Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Azərbaycan iqtisad elminin müdrik ağsaqqalı, böyük alim və elm təşkilatçısı

Akademik Ziyad SƏMƏDZADƏ

 Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Əhməd Mahmudov da XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli alim və ziyalılardan biridir.

Görkəmli iqtisadçı alim, təvazökar və səmimi insan, iqtisad elmləri doktoru, Azərbaycan  Elmlər Akademiyasının həqiqi üzvü Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan MR-nin indiki Kəngərli rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur.

Əhməd Mahmudovun elmi fəaliyyəti bütünlüklə Azərbaycan SSR EA İqtisadiyyat bölməsi və 1958-ci ildə bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur. O, Azərbaycan SSR EA İqtisadiyyat bölməsinin aspirantı olarkən təhsilini davam etdirmək məqsədilə SSRİ EA İqtisadiyyat İnstitutuna göndərilir. Onun bir gənc alim kimi formalaşmasında və inkişafında o zaman sosialist düşərgəsində iqtisadi fikrin mərkəzi sayılan SSRİ EA İqtisadiyyat İnstitutunda çalışan, adları nəinki ölkəmizdə və eyni zamanda onun hüdudlarından çox-çox uzaqlarda məşhur olan görkəmli iqtisadçı alimlərlə daim təmasda olması çox böyük rol oynamışdır. O, 1956-cı ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. Ə.Ə. Mahmudov 1955-ci ildən fasiləsiz olaraq 25 il Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda çalışmışdır. O, kiçik elmi işçidən institut direktoru səviyyəsinə qədər ksələrək şərəfli yol keçmişdir.

Hər bir xalq özünün elmi potensialı ilə fəxr edə bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Akademik Əhməd Mahmudovun yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir.

Akademik Əhməd Mahmudovun AMEA İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elmi mərkəz nəinki respublikada, eləcə də keçmiş Sovetlər məkanında sayılan elmi-tədqiqat mərkəzinə çevrildi. Görkəmli alimin, bacarıqlı təşkilatçı Əhməd Mahmudovun rəhbərliyi altında respublikada iqtisad elminin real iqtisadi həyatla bağlılığı daha geniş vüsət almış, elmi tədqiqatların nəticələrinin əhəmiyyəti xeyli yüksəldi.

Əhməd Mahmudov böyük ziyalı, əsl vətəndaş kimi yaxşı bilirdi ki,  respublikada iqtisadiyyat elmini ancaq sırf nəzəri, metodoloji problemlərə  istiqamətləndirmək  nəinki çox çətin, ümumiyyətlə qeyri mümkündür.  Çünki sovet ideologiyası, mərkəz buna imkan verməzdi. Reallıq respublikanın iqtisadi həyatının canlanması, xalq təsərrüfatının inkişafına kömək edəcək aktual problemlərin sistemli tətbiqini tələb edirdi. Bu məsələdə Əhməd Mahmudov əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Çox çətin şəraitdə görkəmli alim və elm təşkilatçısı institutun elmi istiqamətlərində real iqtisadiyyatla bağlı problemlərə üstünlük verir, yeni şöbələr açılır, iqtisad elminin Azərbaycan xalqının mənafeyinə uyğunlaşdırılması istiqamətində cəsarətli addımlar atırdı.  Artıq 70-ci illərdə Azərbaycanda iqtisad elminin bir neçə mühüm istiqaməti üzrə elmi məktəblər formalaşır.

Sovet sisteminin müəyyən çətinliklərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqı, onun iqtisadiyyatı bu dövrdə böyük inkişaf yolu keçdi. Azərbaycan ölkənin əsas neft bazasına çevrildi. Neft sənayesi ilə yanaşı, digər sahələrin inkişafına, iqtisadiyyatın birtərəfli strukturunun aradan qaldırılmasına xüsusi fikir verildi. Kənd təsərrüfatı da böyük inkişaf yolu keçdi. 1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatına ayrılan vəsaitin artımının 30 faizi aqrar sektorun payına düşdü. Kənd təsərrüfatına dövlət himayəsi artdı. Azərbaycan torpağının hər yerində böyük quruculuq işləri görüldü. Kənd əhalisinin sosial həyatında böyük dəyişikliklər baş verdi. Respublikamız ittifaqda birinci yerə çıxdı.

