklərinin sırasından çıxıb getsə də, işıqlı xatirələri heç zaman köhnəlməyəcək. Amma bu işıqlı xatirələrin ağuşunda hər zaman həzin bir ağrı, bir nisgil də olacaq: “Heyf! Niyə bizi belə tez tərk elədi...”

 

FİRUZƏ NADİR