Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

          Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı-alim, iqtisad elmləri doktoru, professor Şamil Əliabbas oğlu Səmədzadə 74 yaşında ağır xəstəlikdən vəfat etmişdir.

Şamil Əliabbas oğlu Səmədzadə 1936-cı il yanvar ayının 27-də Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. O, Buzovna qəsəbəsinin 206 və 125 saylı  məktəblərində oxumuşdur. Orta məktəbi bitirdikdən sonra 1954-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya  İnstitutunun maşınqayırma  fakültəsinin gündüz şöbəsinin «Avtomatika, telemexanika və elektron ölçü cihazları və  qurğuları» ixtisasına daxil olmuş və 1959-cu ildə institutu «mühəndis-elektrik» diplomu ilə bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1960-1963-cü illərdə Şamil  Səmədzadə Moskvada SSR Elmlər Akademiyası «Avtomatika və telemexanika» İnstitutunun (sonralar bu institut «Texniki kibernetika» və «İdarəetmə problemləri» adlandırılmışdır) aspiranturasında təhsil almışdır. 1964-cü ildə texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etdikdən  sonra Azərbaycan SSR EA Energetika İnstitutunda kiçik elmi işçi və  böyük elmi işçi vəzifələrində çalışmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu təşkil edildikdə Şamil Səmədzadə respublikada ilk dəfə yaradılmış «İqtisadi-riyazi metodlar və elektron hesablama texnikasının planlaşdırmada  tətbiqi» şöbəsinə rəhbərlik etmək üçün həmin instituta dəvət almış və  1973-cü ilə qədər burada şöbə müdiri, sonralar isə 1980-ci ilə qədər  planlaşdırma praktikasında iqtisadi-riyazi metodların və elektron hesablama maşınlarının tətbiqi əsasında respublikanın xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi və Azərbaycan SSR Dövlət Plan Komitəsində avtomatlaşdırılmış plan hesablamaları sisteminin yaradılması üzrə baş təşkilat olan Respublika DPK-nin ETİİ hesablama mərkəzinin müdiri işləmişdir. Azərbaycan DPK ETİİ-də işlədiyi müddətdə Ş.Ə.Səmədzadənin elmi fəaliyyətinin əsas istiqaməti xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsi problemlərinin elmi və texniki nailiyyətlərinin, əsasən, iqtisadi-riyazi metodlar və EHM-in tətbiqi əsasında kompleks tədqiqi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması olmuşdur. Onun  rəhbərlik etdiyi elmi kollektiv uzun illər bu sahədə ciddi tədqiqatlar aparmış, sanballı nəticələr əldə etmişdir.

Ş.Ə.Səmədzadə 1973-cü ildə «Azərbaycan SSR xalq  təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi  problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1978-ci ildə  isə ona professor elmi adı verilmişdir.

1965-1980-ci illərdə Ş.Ə.Səmədzadənin elmi fəaliyyəti Dövlət Plan  Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu ilə bağlı olmuş, institutun baş mühəndisi, direktor müavini, hesablama mərkəzinin müdiri kimi bu institutun xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin avtomatlaşdırılması sahəsində aparıcı elmi mərkəzə çevrilməsində mühüm rol oynamışdır. Professor Ş.Ə.Səmədzadə  sənaye tətbiqli avtomatlaşdırılmış planlaşdırma və idarəetmə sistemlərinin yaradılmasında hesablama və rabitə texnikasından geniş istifadə edilməsi ideyasının pionerlərindəndir. Xalq təsərrüfatı sahələrinin və regionların optimal planlaşdırılması və onların praktiki tətbiqi sahəsində onun elmi rəhbərliyi ilə aparılan işlər respublikaya böyük səmərə vermişdir. Professor Ş.Ə.Səmədzadənin elmi fəaliyyətində iqtisadiyyatda idarəetmə və informasiya texnologiyasının nəzəri və tətbiqi problemləri mühüm yer tutur.

İqtisadiyyatın idarə edilməsi və onun avtomatlaşdırılması sahəsində elmi-tədqiqatların nəticələri alimin «Azərbaycan SSR xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinin metodoloji və metodiki məsələləri» (Bakı, 1972), «Avtomatlaşdırılmış idarəetmə sistemləri» (Bakı, 1977), «Sahələrarası komplekslərin idarə edilməsi» (Bakı, 1986), «Cəmiyyət və kompüterləşdirmə» (Bakı, 1992) monoqrafiyalarında ümumiləşdirilmişdir.

Professor Ş.Ə.Səmədzadə 1965-ci ildən 1980-ci ilə qədər ali məktəblərdə yeni elm sahələri – «İqtisadi kibernetika», «İqtisadi-riyazi modelləşdirmə və metodlar», «Avtomatlaşdırılmış idarəetmə sistemləri», «İstehsal menecmenti («Elm» 1998) dərsliklərini və dərs vəsaitlərini hazırlamışdır.

İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələrinin yaradılması və onların xalq təsərrüfatında planlaşdırma və idarəetmə məsələlərinin həllində geniş tətbiqi üzrə işlərinə görə alim 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

1980-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) «Sənaye iqtisadiyyatı və menecment» kafedrasına müdir seçilmiş və ömrünün sonlarına qədər bu kafedraya rəhbərlik etmişdir. Ş.Ə.Səmədzadə yüzlərlə yüksək ixtisaslı mühəndis, iqtisadçı və  menecerlərin yetişməsində iştirak edib, ali iqtisadi təhsilin inkişafına öz  töhfələrini verib. Onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi onlarca dərslik və dərs vəsaitindən  tələbələr geniş istifadə edirlər.

Ş.Ə.Səmədzadə Az.TU-da «Mühəndis biznesi və menecment» fakültəsinin əsas yaradıcısı və onun ilk dekanı olmuşdur. Bu gün  müstəqillik əldə etmiş və bazar iqtisadiyyatına qədəm qoymuş ölkəmiz üçün həmin fakültə hər il mühəndis biznesi və menecmentin əsaslarına  və metodlarına dərindən yiyələnən 200 nəfərə qədər yüksək səviyyəli bakalavr və magistr hazırlayır.

        Alim 10 kitabın, 80-dən çox elmi məqalənin müəllifidir. Onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 30-dan çox elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.

        Daim axtarışda, iş başında olan bu elm fədaisinin qəfil ölümü başa çatdırmadığı neçə-neçə elmi işlərini yarımçıq qoydu. Şamil Əliabbas oğlu Səmədzadə 2010-cu il dekabrın 25-də ömrünün 74-cü ilində ağır xəstəlikdən vəfat etdi.

       Tanınmış iqtisadçı-alim, bacarıqlı elm təşkilatçısı, sevimli müəllim və səmimi insan Şamil Əliabbas oğlu Səmədzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!
Azərbaycan İqtisadçılar İttifaqı,
Azərbaycan Texniki Universiteti,
“İqtisadiyyat” qəzeti