Azərbaycanın iqtisadçı alimləri respublikanın xalq təsərrüfatının ayrı-ayrı sahələrində baş verən iqtisadi prosesləri təhlil edir, real iqtisadi həyatla sıx təmasda Azərbaycan iqtisad elmini inkişaf etdirirdilər. Əldə olunan nailiyyətlərə elmin, o cümlədən iqtisad elminin də samballı töhfəsi olmuşdur. Qeyd edək ki, respublikamızda iqtisad elmi xüsusilə 70-ci illərdə real həyatla daha sıx əlaqəli şəkildə inkişaf edirdi ki, bu tədqiqatların da mərkəzi Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu sayılırdı. Bu elm ocağında intensivləşdirmə, əmək məhsuldarlığı, iqtisadi inkişafın sürəti və proporsiyaları, aqrar, demoqrafiya məşğulluq, məhsuldar qüvvələrin yerləşdirilməsi və s. problemlər kompleks şəkildə tədqiq edilirdi. Bütün bu illərə də akademik Əhməd Mahmudov rəhbərlik edirdi.

Bir sözlə, akademik Əhməd Mahmudovun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən biri də onun bütünlükdə respublikanın iqtisadçı alimlərini yaradıcı işə cəlb etməsi, iqtisad elmini real həyata, gələcək inkişafa yönəltmək olmuşdur. Təkcə bu elmi-təşkilati fəaliyyət, özü də sistemli, ardıcıl fəaliyyət Əhməd Mahmudova xalqımız qarşısında xidmətinə görə yüksək qiymət vermək üçün kifayət edərdi.

Ancaq Əhməd Mahmudov eyni zamanda görkəmli alim-tədqiqatçı kimi də böyük iz qoyub getmişdir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın inkişaf tarixi, bu istiqamətdə aparılan tədqiqatlarla tanış olarkən iqtisadçı alimlərin nə kimi çətinliklərlə üzləşdiyinin əyani şahidi olursan. O dövrlərdə iqtisadi proseslərin elmi tədqiqini vermək asan məsələ deyildi. Aşkar edilən nöqsanları, çətinlikləri olduğu kimi vermək böyük cəsarət tələb edirdi. Çünki planlı sosializm cəmiyyətində hər iqtisadi problemi açıb göstərmək, sözün əsl mənasında qeyri-mümkün idi.

Akademik Əhməd Mahmudov və onun silahdaşları zərgər ustalığı ilə iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən kənd təsərrüfatında ehtiyat mənbələri, onların reallaşması yollarını açıb göstərir, iqtisadi mexanizmlərin təkmilləşməsinin zəruriliyini qeyd edirdilər. Akademik Əhməd Mahmudov aqrar iqtisad elminin formalaşmasında həlledici rol oynayan alim idi. Məhz Əhməd Mahmudovun əsərlərində ilk dəfə olaraq kənd təsərrüfatının intensivləşdirilməsinin zəruriliyi əsaslandırılmış, onun metodoloji aspektləri tədqiq edilmişdir. O, çox zəngin statistik, konkret materiallara əsaslanaraq Azərbaycan kənd təsərrüfatında intensivləşdirmənin faktorlarını, səviyyəsini təhlil etmiş, intensivləşdirmənin aqrar sektorun dinamik inkişafındakı rolunu elmi cəhətdən əsaslandırmışdı.

