Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Musiqi ruhun sədasıdır

Gözəl musiqinin sərhədləri olmur, onun Vətəni bəşərin qəlbidir

«Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam və muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Muğam gözəlliyin və məhəbbətin rəmzidir»

Mehriban Əliyeva,

   Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və SESKO-nun

                                      xoşməramlı səfiri, Milli Məclisin deputatı

 

Təpədən dırnağadək həyat fəlsəfəsi və müdrikliklə dolu muğamların yaşı bəlli deyil. Minilliklərin süzgəcindən süzülən bu əsrarəngiz və möhtəşəm musiqi abidəsi hər zaman qədim və əbədi olaraq gəncdir. Qədimdir, çünki yaşını bilən yoxdur, gəncdir çünki zaman keçir, nəsillər dəyişir, muğama olan eşq atəşi səngimir. Nə muğamın gözəl ifaçıları ifasından bezir, nə də xiridarlar onu dinləməkdən usanır. Bəlkə də muğama belə aludəliyin səbəbi onun məchulluğunun sonadək dərkolunmazlığındadır.

Fəqət həyat kimi, ölüm kimi, Tanrı kimi muğamın da əsrarı sonadək kimsəyə açılmır. Muğamı Haqqın dərgahına uzanan sonsuz və hüdudsuz, ünyetməz nalə hesab edənlər, dəryanın əngilliklərində əlçatmaz gövhər sayanlar haqlıdırlar…

Dünyanın qədim xalqlarından olan Azərbaycan təkcə təbii resursları ilə deyil, həm də maddi-mənəvi dəyərləri ilə zəngindir. Əsrlər boyu xalqımız gözəl musiqi nümunələri yaratmış ustad sənətkarları ilə fəxr etmişdir. Son dövrlər Azərbaycan muğamlarının beynəlxalq miqyasda tanınması, ölkəmizdə muğam sənətinin inkişafına böyük təkan verilməsi, yeni fitri istedadların müsabiqələr yolu ilə seçilməsi də bilavasitə xalq musiqisinə dövlət səviyyəsində diqqət və qayğının təzahürüdür. Hacı Həmidoğlu da muğam və qədim havalarımızın mahir ifaçılarındandır. Abşeronun el şənliklərində böyük məhəbbət və ehtiramla qarşılanan, ifaları sürəklə alqışlanan klarnet ustası sözün əsl mənasında yaradıcı və virtuoz sənətkardır. Hacı Həmidoğlu haqqında yazı hazırlayarkən Azərbaycanın görkəmli elm xadimi, xalqımızın müdrikliyinə və imanına böyük hörmət və ehtiram bəslədiyi akademik Vasim Məmmədəliyevin onun haqqında fikirlərini də dərc etməyi özümüzə borc bildik.

Haşiyə: Hacı mənim yaxın dostumdur. Mən Hacının sənətini və şəxsiyyətini çox sevirəm. Hacı Azərbaycanın müasir dövrdə gözəl klarnet ifaçılarından biridir. Ümumiyyətlə, ölkəmizdə 40-50 il bundan qabaq çox gözəl klarnet ifaçılarımız olub. Məsələn, Nadir Axundov, Həsən Məhərrəmov, Şəmsi İmanov, Əşrəf Əşrəfzadə, Ələkbər Əsgərov. Müasir dövrdə mən 2-3 klarnet ifaçısına – Hacı Həmidoğluna, Əlirza Orucova, İsrafil Əzimova qulaq asıram. Hacı öz dəsti-xətti olan bir sənətkardır. O, bütün muğam dəstgahlarımızı demək olar ki, gözəl çalır. Hacıda gözəl ürək, texnika, musiqini gözəl duymaq var, muğamın ruhunu çox gözəl tutur. O, klarnetin texnikasına yaxşı yiyələnib. Klarnet çox mürəkkəb bir alətdir. Klarnet bizə Avropadan gəlsə də artıq bizim üçün doğmalaşıb. Bugünkü xalq çalğı alətləri ansamblımızı klarnetsiz təsəvvür etmək olmaz. Hacı bu yolun gözəl çalanıdır, mən onun ifasında istər muğamlara, istər rəqslərə, rənglərə, havalara, ümumiyyətlə, Azərbaycan təranələrinə, xüsusilə bir müşayiətçi kimi çox həvəs, heyranlıqla qulaq asır və ləzzət alıram. Ona görə ki, gözəl çalmaqla yanaşı, muğamı öz xarakterində dinləyiciyə çatdırır, lazım olan anda əhval-ruhiyyə verə bilir. Hacı Həmidoğlu öz sənətkarlığına görə çoxdan fəxri ada layiq bir ifaçıdır.

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ili, ilk Gənclər Forumunun isə 15-ci ildönümü ərəfəsində gənclərə öz sənətini böyük həvəslə öyrədən Hacı Həmidoğlu ilə söhbətimiz də milli musiqimizin, şedevr ifaların, xüsusilə muğamların xoş nəvası ilə bağlı oldu.

