Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Azərbaycan elmində klassik akademik düşüncə ilə yanaşı, yeni akademiklər nəsli də formalaşmaqdadır. Klassik elmi ənənənin davamı olmaqla bərabər, həm də dövlət müstəqilliyi dövrünün, açılan dünyanın gətirdiyi zəngin informasiya və sərbəst yanaşma, habelə milli mənafeləri ön mövqeyə çəkmək akademik korpusdakı yeniləşmənin əsas əlaməti kimi nəzərə çarpır. Bu mənada elmdə klassik ənənə möhkəm təməl, etibarlı bünövrə, müasirlik isə yeniləşmə, qlobal düşüncə ilə birlikdə proseslərin, elmi fikrin ölkənin və xalqın maraqlarına uyğunlaşdırılması funksiyalarını həyata keçirir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin elmi fəaliyyəti klassik elmi ənənə ilə müasirləşməni üzvi surətdə özündə cəmləşdirir.

Tariximizdə özünəməxsus yeri və əhəmiyyəti olan Əlincə qalasının ətəyindəki Xanəgah kəndində anadan olması (1951), uşaqlıq və ilk gənclik illərini burada keçirməsi, orta məktəbi məşhur Haçadağla üzbəüz Göydərə məktəbində başa çatdırması akademik İsmayıl Hacıyevin tarixçi olmaq arzusunun ilkin cücərtilərini təşkil edir. Naxçıvanın kənd məktəblərinin inkişafında özünəməxsus xidmətləri olan atası Muxtar müəllimin xarakterindəki dərin maarif yanğısı onun elmi-pedaqoji fəaliyyət yolunu seçməsində mühüm rol oynamışdır. Beləliklə, tarixi-coğrafi faktorlarla maarifçi-mənəvi amillərin birgə təsiri İsmayıl Hacıyevin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə zəmin yaratmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirməsi bütün bunların məntiqi nəticəsi idi.

Tələbəlik illərində ali məktəb tələbələrinin Bakıda keçirilən Ümumittifaq konfransında etdiyi məruzənin diploma layiq görülməsi, təhsildə fərqləndiyi üçün "Əla təhsilə görə" nişanı ilə təltif edilməsi İsmayıl Hacıyevin hərtərəfli yüksək hazırlığının göstəriciləri kimi diqqəti çəkmişdir. Bütün bunlardan sonra bir neçə il Əlincə-Xanəgah ətrafı kəndlərdə tarix müəllimi işləməsi regionun tarixini, burada tarixən mövcud olmuş siyasi-ideoloji cərəyanların və qurumların mahiyyətini, toponimlərdə yaşayan qədim izləri ilkin mənbələr və el-oba yaddaşı əsasında öyrənməsi üçün məşq rolunu oynamışdır. Kənd müəllimi ikən topladığı materiallar əsasında yazıb vilayət və rayon qəzetlərində, habelə respublika mətbuatında çap etdirdiyi məqalələrdə sonrakı peşəkar tarixçi fəaliyyətinin ilkin əlamətləri, cizgiləri, konturları öz əksini tapmışdır.

İctimai-pedaqoji mühitdə diqqəti cəlb edən bu keyfiyyətlər 1977-ci ildə onu Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universitetinə - İ.H.) gətirən yolun pillələri kimi təbii bir prosesinin konkret addımları idi. Ailə mühitindən, ali məktəb həyatından və pedaqoji fəaliyyətdən əldə etdiyi təcrübə zəminində İsmayıl Hacıyev qısa müddətdə Naxçıvan Dövlət Universitetində özünü bacarıqlı, səviyyəli müəllim kimi təsdiq etmişdir. Ali məktəb fəaliyyətinin başlanğıcında çap etdirdiyi pedaqoji-metodiki xarakterli məqalələr və bu aspektdə etdiyi məruzələr onun müəllimlik bacarığını elmi baxımdan daha da möhkəmləndirmişdir. İsmayıl Hacıyevin bu ali təhsil ocağında müəllimlikdən tarix-filologiya fakültəsinin dekan müavinliyinə, dosentlikdən professorluğa qədər keçdiyi məsuliyyətli və şərəfli yol onu yeni nəsillərin yaddaşına peşəsinə ürəkdən bağlı olan yüksək hazırlıqlı və tələbkar müəllim kimi həkk etmişdir. Naxçıvan Dövlət Universitetində 1997-2003-cü illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışarkən regionda ali təhsilin inkişafına göstərdiyi prinsipial münasibət universitetin tarixində ciddi izlər buraxmışdır. Müəllim kimi tələbələri cəlb edən İsmayıl Hacıyev prorektor vəzifəsindəki səmərəli fəaliyyəti ilə özünü həm də təşkilatçılıq sahəsində də yaxşı cəhətdən göstərmişdir.