Dünyanın bütün sivil dövlətlərində aqrar elmi yüksək inkişaf edən bir sahədir. Akademik Əhməd Mahmudov bunun nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini cəsarətlə qeyd edir, böyük potensial imkanlara malik olan respublikamızda da bu elmin inkişafı üçün böyük əmək sərf edirdi.

Əhməd Mahmudov sözün əsl mənasında Azərbaycan torpağının imkanları haqda geniş informasiyaya, biliyə malik idi. O, tədqiqatlarında inandırıcı faktlarla sübut edirdi ki, respublikanın kənd təsərrüfatının strukturu təkmilləşdirilməlidir, onun maddi-texniki bazasının yenidən qurulması üçün sərf ediləcək maddi-maliyyə resursları yüksək səmərə ilə nəticələnəcəkdir. Əhməd Mahmudov aqrar sektora dövlət himayəsinin güclənməsini təklif edir və bu zaman dünya təcrübəsinə əsaslanmanı tövsiyə edirdi.

Əhməd Mahmudov kənd təsərrüfatının intensivləşdirilməsi problemləri, eyni torpaq sahəsinə əlavə vəsait qoyuluşu və əmək sərfi nəticəsində ikinci differensial rentanın yaranması sahəsində geniş tədqiqat işləri aparan görkəmli sovet alimlərindən biri hesab olunur. Geniş təkrar istehsalın bir forması kimi çıxış edən istehsalın intensivləşdirilməsi, məhsul istehsalını artırmaq məqsədilə eyni torpaq sahəsinə əlavə vəsait qoyuluşu və əmək sərfini nəzərdə tutur. Ə. Mahmudov öz tədqiqatlarında torpaqdan istifadə, onun iqtisadi münbitliyi, kənd təsərrüfatında torpağın başlıca istehsal vasitəsi kimi malik olduğu spesifik xüsusiyyətləri məsələlərinə hərtərəfli və dərindən yanaşır. O, sübut edir ki, torpağın malik olduğu bu xüsusiyyətlər kənd təsərrüfatının intensivləşdirilməsinin əsasında durur və əlavə vəsait qoyuluşu nəticəsində istifadə edilən torpaq sahəsinin hər hektarından məhsul istehsalının artırılması zəruri və mümkündür.

Əhməd Mahmudovun əsərlərində texniki tərəqqi ilə əlaqədar olaraq istehsalın intensivləşdirilməsi mənbələri, amilləri və stimullaşdırılmasının tədqiqinə xeyli yer verilir. heç də təsadüfi deyildir ki, onun tədqiqatları nəinki nəzəri, eyni zamanda praktiki əhəmiyyət kəsb edir və istehsalın inkişafına bilavasitə müsbət təsir edir. Bu baxımdan Əhməd Mahmudovun elmi tövsiyələri olduqca qiymətlidir.

Alimin elmi axtarışlarında aqrar-sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesabı problemlərinin tədqiqi əsas yer tutur. O, kənd təsərrüfatının hərtərəfli intensivləşdirilməsinin aqrar-sənaye kompleksinə daxil olan bütün sahələrlə əlaqəsinin obyektiv olaraq genişləndiyini, dərinləşdiyini görürdü.

Müəllifin əsərlərində ASK-nın sferalarının balanslaşdırılması, proporsional inkişafı və təkrar istehsal prosesinin fazaları məsələlərinə xüsusi fikir verilərək qeyd olunur ki, bu nisbətlərin pozulması istehsalın səmərəliliyini aşağı salır. O, ilk dəfə kompleks hesablamalar nəticəsində ASK-nın ayrı-ayrı sferaları və təkrar istehsal prosesi fazaları arasında olan disproporsiyaları müəyyənləşdirir.