- Hacı müəllim, zəhmət olmasa, bioqrafiyanızla bağlı oxucularımıza məlumat verərdiniz…

- Mən, 1956-cı ildə yanvarın 2-də Bakıda, Kömürçü meydanı ətrafındakı məhəllədə anadan olmuşam. Ailədə 5 uşaq idik. Atam gəncliyində musiqi ilə məşğul olurdu, gözəl klarnet çalırdı.  Amma onda özündən artırmalar, virtuozluq yox idi. Musiqi necə var, onu olduğu kimi ifa edirdi. Mən, şagird kimi nağaraçalan rəhmətlik Çingiz Mehdiyevin yanına gedirdim. Sonralar gördüm ki, atamın çaldığı klarnetin nəfəsi ruhuma daha çox uyğundur. Ən çox da o zaman dəbdə olan Əşrəf Əşrəfzadənin azarkeşi idim. O dövrdən artıq 37 il ötür…

- Sizin konkret klarnet müəlliminiz var idi, yoxsa dediyiniz kimi Əşrəf Əşrəfzadənin lentlərindən öyrəndiniz?       

- Əşrəf Əşrəfzadə 33 yaşında rəhmətə getmişdi. Mən onu görəndə klarneti nəinki üfləyə bilirdim, heç bu aləti mükəmməl tutmağı da bacarmırdım. Atamın evdə köhnə klarneti var idi. Gördüm bu alətdə çalmaq mənə çox çətindir. Gedib dükandan oyuncaq tütək aldım. Onun üzərində başladım yavaş-yavaş öyrənməyə. Atam da mənə kömək edirdi. Deyirlər müəllim, amma müəllimlə deyil. O vaxt sənətkarlar çalanda biz barmaqlarına baxardıq. Mən deyərdim ki, mənim müəllimim sözün əsl mənasında Əşrəf Əşrəfzadənin qrammafon valları oldu. İlahi, bu valları fırlatmağa iynələr tab vermirdi. Amma nədənsə indiki bəzi gənclərin içində bu həvəs çox azdır, çətin götürürlər…   

- Belə deyək ki, hər qərinədə də bir sənətkar yetişə bilər. Əgər kütləvi yetişsə, onda Əşrəfzadənin də, Şəmsi İmanovun da, Hacının da yeri bilinməz axı…Hacı müəllim, hansı ustad sənətkarlarla işləmisiniz?

- İnsan sənətə gələndə özünə tez dairə yığa bilir. Abdulla Qurbani var idi, tarizən (indi o, Anadoluda böyük bir orkestrin rəhbəridir), Azər qarmonçalan onlar cənublu idilər. Mən onlarla işləyirdim. Məni sənətçi dostlarım İran İslam Respublikasının «İmdad» Komitəsinə dəvət etdilər məşq etməyə. Ora Rübabə Muradova, Leyla Şəripova, Novruz Feyzullayev, Məmməd Salmanov, Mahrux Muradova və başqa sənətkarlar da gəlirdi, tez-tez qastrollara da gedirdik. 1975-ci ildə Filarmoniyanın nəzdində İslam Rzayev instrumental ansambl yaradarkən Novruz Feyzullayevə ansambl üçün yaxşı ifaçılar axtardığını deyir. Novruz müəllim də Abdulla Qurbanini, məni və başqalarını Filarmoniyaya gətirdi. Bir neçə il orada çalışdım. Hərbi xidmətdən sonra yenidən ansambla qayıtdım. 1987-ci ildə məni Azkonsertə ştat işçisi kimi qəbul etdilər. 1992-ci ilə qədər Azkonsertin solisti idim. Ölkəmiz müstəqillik qazanandan sonra bir çox sovet müəssisələri kimi Azkonsert də bağlandı.

- Bu dövrdə hansı məşhur xanəndələri müşayiət etmisiniz?

- Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Hacıbaba Hüseynov, Tələt Qasımov, İslam Rzayev, Əbülfət Əliyev, Gülağa Məmmədov, Novruz Feyzullayev, Əlibaba Məmmədov, Arif Babayev kimi dahi sənətkarlarımızı ansamblda müşayiət etmişəm. Bu korifey sənətçilər mənim ifamı çox bəyənir və şənimə hər zaman yüksək dəyər verirdilər. Bütün bunlar məni heç vaxt arxayınlaşdırmayıb. Əksinə, öz sənətimdə daim axtarışdayam. İndi 55 yaşım var. Yanıma öyrənməyə gələn gənclərə ən böyük tövsiyəm odur ki, bizim xalq rəqslərimizi və mahnılarımızı türk və İran, bolqar musiqiləri ilə qarışdırmasınlar. Bizim musiqimiz həm qəlizdir, həm də incə və özünəməxsusdur. Türk sənətçiləri bizim bir melodiyamızı da bizim kimi çala bilməz. O melodiyanı bizim kimi ifa etməkdən ötrü gərək ancaq azərbaycanlı olasan, damarlarında azərbaycanlı qanı axsın.