Akademik İsmayıl Hacıyevin elmi tərcümeyi-halı Naxçıvan Dövlət Universiteti ilə sıx bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun ixtisaslaşdırılmış şurasında "Böyük Vətən müharibəsi illərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası (1992) ali məktəbdə pedaqoji fəaliyyət zamanı hazırlanmışdır. Bu, Azərbaycanda müharibə dövrü qadın hərəkatına həsr olunmuş dissertasiya səviyyəsində birinci elmi-tədqiqat işi kimi mühüm əhəmiyyət kəsb edir. Dissertasiyada Böyük Vətən müharibəsi dövründə ön və arxa cəbhə ilə əlaqədar bir sıra məsələlər ilk dəfə tədqiqata cəlb olunmuşdur. Bütövlükdə bu əsər Böyük Vətən müharibəsi və Azərbaycan mövzusunun daha da zənginləşdirilməsinə və tamamlanmasına xidmət etmişdir. Əsərdən, eyni zamanda, Böyük Vətən müharibəsi dövrü tədris olunarkən elmi mənbə kimi də istifadə olunur.

Bundan başqa, İsmayıl Hacıyevin elmi tərcümeyi-halında mühüm yer tutan "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" adlı doktorluq dissertasiyası da Naxçıvan Dövlət Universitetində yaradılmış birdəfəlik dissertasiya şurasında müdaifə olunmuşdur (1999). Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, görkəmli elm xadimi, akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi rəyasət heyətinin tam tərkibdə iştirakı ilə və nüfuzlu tarixçi alimlərdən təşkil olunmuş dissertasiya şurası üzvlərinin qarşısında böyük uğurla müdafiə edilmiş elmi-tədqiqat işinə görə elə həmin gün Naxçıvanda keçirilmiş səyyar kollegiya iclasında İsmayıl Hacıyevə tarix elmləri doktoru alimlik dərəcəsinin verilməsi barədə qərarın qəbul edilməsi və hətta diplomun təqdim olunması elm tarixində nadir hadisələrdəndir. Əsas iş yerinin Naxçıvan Dövlət Universiteti olduğu illərdə Azərbaycanla yanaşı, Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən beynəlxalq miqyaslı simpoziumlarda və qurultaylarda etdiyi məruzələr, xarici ölkələrdə çap etdirdiyi məqalələr elm adamı kimi onun ölkədə və beynəlxalq aləmdə tanınmasına şərait yaratmışdır.

Tanınmış alim, bacarıqlı təşkilatçı, tarix elmləri doktoru İsmayıl Hacıyevin 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri vəzifəsinə irəli çəkilməsi artıq elmi-ictimai mühitdə diqqəti cəlb etmiş cavan alimə göstərilən böyük etimadın ifadəsi idi. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi mühitdəki mövqeyini daha da möhkəmləndirmişdir. Hazırda akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan bölməsinin sədri kimi regionda Azərbaycan elminin inkişaf etdirilməsi yollarında uğurla və səmərəli şəkildə fəaliyyət göstərir. Naxçıvanda yaradılmış tarix, arxeologiya və iqtisadiyyat üzrə dissertasiya şurasının sədri, AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" jurnalının baş redaktoru vəzifələrində o, elmi fikrin inkişafına və yeni elmi nəslin formalaşmasına layiqincə və bacarıqla xidmət edir. AMEA-nın "Məruzələr" və "Xəbərlər" jurnallarının, Naxçıvan Dövlət Universiteti "Elmi əsərlər" məcmuəsinin, Türkiyədə nəşr olunan "Dialoq Avrasiya" və "Meridian" dərgilərinin redaksiya heyətinin üzvü kimi o, mühüm elmi nəticələrin ictimaiyyətə çatdırılması məsələsinə tələbkarlıqla yanaşır.