Qeyd etmək lazımdır ki, sonralar müəllif istehsalın intensivləşdirilməsi sahəsində tədqiqatlarını genişləndirərək, bütünlükdə ictimai istehsalı əhatə edir. Akademik Əhməd Mahmudov müasir şəraitdə intensivləşdirmənin iqtisadi qanunların fəaliyyət mexanizminə təsirini aşkar etmiş, yığım fondunun səmərəli istifadə edilməsinin milli gəlirdə istehlak fondunun xüsusi çəkisinin artmasına səbəb oldugunu konkret  faktlarla əsaslandırmışdır. Alimin bu fikirlərinin icrası bu gün Azərbaycan Respublikasının dünya sisteminə inteqrasiya etdiyi bir zamanda daha qiymətli və aktualdır.

Akademik Əhməd Mahmudovun respublikanın gələcək inkişafı ilə bağlı fikirləri çox düzgün və elmi cəhətdən əsaslı idi. 80-ci illərin ortalarında, daha doğrusu respublikamızın iqtisadi müstəqillik konsepsiyasının hazırlanması üçün gərgin iş aparılırdı. Çox çətin, mürəkkəb bir dövrdə bu barədə onunla söhbətlərimiz çox maraqlı və məhsuldar olurdu. Əhməd Mahmudov bu kimi taleyüklü problemə öz müsbət münasibətini bildirməklə yanaşı, konkret hesablamalar, təkliflərlə respublikanın böyük imkanlara malik olduğunu göstərirdi.

Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini düşünən bir vətəndaş ziyalı idi. O, Qarabağ münaqişəsinin ilk günlərindən ürək ağrısı ilə erməni millətçilərinin mənfur siyasətinə öz nifrətini bildirən, xalqla bağlı olan bir vətənpərvər alim kimi çıxış edirdi.

Əhməd Mahmudov keçmiş Sovetlər İttifaqında çox hörməti olan bir iqtisadçı - alim, mühüm elmi mərkəzin rəhbəri kimi tanınırdı.

Onun SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, digər mühüm elmi mərkəzlərlə əməkdaşlığın formalaşması və inkişafında müstəsna rolunu biz heç vaxt unutmamalıyıq. Unutmamalıyıq ki, akademik Əhməd Mahmudov iqtisadçı alimlərin yetişməsində müstəsna rol oynayıb. Onun ilk baxışdan sərt, lakin son dərəcə sadə, humanist təbiətli bir alim kimi gənc iqtisadçı alimlərə münasibəti əsl ata münasibəti idi.

 Əhməd Mahmudov kindən, qəzəbdən uzaq bir alim, təşkilatçı, rəhbər idi. İqtisadi problemlərin müzakirəsində gərginliyi o, çox məharətlə, müdrikliklə aradan qaldırır, insanlar arasında səmimiyyətin qorunmasını təmin edirdi.

Azərbaycan iqtisad elmi möhkəm sütunlar üzərində qurulmuşdur və bu sütunların, bu elmin formalaşmasında akademik Əhməd Mahmudov müstəsna rol oynamışdır. Akademik Əhməd Mahmudov və onun silahdaşlarının formalaşdırdığı, inkişaf etdirdiyi iqtisad elmi bu gün müstəqil Azərbaycan üçün çox vacibdir.

Azərbaycan iqtisad elmi yaşayır və bundan sonra da doğma respublikamızın dirçəlişinə kömək edəcəkdir. Çünki onun əsl vətəndaş alim, akademik Əhməd Mahmudov kimi ağsaqqalları olub.

 ***

Mayın 23-də Odlar Yurdu Universitetində Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə akademik Əhməd Mahmudovun anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Azərbaycanda aqrar sahənin  inkişaf meyilləri və onun perspektivləri ” respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Universitetin rektoru professor Ə.Vəliyev açmışdır.  Konfransda akademik Z.Səmədzadə, professor E.İbrahimov, professor Ə.Əlirzayev, professor Ə.Ələkbərov, A.Məlikov və başqaları çıxış etmiş, akademik Əhməd Mahmudovun həyat və elmi fəaliyyətindən bəhs etmişlər. Sonra konfrans öz işini bölmələrdə davam etmişdir.