Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Görkəmli alimin həyat yolu

Əhmədov İsa Vəli oğlu. 1941-ci il iyulun 1-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1959-cu ildə orta təhsilini Qaymaqlıda başa vurub, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olub. 1964-cü ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna işə göndərilib. 1967-ci ilə qədər  həmin institutda kiçik elmi işçi və mühəndis-proqramlaşdırıcı vəzifəsində çalışıb. Elə həmin ildə Ümumittifaq Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda iqtisadi hesablamalarda riyazi üsulların və elektron hesablayıcı maşınların tətbiqi ixtisası üzrə aspiranturaya daxil olmuş, 1971-ci ildə göstərilən ixtisas üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha  sonra SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Baş Hesablama Mərkəzinə təyinatla işə göndərilmişdir.

İsa Əhmədov 1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda İqtisadi Tədqiqatlarda Riyazi Üsullar Şöbəsinin müdiri, 1979-cu ildən 2000-ci ilə kimi Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında İdarəetmə və hüquq kafedrasının müdiri, eyni zamanda elmi işlər üzrə prorektor vəzifəsində işləyib. 2000-ci ilin iyunundan Dünya Bankının Kənd Təsərrüfatının İnkişafına Yardım Agentliyində informasiya xidməti qrupunun başçısı vəzifəsində çalışırdı. Lakin  2010-cu il fevralın 23-də düçar olduğu ağır xəstəlik böyük alimin  yaşayıb-yaratmaq eşqi ilə dolu həyatına son qoydu.

Professoİsa Əhmədov aqrar-sənaye kompleksinin idarəetmə problemlərinə dair 200-dən yuxarı elmi əsərin, 8 monoqrafiyanın, 28 kitabçanın, 2 dərsliyin, 6 dərs vəsaitinin müəllifidir. Onun əsas tədqiqatları aqrar-sənaye kompleksinin idarə edilməsi problemlərinə həsr edilmişdir.

Bu cümlələr professor İsa Əhmədovun həyat fəaliyyətinin qısa  xronoloji məqamlarıdır. Onun şəxsiyyəti, elmi yaradıcılığı, şəxsi portret cizgiləri haqqında isə onun dostları, həmkarları və onu tanıyan insanlar danışacaqlar.

Ziyad Səmədzadə

Akademik

Böyük alim, dərin tədqiqatçı, səmimi insan

Tarix boyu Azərbaycan xalqının həyatında kənd təsərrüfatının rolu çox böyük olub. Torpağı, kəndli münasibətlərini şairlər də, tarixçilər də, din xadimləri də, filoloqlar da, sərkərdələr də həmişə diqqət mərkəzində saxlamışlar. Xüsusilə vurğulamaq lazımdır ki, aqrar iqtisad elmini çox dəyərli iqtisadçı alimlərimiz təmsil etmişlər. Belə alimlərdən biri də professor İsa Əhmədov idi. Onunla tanışlığım 1964-cü ilə- Moskvada aspiranturada təhsil aldığım dövrə təsadüf edir. O, ilk gündən mənə çox savadlı, səmimi, poeziyamızı, tariximizi dərindən  bilən , vətən torpağına bağlı olan əsl azərbaycanlı təsiri bağışlamışdı.

 Qeyd edək ki, onun tədqiqatlarını nəzərdən keçirdikcə elmi maraq və fəaliyyət dairəsinin olduqca geniş olduğu dərhal gözə çarpır. Təsadüfi deyildir ki, onun rəhbərliyi ilə 19 nəfər iqtisad elmləri namizədi hazırlanmışdır.

İsa müəllim 1995-ci ildə BMT-nin sosial-iqtisadi Şurasının məsləhətçi üzvü, Beynəlxalq İnformasiologiya Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Akademiya xətti ilə keçirilən “Dünya informasioloqları” müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür.

Qətiyyətlə demək olar ki, alimin gərgin və səmərəli fəaliyyətinin, dərin elmi yaradıcılığının ana xəttini Azərbaycan elminə layiqli xidmət təşkil edir. İsa müəllimin apardığı tədqiqatlarda, əsərlərində zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olan Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevriləcəyinin ön plana çəkilməsi bir daha alimin möhkəm vətənpərvərlik ruhuna köklənməsindən xəbər verir. Çünki alimin gənc nəslin təlim-tərbiyəsində rolu, yetişdirdiyi alimlərə diqqət və qayğısı, elmə, milli-mənəvi dəyərlərimizə, vətən torpağına bağlılıqdan qaynaqlanır. 

 Biz İsa müəllimi uzun illər idi ki, yaxından tanıyırdıq. Cəsarətlə deyə bilərik ki, o, 69 illik ömrünü mənasız yaşamadı. İnsan ömrünün dəyəri gördüyü işlərlə, əməllərlə ölçülür və bu baxımdan onun dünyada mövcudluğundan iz, nişanə qaldı deyə, qənaətimizə əminik. Özünəməxsus elmi yaradıcılıq, şərəfli həyat, gözəl ailə. Bunlar İsa müəllimin qoyub getdikləri, lap dəqiq desək, mirasının qısa şəkildə ifadəsidir. İsa müəllim çox mehriban və xeyirxah insan idi. Təfərrüatlara varsaq, sadalamalı çox şey keçəcək əlimizə. Özü də yalnız yaxşı çalarda... Ruhu şad olsun!