Onun yaxından iştirakı, redaktorluğu və həmmüəllifliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi dövlət sifarişi kimi çapdan çıxmış ikicildlik "Naxçıvan ensiklopediyası" (2005), "Naxçıvan abidələri ensiklopediyası" (2008), "Naxçıvanın tarixi atlası" (2009) kitabları Azərbaycan tarixşünaslığına Naxçıvan məktəbinin sanballı töhfələri sayılmağa layiq əsərlərdir. Müəlliflər kollektivi tərəfindən hazırlanmasına baxmayaraq, bu sanballı nəşrlərin ərsəyə gəlməsində akademik İsmayıl Hacıyevin elmi-təşkilati xidmətləri ayrıca qeyd olunmuşdur. 30-dan çox monoqrafiya, kitab və broşürün, 230 elmi məqalənin müəllifi kimi o, Azərbaycanın yeni dövr tarixşünaslığında məhsuldar alimlərdən biri kimi qəbul olunur. Əhatə etdiyi altı elmi-tədqiqat institutunun elmi istiqamətlərinin muxtar dövlətin maraqları və regionun problemləri əsasında müəyyən olunması, həmin qurumların normal işinin təşkili onların hər birində bu cür mühüm nəticələrin əldə olunmasına şərait yaradır. AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının iki cildlik "Qırmızı kitabı"nın meydana çıxması geniş mənada Azərbaycan təbiətşünaslıq elminin nailiyyətlərindən sayıla bilər. Bütövlükdə dövlətin böyük qayğısı sayəsində və aparılan məqsədyönlü elmi-təşkilati işlərin nəticəsində AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin ikinci əsas elmi mərkəzinə çevrilmişdir.

Tarixçi alim kimi akademik İsmayıl Hacıyevin fəaliyyətində Azərbaycan dövlətçiliyinin tədqiq edilib öyrənilməsi məsələləri ön mövqedə dayanır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi şəxsiyyətinin və dövlətçilik məktəbinin öyrənilib ümumiləşdirilməsi onun elmi araşdırmalarında xüsusi yer tutur. "Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası" (2003) monoqrafiyası və görkəmli dövlət xadiminin çoxcəhətli fəaliyyətinə həsr olunmuş sanballı məqalələri Azərbaycan Heydər Əliyevşünaslığını qiymətli əlavələrlə zənginləşdirən əsərlərdir. Həmmüəllifi olduğu "Mustafa Kamal Atatürk və Naxçıvan" kitabında (2007) Azərbaycanın dövlətçilik ənənələri, xüsusən, ulu öndər Heydər Əliyevin dövlət xadimi olaraq böyük xidmətləri qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürklə müqayisədə elmi təhlildən keçirilərək dəyərləndirilmişdir. Tanınmış tarixçi alimin Naxçıvan Muxtar Respublikasına həsr olunmuş əsərlərində də Heydər Əliyev xətti əsas meyardır. Nəticə olaraq akademik İsmayıl Hacıyevin tədqiqatlarında ümummilli lider Heydər Əliyev dünyanın nadir siyasi şəxsiyyətlərindən biri, müstəqil Azərbaycan dövlətinin banisi, Naxçıvan Muxtar Respublikasının xilaskarı kimi yüksək qiymətləndirilir.

Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin tədqiqində akademik İsmayıl Hacıyevin xüsusi xidmətləri vardır. "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" adlı doktorluq dissertasiyasında ölkəmizin ayrılmaz tərkib hissəsi olan bu diyarın çoxəsrlik tarixinin, ümumiyyətlə, dövlətçiliyimizin inkişafındakı yeri, rolu və əhəmiyyəti ilk dəfə sistemli şəkildə elmi cəhətdən araşdırılıb ümumiləşdirilmişdir. O, qədim dövr və orta əsrlərdən yeni dövrə və müstəqillik mərhələsinə qədər Naxçıvanın tarixinə Azərbaycan dövlətçiliyi zəminində qiymət vermiş, tarixin ayrı-ayrı dövrlərində mövcud olmuş və az öyrənilmiş bir çox məsələlərə, o cümlədən "Naxçıvan şahlığı" dövrünə, Naxçıvan xanlığının idarəetmə sisteminə, Araz-Türk Respublikasına, Moskva, Qars və Gümrü müqavilələrinin Naxçıvanın tarixindəki roluna, Naxçıvan Sovet Sosialist Respublikasının fəaliyyət dairəsi kimi problemlərə aydınlıq gətirmişdir. "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan" problemlərini Azərbaycan tarixşünaslığında elmi dövriyyəyə akademik İsmayıl Hacıyev gətirmişdir.

