Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Kazım AXUNDOV – 90

”Dünyada heç bir sənət tapa bilməzsən ki, o, həkimlik kimi hər bir insana lazım olsun”.

Heydər ƏLİYEV

AXUNDOVLAR AİLƏSİNİN LAYİQLİ ÖVLADI

Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçmişdir. Bu yolda uğurlar da çox olub, çətinliklər də. Bu çətin və şərəfli yolda daim insanların sağlamlıqlarının keşiyində duran həkimlərimizin böyük əməyi var. Bu gün həmin təbiblərdən biri – professor Kazım Axundovu bir daha yad edək.

Qısa arayış:

Axundov Kazım Fərrux oğlu 28 fevral 1922-ci il tarixində Şuşa şəhərində həkim ailəsində anadan olmuşdur. 1935-ci ildə Bakı 1 saylı tibb texnikumuna daxil olub, feldşer sənətinə yiyələnib. 1938-ci ildən 1946-cı ilədək  feldşer işləyib. 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub, 1952-ci ildə sanitar-gigiyena  fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi profilaktika institutunda elmi işçi kimi fəaliyyətə başlayan Kazım Fərrux oğlu Axundov müxtəlif vaxtlarda ayrı –ayrı vəzifələrdə işləmişdir.

1964-cü ildə keçmiş SSRİ-nin “Səhiyyə əlaçısı”  fəxri adı almış, 1970-ci ildə tibb elmləri doktoru, 1973-cü ildə Azərbaycan Ali Sovetinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 1992-ci ildə isə professor diplomu almışdır. Gigiyena elmi sahəsində 10 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru hazırlamışdır. Saysız-hesabsız elmi-metodiki tövsiyələr, monoqrafiyalar, elmi məqalələr və tibb elmi sahəsində kitabları nəşr edilmişdir. Yeni Azərbaycan Partiyası yaranan gündən onun üzvü olmuşdur.

Respublikanın “Əməkdar həkimi“ , keçmiş SSRİ-nin “Səhiyyə əlaçısı” , tibb elmləri doktoru, professor Axundov Kazım Fərrux oğlu 24 dekabr 2006-cı il tarixdə vəfat etmişdir.

Kazım Axundov həkim ailəsində dünyaya göz açmışdı.

Çox vaxt  oğullar atalarının yolunu gedir, onların işini davam etdirir. Nəsillər bir-birini əvəz etdikcə, bir ailənin şəcərəsində adlı-sanlı, sayılıb-seçilən  insanlar yetişir. Fərrux Axundovun ailəsi kimi…

Bu ailə, bu nəsil barədə «Pravda» qəzetinin 1965-ci il 14 yanvar tarixli sayında yazılıb: «Çox-çox illər əvvəl (söhbət XIX əsrin sonundan gedir – red.) Mirhəsən kişi balaca oğlunu görkəmli inqilabçı Nəriman Nərimanovun yanına gətirib deyir: - “Oğlum, bu balamı sənə tapşırıram. Qoy oxuyub müəllim olsun, rus  dilini öyrənsin. Kəndlərimizdə  məktəb açsın, xalqımızı ziyalandırsın”. Bu söhbətdən illər keçir. Həmin o  uşaq – Fərrux Axundov 1904-cü ildən başlayaraq, 50 il arası  kəsilmədən Azərbaycanın kəndlərində məktəblər açır, xalqı maarifə, tərəqqiyə çağırır. Eyni zamanda, feldşerlik etmiş, kəndlərdə  malyariya məntəqəsində müdir vəzifəsində  işləmiş, pambıqçıları bu ağır  fəlakətdən qurtarmağa, qızdırma xəstəliyinin qarşısını almağa böyük əmək sərf etmişdir. On övlad böyütmüşdür. Altı oğul, dörd qız. Hamısı da ali təhsilli. Təsadüfi  deyil ki, bu ailənin oğul övladlarının hamısı elmlər doktoru olmuşdur. Dünyasını dəyişəndən sonra qəhrəman ana Maya xanım bu ailənin ənənələrini davam etdirmiş, övladlarının ataya layiq böyümələri üçün əlindən gələni əsirgəməmişdir».

Belə bir ailədə Fərrux kişinin başladığı işləri davam etdirməmək günah olardı. Atasının peşəsini indi haqqında söhbət açdığımız ikinci oğlu Kazım sevdi və seçdi…

Söz vaxtına çəkər, deyib atalarımız. Düz 5 il bundan əvvəl qəzetimizdə bu nəcib insan haqqında yazmaq mənə nəsib olub. İndi Kazım müəllimin 90 illiyi qarşısında həmin qəzeti vərəqləyirəm. O vaxt biz onu 85 illik yubileyi münasibətilə təbrik etməli idik, amma ad gününə 2 ay qalmış Kazım müəllim qəfil dünyasını dəyişmişdi. Yubileyi ərəfəsində ömür-gün yoldası Solmaz xanımın ona sürpriz etmək üçün  xəbərsiz redaksiyaya gətirdiyi sənədləri oxuyub təbrik hazırlayanda ölüm xəbəri gəlmişdi Kazım müəllimin. Bu xəbərdən çox sarsıldığımdan, yazdığım məqalə də istər-istəməz kədərli notlara sazlanmışdı...

Budur, həmin o yazıdan bir neçə sətir: “Çox sadə idi Kazım müəllim. Bu da yəqin ki, böyüklüyündən irəli gəlirdi. Həkim  kimi də  mehriban və qayğıkeş idi. Təkcə  xəstələrə qarşı yox. Elə hamıya qarşı. «Xəstəni sağaldan birinci inam, sonra dava-dərmandır», - deyiblər.  Kazım müəllim söhbətləri, məsləhətləri ilə ümid, inam, şəfa verirdi.

Kazım müəllim Azərbaycan səhiyyəsində yeri görünən alimlərdəndir. Apardığı elmi-tədqiqat işlərində  əsasən yaşayış məskənlərinin su  təchizatının yaxşılaşdırılmasına, əhalinin keyfiyyətli su ilə təchiz  edilməsinə, yeni su mənbələrinin əşkar edilib öyrənilməsinə, su  normativlərinin işlənib hazırlanmasına, suda tətbiq edilən reagentlərin  gigiyenası cəhətdən  qiymətləndirilməsinə, su mənbələrinin sanitar mühafizəsi tədbirlərinin işlənib hazırlanmasında sanballı elmi-praktik nəticələr əldə  etmişdi. 1992-ci ildə professor adı  almışdı.  Gigiyena elmi sahəsində 10 elmlər namizədi, 5 elmlər doktoru hazırlamışdı. Çoxsaylı  elmi metodiki tövsiyələrin,  monoqrafiyaların, ixtiraların, elmi məqalələrin və kitabların müəllifi idi. Gənc  həkimlər, tibb işçiləri bu gün də  həmin  əsərləri oxuyub bəhrələnir.

Kazım müəllim həkim adını daim uca tutmuş, sənətinə sadiq olmuş, şərəfini, ləyaqətini, mənəviyyatını hər şeydən üstün tutaraq şəfa verdiyi minlərlə xəstələrinin, tələbələrinin qəlbində özünə sönməz şam yandırmışdır. Biz də bu şamın xəfif  oduna, istisinə yığışanlara qoşulur, Kazım müəllimi anırıq, Allah rəhmət eləsin, qəbri nurla dolsun, - deyirik.

YEGANƏ

Azərbaycan Jurnalistlər Birliyinin üzvü