Teymur  Bünyadov

Akademik

Heyranlıq doğuran insan...

“İsa təbiətin tacı, yer üzünün əşrəfi sayılan əşrəf insan idi. Əliaçıq, qəlbi təmiz, eşqi dupduru, ürəyi özündən böyük.  Özü bütöv, sözü bütöv, sadə, səmimi, qayğıkeş, istiqanlı, qohumcanlı, vətəncanlı idi. Ağır adam idi. Allah adamı idi, dinə-imana ehtiramlı idi. Haqqın,  ədalətin bayrağını uca tutardı. Namərdlərin, nakəslərin, evyıxanların, arxadan vuranların qənimi idi.

İsa böyük alim, bənzərsiz ziyalı idi.  Az danışar, çox iş görərdi. Onun çoxlu məqalələri, qalaq - qalaq kitabları iqtisad elminin aktual problemlərinə həsr edilmişdi. Çox gənclərə köməklik göstərər, düz yola istiqamətləndirərdi.

İsa dəfələrlə xarici ölkələrdə beynəlxalq konfranslarda iştirak etmiş, dərin məzmunlu çıxışları ilə tanınmışdır. İsa hərtərəfli biliyə, güclü məntiqə, geniş erudisiyaya, dərin müşahidə qabiliyyətinə malik alim idi.

Dostlara hər zaman  mehriban olan İsa  hamıya nümunə olan ailə başçısı idi. Nəvələrinə “can”, “qurban” deməkdən fərəh duyardı. Onların arzuları, istəkləri ilə nəfəs alardı. Neyləyək ki, nəvə toyu görmədi, nəvə sevincini bölmədi.  ...Dünya, yaman dünyasan. İsanı bizdən alan, bizi İsasız qoyan dünyasan.

 Ramiz Quliyev

Kənd təsərüffatı elmləri doktoru, professor

İnsanların qəlbində daim yaşayan İsa müəllim

“Tale elə gətirib ki, xoşbəxtlikdən mən, əsasən, yaxşı insanlarla təmasda olmuşam. Belə insanlardan biri də  təmənnasız xeyirxahlığına, müdrik hərəkətinə və məsləhətlərinə, saf mənəviyyatına  görə həmişə şəxsiyyətinə hörmət bəslədiyim, alim İsa Əhmədov olubdur.

Mən İsa müəllimə qarşı istəkdə, hörmətdə tək olmamışam Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indi ki ADAU ). Professor İsa Əhmədovu təvazökar, xeyirxah və alicənab təbiətinə görə hamı özünə yaxını, doğması, əzizi sayırdı.

Tale elə gətirmişdi ki, hər ikimiz eyni zamanda bir müddət mərhum akademik Məmmədtağı Cəfərovun rəhbərliyi altında prorektor vəzifəsində çalışmışıq. İsa müəllimlə işdən irəli gələn gündəlik görüşlərimizdən mən həmişə məmnunluq duymuşam, müsbət enerji almışam. Öz insanpərvərliyi, gənclərə diqqəti ilə seçilən  bu insanın qayğısını mən həmişə hiss etmişəm.

Heyif, min heyif ki, İsa müəllim cismən tez ayrıldı bizdən...

Müasir Azərbaycan ziyalılığının ən mühüm simalarından biri olmuş professor İsa Əhmədovun əziz xatirəsi mənim kimi minlərlə insanların qəlbində həmişə yaşayacaqdır.”   

P. S. İnsan övladı bu dünyanı tərk edəndə dolu bir əməl dəftəri ilə Axirət həyatına qədəm basır. Bir çox hədislərdə qeyd olunur ki, insan vəfat edəndən sonra onun əməl dəftərinin bir səhifəsi boş qalır, bizim bu dünyada etdiyimiz bütün pis və  yaxşı əməllər həmin dəftərə yazılır.  Hətta öldükdən sonra belə yarımçıq qalmış əməl dəftərimizi yazmağa davam edirik. Yəni, bu dünyada qoyub getdiyimiz xeyir əməlin, tikdiyimz bir binanın, etdiyimiz hər hansı bir işin nəticəsi kiməsə fayda verirsə, əgər duaçımız olarsa, demək, boş qalmış səhifə savab işlərimizlə dolmağa davam edəcək.

İsa müəllimin həyatı və iş fəaliyyəti ilə tanış olduqdan, onun haqqında deyilən sözləri eşitdikdən  sonra tam əminliklə deyə bilərəm ki, bu insan, həqiqətən  əməli-saleh bəndələrdən idi. Və onun əməl dəftərinin son səhifəsi xeyirxah işlərinin nəticələri ilə yazılmaqdadır. İsa müəllim yaşasaydı bu ilin iyul ayında həyatının 70- ci baharını qeyd etmiş olardı. Bu yazım hazırlamaqda da əsas məqsədimiz, gecikmiş olsa da, onu bu günlərdə yad etməkdir.

Qəbriniz nurla dolsun.  Allah Rəhmət eləsin.

Günel Zeynalzadə