Naxçıvan Muxtar Respublikasının keçdiyi kəşməkəşli inkişaf yolu akademik İsmayıl Hacıyevin tədqiqatlarında bütün yönləri və əsas inkişaf mərhələləri etibarilə əsaslı şəkildə öyrənilmişdir. O, Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin ən ardıcıl və sanballı tədqiqatçısıdır. Etibarlı arxiv sənədlərinə, dəqiq elmi mənbələrə, dürüstləşdirilmiş informa­siyalara, dövri mətbuat materiallarına istinad etmək, tarixi hadisələrin və faktların mahiyyətini açmağa üstünlük vermək İsmayıl Hacıyevin tarixçi alim kimi özünəməxsusluğunu müəyyən edir. Azərbaycan, Türkiyə, Rusiya və İranın arxivlərində, kitabxana və muzeylərindəki materiallarla yaxından tanışlığı onun tədqiqatlarının mənbəşünaslıq bazasının genişliyinə şərait yaratmışdır. Bundan başqa, akademik İsmayıl Hacıyevin tədqiqatları tarixi prosesləri yalnız əks etdirməklə bitmir, alimin vətəndaşlıq mövqeyinin, vətənpərvərlik missiyasının ifadəsi kimi də diqqəti cəlb edir. Bu cəhətdən onun Naxçıvana qarşı əsassız erməni iddialarına cavabının ifadəsi olan məqalələri və məruzələri ictimai mühitdə Azərbaycan elminin vətəndaşlıq mövqeyinin bəyanatları kimi səslənir. İsmayıl Hacıyevin bu qəbildən olan tədqiqatlarında vətənpərvərlik notları tutarlı, dəlilli-sübutlu faktlar, əsaslandırılmış müddəalar vasitəsilə ifadə edildiyi üçün tarixi mənbəyə çevrilə bilir. Həmin məqalələrin ingilis və rus dillərində də çap edilməsi saxta erməni iddialarının geniş miqyasda cavablandırılması, real gerçəkliyin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir.

Yetirmələri olan 16 nəfər elmlər doktoru və namizəd də elmdə tarixi yanaşma ilə vətəndaşlıq mövqeyinin müasirlik ruhunda təqdim etmək prinsipini uğurla davam etdirirlər. Müasirlik İsmayıl Hacıyevin tədqiqatlarında ana xətlərdən biridir. Azərbaycan dövlətçiliyinin müstəqillik dövrünün, ölkəmizin yeni epoxasının, bu fonda Naxçıvan Muxtar Respublikasının hazırkı intibah mərhələsinin tədqiqi və təbliği sahəsində akademik İsmayıl Hacıyevin apardığı çoxtərəfli və ardıcıl elmi-təşkilati iş müasir tariximizin fəlsəfəsinin nəzəri cəhətdən aydınlaşdırılmasına və obyektiv təqdimatına imkan verir. Naxçıvan Muxtar Respublikasının tarixi-statistik baxımdan öyrənilməsinin nəticəsi kimi meydana çıxmış bir çox əsərləri, o cümlədən həmmüəllifi olduğu "İntibahın 15 ili" monoqrafiyasındakı (2010) araşdırmaları ilə o, ən yeni tarixə müasirlik işığında yanaşmanın nümunəsini göstərmişdir.

Tanınmış tarixçi alim və bacarıqlı təşkilatçı İsmayıl Hacıyev ictimai həyatda da yaxından və fəal iştirak edir. O, ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş İsmayıl Hacıyev hazırda da Milli Məclisin üzvü kimi siyasi-ictimai fəaliyyətini uğurla davam etdirməkdədir. Ölkəmizdə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə alim-vətəndaş kimi xidmət göstərmək, Naxçıvan Muxtar Respublikasında gedən proseslərdə fəal iştirak etmək akademik İsmayıl Hacıyevin fəaliyyətində qabarıq nəzərə çarpır. Uğurla rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarının işini müasir tələblər səviyyəsində qurmaq, sanballı elmi-tədqiqat işlərinə imza atmaq, yeni elmi nəsilləri yetişdirmək yollarında qazandığı nailiyyətlər, əldə etdiyi mühüm elmi nəticələr akademik İsmayıl Hacıyevin altmış illik ömrünün layiqli elmi hesabatıdır. Azərbaycan elminin formalaşmış klassik ənənələrini davam etdirib yaşadan və yeni dövr elmi mühitimizi layiqincə təmsil edən akademik İsmayıl Hacıyevin indiki hesabatından bundan sonrakı fəaliyyətinə də gur işıq düşür.

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

Milli Məclisin deputatı, akademik