- Siz hansı bəstəkarların klarnet üçün yazılmış əsərlərini ifa etməyi xoşlayırsınız?

- Əlbət ki, bir azərbaycanlı sənətçi kimi öncə dahi Üzeyir bəyin, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun, Hacı Xanməmmədovun əsərlərini ifa etməkdən xüsusi zövq alıram. Lakin yolum da belədir ki, Əşrəf Əşrəfzadə ilə Vəli Qədimovu hər zaman özümə kumir hesab etmişəm. Ələkbər Əsgərov, Şəmsi İmanov, Bəhruz Zeynalov, Məhərrəm Zeynalov, Həsən Məhərrəmov, Adil Bayramovun, Nadir Axundovun ifalarından da çox şey öyrənmişəm. Və onların yaratdıqları nümunələri sevə-sevə çalıram. Muğamlar, qədim rəqslərimiz, el havalarımız repertuarımda mühüm yer tutur. Xarici estrada və müasir musiqiyə də biganə deyiləm. Yəni, həqiqətən gözəl musiqinin sərhədləri və Vətəni yoxdur. Mən də ruha qida verən melodiyaları ifa etməkdən ləzzət alıram. Ötən əsrin 60-70-ci illərində klarnet ifaçılarımız ən parlaq dövrünü yaşayıb. Və mən də həmin illərin abu-havasının yetirməsiyəm. Öz sənətimdə də həmin ənənəni saxlayıram.

- Hansı xarici ölkələrdə olmusunuz?

- Fransada, Hindistanda, Afrikada, Türkiyədə, Almaniyada, Polşada olmuşam. Mən belə bir qənaətə gəlmişəm ki, avropalılar bir çox mədəniyyət nümunələrini Şərqdən götürüblər.

- Mənə elə gəlir ki, sizin ifanıza daha çox şirinlik verən, sizi sevdirən, sizi dərk etdirən səbəb sizin sənətinizə verdiyiniz daxili bir yaradıcılıqdır. Bir var ki, insan beyni ilə çalır, bir var ürəyi ilə çalır, bir də var ruhu ilə çalır. Siz ruhunuzla çalırsınız…

- Mən musiqi çalanda sanki həmsöhbətimə qəlbimi açıram. Bəzən görürəm ki, Abşeron kəndlərindəki toylarda yaşlı kişilər oturub, başlayıram qədim və müasir melodiyaları popuri kimi düzməyə və komplektləşdirib onu kuliminasiya nöqtəsinə gətirirəm. Burada hər kəs öz payını götürür. Yəni keçmiş filmlərdən, rəqs havalarından nə xoşuna gəlirsə, onun nostaljisi ilə bir anlıq keçmişinə, gəncliyinə qayıdır.

Bir də lap qədimdən qədim xalq havalarımızı axtarıb tapır, onu klarnetlə diskə yazdırıb yadigar saxlamağı, onları ifa etməyi sevirəm. Məsələn, unudulub getməkdə olan «Arazı», «Zümrüdü», «Həcəri», «Lətifə», «Brilyantı», «Reyhanı», «Nazpəri» və s. Dövlət radiosunun qızıl fondunda mənim ifamda 120-dək muğam və bəstəçi melodiyaları vardır. İllərcədir bu musiqilər vaxtaşırı radio dalğalarında həzin-həzin səslənir.   

- Övladlarınızdan sənətinizi davam etdirən varmı? Bugünkü gəncliyə tövsiyəniz?

- İki oğlumun böyüyü ədliyyə işçisidir, baş leytenantdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə xaricə təhsil üçün göndərilən tələbələrdən olub. 5 il Saratov vilayətində oxuyub. Ali hərbi və hüquq təhsili alıb, Vətənə qırmızı diplomla dönüb.  

Kiçik oğlum isə rəssamlığa meyillidir. Bir nəvəm var.

Çox istərdim ki, övladlarımdan biri sənətimi davam etdirsin. Bu gün yanıma öyrənməyə gələn gənclərə də xalq musiqimizi və el havalarımızı qoruyub ərməğan kimi ötürməyi tövsiyə edirəm. Çünki bu əmanəti bizə də ustad sənətkarlarımız ərməğan ediblər. Azərbaycanın müstəqilliyinin 20-ci dönəmində Allaha şükür ki, dövlət milli-mənəvi sərvətlərimizin qorunmasına, xüsusilə muğamlarımızın və istedadlı ifaçıların inkişafına böyük əhəmiyyət verir. Bu çox yaxşıdır. Bir arzum da var: Yeni evlənənlərə dinimiz tərəfindən kəbin, hökumətimiz tərəfindən evlənmə aktı, ata-ana tərəfindən xeyir-dua verildiyi kimi, «Vağzalı» havası da xalq musiqisinin gənclərə olan xeyir-duasıdır. Arzu edirəm ki, «Vağzalı» hər bir azərbaycanlı qapısında xeyir-dua simvoluna çevrilsin.

- Hacı müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik.

Müsahibəni apardı:

Mirvari RƏHİMZADƏ,

əməkdar jurnalist