Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Elmdə yüksək zirvələri fəth etmiş ziyalı

Mayın 24-də Azərbaycan Dövlət Neft Akademiyasının «İnformasiya-ölçmə və kompyuter texnikası» kafedrasının professoru, texnika elmləri doktoru, Azərbaycanın Dövlət Mükafatı Laureatı, "Şöhrət" ordeni ilə təltif edilmiş, görkəmli pedaqoq, dünya şöhrətli alim Ramiz Mehti oğlu Mirsəlimovun 85 yaşı tamam olur.

Ziyalılıq elə bir zirvədir ki, bu yüksəkliyə qovuşanlar başqalarından fərqli olaraq dövrü əhatə etmiş, qaranlıqları daha tez duyub, nəticə çıxarmağı bacarır, özlərinin ruhuna, zəkasına, şüuruna hakim kəsilən buxovları qırıb atır, mövcud problemlər, onların həlli yolları və gələcək barədə mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş formada düşünürlər. Belələri millətin xilas yolunu, intibahını haqlı olaraq elm və təhsildə axtarır, əzmkar axtarışları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi irs və məktəb yaradırlar. Belələri bəşəriyyətin xilasına yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışır, bununla da ucalığa qovuşurlar.

Belə tanınmış ziyalılardan biri olan Ramiz Mehti oğlu Mirsəlimov insanlığın zinəti sayılan saf və münis dəyərləri parlaq xarakterində yaşadıb, şəxsiyyətini, mənliyini, ad-sanını və həyat prinsiplərini qoruyan, elmə təmənnasız xidmətləri ilə böyük töhfə verən alimlərdəndir…

Hər bir şəxsiyyətin yetişməsində ilk öncə ailənin böyük təsiri vardır. Ailədəki mühit hər bir insanın gələcək həyat yolunu müəyyənləşdirir, insan xarakterinin formalaşmasında böyük rol oynayır. Müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməyiblər. Mirsəlimovlar nəslini tanınmış alim, ömrünü, fəaliyyətini elm və təhsilə fəda edən ziyalılar nəsli adlandırmaq olar. Ramiz müəllimin doğulub boya-başa çatdığı ailədə elmə, təhsilə, sənətə, sənətkara olan böyük məhəbbət ailənin bütün üzvlərinin gələcək karyerasında müstəsna rol oynayıb. R.M.Mirsəlimov Bakı şəhərində, Azərbaycanın əməkdar həkimi, məşhur alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mir-Mehdi Mir-Mövsüm oğlu Mir-Səlimovun ailəsində anadan olub. O, Azərbaycanda patoloji fiziologiyanın banilərindən biri və tibb elminin bu sahəsi üzrə ilk professoru olmuşdur. Anası Fatma xanım öz dövrünün kimya və tibb sahələri üzrə iki ali təhsil almış azsaylı Azərbaycan qadını sayıla bilər.

Milli təfəkkür, milli kök, ulularımızdan ərməğan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə sadə zəhmət adamları olan valideynlərinin xeyir-duası daxilindəki humanizm, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Ramiz Mirsəlimovun bir şəxsiyyət kimi formalaşmasında, gələcək zəngin yaradıcılıq fəaliyyətində mühüm rol oynayıb. Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı Ramiz müəllimin elm sahəsində zirvəyə çatmasına səbəb olub.

R.M.Mirsəlimov 1951-ci ildə Azərbaycan Sənaye İnstititunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsini bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə «Azərenerji» idarəsində başlayan R.M.Mirsəlimov bu sənaye sahəsində 5 il çalışır, lakin elm onu özünə daha çox cəlb edir. R. Mirsəlimov 1955-ci ildə «Quyuların yan elektrokarotajı üçün geofiziki ölçmə qurğularının tətbiqi və işlənməsi» mövzusunda dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi almışdır.

Ramiz Mirsəlimov mənalı və şərəfli ömür yolu keçmişdir. Onun dərin vurğunu olduğu, bütün varlığı ilə bağlandığı elm sahəsində qazandığı uğurların sayı-hesabı yoxdur. Onun elmi istiqaməti çoxşaxəli və zəngindir. O, quyuların geoloji tədqiqi üçün elektrik karotajı, elektrik gücünün və enerjisinin yeni ölçmə çeviricilərinin, məmulatların bəzi keyfiyyət göstəricilərinin, analoqu olmayan yeni elektrik nəzarəti üsullarının, qaz kəmərlərində qazın və çənlərdə neftin miqdarının ölçülməsi üzrə informasiya-ölçmə sistemlərinin və onların çevirmə funksiyalarının xəttiləşdirilməsinin, mikroprossesor əsasında informasiya-ölçmə sistemlərinin, yerüstü obyektlərin məsafədən zondlamasının peykaltı sistemlərinin, ətraf mühitin ekoloji vəziyyətinə nəzarət sisteminin, texniki görmə sisteminin, informasiya-ölçmə sistemlərində gizli təsirlərin tədqiqinin işlənməsi üzrə tədqiqatlar aparmışdır.

1992- ci ildə «Neft sahəsinin informasiya-ölçmə sistemlərində ölçmə çeviricilərinin yeni vasitələri kompleksi» mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır.

Məzunu olduğu Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətə başlayaraq, ömrünün ən qaynar illərini gənc nəslin yüksək ali təhsil almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edən Ramiz Mirsəlimov 300-dən çox elmi işin, 41 müəlliflik şəhadətnaməsinin və patentin, 9 monoqrafiyanın, dərs vəsaitlərinin və çoxlu kitabların müəllifidir. Dünyanın müxtəlif ölkələrində keçirilən konqres, konfrans və simpoziumların materiallarında, 21 ölkənin xarici jurnallarında 80 elmi işi dərc olunmuşdur.

Ramiz Mirsəlimov Azərbaycan elminin canlı əfsanələrindən biri sayılır. Onun müstəqil Azərbaycan elminin dünya miqyasında tanıdılmasında, elmi ixtiraların dünyanın ən nüfuzlu elmi-tədqiqat institutlarında, iri sənaye müəssisələrində tətbiq olunmasında müstəsna xidmətləri vardır. «İnformasiya-ölçmə və hesablama texnikası» kafedrasının kompleks mövzusu olan «Quyuların yan elektrokarotajı» keçmiş SSRİ-də bu mövzu üzrə yaradılan avadanlıqlar çərçivəsində seriya halında çap olunmuşdur. Quyuların yan elektrokarotajı aparaturası sovet ittifaqının bütün neftçıxarma rayonlarında tətbiq olunmuş və böyük iqtisadi effekt vermişdir. Bu aparatura 22 xarici dövlətin, xüsusilə də, Almaniya, Macarıstan, keçmiş Çexoslovakiya kimi ölkələrin sənaye sahələrində tətbiq olunmuşdur. Məhz bu yüksək elmi nailiyyətlərinə görə, R.Mirsəlimov 1974-cü ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.

R.Mirsəlimovun elmi yaradıcılıq işləri, sənaye sahəsinə verdiyi töhfələr SSRİ-nin sənaye müəssisələrində geniş tətbiq olunması ilə diqqəti cəlb edir. Onun elmə gətirdiyi yeni üsullar keçmiş ittifaqın 30-dan çox iri müəssisə və təşkilatlarında tətbiq olunub. O,  2000-ci ildə böyük beynəlxalq təşkilat olan Association for the Advancement of  Modeling and Simulation Techniques in Enterprises (AMCE, Fransa) Rəhbər Komitəsinin və Redaksiya Şurasının üzvü seçilmişdir. Həmçinin, AMCE-nin Azərbaycanda rəsmi nümayəndəsi və «Zadeh Legasy» Assosiasiyasının üzvüdür.

Müstəqil Azərbaycanın dünyanın məşhur elm müəssisələri ilə qarşılıqlı əməkdaşlığında, elmi tədqiqatların birgə həyata keçirilməsində öz dəst-xətti ilə, yaradıcılıq keyfiyyətləri ilə fərqlənən Ramiz Mirsəlimov yorulmadan çalışır, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir. ABŞ-ın məşhur aerokosmik agentliyi – NASA R.Mirsəlimovun travmotologiya sahəsində yeni nəzarət üsullarına böyük maraq göstərmişdir. NASA onun dərin elmi yaradıcılıq işlərini yüksək qiymətləndirərək seçilmiş peşəkar qrupun üzvü kimi təqdim etmiş, təşkilatla əməkdaşlıq üçün dəvət etmişdir.

Azərbaycan hökuməti Ramiz Mirsəlimovun elm və təhsil sahəsindəki misilsiz xidmətlərini yüksək qiymətləndirmiş, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Müstəqil Azərbaycanın ali mükafatı olan «Şöhrət» ordeni ilə təltif olunmuşdur. 2011- ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi onu “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif etmişdir. 2012- ci ildə ADNA-nın rektoru uzun müddət məhsuldar və qüsursuz fəaliyyətinə görə ona “təşəkkür” elan etmişdir.

Tanınmış alim, pedaqoq Ramiz Mirsəlimovun ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən neçə-neçə tələbəyə, tədqiqatçıya pay düşüb. O, yüksək əxlaq keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini və ehtiramını qazanıb.

Professor Ramiz Mehti oğlu Mirsəlimovu 85 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirik və ona elmi fəaliyyətində daha böyük uğurlar, cansağlığı və uzun ömür arzulayırıq.

 

“İnformasiya- ölçmə və kompyuter texnikası” kafedrasının müdiri, professor, t.e.d.

Rəhim Qurban oğlu Məmmədov

 “İnformasiya- ölçmə və kompyuter texnikası” kafedrasının dosenti, t.e.n.

 Telman Ələskər oğlu Həsənov

“İnformasiya- ölçmə və kompyuter texnikası” kafedrasının dosenti, t.e.n.

Vaqif Abbas  oğlu Abbasov